Türk sivilizasiyaları tarixinin təsdiqinə qalxan mübariz - Telman CƏFƏROV

Oljas Süleymenovun "Az və Ya. Xoşniyyətli oxucunun kitabı"nın 50 illiyinə

1975-ci ildə sovet ədəbiyyatı, sovet elmi, humanitar təfəkkürü, daha dəqiq desək, artıq o dövrdə bədii ədəbiyyatın mühüm bir qanadı kimi aktuallıq kəsb edən publisistikada həm oxucu, həm də müxtəlif elm sahə mütəxəssislərinin beyninə həmlə təsiri bağışlayan Oljas Süleymenovun "Az və Ya. Xoşniyyətli oxucunun kitabı" (Natiq Səfərov öz tərcüməsində kitabın adını "Az-Ya..." kimi vermişdir. Nəşr 1993-cü ilə aiddir) Almatıda "Jazuşı" nəşriyyatında rus dilində işıq üzü gördü. Haqqında danışdığımız kitabın dəqiq janrını müəyyən etmək bir az çətin olsa da, hər halda, elmi, elmi-publisistik yanaşmanı, bədii təfəkkürü, poeziya, fəlsəfə, tarix, mifologiya, kulturologiya və əlaqəli bir neçə sahəni özündə ehtiva edən sanballı sinkretik tədqiqat əsəri ortaya qoyulmuşdu. "Az və Ya..." kitabının yazıldığı vaxtdan təxminən, bir əsr yarım əvvəl Rusiya İmperiyası tarixində mühüm rol oynamış 1812-ci ilin Vətən müharibəsində Napoleon üzərində qələbədən sonra, elə dekabristlər hərəkatı zamanı, Oktyabr inqilabınadək bütün sonrakı onilliklər boyu düşünən başlara gələn suallar yenidən gündəmdə idi. Əgər biz Avropanı və dünyanı faşizmdən xilas etmişiksə, niyə pis yaşayır, niyə həqiqəti olduğu kimi danışa və yaza bilmir, orta və ali məktəblərdə uşaqlara və gənclərə qondarma tarix öyrədir, həyat həqiqətlərini əks etdirməyən bədii əsərlər yaradırıq? Niyə saxtalaşdırılmış mətni Oljas Süleymenovun kitabında təftiş edilən "İqorun alayı barədə söyləmə" (Azərbaycan dilinə son tərcümənin müəllifi Rüstəm Kamal ədəbi abidəni "İqor yürüşü haqqında söyləmə" adlandırıb) kimi ədəbi abidələrin həqiqətini gizlədib yeni nəsillərə tam özgə bir tarix təqdim edirik? 

 

XX yüzilliyin 20-30-cu illərini 70-80-ci illərindən yarım əsr dövr ayırırdı. Bu dövrdə siyasi-ideoloji sistem əvvəlki kimliyini unutmağa vadar olunmuş insan nəsilləri formalaşdırmışdı. İnsan nəsilləri bir yana, dövrümüzə gəlib çatmış az-çox tarixi faktlar, ədəbi abidələr də sənət və ədəbiyyatda, elm və fəlsəfədə sosialist realizmi metodunun müəyyən etdiyi ideoloji çərçivələrdə şərh edilib gənc nəsillərin beyninə yeridilirdi. Prosesin acı nəticələrini ən çox dadanlar isə türk xalqları idi. Rusiya İmperiyası "Moskva - III Romadır" dini-siyasi nəzəriyyəsinin formalaşdığı dövrdən başlayaraq, türk dünyası ilə dərin bir ziddiyyət içərisində olmuşdu. XVIII-XIX yüzilliklər ərzində Rusiya və Osmanlı imperiyaları arasında baş vermiş 10-dan çox müharibədən yalnız birində - Krım müharibəsində ikinci tərəf İngiltərə və Fransanın dəstəyi ilə üstün ola bilmişdi. Şərqi Avropadan, Balkanlardan sıxışdırılmaq azmış kimi Rusiya İmperiyasında artıq türklərə, türk mədəni irsinə, sivilizasiyalarına, Osmanlı dövlətinə nifrət və sayğısızlıq ruhunda formalaşmış ziyalılar nəsli yetişmişdi. Bu isə tam başqa - Rusiya-Avropa qarşıdurması ilə assosiasiya olunan başqa bir siyasi, tarixi-mədəni problemi ortaya qoyurdu. Rusiya öz ərazisində və ətrafında olan bütün türk xalqlarını "udaraq" ərazisinə qatdıqdan, Avropadakı slavyan xalqlarını Osmanlı İmperiyasının asılılığından xilas etdikdən sonra rus filosofları N.Danilevski və N.Straxov, onlara dəstək verən slavyanofillər, türk dünyasının rəğbətlə oxuduğu məşhur yazıçı F.Dostoyevski Qərb (roman-german) dünyasına və tarixi-mədəni tipinə alternativ Ümumslavyan İttifaqının və yunan-slavyan tarixi-mədəni tipinin yaradılması niyyətinə düşmüşdü. Bu da indiki Türkiyə torpaqlarını tamamilə Rusiyaya qatmaqla keçmiş Konstantinopolu həmin o İttifaqın mərkəzinə çevirmək ideyasının gerçəkləşməsi demək idi. 

