Oljasın “Az i Ya”sı - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Yarım əsr bundan əvvəl - 1975-ci ildə ilk dəfə Alma-Atıda nəşr olunduqdan sonra "Az i Ya" kitabı ildırım sürətilə bütün Sovetlər Birliyində, xüsusilə, türk respublikalarında yayıldıqca o zamana qədər istedadlı, milli ruhlu (və dissident əhvali-ruhiyyəli) şair kimi tanınan müəllif artıq yalnız ədəbi aləmdə yox, sovet cəmiyyətinin, demək olar ki, bütün intellektual-mədəni sferalarında məşhurlaşdı. Bu qeyri-adi məşhurlaşma hələ kifayət qədər gənc olan qələm (və fikir) adamının ən yüksək səviyyədə tənbeh edilməsilə nəticələnsə də, artıq zaman öz hökmünü vermişdi... Oljas "Az i Ya"da, hər şeydən əvvəl, rus-sovet tarixşünaslığında özünə geniş yer eləmiş imperialist-müstəmləkəçi kanonlara qarşı çıxıb dialoq-müzakirə azadlığı tələb edirdi. Və sovet elmi-ideoloji administrasiyası özündə təpər tapıb (əslində, geriyə yol da yox idi) "Az i Ya"nın müəllifinə belə bir "dialoq-müzakirə" imkanı yaradanda ən irticaçı "təəssübkeşlər" də, görünür, əmin idilər ki, iynəni çuvalda gizlətmək daha mümkün deyil.

Kitabın şöhrəti o baxımdan müəllifin şöhrətini "üstələdi" ki, artıq "Az i Ya" öz-özlüyündə şair-mütəfəkkirin yaradıcılıq tərcümeyi-halının (və şəxsiyyətinin!) sözün geniş mənasında interpretatoruna çevrildi. Və çox keçmədi ki, Əbu Nəsr əl- Fərabiyə, sadəcə, "Fərabi", Nizami Gəncəviyə - "Nizami", Əlişir Nəvaiyə - "Nəvai", Abay Kunanbayevə - "Abay" deyildiyi kimi, Oljas Süleymenovu da mənsub olduğu xalq (etnokulturoloji sistem!) "Oljas" adlandırmaqla ona heç zaman tükənməyəcək tarixi ehtiramını izhar etdi.

***

"Az i Ya" iki hissədən ibarətdir ki, onun birinci hissəsi rusların qədim "İqor polku dastanı"nın əlyazmasının tapılması, üzünün köçürülməsi və nəşri barədəki bu və ya digər dərəcədə mübahisəli tarixçə ilə başlayır.

Məsələni hər kəsin anlayacağı obrazlı - teatral bir "dil"də şərh etmək qənaətinə gələn müəllif "Dastan" dramına başlayır. Və həcmcə kiçik olduğu qədər də dahiyanə dramın ideya-məzmununu lazımı dəqiqliklə vermək imkan xaricindədir... Təxmini təsəvvür yaratmağa cəhd eləsək, bunları deyə bilərik:

Dörd pərdədən birincisi buraxılır...

İkinci pərdədəki hadisələr 1240-cı ildə Cənubi Rusiyada cərəyan edir...

"İqor polku dastanı"nın XIII əsrə aid bir neçə nüsxəsi var ki, orijinala xeyli yaxındır... Salamat qalmış əlyazmaları şimal-şərq monastrlarına daşınır... "Qədim rus bədii ədəbiyyatına Batının yanğınlarından heç də az ziyan vurmamış" kilsə bütün dünyəvi ədəbiyyatı məhv edir... Odur ki, XIV əsrdə monastrlarda dastanın iki-üç nüsxəsi ancaq qala bilərdi.

