Ədəbiyyata xidmətin ləyaqətlinümunəsi - Asif RÜSTƏMLİ

Azərbaycan poeziyasının, tərcümə sənətinin, uşaq ədəbiyyatının  tanınmış, istedadlı nümayəndələrindən biri də çağdaş zəmanəmizdə yaradıcılığına nadir hallarda istinad olunan unudulmaz söz ustası Böyükağa Qasımzadədir. O, qısa ömür yaşasa da, özündən sonra zəngin və dəyərli ədəbi irs qoyub getmişdir. Poeziya nümunələrində sadəliyə, səmimiyyətə, təbiiliyə, inandırıcılığa üstünlük vermişdir. Şeirlərinin ruhunda, qayəsində vətənə bağlılıq aşılanır, torpağa və xalqa sevgi hissi çağlayır. Əsərlərinin mövzuları bu gün də öz aktuallığını, müasirliyini qoruyub saxlamaqdadır.

 

B.M.Qasımzadə 1916-cı il 18 mart tarixində Bakının Maştağa kəndində, dəmirçi Məmməd Qasım oğlunun ailəsində dünyaya göz açmış, üç yaşında ikən anası Xədicə xanımı itirmiş, anasızlığın acısını bütün ömrü boyu yaşamışdır. Bakıda 7 illik məktəbi 1928-ci ildə bitirmiş, Bakı Sənaye fəhlə fakültəsində oxumuş (1931-1934), mühəndis peşəsinə yiyələnmək arzusu ilə 1935-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. Ədəbiyyata, poeziyaya yaranan böyük həvəsi onu ikinci kursdan təhsilini yarımçıq qoyaraq 1937-ci ildə Ali Pedaqoji İnstitutun Dil və ədəbiyyat fakültəsində oxumağa sövq etmiş, gələcək həyat yoldaşı, şuşalı tələbə Sona Əsgərova ilə də məhz burada görüşüb tanış olmuşdur.

B.Qasımzadə "1932-ci ildə yazdığı ilk "Anam üçün" şeiri" (M.C.Cəfərov. Böyükağa Qasımzadə. Əsərləri. Bakı: "Azərnəşr", 1961, s.4) ilə yaradıcılığa başlamış, 1938-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsini bitirmişdir. Gənc şair yaradıcılığının çiçəkləndiyi, həyatının xoşbəxt günlərini yaşadığı bir zamanda Vətən müharibəsi başlamış, könüllü olaraq "qələmini süngü ilə əvəzləyərək" müharibəyə yola düşmüşdür.  O, 1941-ci il 28 iyul tarixində Bakı Piyada Qoşunları Məktəbinə göndərilir. Altı aylıq zabit kursunu üç ayda bitirərək leytenant rütbəsi almış, 1941-ci ilin sentyabr ayında Cənub cəbhəsinə - Ukraynaya yola düşərək 18-ci Ordunun tərkibində motoatıcı bölüyün komandiri vəzifəsinə təyin edilmişdir. Ön cəbhədə uğurlar qazanan Böyükağa Qasımzadə Ukraynada yaşayış məntəqələrinin faşistlərdən azad olunmasında, insanların ağır faciələrdən xilas edilməsində şücaət göstərmişdir. Müharibənin sonuna yaxın o, Qafqaz cəbhəsinə siyasi rəhbər vəzifəsinə təyin olunmuş, bir müddətdən sonra isə Tiflisdə fəaliyyət göstərən "Döyüşçü" qəzetində məsul katib vəzifəsində çalışmağa başlamışdır. B.Qasımzadə 1945-1946-cı illərdə xüsusi tapşırıqla Cənubi Azərbaycana göndərilmiş, burada hərbi xidmətini uğurla yerinə yetirdikdən sonra bir müddət (1947-1948) Təyyarəçilik məktəbində siyasi rəhbər vəzifəsində çalışmışdır. Baş leytenant B.M.Qasımzadə ordudan tərxis edildikdən sonra yenidən ədəbiyyat cəbhəsinə qayıtmış, "Ədəbiyyat qəzeti"ndə İncəsənət şöbəsinin (1948-1950), "Azərnəşr"də Bədii ədəbiyyat şöbəsinin (1951-1952) və 1953-cü ildən ömrünün sonuna kimi "Azərbaycan" jurnalında Poeziya şöbəsinin müdiri vəzifələrində ləyaqətlə fəaliyyət göstərmiş, istedadlı gənclərin yaradıcılığına həssaslıqla yanaşmış və onlara mənəvi dəstək vermişdir. 