 

Ən təhlükəlisi isə o idi ki, bu tarixi konteksdə, geniş Avrasiya tarixi-mədəni məkanında əsrlər boyu mövcud olmuş türk sivilizasiyaları, mədəniyyətləri "etnoqrafik material" adı ilə arxivə göndərilmək təhlükəsini yaşayırdı.  

İki hissədən ibarət "Az və Ya..." kitabı hansı həqiqəti sübut etməyə çalışırdı? Onun müəllifinin sələfləri kim idi? O, hansı perspektivi hədəfə almışdı? 

Qısaca olaraq qeyd edək ki, "Az" (və ya "Şahinlər və qazlar") adlanan birinci fəsildə toplanmış qeydlər, o cümlədən, "İqor alayı haqqında söyləmə" mətni üzərində müşahidələr Qədim Rusun Böyük Çöllə birgəyaşayışı, rus tarixinin poloves dövrü barədə həqiqətin bərpasına, "Ya" ("Şumernamə") kimi təqdim edilən ikinci fəsil isə bütövlükdə Avrasiya sivilizasiyalarının özəyini təşkil edən türk mədəniyyətlərinin şumerlərlə bağlılığı (60 söz əsasında şumer və türk leksikasının müqayisə cədvəli, Günəş kultu, Tanrıçılıq, Orxon-Yenisey abidələri, Gil kitab və s.), antik və qədim dövr sivilizasiyaları ilə təması və mədəni mübadiləsi izlənilir, Hind-Avropa, fin-uqor, türk və s. dil ailələri timsalında qohum və yaxın mədəni-tarixi areallar müəyyən olunur. Zaman sübut elədi ki, "Az və Ya..." kitabı yuxarıda sadaladığımız elm sahələrinin inkişaf perspektivləri üçün zəngin mənbədir. Xüsusən də, sivilizasiyaların və mədəniyyətlərin formalaşması, bir-birindən qidalanması, türk dillərinin digər qohum və qonşu dil ailələri ilə müqayisəli təhlili, Ortaçağ qəhrəmanlıq eposu poetikasına baxış, bu gün böyük aktuallıq kəsb edən kulturologiya aspektlərində bu əsər ciddi tədqiqat obyekti və predmetidir. Ən əsası, O.Süleymenovun, 65 illik qırılmaz yaradıcılıq yolunda günümüzədək davam edən poetik və elmi axtarışlarının nüvəsi, Türk Dövlətləri Təşkilatının ideoloji platformasının, türk mədəni-tarixi tipinin təsdiqi və bu istiqamətdə rus və Avropa nəzəriyyəçilərinin türk sivilizasiyalarının tarixi əhəmiyyəti barədə yanlış fikirlərin təkzib edilməsi üçün əsas məxəzlərdəndir. Məqalədə "Az və Ya..." kitabının tərəfimizdən şərhi məhz bu reallıqlara əsaslanır.  