Üçüncü pərdədəki hadisələr 1380-ci ildən az sonra Moskva monastrlarından birində baş verir... Salnamələrin üzünü köçürən Sofoni-rezonets adlı rahib dastanın əlyazmasını tapır. Xüsusi yaradıcılıq qabiliyyəti olmasa da, öz sahəsinin peşəkarı olan rahib anlayır ki, ondan heç kimin xəbəri yoxdur, "olsaydı, çoxdan üzü silinmişdi" (o zaman perqament qıtlığı olduğundan qeyri-dini kitabların yazısı silinib yenidən istifadə edilirdi)... "Əlyazmanı oxuduqdan sonra Sofoninin ağlına gəlir ki, müasir məzmunda belə bir şey yazsın. Kulikov hadisəsi hələ də onun xəyalına qol-qanad verirdi"... Odur ki, vətənpərvər rahib-katib dastanın ideya- məzmununu əks istiqamətdə dəyişir, onu ruslar üçün məğlubiyyət dastanından qələbə dastanına çevirir... "Başqa iş üçün nəzərdə tutulmuş ehtiyat perqament üzərində o, "Dmitri Donskoyun dastanı"nı ("Zadonşina"nı) yazmağa başlayır. Yanındakı qüdrətli nümunə əsasında. Sofoni-rezonets qorxu-hürküsüz onun "dərisini" soymağa, məhvə məhkum edilmiş nəhəngin canlı toxumalarını və üzvlərini öz əsərinə köçürməyə başlayır"... "Lakin Sofoni bir daha əsər yazmadı. Görünür, müvafiq nümunə olmadığına görə"...

(Halbuki rus ədəbiyyatşünaslığında, tarixşünaslığında "Zadonşina"nın "İqor polku dastanı"ndan ilhamlanaraq yazılması barədə "toy sağlığına oxşayan" təntənəli sözlər də az deyilməmişdi).

Dördüncü pərdədə hadisələr XV-XVI əsrlərdə Pskov monastrlarından birində gerçəkləşir... Perqament yenə qiymətlidir, lakin artıq kağızdan daha geniş istifadə olunur. Dünyəvi ədəbiyyat silinməzdən əvvəl perqamentdən kağıza köçürülür... Bütpərəstlik xristianlıqla rəqabətə girə bilmədiyinə görə kilsə ona qarşı xüsusi mübarizə aparmır... Belə bir tarixi şəraitdə "Dastan" dramının axırıncı səhnələri canlanır:

"...Və rahib "İqor polku dastanının son nüsxəsi"ni tapıb öz masası üstünə qoyur. Üzünü kağıza köçürüb, bir neçə nüsxə də hazırlayır. Bu nüsxələrdən birini XVIII əsrdə Musin-Puşkin əldə edir. O biri nüsxə XX əsrdə Peçorada görünüb yox olur. Üçüncünü isə Həştərxan bazarından naməlum bir qazax alıb harasa aparır..."

Bütün dramatizmi ilə yanaşı, son dərəcə aydın səhnələrdir, elə deyilmi?..

"Az i Ya"nın "İqor polku dastanı"na həsr olunmuş bütün fəsillərində müəllifin milli (türkçülük) hissləri, duyğuları ilə elmi (intellektual) araşdırıcılıq məharəti vəhdətdə çıxış edir, ancaq bizə elə gəlir ki, bu vəhdət (və harmoniya!) özünü ən parlaq (və məhsuldar!) şəkildə məhz "Gözəgörünməz türkizmlər" fəslində göstərir. Oljas burada, əgər belə demək mümkünsə, arxeoloq işi görür. Və epizoddan-epizoda keçdikcə Dastan mətni oxucunun gözləri qarşısında arxeoloji araşdırma meydanı kimi açılır.

Fəslin əvvəlində verilmiş vədə uyğun olaraq Dastandakı bütün türkizmlər yox, yalnız "gözəgörünməzlər" barədə söhbət gedir. Və türkizmlərin mətndə bu cür ört-basdır edilməsinin səbəbi isə belə izah olunur:

"Rast gəlib tanıdığı hər türk sözünü tərcümə etmək meyli Nasixi öz tərcüməsini qrammatik cəhətdən mətndə yerləşdirmək zərurətinə gətirib çıxarır. Bəzi hallarda o, buna nail olur. Lakin bunu mətnin təhrifi hesabına edir. Əsasən isə, belə cəhdlər uğursuzluqla nəticələnir. Hiss olunur ki, Nasix türk dilini zəif bilir... Buna görə o, dastan müəllifinin rusca nitqinin gur yerlərində işlətdiyi bəzi türk terminlərini tanıya bilməmişdir. O yalnız topa halında olan türkizmləri görür".

