Milli düşüncə və ədəbiyyat tarixçiliyi - Muxtar KAZIMOĞLU

Məndən bir ay qabaq dünyaya göz açan Bədirxan Əhmədli ilə Ədəbiyyat İnstitutunun aspiranturasına eyni vaxtda gəlmişik - 1980-ci ilin yazında. O yaz günlərinin xoş xatirələrindən biri Elmlər Akademiyasının o vaxtkı prezidenti Həsən Abdullayevin məlum və məşhur "imtahan"ından keçməyimizlə bağlıdır. "İmtahan", aspiranturaya yenicə qəbul olmuş gənclərlə görüşüb onları  (həm də onların aspiranturaya qəbulunda məsuliyyət daşıyan  institut  rəhbərlərini!) bərkə-boşa salmaqdan ibarət idi. Neçə-neçə gənc tədqiqatçının, onlarla institut rəhbəri və akademikin iştirak etdiyi görüşdə Həsən Abdullayev "imtahan"ı onun verdiyi gözlənilməz suallar üstündə qurulurdu. Bədirxana verilən sual heç də çətin sual deyildi: "Bir şeir deyə bilərsən?" Sual verilən kimi Bədirxan özünəməxsus gur səslə Məmməd Arazın "Yaşayır" rədifli şeirini deməyə başladı:

 

...Gülüm, bir də görüşünə yubansam,

Adımı tut, harda dağlar dumansa.

Gözünü sıx, 

Hansı daşda su yansa,

O daş altda Məmməd Araz yaşayır.

 

Şeir bitən kimi Həsən Abdullayev: "Cavan oğlansan, niyə belə qəmli şeir seçmisən?" - dedi və Bədirxanın cavabını gözləmədən üzünü zalın birinci sırasında əyləşmiş akademik Məmmədcəfər Cəfərova tutdu: "Məmmədcəfər müəllim, bu cavan oğlan niyə bu qədər bədbin əhvaldadır?" İlk baxışda yersiz təsir bağışlayan bu sualın arxasında, çox güman ki, Həsən Abdullayevin xoş niyyəti dururdu: bəlkə, bu cavan oğlan aspiranturaya qəbulda kimdənsə, nədənsə narazı qalıb?! 

Həsən Abdullayevi tanıyanlar yaxşı bilirlər ki, o, yuxarıdakılara yarına-yarına, onu-bunu sata-sata vəzifə tutan, vəzifə başına keçəndən sonra isə ləyaqətlilərin başından basıb yaltaq-yultağı ətrafına yığan adamlardan deyildi; imkan daxilində sərt mövqe tutmağa, elmimiz (və millətimiz) üçün gərəkli olanları Akademiya nadanları və cibgirlərindən qoruyub irəli çəkməyə çalışırdı. Qəmli şeir deyən Bədirxanın halına yanması da, yəqin ki, Həsən Abdullayevin, Akademiya prezidenti kimi, istedadlının qayğısına qalmaq xasiyyətindən irəli gəlirdi. O, Məmmədcəfər müəllimə üz tutmaqla Ədəbiyyat İnstitutunda Bədirxanın hansısa bir sıxıntısının olub-olmamasını bilmək istəyirdi. Aspiranturaya qəbul imtahanlarını bir yerdə verdiyimizə görə bilirdim ki, Bədirxanın elə bir sıxıntısı-zadı yoxdur. Ədəbiyyat  İnstitutunda Nəzəriyyə şöbəsinin müdiri olan Məmmədcəfər müəllim bizim ixtisas imtahanımızda iştirak etməklə qanımızın arasına girmişdi -  tapşırılan, amma suallara zəif cavab verən "konkurent"lərimizə Məmmədcəfər müəllimin yanında yuxarı qiymət yazmağa komissiya üzvlərindən bir kimsənin cəsarəti çatmamışdı. İxtisas imtahanı götürərkən savadına bələd olduğu Bədirxan Əhmədli barədə söz demək, fikir söyləmək Məmmədcəfər müəllimdən ötrü çətin deyildi. Məmmədcəfər müəllimin Bədirxan haqda danışdığı o an indi də gözümün qabağındadır. O, pencəyinin yaxasını düymələyə-düymələyə, ağır-ağır yerindən qalxdı və Bədirxanın qəm-qüssəsinə münasibətini zarafatyana şəkildə bildirdi: "Həsən müəllim, biz bu cavan oğlana Sabit Rəhmanın satirasından  dissertasiya mövzusu vermişik ki, eyni açılsın". Zarafatla deyilmiş bu sözlərdə əsas mətləb qəm-qüssəli görünən cavan oğlanın istedadını, məhz istedad müqabilində ona satira kimi çətin bir mövzunun həvalə olunmasını diqqətə çatdırmaqdan ibarət idi; "eynin açılması" ifadəsini verilən mövzunun aspirant üçün elmi imkan və perspektiv açması mənasında da başa düşmək mümkün idi.