 

B.Qasımzadə ailəsi ilə növbəti yay istirahətindən - Kislovodskidən Bakıya qayıdarkən qatarda möhkəm soyuqlamış, "irinli anginadan qanın zəhərlənməsi" nəticəsində 1957-ci il 29 avqust tarixində vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

Böyükağa Qasımzadə bədii yaradıcılığa şeirlə, lirik poeziya nümunələri ilə başlamışdır. Onun bədii yaradıcılığını iki mərhələyə ayırmaq olar: Birinci mərhələ 1935-1941-ci illəri əhatə edir. Bu dövrdə şair coşğun təbli, romantik üslublu şeirlər yazaraq qəzet və jurnallarda dərc etdirmiş, üç kitabı nəşr olunmuşdur. Yaradıcılığının ikinci mərhələsini hərbi xidmətdən sonrakı dövrə (1948-1957-ci illər) aid etmək olar. Böyükağa Qasımzadə bu dövrdə əsasən mütərcimlik fəaliyyətinə üstünlük vermiş, rus, fars, belarus, Ukrayna, latış, tatar ədəbiyyatından Azərbaycan dilinə bədii tərcümələr etmişdir. 

 

B.Qasımzadə yaradıcılığının coşub-çağlayan dövrü demək olar ki, müəllifin 19 yaşından - 1935-ci ildən başlayır. Onun çap olunan, oxucu auditoriyasına ünvanlanan əsərlərindən - "Könlüm arzular" (13 aprel 1935), "Mələksən" (12 may 1935),  "Bir gəncin xatirəsi" (oktyabr 1935), "Bu gündə" (noyabr 1935), "Mühəndis təyyarəçi qıza" (noyabr 1935), "Kür" (1935) və digər şeirlərində sənətkarlıq xüsusiyyətləri təbiilik, axıcılıq, poetiklik, mükəmməllik özünü qabarıq büruzə verir. Bu baxımdan "Könlüm arzular" şeirində şairin məramı aydın, poetik rübabı incə, həzin və yaddaqalandır:

 

Səhər-səhər çıxıb çiçəkli düzə, 

Şəvə saçlarını tökərək üzə,

Tarlada çalışan bir alagözə

Şeirlər hörməyi könlüm arzular...

 

O qızıl laləli, sərin səhərli,

Gurlayan, kişnəyən dəmir kəhərli,

Mətin iradəli, böyük hünərli

Xalqa ruh verməyi könlüm arzular.

 

Böyükağa Qasımzadə "Gurlayan, kişnəyən dəmir kəhərli" - deyəndə, şübhəsiz ki, torpağın bağrını yararaq əkin sahələrini genişləndirən, tarlalarda min cür nemət əkib-becərən zəhmət adamlarını, onların həvəslə idarə etdikləri texnikanı - traktorları tərənnüm edirdi. Tarlada, əkin sahələrində gurlayan dəmir "kəhərlər"i, kişnəyən, kükrəyən, şahə qalxan kəhər atlara bənzətməsi yeni olmaqla yanaşı uğurlu təşbehdir. Şair böyük arzularla yaşayır; əmək adamını, şəvə saçlarını üzünə tökən tarla gözəlini, "Mətin iradəli, böyük hünərli" insanları vəsf etmək, xariqələr yaradan zəhmətkeş xalqı öz poeziyası ilə ruhlandırmaq, insanların mübarizlik əzmini, mənəvi qüdrətini yüksəltmək arzusundadır. Şairin könül arzuları əslində onun həyat və fəaliyyət yolunu qəti olaraq seçdiyinə əminlik yaradır. 