 

O.Süleymenovun "Az və Ya..."ya yolunun isə 1961-cı ildə elə Almatıda rus dilində nəşr olunmuş şeirlər kitabından başlandığını görürük. O, qorxmadan və çəkinmədən elə ilk həmlədən yaradıcılıq manifestini elan edirdi (şair dostu Andrey Voznesenskiyə müraciətlə): 

 

Andrey! Biz səninlə köçərilərik,

aramızdakı kültür və dönəm boşluğu 

dayanıb üzü göyə,

biz Allah və din sayaq 

gəzirik dünyanı belədən-beləyə...

Mən etruskca danışıram gələcəkdən 

pıçıltıyla,

sən şifri aç,

talelərin qıyyasını 

runaların divarına sanc,

sonra, yarımçıq alimlərə ver 

sərsəm fikirlərin təfsirini,

onlara müdriklik gətirər

öyrənilən hər ziyanlı yeni. 

Mən gəzirəm bozqır boyu,

şəhadət barmağı tək əyilmədən,

(şəhadət barmağını yalnız tətik əyir hərdən.)

Mənə belə gəlir:

Az i Ə - Aziya deyil yalnız, 

biz köç eləyirik öz üstümüzə 

və başqa cür olur tanınmağımız.

 

(Elxan Zalın tərcüməsində)

 

 

Azərbaycan auditoriyasında, ədəbi-mədəni mühitində Oljas Süleymenov haqqında yeni söz eşitmək çətindi. O, Azərbaycanı sevdiyi qədər ona bu torpaqda məhəbbət və yaradıcılığına maraq var. 

Xalq yazıçısı Anar 2011-ci ildə Bakıda "Kuman nəğməsi" adı altında nəşr olunmuş kitaba "Ön söz"də haqlı olaraq xatırladır ki, Fransada yerli türkoloqlardan biri qazax şairi və tədqiqatçısı O.Süleymenovun niyə ana dilində yazmadığına irad bildirəndə ona çatdırdım ki, "Az və Ya" və Oljasın başqa əsərləri rus dilində yazılıbsa da, türk xalqlarında milli şüurun oyanışında ana dilində yazılan yüzlərlə kitabdan daha böyük önəm daşıyır" (Süleymenov O. "Kuman nəğməsi", s.7). 

 

Çöl yolları

Salnamə misralarıdır.

Mən bu cığırları oxuya bilirəm.

Karvanlar ötür,

Göllərdə təşbehlər qoyub gedərək (s.8). 

 

O.Süleymenovun tədqiqatlarının dərinliyinə baş vurmaq, onların məntiqi axarını tutmaq çətindi. Onun öz dili ilə desək, "həqiqətən də, yalnız linqvistlər, arxeoloqlar, kulturoloqlar, paleoqraflar bu izləri axtarıb tapmağa və tədqiq etməyə qadirdirlər" (Süleymenov O. Türklər tarixdən əvvəl. Tərcümə edən: Nizami Zöhrabi. - Bakı: TEAS Press Nəşriyyat Evi, 2016, s. 79). Onun ən çox istinad etdiyi mənbələrdən biri də Rusiya Elmlər Akademiyasının müxbir üzvü E.P.Tenişevin rəhbərliyi ilə müəllif kollektivinin hazırladığı "Türk dillərinin müqayisəli-tarixi qrammatikası" çoxcildliyidir. O. Süleymenov "Az və Ya...", "Yazının dili", "Türklər tarixdən əvvəl" və digər kitablarında sözün arxeologiyası ilə bağlı ardıcıl, məqsədli və yorulmaz fəaliyyətinin mənasını əsaslandırmaq üçün yuxarıda göstərilən nəşrin Ön sözündəki qeydə diqqəti yönəldir: "Semantikanın və formanın bərpası türklərin təkcə qədimdə deyil, həm də tarixdən əvvəlki mədəniyyətlərinin formalaşması və dəyişməsi prosesinə dair məlumatların alınması üçün mənbə olmağa xidmət etməlidir" (Süleymenov O. Türklər tarixdən əvvəl, s.77). O, tarixi, sivilizasiyaların sintezini sözlərdə, onların yaddaşında axtarır; bəzən sözlərin fonetik, morfoloji və leksik xarakteristikası ilə bağlı yorucu görünən eksperimentlərini bununla əsaslandırır ki, "məlumatlar onları ötürənin - bu və ya digər dinin tərəfdarlarının dünyagörüşünə (buraya ideologiya sözünü də əlavə etmək yerinə düşərdi - T.C.) görə təhrif olunur və başlıcası, mövzuya dair biliklərinin təbii natamamlığı ilə məhdudlaşır. Söz isə içində bəşəriyyətin keçmişi kodlaşmış çipdir... Keçmişi, demək olar ki, heç sənədləşdirilməmiş xalqların tarixçiləri bu leksemlərin arxeoloji oxunuşuna xüsusi ehtiyac duymalıdırlar..." (Süleymenov O. Türklər tarixdən əvvəl, s.78). 