Nasix haqqında yeri gəldikcə deyilən fikirlər onun birinci hissənin girişindəki teatral səhnədə yaradılmış obrazını daha da mükəmməlləşdirir. Həmin obraza vurulmuş çalarlardan ən mühümü isə, görünür, odur ki, bu zavallı dastanın XII əsr müəllif mətnindəki türkizmləri "təmizləyərkən" ağlına da gətirmirdi ki, əsərin qədimlik əlamətlərindən birini məhv edir:

"İqor polku dastanı" - nadir abidədir, burada bir çox türk sözləri öz ilkin mənasında qalmışdır. Gözəgörünməz türkizm - XII əsr slavyan dialekti əsasında yaradılmış "İqor polku dastanı"nın həqiqətən, qədim olmasını sübut edən çox kəsərli bir dəlildir".

Nasixin türkizmlərə "yaradıcı" yanaşması üzündən buraxdığı bəzi səhvlər isə slavistikada əməlli-başlı ajiotaj yaratmış, problemin hüdudlarından tamamilə kənara çıxan gülməli mübahisələrə rəvac vermişdir. Məsələn, Nasix mətndə ona naməlum "bosovranme" sözünə rast gəlir, onu "bosovi vrani" (boz qarğalar) kimi yozub, sonrakı sözü də "qarıldamaq" hesab edir. Svyatoslavın yuxusu epizodunda isə başqa bir mənzərə ilə qarşılaşır... "Yenidən "bosovranme" sözünə rast gələn Nasix özünü büsbütün itirir: bayaq bu qarğalar yalnız qarıldayırdılarsa, indi cuşa gəlib bülbül kimi cəh-cəh vururlar. Qarğa da oxuyarmı? Özü də açıq-aşkar bildirilir ki, bu "bosovran" sözü gözəl qızlara aiddir. Təfəkkürcə "çevik" Nasix naməlum sözü bu dəfə "bosuvi vremya" kimi "təfsir" edib əlyazmaya "vremya busovo" olaraq köçürür. Və müasir ədəbiyyatşünaslar, tarixçilər "bos" sözünü tədricən "Boj" adlı ant mənşəli tarixi şəxsiyyətə çevirirlər... "Beləcə, XVI əsr nasixinin bir səhvi tarix elmində bütöv bir məktəb yaratmışdır"... "Az i Ya" müəllifi isə tutarlı dəlillərlə aydınlaşdırır ki, həmin bu "bosovran" sözü "müsəlman"dan başqa bir şey deyil, mətndə isə söhbət nəğmə oxuyan müsəlman (poloves) qızlarından gedir.

"Az i Ya" müəllifi əsərin birinci - "Qızılquşlar və qazlar" hissəsinin "Namuslu "söz" fəslinə əvvəlki fəsillərdən fərqli olaraq linqvist yox, bilavasitə ədəbiyyatşünas kimi daxil olur. Və sübut edir ki, "müəllif və tədqiqatçının dünyagörüşlərindəki fərq tədqiqatçıya poemanın ideya məzmununu düzgün anlamağa mane olmuş"dur. Dastanın "ideya süjeti"ni sxemləşdirən araşdırıcı tədqiqatçıları qınayır ki, onlar "bu sxemdəki aşkar ziddiyyətləri görmək istəmirlər". Həmin ziddiyyətlərin ən mühümü isə poloveslərlə döyüşdə şərəfsizcəsinə məğlub olub, güclə canını qurtaran İqorun təntənə ilə qarşılanmasıdır. "Bu məntiqsizlik, bu təəccüb tədqiqatçıda mütləq belə bir sual doğurmalı idi: dastanın mətni düzgün yozulub oxunubmu?"

Mahiyyətcə ədəbiyyatşünaslıq mövzusu olan məsələnin bütün təfsilatı ilə həlli üçün Oljas özünəməxsus bir təmkinlə qədim rus tarixinin dərinliklərinə enir. O dərinliklərə ki, orada Böyük Çölün həqiqi sahibləri olan türklərin danılmaz tarixləri var. Və bu tarixi görməməzlikdən gələn hər hansı tədqiqatçı "İqor polku dastanı"nın ideya-məzmununu heç zaman doğru-düzgün formulə edə bilməz.