Gənc Böyükağanın yaradıcılığının ilk dövründə qarşılaşdığı çətinliklər, yaşadığı iztirablar onun ayrı-ayrı şeirlərində öz izini buraxmış, naxışını vurmuşdur. "Bir gəncin xatirəsi" şeiri müəllifin real yaşantılarının bariz lövhəsini, tünd boyalarla çəkilmiş həyat mənzərəsini andırır:

 

Açmayırdı könlümü quşların ötüşməsi,

Dağlara laylay çalan axar suların səsi.

Lalələrlə oynaşan o əlvan kəpənəklər,

Ovutmazdı qəlbimi aman, bilsəniz, nələr...

Nələr çəkdi həyatım bəxti qara yaşımda,

Dostlar, kotan sürüldü bu bəlalı başımda...

 

Müəllifin poetik düşüncələrində, yaratdığı təbii, canlı obrazlarında realizm hissi güclüdür. O yığcam bir şeir, lakonik bir lövhə ilə oxucunu təsirləndirmək qüdrətinə malikdir. 

Ədəbiyyatşünas Əhəd Hüseynov şairin ədəbiyyat aləminə gəlişini "Şirin sözlər" kitabı ilə əlaqələndirərək yazırdı: "Şirin sözlər" kitabı ilə ədəbiyyat aləminə gələn şair Böyükağa Qasımzadənin ilk şeirlərində ... doğma Azərbaycana məhəbbət əsas yer tutur" ("Azərbaycan" jur., 1958, № 1, səh.205-209). 

Şair Süleyman Rüstəm də yaxın dostu Q.Böyükağanın "Seçilmiş əsərlər" kitabına Ön söz yazarkən: "Şairin "Şirin sözlər" adlı ilk şeirlər kitabı" (B.Qasımzadə, Seçilmiş əsərləri. Bakı: "Azərnəşr", 1976, s.5) - deyə B.Qasımzadənin poeziyaya adıçəkilən toplu ilə gəldiyini vurğulamışdır. Məlumdur ki, şairin "Şirin sözlər" kitabı 1939-cu ildə "Azərnəşr" tərəfindən yüksək (7 min) tirajla çap edilmişdir. Amma o ədəbiyyata iki il əvvəl - 1937-ci ildə, ağır repressiya dövründə, şair Mir Mehdi Seyidzadənin redaktorluğu ilə nəşr olunan "Murad" adlı kitabı ilə təşrif gətirmiş, müharibəyə könüllü gedənə qədər (1941) şeirlər, poemalar yazmışdır. Gənc Böyükağanın poeziyaya gəlişini ilk dəfə təqdir edən, xeyir-dua  verən ədəbiyyatşünas-tənqidçi H.Orucəli olmuşdur. O, hələ 1937-də gənc şair haqqında yazırdı: "Q.Böyükağa lirik şeirlər yazır. "Çiçək", "Anama" şeirləri bu sıradan olan əsərlərdəndir. Hətta "Vətən sevgisi"ndə də ölkəmizin təbii mənzərələrinin təsviri birinci yer tutur" ("Ədəbiyyat qəzeti", 1937, 24 noyabr, № 51). 

Siyasi repressiyanın tüğyan etdiyi bir vaxtda gənc və istedadlı şairləri dəyərləndirmək, onları kütləvi cəza tədbirlərinin caynağından xilas etməyə cəhd göstərmək ədəbiyyata xidmətin ən ləyaqətli, vicdanlı nümunəsi idi. Bu yöndən tənqidçi Orucəli Həsənlinin dövrün istedadlı şairlərini, o cümlədən, B.Qasımzadənin yaradıcılığını yüksək dəyərləndirməsi təqdirəlayiq hadisə idi.

"Murad" kiçikhəcmli poemadır, bu əsəri şairin avtoportreti də adlandırmaq olar (Muradla müəllifin ömür yolu, taleyi arasında oxşar cizgilər çoxdur). İlk kitabın yazılma tarixinə aydınlıq gətirmək üçün buraxılış məlumatını nəzərdən keçirdikdə ("İstehsalata verilmiş: 19/1-1936") poemanın daha əvvəl - 1935-ci ildə yazıldığını ehtimal etmək mümkündür. Əsər Murad adlı bir yeniyetmənin ağır, məşəqqətli həyatından, acı keçmişindən, qarşılaşdığı əzab-əziyyətli həyat yolundan bəhs edir. Poema başlanğıc və üç paraqrafdan ibarətdir. 