 

"İqor alayı barədə söyləmə" mətnindəki türkizmlər çoxlu tanınmış rus və əcnəbi tədqiqatçılar tərəfindən araşdırılıb və şərh edilib. Başqalarından fərqli olaraq, O.Süleymenov mətnin həqiqətini dərk etmək üçün onun üzünü köçürənlər tərəfindən orada görünməz hala salınmış və əvvəllər yanlış traktovkada verilmiş türk leksemlərinin üzərində, özünün də dediyi kimi, aşağıdakı "görünməyən sözlər"in, eləcə də kalka yolu ilə tərcümə olunmuş ifadələrin "arxeoloji oxunuş"unu həyata keçirir: "kohey", "əruqi", "buytur", "Osmomısl Əroslav", "rostrena k ustu", "kura", "ptiüa qorazda", "debrğ Kisanö", "tulı", "bosuvi vrani", "xodına" ("Az və Ya...", s.46-77). Tədqiqatçı o qənaətdədir ki, tam etimologiya üçün "leksik yuvanın... yaxın qohum dillərdəki və "qonşu" dillərdəki leksik uyğunluqlar sisteminin qurulması vacibdir" (Süleymenov O. Türklər tarixdən əvvəl, s.78). Bu planda onun "osina-osokorğ-əsenğ-osenğ" sözlər cərgəsi üzərində apardığı fonetik, morfoloji, leksik müşahidələr ilk növbədə, müqayisəli dilçilik üzrə mütəxəssislər üçün maraq və müzakirə doğursa da, burada paleoqraf kimi onun cəhdlərini motivləşdirən etirafı da nəzərdən qaçmır: "Türk dillərində ölmüş, başqa dillərdə yaşayan sözlər və rus lüğəti bu cür qalıqların (yəni artıq türk dillərində istifadə edilməyən leksemlərin - T.C.) anbarıdır" (Süleymenov O. Türklər tarixdən əvvəl, s.18) 

 

Burada haşiyə çıxaraq məqaləmizin əsas məğzinə uyğun o məqamı vurğulayaq ki, bu gün artıq türk-slavyan tədqiqatları (tyurkoslavistika) kimi formalaşmış, əsasının O.Süleymenovun "Az və Ya..." kitabı ilə qoyulduğu elmi istiqamət bir neçə mənbədən qidalanırdı. İlkin qaynaqlar arasında Krım tatarı "Tərcüman" qəzetinin naşiri, Rusiyada və Osmanlıda türkçülüyün əsasını qoyanlardan biri kimi tanınan İsmail Qaspıralının ideya və görüşləri xatırlanır. O, Əhməd Bəy Ağaoğlu kimi, türk mədəniyyətinin üstün Qərb mədəniyyətindən və Avropa təhsilindən, maarifçilik ideyalarından bəhrələnməsinin tərəfdarı idi.  