Tarix isə bütün faktları, məntiqi və prinsipiallığı ilə təkid edir ki, İqorun poloveslər üzərinə yürüşü "ümumrus torpaqlarını, hətta öz knyazlığının sərhədlərini qorumaq deyil, tamahkarlıq, poloves yurtlarını çapıb talamaq idi" (araşdırıcı bu sitatı, bir qayda olaraq, polemika apardığı rus tarixçisi, akademik B.A.Rıbakovdan verir). Ancaq tədqiqatçıların əksəriyyəti məlum səbəblərə görə (necə ola bilər ki, qədim rus dastanının qəhrəmanı belə şərəfsiz olsun?) həqiqəti etiraf etməkdən yayınmış, ən dözülməzi isə bu şərəfsizliyi ört-basdır eləməkdən ötrü hər cür saxtakarlığa əl atmışlar.

"İqor polku dastanı"na münasibətdə Oljasın yalnız dilçi, ədəbiyyatşünas deyil, həm də (və daha çox!) şair-mütəfəkkir (humanist!) qüdrətinin nəticəsidir ki, Dastanı dünyaya ürəkbulandırıcı süni "bər-bəzəklə" yox, əsrlərlə məhz həmin sünilik altında gizlədilməyə cəhd göstərilmiş təbii gözəlliyilə tanıdır:

"Təkcə elə bu bidət, ağıllara çaşqınlıq gətirən "dolaşalar" abidənin həqiqi qədimliyini layiqincə təmsil edə bilər, çünki XVIII əsr Rusiya yazıçılarının heç biri öz qəhrəman əcdadlarının ünvanına bu cür "hədyan" söyləməyi özlərinə rəva görməzdilər. Müəllif bu qeyri- tipik qədim rus materialı nümunəsində ümumbəşəri əhəmiyyəti olan mənəvi problemə toxunmaq istəmişdir - "özümünkü haqlı deyil".

Mövzu ilə bağlı bir sıra anlayış-obrazlara aydınlıq gətirən Oljas "Namuslu söz" fəslində əsərin birinci hissəsinin başlığına çıxardığı qızılquşlar - qazlar poetik qarşıdurması üzərində ayrıca dayanaraq göstərir ki, ümumən qədim rus poeziyası rusları "qızılquş" (şahin), türkləri isə "qaz" (qu quşu) adlandırmağa meyillidir. Və "X-XI əsrlərin dastan ustaları çölçüləri bu rəmz (qaz, yaxud qu quşu - N.C.) altında dərk etmək sayəsində öz pəhləvanları üçün xoşagələn poetik obraz tapa bilmişlər. Təbiətdə qazların və qu quşlarının sürətli və yırtıcı quş - Şahindən qorxunc düşməni yoxdur. Çox güman, Şahin öz poetik yaranışı üçün Qaz - Qu quşuna borcludur".

Yenə də Oljasyana zərif bir ironiya... Yəni Qaz və ya Qu quşu obrazı olmasaydı, Şahin də yaranmazdı.

Güman olunur ki, Dastan "Knyazlara - şöhrət, drujinaya - zəhmət" misrası ilə qurtarırmış. Lakin redaktorlar "dahi əsər ciddi və ardıcıl olmalıdır" prinsipini rəhbər tutaraq, "dünya poeziyasının ən dahiyanə misralarından birini məhv edirlər".

Dastanın məlum ideya-məzmun sxemi, hadisələrin gedişi - süjet və "qəhrəmanın" ədəbi-tarixi funksiyası araşdırıcını belə bir məntiqi qənaətə gətirir ki, sonda - İqorun tövbə-monoloqunda, "yəqin ki, bu sözlər də var idi: "keçin günahımdan, qardaşlar..."

Əslində, bu, bütün dinlərin (tanrıçılıqdan xristianlığa qədər!) məntiqinə uyğun olardı.