Satira mövzusu, doğrudan da, Bədirxan Əhmədlinin qarşısında perspektiv açdı, onun elmi taleyində mühüm rol oynadı O, "Sabit Rəhmanın satirası"ndan namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə etməklə kifayətlənmədi, mövzunun dərinliklərinə varıb doktorluq dissertasiyasını Azərbaycan satirasının 1920-1980-ci illərdə keçdiyi inkişaf yoluna və bu yolda satiranın qarşılaşdığı problemlərə həsr etdi. 

 

Problemlərdən biri "Satira nədir?" sualına cavab vermək və sovet ədəbiyyatı sistemində onun yerini dəqiqləşdirməklə bağlı idi. Satira janrdırmı? Əgər janr deyilsə, niyə Seyid Əzim Şirvani, Qasım bəy Zakir və Mirzə Ələkbər Sabirin komik məzmunlu şeirlərini satira adlandırırıq? Satira əksetdirmə üsulu kimi lirik növə daxildirmi? Əgər daxildirsə, onda lirik növ üçün səciyyəvi olan tərənnüm prinsipi satirada özünü niyə göstərmir? Bəzi ədəbiyyatşünaslar bu cür suallara cavab verməyin yolunu satiranı ayrıca ədəbi növ kimi götürməkdə görürlər. Amma bununla problemi həll etmək heç cür mümkün olmur və ortaya yeni-yeni suallar çıxır. Məsələn, belə bir sual: Satira ayrıca ədəbi növdürsə, niyə həm lirik, həm epik, həm də dramatik növdə satirik əksetdirmə prinsipi ilə qabarıq şəkildə qarşılaşırıq? Avropa, rus və Azərbaycan ədəbiyyatşünaslığındakı mötəbər nəzəri fikirlərə söykənən Bədirxan Əhmədli satiranı bədii gülüşün bir forması sayır və bu formanın sosrealizmə qədərki ədəbiyyatda klassik örnəklərini diqqət mərkəzinə çəkir. Sosrealizm ədəbiyyatına gəldikdə isə, Bədirxan Əhmədli bu mərhələdə satira ilə bağlı mübahisələrin fərqli istiqamətlər aldığını xüsusi olaraq xatırladır. Sosrealizmin ideoloji mahiyyətindən doğan "fərqli" mübahisələrdən biri öldürücü gülüş sayılan satiranın "qalib" sovet cəmiyyəti üçün gərəkli olub-olmaması ətrafındadır. Proletariatın "istismarçılar" üzərində qələbəsindən sonra cəmiyyətdə ciddi bir münaqişənin olmadığını düşünüb konfliktsizlik nəzəriyyəsini ortaya atan sovet ideoloqları, heç şübhəsiz, öldürücü gülüşə elə bir ehtiyac görmürdülər, belə hesab edirdilər ki, sovet cəmiyyətində məhv ediləsi hansısa qüvvə qalmayıb, yazıçıların satirik yolla tənqid edəcəyi bir hədəf varsa, o da başqa bir şey yox, yalnız keçmişin tör-töküntüsü ola bilər. Bu cür ideoloji yanaşma kəskin tənqidi ruhda yazılmış əsərlərin qarşısını alır, satiranın yumorla qaynayıb-qarışaraq öldürücülük keyfiyyətindən uzaqlaşmasına səbəb olurdu. Təsadüfi deyil ki, 70 illik bir zaman kəsiyində kəskin satirik qələmlə yazılmış yeganə ədəbi nümunəmiz Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tragikomediyasıdır. Cəlil Məmmədquluzadə gülüşü ilə müqayisə Bədirxan Əhmədliyə imkan verir ki, sovet satirasının zəif yerlərini görə və göstərə bilsin: "Yeni dövrdə nəyə gülmək, necə gülmək məsələsində sovet marksistlərinin, tənqidçi və satira nəzəriyyəçilərinin qoyduğu prinsiplərlə Mirzə Cəlilin özü və jurnalı ("Molla Nəsrəddin" - M.K.) üçün müəyyənləşdirdiyi yaradıcılıq yolu uyğun gəlmirdi". Mirzə Cəlil yoluna heç cür uyğun gəlməyən ən başlıca cəhət nəyə gülmək məsələsində siyasi rejimin toxunulmaz elan olunması idi. Bu isə, öz növbəsində, necə gülmək məsələsinin sovet ideologiyasından irəli gələn tələblərini ortaya qoyurdu. Tələblərdən biri belə idi: tragikomikliyi bir kənara atıb "lirik-optimist satira" yoluna üstünlük vermək lazımdır. Satirik əsərlərdə lirik elementlərin olması, əlbəttə, dünya ədəbiyyatının klassik xətlərindəndir. Amma bu xəttin bədii əsərlərdə satiranın tənqidetmə kəsərinin zəifləməsinə və öldürücülük keyfiyyətinin aradan qaldırılmasına yönəldilməsi xüsusi bir sosrealizm əməliyyatı idi. 1920-30-cu illərdə "sovet ədəbiyyatında vəziyyət heç də satiranın xeyrinə deyildi. 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində isə komediya bütünlüklə satirik pafosdan əl çəkir, mənfiliklərin, eybəcərliklərin tənqidi tədricən arxa plana keçir. Komediyadakı ikihakimiyyətlilik (satirik-lirik xətt) lirikanın qələbəsi, satiranın sıxışdırılması ilə nəticələnir". Bədirxan Əhmədlinin sovet satirasında müşahidə etdiyi bu cəhət, yəni bədii gülüşü müxtəlif ədəbi üsullarla kəskin tənqiddən yayındırma xətti yalnız dramaturgiyada yox, nəsr və şeirdə də özünü göstərirdi. Odur ki, Bədirxan Əhmədli "Azərbaycan satirasının inkişaf problemləri" monoqrafiyasında dramaturgiya ilə yanaşı, nəsr və poeziyanın da satira qayğılarını diqqət mərkəzinə çəkir, öldürücü gülüşün sovet ədəbiyyatında ümumi bir problem olduğunu çoxsaylı ədəbi faktlar və elmi dəlillərlə əsaslandırmağa çalışır. 