 

İnqilabdan sonra, 20-ci illərin sonu - 30-cu illərdə rus mühacir mühitində formalaşmış və Rusiyanın nicatı kimi təqdim olunan avrasiyaçılıq elmi-nəzəri platforması ilk dəfə türklərin rus dövlətçilik və mədəni inkişaf tarixindəki roluna müsbət qiymət verir. O fikirdəyik ki, O. Süleymenovun irəli sürdüyü "tyurkoslavistika" istiqamətinin kökləri həm də N.Trubeskoyun "Avropa və bəşəriyyət", "Rus mədəniyyətində Turan elementi", P.Savitskinin "Rus tarixinin Avrasiya konsepsiyası" məqaləsi, P.Suvçinski, P.Saviski, Q.Florovskinin həmmüəllifliyi ilə ərsəyə gəlmiş "Şərqə çıxış: gözləntilər və uğurlar. Avrasiyaçıların bəyanatı" və sair əsərlər nümunəsində avrasiyaçılıq elmi-nəzəri platformasına bağlıdır. Sonradan bu həqiqət klassik avrasiyaçılığın son nümayəndəsi hesab etdiyimiz, türk-slavyan tədqiqatlarına ciddi töhfələr vermiş L.N.Qumilyovun ("Qədim Rus və Böyük Çöl" kitabından tutmuş, onun passionarlıq və etnogenez nəzəriyyələrinin, avrasiyaçılıq görüşlərinin təsdiqinə xidmət edən bütün əsərləri) müsahibələrindən birində səslənəcəkdi: "Bir şeyi bilirəm və sirr olaraq sizə bunu deyə bilərəm ki, Rusiya nicat tapacaqsa, o, yalnız Avrasiya dövləti kimi və yalnız avrasiyaçılıq ideyaları hesabına xilas oluna biləcək." (http://gumilevica.kulichki.net/articles/Article28.htm) Artıq XXI əsrin ilk onilliklərində türkiyəli avrasiyaçı-alim Ö.G.İşyar da ölkəsinin və Rusiyanın Avrasiya kontekstində əməkdaşlığının tərəflərin xeyrinə olduğunu, bu ölkələr "bir-birinə qarşı deyil, birlikdə hərəkət etməlidirlər, öz aralarında siyasi bir çevikliyə nail olmalı, bir-biri ilə üstünlük yarışına və rəqabətə girməməlidirlər" - [İşyar Ö.G. Avrasya ve avrasyaçılık. - Bursa: Dora, 2013, s. 89] deyə vurğulayacaqdı.   

 

