Ümumtürk poeziyasında - istər yazılı, istərsə də şifahi yaradıcılıqda sevgi-məhəbbət lirikası məxsusi yer alıb. Türk xalqlarının Əhməd Yəsəvi, Yunis Əmrə, Mövlanə Cəlaləddin Rumi, İmaməddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli kimi klassik lirika ustadları olub. Onlar yanan və yandıran eşq atəşini qəzəl, qəsidə şəklində - klassik üslubda oxucuya çatdırmışlar. Zaman keçdikcə əruz vəznindən kənarda yeni bir poetik sistem - heca vəzni yaranmış və bu vəznin ölçüləri işlək formaya düşməklə yeni bir ədəbi mənzərə yaratmışdır. Qırğız poeziyasının görkəmli nümayəndələri - o cümlədən Alıkul Osmonov da heca vəzninin müxtəlif ölçülərindən, çarpaz qafiyə sistemindən və s. istifadə etməklə müasir şeirin dəyərli nümunələrini yaratmışdır. Belə nümunələrdən bəzilərinə diqqət yetirək:
Bir bəyaz, ağappaq göyərçin idin*,
Yuvadan uçanda unutdum səni.
Sevgi ürəkləri yaxan atəşdir,
Sevgiyə tay tutma şirin busəni.
"Gözəlimə"
Şair haqlıdır ki, "sevgi ürəkləri yaxan atəşdir", o, şirin busə anlamında deyil, məhz bu məqamda klassik şairlərlə müasir şairlərin sevgiyə, məhəbbətə yanaşma mövqeyi, bu duyğunun sözlə ifadəsi öz fərqini bildirir. Təkcə Füzulinin "Leyli və Məcnun" poeması bu fərqi görməyə kifayətdir. Demək, zaman keçdikcə ilahi eşq, platonik məhəbbət də öz yerini gerçək münasibətlərə, yaxud, real ünsiyyətə verir.
Başqa bir şeirində Alıkul özü də bilmədən sevgisindən üz döndərən aşiqin mövqeyini poetikləşdirir:
Səndən soyumuşam, sevmirəm daha,
Bilmirəm səbəbi axı nədir, nə?
Bir də pəncərəni döyən deyiləm,
Gələsi deyiləm bir də evinə.
"Sevmirəm səni"
Əslində şair bu küskünlüyün içində ötəri bir sevginin olduğunu xatırladır. Həqiqi aşiq öz məhəbbəti uğrunda hər cəfaya dözüm göstərir. Elə isə, bu dözümsüzlük həqiqi eşqin mövcudluğunu şübhə altına alır. Alıkulun bioqrafiyası ilə tanışlıqdan bəlli olur ki, o, sevgi sarıdan da yarımayıb. İlk məhəbbəti Ayday adlı xanıma qovuşmayıb. Zeynəb adlı xanımla ailə qursa da xoşbəxt olmayıb. Bu izdivacdan dünyaya gələn qızının ölümü (1942) və arvadının onu tərk etməsi (1943) şairə dərin iztirablar yaşatmışdır. Təklik, tənhalıq və ağır xəstəlik Alıkulun poetik ruhunu öldürə bilməmişdir. O, son nəfəsinə kimi yazıb-yaratmaqdan doymamışdır. "Ağrılı şair" şeiri bu ovqatın real görüntüsünü canlandırır:
Ağrılı şair
Yaratmaq üçün
Ömür istədi.
Dostları qaçdı
Görəndə onu
Belə xəstədi.
Taleyindən küskün, yetimxanalarda Allah ümidinə böyüyən bir gəncin məhəbbət oxu da daşa dəyəndən sonra o, hansı sevginin ilahi gücünü tərənnüm etməliydi. Ona görə də onu sevən qıza qətiyyətlə deyir: "Sevmə məni, mənası yox bu eşqin, Xəyallardır indi mənim pənahım". ("Sevdim səni"). Lakin bunlara baxmayaraq şairin lirik "mən"i bu ilahi duyğudan kənarda qalmaq istəmir, hamı kimi o da sevmək və sevilmək istəyir:
Mən cavanam, bir sevdanın acıyam,
İstəmirəm bu duyğudan ayrılam.
İstəyirəm yanıb eşqin oduna
Alovundan vulkan kimi sıyrılam.
