"Dədə Qorqud"da xristianlıq və onun coğrafiyası - Tərlan QULİYEV

Tərlan QULİYEV

(Əvvəli ötən sayımızda)

Dastanda kafərlərin ölülərinə yemək verdikləri adətlərinin olduğu da qeyd edilir. Belə ki, "Qazanın dustaq olduğu boy"da Qazanı əsir edib quyuya, ölülərinin yanına salarkən təkurun arvadı Qazandan orada nə yeyib-içdiyini soruşan zaman Qazan ona belə cavab verir: "Qazan aydır: "Ölülərinə aş verdigin vəqt əlləründən alıram..." Beləliklə, gördüyümüz kimi, biz Oğuz dastanından xristianlar - kafərlər - düşmənlər haqqında kifayət qədər məlumat alır və onların həyatları barədə maraqlı faktlar öyrənirik. Lakin bizcə, dastanda öyrənilməsi vacib olan ən mühim məsələ dastanda təsvir edilən kafərlərin, xristianların kimlər olması və onların hansı ərazilərdə, hansı coğrafiyalarda yaşamalarıdır. 

Dastanı diqqətlə oxuduqda məlum olur ki, dastanda kafərlər dedikdə, xristianlar yada düşəndə, əsasən, gürcülər nəzərdə tutulur. Çünki Oğuzlar, Atağuzlu Aruz demişkən, Gürcüstan ağızında otururlar: "...At ağuzlu Uruz qoca iki dizinin üstinə çökdi. Aydır: "Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?" Bəkil də Oğuzdan çıxarkən Gürcüstan ağızına gedir: "Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı. Toquz tümən Gürcüstan ağzına varub qondı". Sonra Oğuzdan inciyərkən də "Eli-güni köçürün. Toquz tümən Gürcüstana gedəlim! Oğuza asi oldum, bəllü bilin!" - deyir. "Beyrək boyu"unda bəzirganlar da mallarının Gürcüstanda yağmalandıqlarını bildirirlər: "İmdi incimə, xanım, əvvəl onun əlin öpdigimüzə. Əgər sənin oğlın olmasaydı, bizim malımuz Gürcüstanda getmişdi. Həpümiz tutsaq olmuşdı". Eyni zamanda dastanda təsvir edilən vaxt Gürcüstanın Oğuzun hakimiyyəti altında olduğu da söylənilir. Gürcüstandan xərac gəlir, gürcülər Oğuza illik xərac verirlər: "Toquz tümən Gürcüstanın xəracı gəldi; bir at, bir qılıc, bir çomaq gətürdilər".

 

Beləliklə, gördüyümüz kimi, dastanda təsvir olunan, Oğuzların döyüşdükləri əsas qarşı tərəf gürcülər, ərazilər isə Gürcüstan və ona bitişik olan yerlərdir: Parasar, Bayburd, Başıaçıq, Evnik, Abxaz, Aqsəqa, Qara Dərvənd, Trabzon, Düzmürd, Tatyan qalası və s. Bu yerlərin, coğrafi məkanların adları dastanda açıq-aşkar çəkilir və bu ərazilər xristianların yaşadıqları yer, məkanlar kimi xatırlanır. Eyni zamanda dastandan xristianlığın coğrafiyası da məlum olur: "Parasarın Bayburd hasarından parlayıb uçan...", " Bazırganlar yaraq gördilər. Gecə-gündüz deməyüb yüridilər. Nagah Parasarın Bayburt hasarına gəldilər", "Yarımasun-yarçımasun kafərin casusı bunları casusladı. Varıb Bayburt hasarı bəginə xəbər verdi", "Dan-danısux kafər malın oğuz bəglərinə gətürür idik. Pasnik qara Dərvənd ağzına düş vermiş idik. Evnik qalasının beş yüz kafəri üzərimizə qoyıldı", "Beyrəgi Qara Dərvənddə öldürmüşlər...", "Kafərin izin izlədi. Qanlu qara Dərvənddə kafər dəxi qonmuş idi", "Məgər Başı açuq Tatyan qələsindən, Aqsəqa qələsindən kafərin casusı vardı", "Tolandı Trabuzana gəldi. Məgər Trabuzan təkurının bir əzim - görklü məhbub qızı vardı", "Qazılıq qoca iş görmüş, iş yarar adam idi. Yarar qocaların yanına cəm elədi. Yadığı-yarağilə yola girdi. Çoq tağlar dərə-dəpə keçdi. Günlərdə bir gün Düzmürd qələsinə gəldi. Qara dəniz kənarında idi. Ana irübən qondılar. Ol qələnin bir təkuru var idi. Adına Arşun oğlı Dirək təkur derlərdi", "Gözlədilər şahin Tumanın qələsinə endi." Bir qədər yuxarıda gördüyümüz kimi isə, atasından inciyən Uruz da, onu hədələyərkən Qan Abqaz elinə gedəcəyini söyləyir. 

