Füzuli qəzəllərində od obrazı - İşıqlı ATALI

Füzuli bənzərsiz aşiqdir. Eşqin Füzuli ölçüsü təkcə ədəbiyyat üçün deyil, ümumən insani yaşamımız üçündür. Ancaq bu gün ədəbiyyatda belə, anlaşılması çətin olan Füzuli eşqi ictimai həyatda da, şübhəsiz, çətin anlaşılır. Füzuli eşqi insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin yüksək ölçüdə var olmasını tələb edir. Eşq yolunda aşiq hər cür cəfalara dözür, içdən dəyişir, dəyişməzliyə yetir, var olur. Füzuli eşqində hərcayilik, adilik, adiləşdirmə yoxdur. Bu, aşiqliyin Füzuli ölçüsüdür. İnsanın başqasına - sevdiyinə bu ölçüdə yanaşması bənzərsizlikdir. Füzuli çağında ədəbiyyatın gerçək imkanlarını aşır, insanın insanlıq imkanlarına yetir, duyğularını ilahilik ölçüsündə ifadə edə bilir. Hissiyyat iradə ilə birləşir, mənəviyyat aşiqin inamının yenilməzliyindən soraq verir. Burada Füzulinin aşiq obrazını gerçək aləmlə - yaşamla bağlamaq, demək olar, ağla sığmır. Bu, ilk növbədə, idealda mümkündür, ancaq gerçəkləşməsi çətindir. Çətin yolun doğruluğu isə danılmazdır. Yalnız bu cür ideala uyğun, idealı təsdiq edən eşq örnəkləri bəşərin mənəvi inkişafında ayrıca rol oynayıb, bundan sonra da belə olacaq. Bu cür obrazın yeri - ünvanı yüksək idraklı aşiqin ürəyidir. Ürək burada yüksək hissiyyatlı, əslində beynin özü demək olan orqandır...

 

Füzulinin aşiq qəhrəmanı ruhunun yetkin ifadəsidir. Bədiyyatı dinin məntiqini ötür... 

Füzuli eşqi insana səcdə üzərində qurulub. Füzuli Eşqi Asif Ata demişkən, gerçəkdən din ölçüsünə qaldırır, dinləşdirir. Onun qəzəllərində insana - sevdiyinə səcdəli eşq o dərəcədə ülvi, ucadır ki, ilahiliyin obrazını insanın şəxsində görürük. Orta yüzillərdə dinin qılıncının hər tərəfinin kəsdiyi zamanda Füzuli eşqinin dindən gələn obrazlara da sevgi ünvanı kimi görünməsi gerçəkliyi var. Ancaq Füzuli eşqinin bunca bənzərsizliyi onun insanın ilahi imkanlarını fitrətən duyması, dərki, yüksək bədiyyatla ifadə etməsidir. Füzuli duyur, görür ki, aşiqlik insanın insanı duyması, bilməsidir. Həqiqətin ünvanı - insanın içidir. Aşiq özünü yaratdığı dərəcədə sevdiyini yaradır. Özünü yarada bilməyən sevgi ünvanını tapa bilmir. Sevənin sevilməməsi gerçək həyatda faciədir. Füzulinin ilahi ölçüdəki sevgisi qarşılığını aşiq Füzulinin əhli-kamal olmasında, yəni yetkinləşməsində tapır. 

Füzulinin aşiq obrazı mütləq insani keyfiyyətlərə yetmiş insandır. Füzulinin eşqi dedikdə, onun İnsana - Mütləqləşdirdiyi varlığa olan bənzərsiz sevgisi nəzərdə tutulur. Sevgilinin vəslinə yetmək özünün mənəvi-insani imkanlarını anlamaq deməkdir. 

Füzulinin aşiq obrazının vəslə yetməsi - ruhsal olaydır. Onun vüsalı mahiyyətcə fiziki qovuşmağa hesablanmır. Bu ölçüdə eşqi anlamaq çətin olur. Ancaq Füzulinin zamanından üzü bəri indi də anlayanlara eşqin ucalığını, bənzərsizliyini göstərir, sabah da belə olacaq. Mahiyyətcə eşq əlçatan görüldüyü, sanıldığı dərəcədə əlçatmazdır. Yalnız insanlıq imkanına yetən - həqiqəti anlayan aşiqliyə yüksəlir. Aşiqliyə yetmək - insanlığa yetməkdir. Eşqə yüksələnin halı çağındakılardan tam fərqli, bənzərsiz olur. Füzulinin özünüifadəsi ona görə bənzərsizdir ki, çağının düşüncəsində ilişib qalmır, həqiqətə yüksəlir. 