"Bir qadına"
Böyük rus tənqidçi-ədəbiyyatşünası V.Belinski sanki Alıkulun sevgi "fəsilləri" barədə bu fikirləri yazıb: "Məhəbbətin də güllər kimi, insanın həyatı kimi öz inkişaf qanunları var, öz yaşı var. Onun da zinətli baharı, öz isti yayı, nəhayət, bəziləri üçün ilıq, işıqlı və məhsuldar, başqaları üçün soyuq, çürüntülü və barsız payızı vardır". (V.Belinski "Seçilmiş məqalələr". Bakı, 1971).
V.Belinskinin məhəbbət haqqındakı mülahizəsinə haqq qazandırmaqla belə qənaətə gəlmək olar ki, Alıkulun lirik qəhrəmanı üçün bu ali duyğunun "zinətli baharı", "isti yayı" yox, "soyuq" və "barsız payızı" mövcuddur. Lakin, onun lirik "məni" həsrətin, hicranın əlində çarəsiz qalmadığını da biruzə verir və bu acı həsrəti "şirin sevgi payı" kimi qəbul edir:
Gəldim, yoxsan... gördüm yoxsan, sevgilim,
Bu dünyada sən günəşim, ayımsan.
Dərd çəkmirəm acı həsrət əlində -
Sən ki, mənim şirin sevgi payımsan.
"Gəldim, yoxsan"
Başqa bir şeirimdə isə lirik qəhrəman öz dostuna sevgi, məhəbbət barədə "xeyirli məsləhətlər" verir. "Xeyirli söz" adlı şeirdən bəlli olur ki, ürəyi sevgi həyəcanı ilə çırpınan gənc oğlan yaşadığı duyğuları sevdiyi qızdan gizlədə bilmir. Əslində bu təbiidir. Lakin, təcrübəli aşiq (yaxud oğlan) öz dostuna bu hisslərini büruzə verməməyi məsləhət görür və belə deyir:
Ay dostum, qulaq as xeyirli sözə,
Ürəkdən qəbul et mənim ərkimi.
Bütün gözəllərin adəti belə -
O qız səni sevməz sevdiyin kimi.
Hissini, duyğunu bildirmə üzdə,
Həmişə qürurlu, hər an şanlı ol.
Unutma, gözəllər diqqət umandır,
Alışıb yansan da soyuqqanlı ol.
"Xeyirli söz"
Əslində, başı dumanlı bir sevda dəlisinə verilən bu məsləhətdə də "xeyirli" nəsə var.
Alıkulun məhəbbət mövzusunda yazdığı şeirlərdə bəzən də oxucu incə və xəfif bir yumorla qarşılaşır. "İpək donlu qız", "Məktubunu gölə tulladım", "Birlikdə gəzinti", "Öpürəm" dediyin sözünə, "Qız zəhmi" kimi şeirlərində şair öz düşüncələrini yumoristik planda verir. "İpək donlu qız" şeirinin personajı - ipək donlu qız yağış yağacağını bilmədən şəhərə gəzməyə çıxır. Yağış isə ara vermədən yağır. Qız kədərlənir ki, onun ipək donu islanıb deyə anası danlayacaq.
Şairin "Məktubunu sənin gölə tulladım" şeiri belə başlayır:
Məktubunu aldım, amma açmadım,
Düşünmə ki, sənə cavab yolladım.
Oxumadan bilirdim nə yazmısan,
Ona görə onu gölə tulladım.
Şairi "qəzəbləndirən" odur ki, məktub yazan bu qız bir vaxt onun oxuduğu şeirə sükutla cavab vermişdir. İndi onun məktubunu oxumağa lüzum qalırmı? Ona görə də sanki qisas alınırmış kimi qızın məktubları gölə atılır, çünki "oxumadan bilinir ki" nə yazılıb...
Alıkulun qeyd etdiyim xəfif yumoru "Öpürəm dediyin sözünə" şeirində də özünü göstərir. Şair evdə oturduğu yerdə Büybürə adlı bir qızdan məktub alır. Qız ona yazır ki, "öpürəm şeirinə görə". Şair məktubu oxuyandan sonra xəyala dalır və qıza cavabı belə olur:
Bu sənin meylindir, bu sənin duyğun,
Ürək səninkidir, nə deyim, Bübüş?