 

Kafərlərin kilsələri də var. Dastanda Oğuzlar din düşməni kimi üç-dörd yerdə, bəzən aldıqları, fəth etdikləri qalalarda kafərlərin kilsələrini söküb, yerinə məscid də tikirlər: "Beyrək, Yegnək, Qazan bəg, Qarabudaq, Dəli Tondaz, Qazan oğlu Uruz bəg - bunlar hasara (Bayburd qalasına - Tərlan Quliyev) yürüş etdilər. Beyrək otuz dokuz yigidin üzərinə gəldi. Anları sağ və əsən gördi, Allaha şükür eylədi. Kafərin kəlisasın yıqdılar, yerinə məscid yapdılar. Keşişlərdən öldürdilər. Ban banlatdılar. Əziz tənri adına qüdbə oqıtdılar", "Babasilə Yegnək gizlü yaqa tutuban yiləşdilər. Eki həsrət bir-birinə bulışdılar. İssüz yerin qurdı kibi ulaşdılar. Tənriyə şükürlər qıldılar. Qələnin kəlisasın yıqub yerinə məscid yapdılar". "Ağca qala Sürməlidə at oynatdım. Atla Qarun elinə çapqun yetdim. Aq hisar qələsinin bürci yıqdım... Kəlisasın yıqdım, məscid yapdım". Yenə də bir qədər yuxarıda gördüyümüz kimi, kafərlərin Trabzon yaxınlığında, hətta balaca Aya Sofyaları da vardır: "Yol üzərində kafərin Aya Sofyası vardı. Keşişlər bəklərdi. Ğayət sarb kəlisaydı". "Məgər bir sığırtmacları vardı. Gördi kim qələyi aldılar. Qaçdı təkura vardı. Aya Sofya alunduğın xəbər verdi". 

 

Beləliklə, dastanda bu ərazilər - Parasar, Bayburd, Başıaçıq, Evnik, Abxaz, Aqsəqa, Qara Dərvənd, Trabzon, Düzmürd, Tatyan qalası və s. yerlər kafərlərin əraziləri kimi qeyd olunur. Və burada da - sərhəddən o tərəfə kafərlərin - xristianların yaşadıqları aydınlaşır. Belə ki, Qanturalı Trabzona gedərkən aşağıdakı məlumatla tanış oluruq: "Atasının-anasının əllərin öpdi. Qırq yigidin yanına bıraqdı. Yeddi gün, yeddi gecə yortdılar. Kafərin sərhəddinə irdilər". Qazan da oğlunu kafər sərhədinə aparır: "Ox atduğım yerləri, qılıc çalub, baş kəsdügim yerləri göstərəyim. Kafər sərhəddinə Çızığlara, Ağlağana, Gögcə tağa aluban çıqayın".

 

Qeyd edək ki, Qorqudşünaslıqda bu yerlərin, ərazilərin coğrafi koordinatları, mövqeləri Türkiyədə görkəmli türk alimi Orxan Şaiq Gökyay və başqaları, bizdə isə "Dədə Qorqud"un böyük tədqiqatçısı professor Samət Əlizadə tərəfindən artıq öyrənilmiş və demək olar ki, müəyyənləşmişdir. Bu mənada, biz bu məlumatlarda Orxan Şaiq Gökyayın "Dedem Korkudun kitabı" və Samət Əlizadənin şərh yazdığı, professor Fərhad Zeynalovla birgə çapa hazırlayıb 1988-ci ildə nəşr etdirdiyi "Kitabi-Dədə Qorqud" kitabına əsaslanırıq. Belə ki, Orxan Şaiq Gökyaya görə Aqsəqa (Axiska), Gürcüstanın içində balaca bir gürcü qalası olub, Tbilisidən 159 km., Qarsdan 115, Ərdəhandan 60 km məsafədə yerləşir. Samət Əlizadə isə yazır ki, "Aqsaqa qalası Gürcüstanda Axalsıx şəhəri"dir. 