Nəsimi və Füzuli: Hürufilik və Sufilik. Füzulinin eşqi gerçəkliyi ötdüyü dərəcədə İnsana yetir. İnsana yetmək elə İnsanlığa yetməkdir. Eşqin ünvanını tapan Füzuli müdrikliyində ardıcıldır, bənzərsizdir. Nəsiminin aşiq sevgisi ilə Füzulinin aşiq sevgisinin tutuşdurulması bizə hürufiliklə sufiliyin fərqini tam aydınlaşdırmağa imkan verir. Nəsimi sevgisində hürufiliyə xas açıqlıq, qətilik göstərir. Bu, Fəzlullah Nəiminin fəlsəfəsindən gələn, mahiyyətcə "Din içində Din" olan hürufiliyin İnsanı ilahiləşdirmək - Allahlaşdırmaq məntiqinə - gerçəkliyinə əsaslanır. Nəsiminin sevdiyi - öydüyü, ilahiləşdirdiyi aşiq, kamil İnsan obrazı Fəzlullah Nəimi idi. Nəsimi Nəimini hər şeydən uca tutur, vəsf edir, örnək göstərir. Bu sevginin bənzərsizliyi, ona yetmək üçün zamanı aşan açıq döyüşkənlik ortadadır. Nəsiminin də yaradıcılığında dindən gələn, gerçək tarixi-dini obrazlaşdırmalar var. İndi Nəsiminin yuxarıda söz açdığımız ilahiləşdirmə məntiqi ilə bunun arasında uyumluq tapmaq olurmu? 

Dinin hökmünün qarşısıalınmaz olduğu zamanda yaşayan Nəsimi fikirlərini daha çox rəmzləşdirirdi. Ondan öncə ustadı Nəimi də buna məcbur olmuşdu. Ancaq Nəsiminin bütün hallarda Fəzlullahı Həq (Həqiqət ünvanı - Allah) deyə öyməsi, obrazlaşdırması faktdır. 

 

Fəzl-i həqdir vaqif-i əsrarımız, 

Fəzl-i həqdəndir qamu ənvarımız.

Fəzl-i həq göstərmiş idi karımız, 

Fəzl-i həqdir, fəzl-i həq memarımız.

 

Nəsiminin açıq, hürufiyanə biçimdə Həqqi (Fəzlullahın şəxsində İnsan obrazını) öyməsini Füzuli Eşq adlı dünyasında insan obrazını - sufiyanə, daha çox gizli, özünəməxsus edir. Burada Füzuliyə ehtiyatlılıq xasdır: fikirlərini niyə ehtiyatla, hərdən də açıq ifadə edir? Füzulidə Nəsimidən fərqli olaraq gerçək həyatındakı ikiliklər (təzadlılıq) özünü göstərir, yaradıcılığına yansıyır. Görünür, Füzuli Nəsimi aqibətini yaşamaq istəmir. Ancaq Füzulinin sufiliyi onun İnsan ucalığını öyməsini, din ölçüsündə təqdim edəndə belə gizlədə bilmir. Füzulinin fikir ustadlığı, sözü bənzərsiz deməsi aydın görünür. O da Nəsimi kimi bütün hallarda dinin sınırlarını - "həddini bilmə" ölçəyini anlayır. Anladığı dərəcədə aşır, İnsana - İnsanlığa yetir... 

Asif Atanın fikri yadımdadır: "Sufilər Allaha yetib onda itirdilər, Hürufilər Allaha yetib Allah olurdular"... 

Füzulinin Eşqi ən yüksək mənəvi olay olaraq ifadə etməsi birbaşa, mahiyyətcə İnsana - Sevgiliyə aiddir. Dinin ölçüsündə belə bir sevgiyə icazə (imkan) yoxdur. Dində Allah dərkolunmazdır. Ancaq öncə Nəsiminin, sonra da tarix baxımından Füzulinin eşqdə kamilləşdikləri, hər birinin halını yüksək, bənzərsiz mahiyyətdə ifadə etdikləri ortadadır. Bu mənəvi olaylar İnsanın İlahiləşdirilməsinin (Nəsiminin, Füzulinin din qaydalarından, ölçüsündən ötə kamilləşdiklərinin) sübutudur. 

İnsanı - sevdiyini hər şey saymaq Allahlıq iddiasıdır. Sevdiyini Allah sayan özünü içdən Allah saymasa, sevə bilməz. Nəsiminin məntiqi bunu deyir. Füzulidə bu məntiq zahirən başqa cür görünsə də, bilinsə də, ancaq sufiyanəliyi az qala hürufilik geyimindədir. Sevgi İnsanı gerçəkdən, Füzuli demişkən, əhli-kamal eləyir. İnsan dində Allahı dərk edə bilmir. Dərk edə bilmədiyini mahiyyətcə sevmək olmur, burada daha çox qorxmaqdan (fobiyadan) danışmaq olar. Nəsimi Nəiminin şəxsində İnsanı ruhunun gözüylə görmüş və sevmişdi. Bu ilahi sevgi onu həm də qorxusuzluğa çatdırmışdı. Poeziyamızda Nəsimiyə kimi sevdiyini Allahlaşdırmaq - qorxunu aşmaq, aləmə car çəkmək amili bu dərəcədə açıq, yetkin obrazlı, heyrətli, vəcdli ifadə olunmamışdı. 