Böyükağa Qasımzadə "Murad" poemasını yazdığı və nəşr etdirdiyi dövrdə milli musiqi alətlərimizdən olan "sədəfli tar"a qarşı total hücumlar təşkil edilmiş, yasaqlanmış, hətta bir fənn olaraq milli Konservatoriyanın tədris proqramından çıxarılmışdır. Tarı, sazı müdafiə edənlərin 1937-də məhşər ayağına çəkildiyi bir vaxtda müəllifin uşaq ədəbiyyatının dəyərli nümunəsi olan "Murad" əsərində bu çalğı alətini təbliğ etməsi, onu yeniyetmələrə, gənc nəslə sevdirməsi, "Oxu, tar" şeiri ilə mübarizəyə qalxmış Mikayıl Müşfiqlə eyni mövqeni bölüşən 20 yaşlı Böyükağa Qasımzadənin cəsarətinə, mərdanəliyinə, təəssübkeşliyinə heyrət etməmək mümkünsüzdür. "Murad" poemasının çapından bir il sonra - 1938-ci ildə yenidən, daha böyük tirajla "Uşaqgəncnəşr"də çap etdirilməsi isə dövrün nadir "paradoks"larından biridir.  

Böyükağa Qasımzadənin poetik yaradıcılığında Azərbaycan, vətən, ana, təbiət mövzusu yüksək əhval-ruhiyyə, böyük məhəbbət, incə, duyğusal hissiyyatla vəsf olunmuşdur. Onun 1938-ci ilin iyun ayında qələmə aldığı  "Azərbaycan" şeiri özündən əvvəl yazılmış Hacı Kərim Sanılının və Səməd Vurğunun eyniadlı əsərlərinin poetik ruhu, vüsəti və siqləti ilə səsləşir. Şair göz bəbəyi qədər əziz tutduğu, sevdiyi vətəni haqqında yazır:

 

Azərbaycan, ana yurdum, ey əziz vətən!

Gen sinəndə çiçək açan bir budağam mən.

Səndə ellər, səndə dillər, qəlblər azaddır,

Nur içirsən bir günəşin şəfəqlərindən.

Gözəl vətən, gözəl diyar Azərbaycanım,

Sənsən mənim göz bəbəyim, ciyərim, canım!

 

...Ayaq basmaz torpağına bir də yağılar,

Düşmənlərə qismət oldu dərdlər, ağılar,

Əgər sabah hərb olarsa, bir əsgər kimi

Bir qıy vurram, düşmən bağrı sönər, dağılar.

Gözəl vətən, gözəl diyar Azərbaycanım,

Sənsən mənim göz bəbəyim, ciyərim, canım!

Şairin Böyük Vətən müharibəsindən hələ üç il əvvəl yazdığı şeirində "Əgər sabah hərb olarsa bir əsgər kimi" düşmənlərə qarşı döyüşəcəyini vəd etməsi və müharibə başlayanda könüllü olaraq savaşın ən qaynar nöqtələrinə atılması, 7 il hərbi xidmət çəkməsi Böyükağa Qasımzadənin şair sözü ilə vətəndaş əməlinin eyni olduğunu təsdiqləyən mötəbər faktdır. Şairin sözünün qüdrəti, xarakteri, şəxsiyyəti onun büllur poeziyasından apaydın görünür. Böyükağa şeirlərinin təbiilik, səmimiyyət hissi güclüdür. Ona görə də onun əsərlərində inandırıcılıq, dürüstlük, sözə sədaqət qayəsi şairin şəxsi keyfiyyətlərindən süzülüb misralara hopmuşdur. B.Qasımzadənin şairlik istedadı ilə paralel antisipasiya duyğusu, öncəgörmə hissiyyatı çox güclüdür. "Azərbaycan" şeirindəki "Ayaq basmaz torpağına bir də yağılar / Düşmənlərə qismət oldu dərdlər, ağılar" - misraları bu gün nə qədər aktual səslənir... Elə bil şair bu beyti Azərbaycan xalqının işğalçılara qarşı 44 günlük (2020) mübarizəsini, əzmini, cəsurluğunu, qəhrəmanlığını nəzərdə tutaraq yazmışdır.