 

Başıaçıq haqqında Orxan Şaik Gökyay yazır: "Başı-açuk. Gürcüstanın qərbində mərkəzi Kutaisi olan bölgənin adı. Kutais, Riyon Suyu üzərində Batumun 104 km. quzey-doğusunda, bol yağmurlu və qışları xəfif keçən bağlı-bağçalı bir yerdir". Başıaçıq haqqında Samət Əlizadə isə bunu qeyd edir : "Başıaçıq. Burada bütün Gürcüstan deyil, İmereti nəzərdə tutulur. Övliya Çələbi, Abbasqulu Ağa Bakıxanov, Mirzə Adıgözəl bəy öz əsərlərində həmin adı məhz bu mənada işlətmişlər. İmereti döyüşçü və aznavurlarının başlarında araxçınsayağı kiçicik dəyirmi keçə papaq gəzdirməsi ilə bağlı olmalıdır. Boyun mətnində "keçə börk"adlandırılan bu baş geyimi hər hansı bir kəskin hərəkət zamanı döyüşçünün başından uçub düşür - o, "başıaçıq" qalırdı".

 

Bayburt hasarı barədə Orxan Şaik Gökyay yazır: "...Anadolunun qüzey doğusunda Çoruh suyu kənarında, dəniz səviyyəsindən 1550 metr yüksəklikdə bir qəsəbə olub, Gümüşxanə vilayətinə bağlı bir qəza mərkəzidir". 

Yenə Orxan Şaik Gökyay yazır: "Düzmürt qalası, Qara dənizin güney-doğu sahillərində bir qaladır".

 

"Evnik qalası, qədimlərdən Yuxarı-Pasin bölgəsinin mərkəzi olub, möhkəmliyi ilə ad çıxartmış, Araz çayına sağdan qarışan Əmrə-Kom suyunun başında olan bir qaladır." Orxan Şaik Gökyaya görə, bu qalaya türkcə Cavan qala da deyirlər. Samət Əlizadə isə F.Qırzıoğluya əsaslanaraq yazır: "Evnik (Avnik) qalası. Ərzurum səmtində Abnik - Avnik qalası ehtimal olunur".

Qara Dərvənd, Orxan Şaiqə görə, Elbrus dağlarının Dəmir Qapı Dərbənddən sonra ikinci və alınması çətin olan, daşlı-uçurumlu keçidli Tiflisin şimalındakı Dar-yal (dar-boğaz) qapısıdır. Samət Əlizadə isə Qara Dərvənd haqqında yazır: "Pasinük Qara Dərvənd. Ərzurumun güney səmtində, qədim tarixçilərin Fasiana adlandırdığı yer Basian dərəsi adlanır. (İndi Türkiyədə Pasinler adlanan kənd vardır)". 

Pasin, Orxan Şaik Gökyaya görə, Bingöllərdə Arazın qaynaqlarından, Qars Ala dağının güneyində Arazın keçdiyi və tarixlərdə "Kağızman Dərbəndi" deyə bildirilən, "Kağızman dəmirqapısı"na dəyən suların Arazda toplanılan yerləri olub, bu gün xalq arasında anılan tarixi yer adı da "Pasin"lərdir. 

 

Tatyan qalası, Orxan Şaik Gökyaya görə, Batı Gücüstanda Kutaisi şəhərinin quzeyində və batısında bulunan bir ölkədir. İngur suyu ilə Riyom irmağı arasındakı Megrel ilə bunun yuxarısında dağlıq bir yer olan Suvan bölgəsindən ibarətdir. Samət Əlizadə isə Tatyan qalası haqqında belə deyir: "Tatuan qalası. Başıaçıqda (İmeretidə), Kutaisi yaxınlığında qədim yer. Tomanın qalası, Kürün sağ qollarından Hiram suyu qarışan Maşaver çayı boyunda çox güclülüklə keçilə bilən bir boğaz ağzında qurulmuş bir qala və qəsəbədir. Burada "əski Tumanis" və ya "Viran Tomanis" deyilən yıxıq qalalı yer". 

Trabzon isə doğu Qara dəniz bölgəsində vilayət, dəniz sahilində tarixi limandır. 

Qan Abxaz. Samət Əlizadə Qan Abqaz haqqında belə yazır: "Qan Abqaza eli. Bu ifadə indiki etno-siyasi məzmunda Abxaziyanı deyil, IX-XI yüzilliklərdəki Gürcüstanı nəzərdə tutur. Kutaisi mərkəz olmaqla yaranan Qərbi Gürcüstan knyazlığı "Abxaz çarlığı", Şərqi Gürcüstan isə "Kartli çarlığı" adlanmışdır".