 

Qəmərçöhrəm, pəriruyim, zərifim, şuxumü şəngim, 

Hicazım, Kəbəvü Turim, behiştim, hurü rizvanım... 

 

Füzuli də mahiyyətcə Nəsimi kimi qorxusuzluğa çatmışdı. O da Nəsimi kimi sevdiyini axıracan sevir. Dini obrazlara sevgisi isə ona fikirlərini mahiyyətcə "gizlətmək" üçün gərək olur. 

 

***

Füzuli eşqinin cəmiyyətdəkilərə qətiyyən bənzəmədiyi aydındır: o, halından məmnundur, eşq dərdinin daha da artırılmasını diləyir. Başqaları Allahdan dərdlərinin az olmasını diləyirlər, dərdin onun iradəsiylə, hətta yox olacağına, dində deyilən kimi əməlisaleh yaşasalar, cənnətə belə düşəcəklərinə inanırlar. Füzuli isə cənnətini burda tapır, əzabının artması onun üçün cənnət feyzinin artması deməkdir. Aşıq-şair üçün dinin Rəb, ya başqa əsas obrazları əzablı (yəni fərəhli) dünyasının daha da gözəlləşdirilməsi (əzablandırılması) üçündür. 

 

Füzuli buldu gənci-afiyət meyxanə küncündə, 

Mübarək mülkdür, ol mülk viran olmasın, ya Rəb!

 

Füzulinin Aşiqi aysifətli sevgilisini dərk etdiyi dərəcədə Tanrılaşdırır... Burada həm də Tanrı-Allah təzadı var. Şair qədim türk təfəkküründən gələn Tanrı obrazını İslamdan gələn Allah obrazı ilə qarşılaşdırır. Bu qarşılaşdırmada obrazların hansınınsa üstünlüyü göz önünə gəlmir, idrak bunu mübahisə predmetinə çevirmir. Füzuli diqqəti aysifətliyə yönəldib: 

 

Kimsə ol bədxuyə izhar edə bilməz halımı, 

Ey sürudi-nalə, Tanriçün, sən olğıl çarəsaz. 

 

Burada sevgilinin aşkar olaraq Tanrı sayılması var. Füzulinin eşqi bu dərəcədə uca, zamanın, dinin ölçülərini aşandır. 

Füzuli Cənnətini tapdığından Həqiqətin yoluna bələddir, gəlib-gedənlərin məramını aydınca görə, ürəklərini oxuya bilir, ona görə ki, hal yiyəsidir. Təmənnalı aşiq olmur, yarımaşiq olur. Füzulinin qəhrəmanı təmənnasızlığa yetdiyindəndir ki, zahidin halsızlığını aydınca görür. 

 

Edəmən tərk, Füzuli, səri-kuyin yarın, 

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim. 

 

Məşhur beytdə təkrarlanan "Vətənimdir" nidası elə Füzulinin Cənnətidir ki, dinin o dünyada nə zamansa bəxş edəcəyi səadəti Füzuli bir olan sandığı (inandığı) dünyada sevdiyində tapır. 

 

***

Ruh obrazlaşır Füzulidə, ilahi məzmun kəsb edir. Aşiqin cananına yetmək üçün canından belə keçmək istəməsi ustalıqla ifadə edilir. 

 

Səni canan sanıram, çıx bədənimdən, ey can! 

Mənü cananım arasında çox olma hail.

 

Cananın Füzulini odlandırması onu Həqiqətə yetirməsidir. Can-Ruh anlamı var, hələ də tam anlaşılmayan, ağıllarda aydınlığa çıxmayan. Füzuli fitrətən anlayır ki, Ruh - İnsanlıqdan soraq verir, xülyəvi bir şey deyil, gerçəklikdən qıraqdakı qüvvənin əlində deyil, İnsanın mahiyyəti ilə bağlıdır, idrakla dərk olunandır; Füzulinin Eşq dünyasında Aşiq hökmü var - taleyini bəlirləyən. 

 

Ey Füzuli, yanıram kim, nə üçün ol üzü gül 

Mənə yanar od olur, özgəyə şəmi-məhfil. 

Asif Atanın Mütləqə İnam Dünyabaxışında Ruh - İnsanı var edən 4 cəhətin birliyidir: İnam, İdrak, Mənəviyyat, İradə. Bu, ayrıca yazının mövzusudur. 