Böyükağa Qasımzadə müharibə dövründə intensiv yaradıcılıqla məşğul ola bilməsə də, həmin qanlı-qadalı illərdən yadigar qalan poetik nümunələr bu gün də öz bədii-estetik cazibədarlığını, vətənsevərlik ruhunu qoruyub saxlamaqdadır. Onlardan güllə işığında yazılan, hər sətrindən alov püskürən və ilk əlyazmasının oxucusu döyüşçülər olan şeirlərdən "Hücum nəğməsi", "Qələbə bayrağı", "Vətən balası" (döyüşçü yoldaşlarıma), "Məktub", "Anarsan məni",  "Şevçenko yurdunda" və b. bədii nümunələrdə vətənə, insanlığa, haqqa dərin sevgi, məhəbbət ilə yanaşı, düşmənə, işğalçıya, faşizmə nifrət, intiqam hissi paralel verilmişdir.

Döyüşçü-şairin güllə işığında xanımı Sona Əsgərovaya yazdığı 11 fevral 1942-ci il tarixli məktubu da müharibə şəraitində onun düşüncələri və qayğıları haqqında müəyyən təsəvvürlər yaradır: "Sona, yaz görüm Daşqın dil açıbmı? Sona, Daşqın dil açdıqca mənim şeirlərimdən əzbər söyləməyi öyrət, heç olmasa, bir misra söyləməyi bilsin, qoy Daşqın şeirlə dil açsın. Axı mənim arzum onu bir şair yetişdirməkdir. Mənə məktub yazarkən öz həyatınız barədə ətraflı yaz. Yaz görüm harada işləyirsən və maaşın nə qədərdir?...

Sona, burada məktubu yarımçıq  qoyub kənara çıxmağa məcbur oldum. Nədənsə bayırda səs-küy çoxaldı..." (S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivi, İş-427, s-1, s.v.-91)

Düşmən güllələri gənc zabitin dil açmamış körpəsinə yazdığı məktubu yarımçıq qoyur, cümlənin sonunda nigarançılığı əks etdirən üç nidaya çevrilir... Hər an barıt, ölüm, qan qoxuyan müharibə meydanından yazdığı və yarımçıq qalan məktubunda Böyükağanın ən böyük arzusu körpə Daşqınının dilindən "heç olmasa, bir misra" şeirini eşitmək idi.

Şairin 1942-ci ildə yazdığı, müharibənin odu-alovu içərisində insanları vətəni qorumağa, yağılardan qisas almağa, mübarizəyə səsləyən şeirlərindən biri "İntiqam" adlanır:

 

Al qana boyanan o mənzərələr,

Dostlar, intiqama çağırır bizi!

Ellər, gəlin vuraq var qüvvəmizi!

Zülmün qanlı evi uçsun binadan,

Bizi intiqama çağırır zaman.

 

Böyükağa Qasımzadə yaradıcılığının ikinci mərhələsində əsasən, bədii tərcümə sahəsində nümunəvi və səmərəli çalışmışdır. O, XIII-XIV yüzillikdə yazıb-yaratmış İzzəddin Həsənoğlunun "Nə edim?" rədifli, "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim? / Aparıb fikri bütün səbrü qərarım, nə edim?" mətləli qəzəlini, Məhəmməd Füzulinin "Yeddi cam" məsnəvisini, Mirzə Fətəli Axundzadənin "Puşkinin ölümünə Şərq poeması"nı, A.S.Puşkinin çoxsaylı şeirlərini, N.A.Nekrasovun "Laylay", "Şərab", "Tufan", T.Şevçenkonun "İlham", "Sənə ağalıq etmək", "Çarlar", İ.Frankonun sonetlərini və şeirlərini, Petrus Brovkanın "Olaydım", "Nastyacan", Y.Raynisin "Qızın nəğməsi", "Qorxunc məhkəmə günü", "Səhər yelləri", "Gələcəyin səsi", "Sınmış şam ağacları", tatar şairi Musa Cəlilin "Mənim nəğmələrim", "Quşcuğaz", "Ayrılıq", "Məhkum" və digər şairlərin poeziya nümunələrini böyük sənətkarlıqla, peşəkar mütərcim səriştəsi ilə doğma dilimizin şirin, həzin, cazibədar özəllikləri ilə süsləməklə, əsərlərin orijinal dildəki milli özünəməxsusluğunu, koloritini qoruyub saxlamaqla yanaşı hər bir şeirə ikinci əbədi həyat bəxş etmişdir. Haqlı olaraq ədəbiyyatşünas Əhəd Hüseynov şairin tərcümələri ilə bağlı yazmışdır: "Petrus Brovkadan tərcümə olunan "Nastyacan" şeirindəki qələbə müjdəsi gətirən atanın arzuları ilə "Məktub" müəllifinin (B.Qasımzadə) sevə-sevə təsvir etdiyi əsgərin arzuları arasında da bir yaxınlıq vardır. Ümumiyyətlə, vətəndaşlıq lirikasının ən yaxşı nümunələri Böyükağa tərəfindən diqqətlə seçilmiş və orijinal şeir təsiri bağışlayan tərzdə Azərbaycan oxucularına çatdırılmışdır" ("Azərbaycan" jur., 1958, № 1, səh.209).