 

Satira kimi ideoloji baxımdan həssas, nəzəri-estetik cəhətdən çətin bir mövzuda namizədlik və doktorluq dissertasiyaları yazmaq, dissertasiyalarda bütövlükdə sovet epoxasını əhatə etmək, həmçinin orta və ali məktəblərdə dərs demək Bədirxan Əhmədlini ədəbiyyat tarixçiliyi kimi mürəkkəb və məsuliyyətli bir sahəyə gətirib çıxardı. Son vaxtlar Bədirxan Əhmədli ədəbiyyat tarixi ilə bağlı "XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər", "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri", "Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri" kimi kitablar çap etdirib. Bədirxan Əhmədli barədə bu məqaləni yazmamışdan bir neçə gün qabaq onun üç cilddən ibarət "XX əsr Azərbaycan ədəbiyyatı tarixi: icmallar, təhlillər, portretlər" kitabını əldə etdim. Bu kitabın başlıca üstünlüklərindən biri naməlum ədəbi faktlara üz tutulması, az öyrənilmiş məsələlərin milli düşüncə müstəvisində təhlilə cəlb edilməsidir. Mən bilən, Bədirxan Əhmədlinin bu istiqamətdəki elmi fəaliyyətində onun Əmin Abidlə bağlı tədqiqatları mühün rol oynadı. 2003-cü ildə Əmin Abid haqqında "Bir istiqlal yolçusu" adlı kitab çap etdirən Bədirxan Əhmədli 1920-30-cu illər Azərbaycan ədəbiyyatşünaslığının bir çox qaranlıq məsələlərinə aydınlıq gətirdi. O qədər də asan olmayan bu iş arxiv axtarışlarından başladı. Bədirxan Əhmədli məsləkdaşı Əli Şamillə birlikdə Əmin Abidin itib-batmış əsərlərinin sorağına düşdü və o əsərlərdən ikisini ("Azərbaycan türklərinin ədəbiyyatı tarixi" və "Azəri ədəbiyyatı tarixi"ni) tapıb ortaya çıxardı. AMEA Folklor İnstitutunda direktor olduğum vaxt o kitabları nəşr planına salıb institut xətti ilə çap etdirdik. Əli Şamillə birlikdə  Bədirxan Əhmədlinin tərtib etdiyi və Ön söz yazdığı həmin kitablardan birincisi folklorla bağlı olduğuna görə mənim diqqətimi daha çox cəlb etdi. Məlum oldu ki, "Dədə Qorqud" dastanının Drezden nüsxəsinin surətini Azərbaycana gətirən və bu dastan haqda bizdə ilk məlumat verib elmi fikir söyləyən məhz Əmin Abiddir. Əmin Abidə məxsus bir çox fikirlər bu gün qorqudşünaslıqda dövriyyədədir, amma təəssüf ki, bu adamın adını çəkən, onun xidmətlərini qeyd edən yoxdur. Məsələn, ona məxsus olan fikirlərdən biri "Dədə Qorqud"un yazıya alınması tarixi ilə bağlıdır. Dəvadariyə əsaslanıb "Dədə Qorqud" oğuznaməsinin fars dilindən ərəb dilinə IX əsrdə tərcümə edilməsini, həmin abidənin türkcədən farscaya tərcüməsinin isə daha əvvəlki tarixə gedib çıxmasını nəzərə alan Əmin Abid Drezden nüsxəsinin hansısa daha qədim əlyazmadan köçürülməsi qənaətinə gəlir. Həmin qənaət bu gün də qüvvədə qalmaqdadır. Əmin Abidin bu qənaətləri sırasına "Dədə Qorqud"un ilk dəfə şifahi ifadan yazıya alınması, dastandakı nəsr hissəsində nəzm, nəzm hissəsində isə nəsr elementlərinin olması və s. barədəki fikirlərini də daxil etmək olar.