Mövzu ilə bu və ya digər dərəcədə bağlı əlavə məlumatlardan ibarət "Qərəzli şahid ifadələri" fəslində birinci minilliyin sonu, ikinci minilliyin əvvəlləri Böyük Çöl - Şərqi slavyan nikah əlaqələri tarixinə nəzər salınır, Rus knyazlarının arvad qohumları - torkinlər haqqında bəhs olunur. Araşdırıcı qərəzli (eləcə də qərəzsiz) "şahid ifadələri"nə, əsasən, salnamələrə" istinadən yazır ki, knyazlar üçün Çöllə qohumluq "sülh və arxa-dayaq" deməkdi.

XI-XII əsrlərdə poloveslər öz "qudalar"ını müdafiə etmək məqsədilə müttəfiq kimi, Kiyev Rusu sisteminə daxil olan ayrı-ayrı knyazlara qarşı vuruşurdular".

Bu danılmaz fakta, doğru olaraq, o da əlavə edilir ki, burada poloveslərin - Çölün günahı yox idi, çünki rus knyazları arasında bitib-tükənməyən nifaqlar türklərə başqa cür hərəkət etməyə imkan vermirdi. Araşdırıcının belə bir qənaəti ilə də razılaşmaq lazım gəlir ki, Çöllə nikahlar "Rusun birləşməsi prosesini sürətləndirirdi". Və get-gedə "qohumluq münasibətləri mürəkkəbləşmişdi, Çöllə nikah öz əsas mənasını tədricən itirirdi. Çünki bütün knyazların Böyük Çöldə nüfuzlu qohum-qudası var idi".

"Brak" (nikah) sözünün etimologiyası şərh edilərkən belə bir nəticəyə gəlinir ki, türkcə "bir", "birləşdirmə"dən ("ittifaq" anlayışından) gələn bu söz Çöl - Rus münasibətlərində nikahın əhəmiyyətini rəmzləşdirir. Nəhayət, ona da diqqət yetirilir ki, bir qayda olaraq, Böyük Çöl öz qızlarını Rusa ərə verirdi - bunun bir səbəbi türklərdəki matriarxat qalıqları idisə, digəri knyazları idarə etmək marağından irəli gəlirdi, çünki poloves qızları getdikləri yerdə hakimiyyəti müəyyən mənada ələ almağa qadir idilər.

Böyük Oljas Böyük Çölün "təmsilçisi" olaraq Rusa "güzəştə" gedir, rus- sovet alimlərinin Çölə aşağılayıcı münasibətində olduğu kimi Rusu gözdən salmaq "metodlar"ına müraciət etmir. Ancaq istəsəydi, belə "metodlar" tapılardı.

"Az i Ya"nın birinci hissəsi "Tarix və tarixçilər" fəsli ilə sona çatır. Və bu fəslin məqsədi Tarixin həqiqətləri səviyyəsindən bəzi tarixçiləri ittiham etməkdir... Hər şeydən əvvəl ona görə ki, XVI əsrin Nasixi, XVIII əsrin A.İ.Musin-Puşkini kimi XX əsrin akademik B.D.Qrekovu da mənbələrə obyektiv yanaşmaq əvəzinə, "keçmişin faktlarından müasir ideyanı sübut üçün" sui-istifadə etməklə məşğuldurlar. Əgər bir V.V.Qriqoryev çıxıb Xəzər xaqanlığının həqiqi obrazını yaradırsa, ardınca dərhal bir P.İ.İvanov peyda olub, "Bir yanlış konsepsiya haqqında" yazısı ilə həqiqətin ağzına daş basır.

Ciddi filologiya kimi ciddi tarixşünaslıq da mənbələrə tənqidi yanaşmağı tələb edir. Və Oljas "tarix elmini saxtalığa aparıb çıxaran səbəblərdən biri də yazılı mənbələrə kor-koranə inamdır" - deyir, - "Biz qədim salnaməçilərin hər bir sözünü, təsvirini "Quran" ayəsi kimi şəksiz qəbul etməklə keçmiş dövrlər haqqında yanlış təsəvvürə gəlmiş oluruq".

Doğrudan da, əgər XVI əsrin Nasixinin tərtib etdiyi nüsxəyə, yaxud A.İ.Musin-Puşkinin 1800-cü il nəşrinə hərfi-hərfinə inansaq, Dastan barədəki biliyimizin nə qədər əsassız olacağını təsəvvür etmək elə də çətin olmazdı.