Türk dünyasının böyük şairi M. Füzulinin məşhur "Yeddi cam" adlı lirik fəlsəfi poemasının, epik ünsürlərlə yoğrulmuş məsnəvisinin Azərbaycan türkcəsinə çevirməsi mütərcimdən yalnız poetik məharət, tərcüməçilik səriştəsi deyil, həm də klassik poeziyanın sirlərinə dərindən vaqif olmaq, tarixi-ədəbi mühitin hadisələrini təhlil və dəyərləndirməyi bacarmaq, musiqi alətləri, yaşam fəlsəfəsi, kainat, planetlər haqqında geniş məlumatlara, ensiklopedik bilgiyə malik olmaq üstünlükləri ilə də şərtləndirir. 

 

Könlüm evi yüksəldi göyə, nəşəyə doldu,

Ondan üzümə mərifətə yol açıq oldu.

Bomboş ürəyim oldu mənim sirlər ocağı,

Allah kömək olsun sənə, ey sehirli saqi!

Mey vermək ilə qıflı açıb dərdli dilimdən

Sordun ki, sənə gizli qalan sirlər açım mən?!

 

Mütərcim poemanın üzərində işlərkən əsərin leksik-qrammatik xüsusiyyətlərini, fikrin fəlsəfi çalarlarını, mütəqarib bəhrinin biçimini, ləngərini, söz və ifadələrin hənirini, enerjisini, istilahların çoxqatlılığını, müəllif ruhunun milliliyini, doğmalığını, məhrəmliyini qoruyub saxlamağa çalışmışdır. 

Mətnlərin araşdırılması, seçilməsi, yanaşma tərzi, tərcümə sənətkarlığı məsələlərində məsuliyyət hissi, yüksək peşəkarlıq Böyükağa Qasımzadənin rus, fars, belarus, Ukrayna, Latviya, tatar ədəbiyyatından etdiyi tərcümələrdə də müşahidə olunur.

M.Füzulinin "Yeddi cam" poemasından bəhs edən tədqiqatlarda, dərsliklərdə onun tərcüməsinə istinad olunsa da, təəssüf ki, mütərcimin müəlliflik hüququna sayğı olaraq imzasının xatırladılması hallarına bəzən təsadüf edilmir. 

Böyükağa Qasımzadə lirik şeirləri və bədii tərcümələri ilə tanınmış, rəvan poetik üslubu, maarifçi dünyagörüşü, prinsipial mövqeyi olan, milli ideallara, azərbaycançılıq məfkurəsinə sadiq, ədəbiyyatımıza ləyaqətlə xidmətlər göstərmiş, ədəbiyyat tarixində özünəməxsus yer almış sənətkarımızdır. Onun ədəbi-bədii irsi neçə-neçə nəsillərin yetişməsində, milli ədəbiyyatın tanıtımında və təbliğində, tədqiqat işlərinin, monoqrafiyaların yazılmasında mötəbər qaynaq missiyasını daşıyacaqdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!