Ancaq ortada tam fərqli bir tarixi reallığın şahidiyik. Beş yüzillikdən artıq müddətdə, yəni Konstantinopolun türklər tərəfindən fəthindən başlayaraq, türklərə qarşı açıq və gizli şəkildə aparılan siyasət nəticəsində Qədim Rusa məxsus rus-poloves, rus-tatar münasibətlərini və birgəyaşayışını əks etdirən bütün dini və dünyəvi ədəbiyyat mətnləri redaktor-kompilyatorlar tərəfindən türk keçmişindən "təmizlənmiş", tərtib olunmuş "Rus xronoqrafı", "Əhəmiyyətli kitab", "Çetyi-mineylər" kimi rus dövlətçilik və din tarixinə aid ensiklopedik məlumat nəşrlərində Rusun Çöllə çoxəsrlik sıx münasibətlərindəki neqativ hallar qabardılmış, türk etnos və xalqlarını təmsil edən obrazlar özgə ünsür kimi "dinsiz", "allahsız", "lənətəgəlmiş" və bunlara bənzər digər nifrətdoğurucu ifadələrlə təsvir olunmuşdur. Qazax şairinin təhlil etdiyi "İqor alayı barədə söyləmə" kimi Böyük Çöl tarixinə dair onlarla əhəmiyyətli ədəbi abidə lazımsız kağız parçası kimi anbarlara atılmış və ya məhv edilmişdir. XVI əsr əlyazmaları içərisində tapılmış mətnin ("İqor alayı haqqında söyləmə"nin) "bəxti" onda gətirmişdi ki, o, Qədim Rusa aid salnamə və digər yazı mətnlərinin toplayıcısı qraf Musin-Puşkinin əlinə düşmüş və vacib ədəbi abidə olduğu zənn edildiyindən mətn üzərində işlənilərək, II Yekaterinaya təqdim olunmaq üçün hazırlanmışdı. Qeyd etmək yerinə düşür ki, XVI yüzillik Rusiyanın avropalaşdırılması yolunda təkcə Noğay Ordası və Həştərxan xanlığının, Konstantinopolun fəthinin 100 illiyi ərəfəsində Şərqdə türk-müsəlman sivilizasiyasının mərkəzi və dayağı olan Kazan xanlığının süqutu ilə deyil, həm də türk dövlətçilik və mədəniyyət tarixini əks etdirən mənbələrin məhv edilməsi və saxtalaşdırılmasının ən qızğın dövrü kimi xarakterizə olunur. Rus tədqiqatçılarının özləri də etiraf edirlər ki, "Avropada ən pis saxlanılma vəziyyətinə malik olan mənbələr rus arxiv və kitab anbarlarıdır". Bu fikrin müəllifi P.Q.Skrınnikov, hətta "Çar kitabı" adı ilə məşhur olan salnamənin "kiminsə hakim əli ilə əlavə və düzəlişlərlə doldurulduğunu" (Skrınnikov P.Q. İvan Qroznıy. - M.: Nauka, 1983, s.81) qeyd etməklə yanaşı, Qroznı dövründənqalma cəmi beş əhəmiyyətsiz sənədin siyahısını gətirir. 

 

