İki ömür - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

Şair obrazı var, ta qədimlərdən formalaşaraq bu günə adlamış bir obraz, elə bir nəsnə ki, qabaqlar insan bunu açıqca söyləməkdən nəinki çəkinər, hətta gizlədərdi. Gizlətmək məhrəmlik anlayışıyla bağlıdır, yəni şairlik elə bir şeydir ki, dedikcə, səsləndirdikcə üstündəki "şeh" dağılır, sehri itir və ortada fasiləsiz danışan, söz deyən, sözlə oynayan adam qalır. XX əsrin sonlarından bu günə qədər adamlar daha çox sözlə oynayırlar. Məsələ bu deyil. 

Bizim söz açacağımız məsələ bir şairin öz ömründə, yaradıcılığı boyu ikinci ömrü yaratması, yaxud güdaza verməsidir. Dünyada çox gənc yaşında həyatdan getmiş şairlər var. Çox uzun ömür sürmüş, yorulmuş, sümüyü sürmə olmuş şairlər də. Şair məhz öz varlığıyla, gücü, mətanəti və ürək yanğısıyla ikinci bir ömrü yaratdığı üçün həqiqi ömrü yarımçıq qala bilir, düz körpünün ortasında yolu bitmiş şairlər... Məsələn, Fernando Pessoa. Hardasa modernizmin və yeni tənqidin banilərindən biri Tomas Eliotla yaşıd olub, biri Portuqaliyada, o biri İngiltərədə modernizmin şah əsərlərini yaradıblar. Və heç zaman görüşməyiblər. Yalnız ömrünün sonunda Pessoanı Avropaya mühazirə oxumağa dəvət ediblər, ancaq ölüm aman verməyib, beləliklə, onların görüşməsi baş tutmayıb. Bu görüş baş tutsaydı, iki nəhəng şair görüşə bilərdilər (bunu xarici tədqiqatçılar yazır, özü də təəssüflə: görəsən nə olardı?). Ancaq bəlkə də baş tutmamalıydı. Kiminçünsə yolun tez bitməsi zahirən amansızlıq kimi görünə bilər, gerçəkdən bu elə belədir, ancaq bir dəfə yaradılan bədii mətn içinin gücünə dayanaraq bizim oxu imkanlarımıza uyğun artıb çoxalır da... 

Bu amansızlığın qarşısında başqa bir alternativ yoxdur, bədii mətn ömrü, arzu və duyğuları çoxaltmaq cəhdində bulunar. Ömrü, həyatı damcı-damcı yox olan şairin həyatına paralel başqa bir ömür cücərtmək. Gün gələr, şeirdən məbədlər ucaldan şair köç edər, onun mətnləriylə yaranan ömür davam edər, virtual çeşməyə malik olduğundan bitib-tükənməz, hərdən unudular, hərdən, lap qəfildən yaxandan yapışıb səni silkələr...

 

Himmətlə get, çünki ömür ayaqdan ləngdir...

Hava tozludursa, toz ilə barış, 

Dərman tapılmasa, dərdinlə barış,

Rüzgarın loğmanı ovsun satandır... 

 

Nizami Gəncəvi

 

Gerçək ömrə paralel qurulan ömür mətni həyat və varlıq evindəki bütün zəlzələ və dağıntıları, qasırğa və sakitliyi ovuc içindəki kimi göstərir, hər şeyə güzgü tutur. Güzgünün arxa tərəfinin qara rəngə boyanması başqa bir dünyaya keçidin qadağasıdır, bu keçid gerçək ömür bitən kimi açılır, Əli Kərim demişkən, gah bu yerin üzünə, gah da yerin altına. Ömür mətni fraqmentlərdən oluşur, hansısa bitişir, hansılarsa uzun müddət kənarda qalıb qəhərdən bağrı çatlayır. 

Janr məsələsi. Qəzəllə tikilən ömür mətni üzdən sakit, daxildən tufanlı olur. Bəzən qədim dövrlərin fraqmentləri əsrlər sonra öz uyğun parçalarını tapır, məsələn, Mirzə Şəfi Vazehin, yaxud Nəbatinin yaradıcılığında. Vazehdə tikilən ömür qədər tənha model heç harda yoxdur, həm janr etibarıyla, həm tale baxımından. Bu ömür mətni heç bir axına qovuşmur, cəlayi-vətən olub müxtəlif yad dillərdə susur, geri qayıdıb doğma dilin qapısı ağzında dərd çəkir. 

Ömür mətninin materialı, şübhəsiz ki, dildir, ana dili. Bu mətndə sirlər biz bilmədiyimiz qədərdir. Şair öləndən sonra qoyub getdiyi mətnlərdə onun başına gətirilən hər şeyə cavab var. Mendeleyevin cədvəlindəki boş yerlər kimi olacaqlara işarələr var. Şeirdə, poeziyada, ümumən ədəbiyyatda valentlik məsələsi. 

Füzulinin qəzəllərinin çevrildiyi ömür mətnində onlara qarşı deyilən hər fikrə reaksiya var, nöqtəni yerinə qoyan, ya da irəli sürülən ideyanı tamamlayan formada. Nəsimi antik çağdan bu günə qədər hər şeyi izah edir, həm də sən demə, özünün səs çatmayan gizlinlərini açır, ikinci ömür mətninin sürüşən daşlarını, duyğularını onun qədər gizlədən və açıq şəkildə ifadə edən ikinci bir şair yoxdur. Sabirin "Bənzərəm bir qocaman dağa ki, dəryada durar" mətləsi daha çox gələcəyi ifadə edir, indi, yəni onun dövründə və gələcəkdə ona deyilən bütün acı sözlər bu günəşin altında zay olur, əriyir, çəkilib gedirlər. "Heydərbabaya salam" ana dilinin ilkin yuxudan silkinmiş halıyla yazılan, gələcəyin ultra modern mətnlərinin mənbəyidir. Elə mətnlər var ki, onlara oxşar, onları təqlid edən mətnlər yazıldıqca gücünü itirir, amma Şəhriyarın bu təkrarsız mətni təklik və tənhalığını saxlayır.

Bədii mətnin möhtəşəm tənhalığı... 

Şəhriyarın Eynşteynlə əlaqəli mətni (gerçək ömrə paralel mətn):

 

Eşq açarını ələ alıb,

Bu müəmmanı həll et.

Əgər açar düşsə, elm yolu ilə

Bu köhnə qıfılı aç!

Eynşteyn, daha yuxarı qalx,

Allahın özünü tap!

 

İkinci mətnin, ömür mətnin yaranması qaçılmazdır, Dino Bussatinin "Tatar çölü"ndə buna işarələr yox deyil. "Quşların xoru şəlalənin səsini təkrarlayır". Ona görə ki, "...hər halda zaman insanların dərdinə qalmadan yerində dayanmırdı, dünyanın üzərindən əsərək keçir, nə vaxtsa çox gözəl olan hər şeyi öldürürdü və heç kim, hətta adsız olan körpələr də ondan qaçıb gizlənə bilmirdilər..."

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!