Türk mifoloji düşüncəsində Od obrazlaşır, yazılı ədəbiyyatda ayrı-ayrı janrlar üçün yaşarı, bənzərsiz ideya qaynağı olur. Od Füzulidə mifoloji obraz kimi nəinki nəzərdən keçirilə bilər, fikrimizcə, elə bu cür anlaşılsa, daha məntiqə uyğun olar. Odun obrazlaşması - mifoloji mahiyyətli olması ilə bağlıdır: ağılda, düşüncədə gerçəklik ölçüsü aşılır, ayrı-ayrı hadisələrin mayasında Odun - Odlanmanın təsiri aydınca duyulur. Füzulinin Aşiq obrazı gerçəkliyin bütün məqamlarında sınanır, əzablara tuş gəldikcə yenə də istəyir ki, dərdi artsın. Dərddə özünün həqiqətinə yetən Aşiq içdən təmizlənir. Odun burada Azərbaycan-Türk Ruhundan gələn içi təmizləyici xüsusiyyəti Füzuli ölçüsündə mənalandırılır. Bu ölçünün kökü Zərdüşt, Babək, Dədə Qorqud, Nəimi-Nəsimi ruhundan gəlir. 

Od obrazının doğmalığı Füzuli qəzəllərində üzvi biçimdə ifadəsini tapır. Od obrazı Aşiqi niyə bu qədər cəzb edə bilir? Əksinə, niyə dindəki Cəhənnəm odu insanları, burada konkret Aşiqi cəlb etmir? Niyə Aşiq gerçəklikdəki yaşamda da az-çox anlaşılan, "duyulan" Cəhənnəmin od əzabından qorxmur, üşənmir? Mifoloji obrazlaşan Od qorxudan, cəzalandıran vasitə deyil, əslində ruhsallıq (həqiqət) imkanıdır. Füzuli Od obrazının verdiyi imkandan bəhrələnə bilir, Eşq dünyasını yaradır, bu imkana yetdiyindən içi işıqlanır, iradəsini gerçəkliyə qarşı qoya bilir, sarsıntını (pis həyəcanı) ötür, ruhunun aydınladıcı - kutsal həyəcanına yetir... 

Od obrazı Füzuli qəzəllərində, hətta başqa mifoloji obrazlardan da ötədir, öndədir. Ona görə ki, Füzulini içdən yeniləyən, Eşqində ardıcıllaşdıran yenilməz ruhsal gücüdür. Bu gücün qaynağı ulusallıqdan (millilikdən) gəlir. Bu imkanı aşkarlayan Füzuli ona yetdiyi dərəcədə güclüdür. 

 

Şəmi-şami-firqətəm, sübhi-vüsali neylərəm? 

Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm? 

 

Yanmağı aqibət seçən Füzuli usanmır, bezmir, ardıcıllığında qalır. 

 

Ey Füzuli, qıl kəmali-fəzl kəsbin, yoxsa mən 

Kamili-eşqəm, dəxi özgə kəmali neylərəm?  

 

Həqiqətini Eşq dünyasında tapan Aşiq Füzuli dinin ölçüsünə sığmır, onu dünyasızlıq sayır. 

 

Müəzzin naləsin alma qulağə, düşmə təşvişə, 

Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!

Cəmaət izdihami məscidə salmış küdurətlər, 

Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!  

 

Füzulidə mifoloji obrazların çoxçalarlılığı onun gerçəkliküstü düşüncəsinin ifadəsi olub, yaradıcı potensialının genişliyindən, duyum, duyğu zənginliyinin əlvanlığından irəli gəlir. Şair dünya, həyat, insan birliyini mahiyyət ölçüsündə anlayır, özünəməxsus halıyla mahiyyətə yetir, aydınladır. Eşqin Füzuli ölçüsü bu məqamda yaranır, əbədiliyə əsaslanan ifadəsini tapır, ömürləşir. Mifoloji obrazların çoxçalarlılığı Füzulinin bədiyyat imkanlarının genişliyini də aydın biçimdə çatdırır. Füzulinin seçimi yetkinliyi ilə diqqəti çəkir: burada söz mənaya yetir, uzunçuluğa yer qalmır, obrazlaşıb qəbul edilir. Füzuli ardıcıl olaraq yüksək insani ölçüyə - İnsanlıq həqiqətinə yetməsini, aşiqliyini çatdırır. Burada şair-aşiqin canlı yaşantıları söz-əməl birliyinin ifadəsi olur, Eşqin din ölçüsündə Azərbaycan-türk dəyərlərindən biri olaraq Bəşərin özündən sonrakı ruhsal yaşamına yön verir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!