"Qədim Rus və türklər" mövzusuna az-çox bələd olan adam kimi bu haşiyəni çıxmaqda məqsədimiz o acınacaqlı faktı təsdiqləməkdir ki, Böyük Roma, sonradan həm də Bizans İmperiyası ilə Böyük Çin Səddi arasındakı aralıq Avrasiya çöl-köçəri tarix və mədəniyyətinin varisinə çevrilmiş Moskva Rus dövləti XV-XVI əsrlərdən başlayaraq, planlı şəkildə bəşər sivilizasiyasının qiymətli parçası olan türk xalqları mədəniyyətinin məhvinə və saxtalaşdırılmasına çalışmış, sonrakı dövrlərdə bu siyasət müxtəlif yollarla davam etdirilmişdir... Uzun yüzilliklərin həqiqətini bölüşməyə, Şərqi slavyan və türk xalqları arasında ovaxtkı münasibətlər barədə mənzərəni bərpaya və etirafa dəvət edən mətnin ("İqor alayı barədə söyləmə"nin) orijinalının itməsi də müəmmalı qalır. "Az və Ya..." kitabının müəllifi bu orijinalı bərpa etməyə çalışır, paleoqraf kimi düzgün şərh olunmayan, mətnin qaranlıq yerləri adlandırılan ifadələri, strukturu və məntiqi axarı, sonluğu zədələnmiş süjet, türk motivləri üzərində dayanır. Eposun ruhu, ideyası, obrazlılığı, peyzajın funksiyası bərpa olunur, ədəbi abidənin mifik və dini təsəvvürləri, folklor elementləri canlanır. Bədii mətnin linqvistik analizi, xüsusi hazırlıq və intuisiya ilə canlandırılan söz və obrazlar tədqiqatçını türk eposlarının tanış və doğma mühitinə cəlb edir, o, ayrı-ayrı qəhrəmanlıq dastanları ilə paralellər aparır... Bu eksperiment sonrakı onilliklərdə "İqor alayı barədə söyləmə" ilə onlarla türk dastanı arasında ideya-mövzu və tipoloji oxşarlıq axtarışlarına yol açır. Ən çox müqayisə isə "Kitabi-Dədə Qorqud"la aparılır. Bu müqayisələr Azərbaycan türklərinə məxsus qəhrəmanlıq dastanının Ortaçağ qəhrəmanlıq abidələri arasında müstəsna əhəmiyyətini və digər xalqların epos yaradıcılığına təsirini sübut edir. O.Süleymenovun müzakirə olunan kitabında və sonrakı tədqiqatlarında "İqor alayı barədə söyləmə" mətnində rast gəlinən mifik obrazları, arxetip və simvolları, totemləri türk dastanları (qazax eposları "Er-Tarqın", "Kara Kıpçak koblandı", Azərbaycan dastanları "Kitabi-Dədə Qorqud", "Koroğlu" və s.) elementləri ilə müqayisə edir, təkcə rus knyazlarının yox, əsas süjetdə və lirik ricətlərdə qarşılaşdığımız poloves xanlarının təsvirlərində də onlarla bağlılıq axtarır. "Az və Ya..." kitabında O.Süleymenovun gəldiyi əsas qənaətlərdən biri də odur ki, "İqor alayı barədə söyləmə"nin naməlum müəllifi ikidillidir, epos isə birmənalı olaraq rus-poloves ədəbi abidəsidir. ("Az i Ə", s.182) Bu isə sovet dövründə Qədim Rus ədəbiyyatı abidələrinin ən tanınmış və nüfuzlu tədqiqatçısı akademik D.S.Lixaçovu qane etmir: "Belə çıxır ki, "İqor alayı barədə söyləmə" ikidilli, rus-poloves abidəsidir. Əsərin müəllifi poloveslərin əleyhinə deyilmiş. 1185-ci ilin poloves-rus düşmənçiliyini müəllif yaxın qəbilələr arasında qarşıdurma hesab edirmiş..." (Lixaçev D.S. "Slovo o polku İqoreve" i kulğtura eqo vremeni. - L.: Xudoj. lit., 1978, - 317). Halbuki digər salnamə mətnlərindən, xüsusilə, "İqor alayı barədə söyləmə"nin tarixi əsasını təşkil edən İpati və Lavrenti salnamələrindən gətirilən nümunələr, rus tarixinin bizə yaxşı məlum olan poloves, tatar və Moskva Rusu dövrlərinə aid "Ötən illərin hekayəti", "Vladimir Monomaxın öyüdnaməsi", "Qaliç-Volin salnaməsi", "Zadonşina" və s. abidə mətnləri üzərində müşahidələr də eyni fikirləri söyləməyə əsas verir. O. Süleymenov bu cür inkar ritorikasını əvvəlcədən gözləyirdi. O, knyaz İqorun əsir düşmüş oğlu Vladimirin Konçak xanın qızına evləndirilməsini güclü tərəfin zəif tərəfə qız verməsi kimi izah edir və qıpçaq-poloves qızları ilə onlarla belə nikah nümunələri gətirir, eyni zamanda "Tarixçilər və tarix" fəslində istinad etdiyi akademik B.D.Qrekovun 600 səhifəlik "Kiyev Rusu" kitabında (1945) peçeneqlərlə əlaqələr barədə cəmi bir neçə abzas verildiyini, rus knyazlarının alman, fransız, çex və s. dinastiyalarla qohumluq əlaqələrindən ətraflı bəhs edildiyi halda, bu mənada Çöllə münasibətlərin xatırlanmadığını göstərir. Slavyanşünas-alim V.A.Parxomenkonun "Salnamələrdə poloves izləri" məqaləsində "Rusun poloveslərlə əlaqələrinin izlərinin diqqətlə axtarılması" tövsiyəsi isə O. Süleymenovu təəccübləndirir. ("Az i Ə", s.181) Tarixə slavyan-türk birliyi dövrü kimi düşmüş, Şərqi slavyanların xəzərlər, bulqarlar, quzlar, poloveslər (qıpçaqlar, kimaklar, kumanlar), sonra monqol-tatarlarla çoxəsrlik sıx münasibətlərində iz axtarmaq, təbii ki, təəccüblü görünürdü. Görün, Şərqi slavyanlara aid ilk orijinal salnamə məcmuəsi "Ötən illərin hekayəti"nin ("Povestğ vremennıx let") mətninə nüfuz edib orada hun, avar, xəzər, macar (uroqlar) elementləri axtarılsa, hansı həqiqətlər ortaya çıxar?! Yaxşı ki, "Az və Ya..." Qədim Rusun ümumən poloves və monqol-tatar tarixini əhatə edir. O, ilkin dövrlərdə mənimsənilmiş hərbi işə aid qədim türk sözlərinin (voin, boərin, polk, trud, oxota, oblava, çuqun, jelezo, bulat, alebarda, topor, molot, suliüa, ratğ, xoruqvğ, sablə, kmetğ, kolçan, tğma, ura, ayda) rus mətnlərində artıq türkizm kimi qeyd olunmadığını, dilçilərin yalnız son dövrlərdə rus dilinə keçən sözləri (saadak, orda, bunçuk, karaul, esaul, ertaul, ataman, koş, kurenğ, boqatırğ, biröç, jalav (znamə), snuznik, kolımaqa, alpaut, surnaçğ və s.) gördüklərini bildirir ("Az i Ə", s.179). O vaxtlar sözlər, təbii ki, sıx təmas, iç-içə yaşayış hesabına mənimsənilirdi. Poloves dövründə nə Kiyev, nə də Novqorod knyazları drujina və qoşun saxlamırdılar. Onları qoruyan poloveslər, qaraqalpaqlar, torklar idi. 