Barı, sözlərimin yaxşısından öp,
Layiq deyildirsə özümə öpüş.
Belə misalların sayını artırmaq da olar. Ancaq bir neçə nümunə şairin dünyaduyumunu, psixologiyasını açmağa yetərlidir.
Alıkul Osmonovun şeirlərini oxuduqca bir həqiqəti anlayırsan ki, onun ən böyük sevgisi əslində əlindəki qələmə, alovuna alışdığı söz sənətinədir. "Qələminə" adlı şeirində o, əlində tutduğu qələmi belə vəsf edir:
Sən yoldaşım, sən taleyim, sən baxtım,
Aşiq oldum, vusalına can atdım.
Hamıdan çox səni sevən özüməm -
Mən ki, səni öz canımdan yaratdım.
Məlumdur ki, müxtəlif dövrlərdə ədəbiyyatda müxtəlif bədii metodlar, ədəbi cərəyanlar mövcud olmuşdur. "Lakin, ümumən sənət yarandığı dövrdən asılı olaraq qalmır, həmin dövr tarixi təkamül sayəsində ötüb keçdikdən sonra da sənət o cümlədən söz sənəti yaşayır, onu yaradan istedadın ilahi qüdrəti sayəsində əbədi olaraq insanlığın estetik zövqünə, mənəvi ehtiyaclarına xidmət edir". (N.Şəmsizadə "Ədəbiyyat nəzəriyyəsi". Bakı, 2012. s.325).
Alıkul Osmonov sovet dövrünün, daha doğrusu, sovet ədəbiyyatı və ideologiyası dövrünün şairlərindəndir. Leninə, Stalinə, Kommunist Partiyasına vəsfnamələr yazılan bir dövrdə ideoloji başqıdan uzaq, yeni və cəsarətli fikirlərlə ortaya çıxmaq Alıkul Osmonovun məddahlıqdan yan keçən dupduru poeziyasının dəyərini daha da artırmışdır. Bütün yaradıcılığı boyu şair həyat həqiqətlərinə sadiq qalmaqla yalançı romantizmdən uzaq, realist yazar kimi yadda qalmışdır. Mən onun poetik dünyasına baş vurandan bəri şairin məhəbbət şeirlərində, sevgi lirikasında da romantik ovqat görmədim. Həyat həqiqətini bədii həqiqətə çevirmək onun bədii metodu və ədəbi kredosu kimi diqqəti cəlb edir. Ancaq bu realizm ədəbiyyatşünasların dövrləşdirmə konsepsiyasındakı "sovet realizmi" deyil, Alıkulun öz realizmidir... "Qız zəhmi" şeirində biz müəllifin öncə qeyd etdiyim xəfif yumoru ilə bərabər həm də məxsusi realizmini izləyə bilirik. Romantikadan uzaq realizmini:
Qorxmuram pələngdən, qorxmuram şirdən,
Qorxmuram qorxulu o vəhşilərdən.
Amma ki, zəhmli gözəl görəndə
Duyuram bir qorxu hissi var məndə.
Özləri bilmədən bu gözəl qızlar
Adamı qorxudur zalım, qansızlar...
Lirik qəhrəmanın "pələngdən, şirdən" yox, "zəhmli gözəldən" qorxmağında yumşaq bir yumor var.
Gözəllərin vəsfinə milyonlarla şeir yazılıb, şəninə saysız-hesabsız nəğmələr qoşulub. Bu tərənnümlərin bəlkə də heç birində gözəlin daxili gözəlliyi vəsf olunmayıb, ancaq zahiri görkəmi sərgilənib. Yəni, "ağıllı gözəl" axtarışı sanki olmayıb. Alıkul isə "zəhmli gözəl" deyəndə yəqin ki, zahiri gözəlliyi ilə daxili gözəlliyi vəhdət təşkil edən ciddi və ağıllı qızları nəzərdə tutur...
Beləliklə, Alıkul Osmonovu lirik şair, həm də fiziki ömrü qısa yazar kimi rus ədəbiyyatının Lermontovu, Yesenini, Azərbaycan ədəbiyyatının Müşfiqi ilə müqayisə etmək olur. Onların da "lirik" məni bütün ictimai situasiyalarda məhz özləridir.
* - Şeirlərin tərcüməsi Adil Cəmilə məxsusdur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!