İmperialist düşüncə ənənəsinin nəticəsidir ki, "üzü keçmişə siyasət" Rusun inkişafına Çölün təsirini büsbütün inkar edir. Halbuki "İqor polku dastanı"nın müəllifi "əsərini XII yüzilliyin ikidilli oxucusuna hesablamışdı".

Tarix haqqındakı elmi, bir tərəfdən, tarixçinin tarixə konyuktur münasibəti "rüsvay edirsə", digər tərəfdən, həm Şərqdə, həm də Qərbdə salnamələrdən, xronikalardan başlamış zəmanəmizin akademik tarixşünaslığına qədər Sülhə yox, məhz Hərbə maraq ona etimadı azaldır.

"Az i Ya" müəllifi təklif edir ki, belə böhranlı şəraitdən diqqəti dilə yönəltməklə çıxmaq olar:

"Dilin göstəriciləri... sübut edir ki, xristianlıqdan qabaqkı dövrlərdə slavyanlar və türklər dinc, yanaşı yaşamışlar. Birgə mal-qara otarmış, birlikdə yer şumlamış, xalça-palaz toxumuş, qarşılıqlı ticarət əlaqəsində bulunmuş, ümumi düşmənə qarşı çiyin-çiyinə vuruşmuş, eyni əlifbadan istifadə etmişlər. Eyni alətlərdə çalıb-çağırmış, bir Yaradana etiqad bəsləmişlər".

Çoxlu sayda bu cür etnolinqvistik məzmunlu mülahizələrə əsaslanıb qətiyyətlə deyirik ki, "Az i Ya"nın (və onun mütəfəkkir müəllifinin) məntiqi aydın, səmimi olduğu qədər də dərin, iliyə-qana işləyən - müfəssəl olduğu kimi də mükəmməldir. Və bu mükəmməllik ondan irəli gəlir ki, Oljas yalnız dilçi, ədəbiyyatşünas, tarixçi kimi yox, həm də bu elmlərin fövqünə yüksələn bir insanşünas, cəmiyyətşünas kimi düşünür.

***

"Az i Ya"nın ikinci hissəsi elə bir mövzuya həsr edilmişdir ki, onun predmeti və ya materialı olan dil, ədəbiyyat və mədəniyyət neçə illərdir müasir xalqlardan heç birinə aid olunmur, ancaq az qala hər bir xalq israrla onda özünün tarixi kök və ya izlərini axtarır - bu, elm aləminə gec məlum olduğu qədər də, tez məşhurlaşan Şumerdir. Və əsərin "Şumernamə" adlanan həmin hissəsində, əsasən, Şumer-türk dil əlaqələrindən söhbət getsə də, müəllif mətləbə, əgər belə demək mümkünsə, uzaqdan gəlir. Hər şeydən əvvəl, onu cəlb edən mövzunu işləməklə bağlı ortaya çıxan maneələr nəzərə çatdırılır ki, onlardan ən "keçilməz"i V.V.-nin kifayət qədər möhkəm ənənələrə dayanan metodoloji mülahizə-məsləhətləridir:

Əlbəttə, XIX əsrin əvvəllərində müqayisəli-tarixi metodun meydana çıxması dilçilikdə, doğrudan da, inqilab idi. Və həmin inqilab nəticəsində dillərin bir-biri ilə əsrlər ərzində aparılmış çoxsaylı müqayisə təcrübələri o baxımdan tarixi əhəmiyyət kəsb etməyə başladı ki, "dil ailələri" anlayışı yarandı. Bununla belə müqayisəli-tarixi metoda (dilçiliyə) öndərlik edən hindavropaçıların danılmaz elmi qənaətləri çox keçmədən başqa dil ailələrinə də mexaniki olaraq tətbiq edildi.