 

Rus tədqiqatçılarının bir ağızdan inkar etdikləri rus-poloves, rus-tatar birgəyaşayışı ilə bağlı faktlar O.Süleymenovun bütün əsərlərində yer alır. Bu iç-içə yaşayış təkcə hərbi sahədə özünü göstərmirdi. Tədqiqatçının "Xəzər Albaniyası" yazısında gətirilən arqumentlər qohumluq, hərbi, təsərrüfat münasibətləri ilə yanaşı, sıx iqtisadi-inzibati və kommunikasiya əlaqələrinin də mövcudluğunu göstərir ki, bu da özünü, ilk növbədə, rus dilinin lüğət tərkibinə daxil olmuş sözlərdə (məsələn, qədim türk dillərindən qədim rus dilinə keçmiş tamojnə və tamojnik kimi leksemlərdən əmələ gəlmiş çoxlu sözlər müasir rus dilində işlədilir) ifadə edir (Süleymenov O. "Kuman nəğməsi", s.21).

Hesab edirik ki, formalaşmaqda və güclənməkdə olan Türk Dövlətləri Təşkilatının ideoloji platforması mədəni dominanta söykəndiyindən qədim və zəngin tarixə malik türk mədəniyyət və sivilizasiyalarının dünya miqyasında təsdiqi, kulturoloji aspektdə geniş təqdim olunması üçün O.Süleymenovun zəngin bədii və elmi yaradıcılığı, ilk növbədə, türk aləmində lazımi şəkildə və səviyyədə tanıdılmalıdır. Sonda bir daha o fikir üzərində dayanırıq ki, türkçülük ideologiyasının banilərindən biri İ.Qaspıralını, rus avrasiyaçı alimlər N.Trubeskoy, P.Saviski və b., passionarlıq və etnogenez nəzəriyyələrinin müəllifi L.Qumilyovu tyurkoslavistikanın əsasını qoyumuş O.Süleymenovun sələfləri hesab edirik. Bu gün türk dünyasında, eləcə də Azərbaycanda tyurkoslavistika, avrasiyaçılıq, türk dillərinin tarixi inkişafı, qonşu və digər qohum dillərlə müqayisəli linqvistik təhlili ilə bağlı tədqiqatların O.Süleymenovun yanaşma və yaradıcılığından bəhrələndiyini vurğulayırıq.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!