 

Bədirxan Əhmədlinin Əli Şamillə birlikdə tərtib edib Ön söz yazdığı "Azəri ədəbiyyatı tarixi" kitabı da repressiya qurbanı olan, folklorşünaslıq və ədəbiyyatşünaslığımız tarixindəki xidmətləri layiqincə qiymətləndirilməyən Əmin Abidi daha yaxından tanımaq, onun timsalında ədəbiyyatımızın bir çox qaranlıq səhifələrinə işıq tutmaq baxımından xüsusi maraq doğurur. XX əsr Azərbaycan ədəbiyyatından bəhs edən və Türkiyədə Fuad Köprülünün elmi rəhbərliyi ilə yazılan həmin əsərdə səciyyəvi cəhətlərdən biri budur ki, müəllif XX əsr Azərbaycan romantizminin həm dil-üslub, həm də məzmun-mündəricə etibarilə Türkiyə  romantik ədəbiyyatı ilə yaxından səsləşməsinə geniş yer verir, ədəbi örnəklər əsasında milli istiqlal düşüncəsini izləyir, antikommunist bir mövqe ortaya qoyur. Belə bir mövqe əsərin sonundakı "Kommunizm dövründə fikri cərəyanlar" bölməsində daha qabarıq şəkildə özünü göstərir. "Kontr bolşevizm cərəyanları", "İstiqlal və mücadilə ədəbiyyatı" başlıqları altında Əmin Abid bolşevizmə qarşı ədəbi mübarizə aparan və milli istiqlal ideyalarını irəli sürməkdən çəkinməyən yazarlar sırasında Gültəkinin də adını çəkir və onun Türkiyə mətbuatında çap etdirdiyi "Qılıncım və başım", "Buzlu cəhənnəm" kimi antisovet ruhlu şeirlərindən böyük parçalar nümunə gətirir. Gültəkin təxəllüsünün Əmin Abidə məxsus olduğunu düşündükcə bir məsələ bizlərə bir daha aydın olur: Əmin Abid və onun kimi neçə-neçə tədqiqatçımız öz əsərlərində kommunist rejiminin şəninə söz demək məcburiyyətində qalsalar da, qəlbən bu rejimlə barışmayıblar, onların şifahi və yazılı ədəbiyyatımız haqda söylədiyi bir çox fikirlər milli istiqlalla bağlı düşüncələrin ifadə vasitəsinə çevrilib. Belə tədqiqatçılarımız arasında Əmin Abidin xüsusi yeri var. Əmin Abidin ədəbiyyatşünaslığımız tarixindəki layiqli yerini doğru-düzgün görüb qiymətləndirməyin başlıca yolu isə onun əsərlərini üzə çıxarıb çap etmək, çap edib dəyərləndirməkdir.