"Şumernamə" müəllifi göstərir ki, "Altay dilləri ailəsi də hind-Avropa dil "icma"sının nümunəsi əsasında yaradıldı. Mövcud nəzəriyyəyə görə, müasir hind-Avropa və türk dilləri İsanın zühurundan az əvvəl yaranmışdır! Başqa sözlə desək, bu dillər bizim günlərə qədər təxminən, eyni bir zaman məsafəsi keçmişdir. Deməli, bu halda hind-Avropa dilləri kimi türk dilləri də əsrlər ötdükcə bir-birindən kəskin fərqlənməli idi. Lakin türk dillərində əsas söz fondunu lüğət tərkibindən fərqləndirmək olduqca çətindir".

Müqayisəli-tarixi metodun hind-Avropa texnologiyalarının türk dillərinə eynilə tətbiqinin fəsadlarını aradan qaldırmaq üçün yollar axtaran tədqiqatçı istər-istəməz "çılğın Marr"ın eksperimentlərilə qarşılaşmalı olur. Ancaq nəzərə almamaq mümkün deyil ki, bütövlükdə müqayisəli-tarixi dilçiliyə meydan oxuyan həmin "çılğınlıq" dil haqqındakı elmə, demək olar ki, heç bir yenilik gətirmədi... Müqayisəli-tarixi dilçiliyin klassikləri isə nəzəriyyəçi deyildilər, onlar ancaq öz metodlarının kəsərinə güvənirdilər. Və bu metodun türkologiyaya, yaxud ümumən altayşünaslığa necə tətbiq olunduğu üçün məsuliyyəti də onların boynuna qoymaq, əlbəttə, insafsızlıq olardı.

Türkologiyanın hind-Avropa dilçiliyindən (qeyd edək ki, hər iki sahə müqayisəli-tarixi dilçiliyə daxildir) geri qalmasına gəldikdə, "Az i Ya" müəllifinin dediyi kimi, bunun bir səbəbi mütəxəssis kasadlığı, ikinci səbəbi imperialist maraqları ilə bağlı idisə, onun (müəllifin) üzərində çox da dayanmadığı üçüncü səbəb də vardı: qədim yazılı abidələrin meydanda olmaması. Və Oljasın Şumer dilinə üz tutması, əslində, türkologiya üçün qədim yazılı abidə (mənbə!) axtarışının nəticəsi idi.

Və yeri gəlmişkən, "Şumernamə" müəllifi müqayisəli-tarixi metodun daha effektli işləməsi üçün bir çox təkliflər verir ki, fikrimizcə, onlardan ikisini xüsusi qeyd etmədən keçinmək olmaz: birincisi odur ki, müqayisəli-tarixi araşdırmalarda miqyası, nəzəri olaraq, bütün dünya dillərini əhatə edəcək qədər geniş təsəvvür etmək lazımdır; ikincisi isə odur ki, dilin tarixi mənsub olduğu xalqın iqtisadi, siyasi və mədəni-mənəvi tarixindən təcrid edilməməlidir (bu təklifi özünəməxsus şəkildə vaxtilə N.Y.Marr da vermişdi).

Müəllif, nəhayət, mətləbə - Şumer və türk leksik paralelləri məsələsinə keçərək bir-birinin ideya-məzmunca davamı olan iki cədvəl təqdim edir. Altmış sözdən ibarət birinci cədvəldə müqayisə olunan Şumer və türk sözləri 1)İnsan, 2)Təbiət və 3)Tanrı olmaqla üç qrupda (yuvada) verilir. Həmin cədvələ (müqayisələrə!) əsaslanan tədqiqatçı "Şumer və türk dilləri qohumdurlarmı?" sualını belə cavablandırır:

"Bəli, qohumdurlar, lakin genetik cəhətdən yox.

...Belə qohumluğu mədəni qohumluq da adlandırmaq olar. Bunlar bir dinlə şərtləndirilmiş eyni bir mədəni federasiya - ittifaqın dilləridir".

Əlbəttə, müqayisəli-tarixi metodda qohumluğun, ya genetik, ya da tipoloji olduğunu nəzərə alsaq, bu tezis xeyli dərəcədə özünəməxsusdur. Və nə qədər keçərli olub-olmamasını yoxlamaq məsələsinə gəldikdə isə, bu, heç şübhəsiz, sözügedən metodun səlahiyyətlərindən uzaqdır.

Oljasın birinci cədvəlindən 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!