Əmin Abid kimi milli düşüncə adamlarını bugünkü oxucuya tanıtmaq nümunəsini Bədirxan Əhmədli "Azərbaycan mühacirət ədəbiyyatı" və "Türkçülüyün üçlü formulu" kitablarında İsmayıl bəy Qaspıralı, Əli Süvai, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalp, Yusif Akçura və b. ədəbi-tarixi şəxsiyyətlərə həsr etdiyi oçerklərdə də göstərə bilir. Bu şəxsiyyətlərin tarixi fəaliyyətində türkçülük Bədirxan Əhmədlinin izlədiyi əsas məsələlərdəndir. Türk xalqlarının birləşməyə can atdığı indiki şəraitdə son dərəcə aktual olan həmin məsələnin düzgün istiqamətdə çözülməsində Bədirxan Əhmədlinin üz tutduğu sələflərin təlimi mühüm əhəmiyyət daşıyır. "Dildə, fikirdə, işdə birlik!" formulunu irəli sürən sələflərimiz türk birliyinin ən başlıca yolunu dil ortaqlığında görüblərsə, bu yöndə ciddi düşünməyə, vaxt itirmədən əməli işlər görməyə zəruri ehtiyac var. Ehtiyac var ki, ortaq əlifba söz olaraq qalmasın, yüz illər boyu arzusunda olduğumuz bu məsələ, axır ki, real həllini tapa bilsin; türk dillərinin ortaq milli korpusu, ortaq terminlər sistemi yaradılsın və s. Görürsünüzmü, Bədirxan Əhmədlinin yaxın keçmişdən, o keçmişin milli düşüncəli tarixi şəxsiyyətlərindən ardıcıl olaraq danışması ideya və məfkurəcə bu günə yönəlir, bugünkü ictimai-siyasi və mədəni proseslərdə gərəyimiz olur, düşünüb-daşınmaq, doğru-düzgün nəticəyə gəlmək üçün mötəbər istinad nöqtəsinə çevrilir.

 

Bütövlükdə bir əsrin ədəbiyyatına üç cilddən ibarət kitab həsr etmək o deməkdir ki, sən hər tarixi mərhələdəki ictimai-siyasi və mədəni proseslərə bu günün çağırışları kontekstində qiymət verməli, bir-birindən fərqlənən ədəbi istiqamətləri müəyyənləşdirməli və ədəbi proses daxilində hər yazıçının öz yerini və rolunu dəqiqləşdirməlisən. "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"ni yazarkən Bədirxan Əhmədli bu çətin işin öhdəsindən gələ bilir. Belə ki, o, füyuzatçılardan və mollanəsrəddinçilərdən; Mikayıl Müşviq, Səməd Vurğun və Rəsul Rzadan; Süleyman Rəhimov, Mir Cəlal və Mirzə İbrahimovdan; İlyas Əfəndiyev, İsa Hüseynov və Sabir Əhmədlidən; Bəxtiyar Vahabzadə, Məmməd Araz və Əli Kərimdən hansı səriştə ilə yazırsa, həmin səriştə ilə bugünkü ədəbi prosesdən, onun yaşlı və orta yaşlı nümayəndələrindən də yazır. Yazıçı Nəriman Əbdülrəhmanlıya ayrıca monoqrafiya həsr etməsi Bədirxan Əhmədlinin bugünkü ədəbi prosesə nə dərəcədə bağlı olmasının mühüm bir göstəricisidir.

 

Bu gün Bədirxan Əhmədli bir vaxt birlikdə aspirantura təhsili aldığımız Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan - Asiya ədəbi əlaqələri şöbəsinə başçılıq edir və şöbənin profilinə uyğun araşdırmalar aparır. Son vaxtlar çap etdirdiyi "Rabindranat Taqor. Yeni Hindistanın manifesti" monoqrafiyası həmin araşdırmaların məhsuludur. 

Yaşı yetmişi haqlayan qələm dostuma bircə onu arzulamaq qalır ki, yazı masasının arxasına keçəndə 1980-ci ilin yazındakı iyirmi beş yaşlı cavan oğlana dönsün, yeni kitablarını cavan doktorant həvəsi və şövqü ilə yazsın.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!