(Beləliklə, burada məqaləni bitirmək də olardı... Lakin biz məqaləni bitirmir, dastandan tapıb göstərdiyimiz bu faktlara kiçik bir sözardı da yazmaq istəyirik. Eyni zamanda burada mövzudan kənara çıxsaq da, bir məqamı da qeyd etmək ürəyimizdən keçir. Belə ki, yuxarıda dastandan gətirdiyimiz faktlara görə, biz, əsasən, Oğuzlarla gürcülərin, kafərlərin daha çox döyüşdüklərini, vuruşduqlarını görürük. Lakin bu, elə dastana görə həmişə belə olmamış, bu xalqlar arasında dostluq əlaqələri, mehriban münasibətlər də mövcud olmuşdur. Belə ki, məsələn, Qanturalı Trabzona səfər edərkən Trabzon təkuru əvvəlcə onu çox hörmətlə qarşılamış, hətta sərhəddə onun qarşısına çıxmış, onu hörmət-izzətlə qəbul etmişdir. Digər bir boyda isə, Trabzon təkuru, hətta Qazana hədiyyə olaraq bir şahin də göndərmişdi...). 

 

***

Beləliklə, yuxarıda dastandan aldığımız bilgilərə yekun vurmalı olsaq, dastanda xristianlığın geniş şəkildə təsvir olunduğunu, xristianlığın coğrafiyasını, təsvir olunan xristianların əsasən gürcülər və bölgənin ermənilərdən başqa digər xalqlarının olduqlarını, onların kilsələrinin, keşişlərinin, sadə dindarlarının geyim tərzlərini, mətbəxlərini, məişətlərini və sairəni aydın şəkildə görürük. Bu, həqiqətən də, dastanın, nə qədər özündə dastan, bədii əsər kefiyyəti daşısa da, abidənin - "Kitabi Dədə Qorqudu"un, eyni zamanda tarixi bir mənbə, heç olmasa, ən azından dövrün, zamanın, mühitin geniş təsvirini verən abidə də olduğunun göstəricisidir. Bu mənada, dastan əgər, eyni zamanda bir tarix kitabı rolunu da oynayırsa və burada İslamı yenicə qəbul etmiş Oğuzlar - Albanlar, xristian gürcülər və başqa xalqlar varsa, onda Zaqafqaziyada guya xristianlığı hamıdan əvvəl qəbul edən ermənilər, onların bir kilsəsi, bir keşişi, bir şəhəri, bir kəndi niyə yoxdur?

Dastana nəzər saldıqda onun məzmununda, mətnində (eyni zamanda yazıya alınma və redaktə edilmə baxımından) ən azından dörd dövrün, epoxanın əlamətlərini görürük: 1. Ən qədim zamanların, e.ə. IV-III yüzilliklərin, İç Oğuzla Daş Oğuzun birləşməsindən ibarət olan Qalın Oğuz elinin dağılıb yeni dövlətin - Alban dövlətinin ilk təşəkkül dövrünün əlamətlərini ki, dastanda "Alpanlar başı", "Alplar başı", "Alplar" ifadələri dövlət başçısı, etnos, döyüşçü məzmunlarını ifadə edir. Eyni zamanda qədim türk inanclarının da əksi bu abidənin ən azı xristianlıqdan da əvvəl mövcud olduğundan xəbər verir. 2. Xristianlıq dövrü ki, dastanda bu dövrün geniş təsvirini görürük. Əslində dastanda xristianlığın o qədər geniş təsvirini görürük ki, bəlkə də dastanda təsvir olunan İslam heç bu qədər əhatəli təsvir ediməmişdir. Bu mənada, tədqiqatçıların dediklərində həqiqət vardır: İslam əlamətləri dastana sonradan katiblər tərəfindən əlavə edilmişdir. Çünki mətndə İslamın əlamətləri o qədər quru və şablon xarakter daşıyır ki, buna başqa ad vermək olmur. Və eyni zamanda yenə də deyildiyi kimi, bu əlavələr də ən geci VIII əsrdən sonra, İslamın daha bərqərar olduğu vaxtlar da ola bilməzdi. Cünki Azərbaycanda artıq 734-cü ildə Dərbənddə, 743-cü ildə isə Şamaxıda məscidlər tiksələr və dastanda da Oğuzlar fəth etdikləri qalalarda kilsələri yıxıb yerinə "məscidlər yapsalar da", hələ də azan verilməsinə "saqqalı uzun tat əri banladı" deyirlər. Dastan İslamın daha bərqərar olduğu dövrlərdə yazıya alınsa idi, yəqin ki, İslam dini öz əksini daha geniş şəkildə tapmış olardı. Bu mənada, təbii ki, müxtəlif dövrlərdə dastanın üzünü köçürən və onu redaktə edən katiblərə eşq olsun ki, onlar özlərindən əvvəlki mətnlərə əl vurmamış, ora sadəcə öz əlavələrini etmişlər. 3. Xristianlıq. 4. XV-XVI əsrlər dövrü və ən azından "İstambul" kəlməsi.

Beləliklə, dastanın mətninə nəzər saldıqda, onun ən çox xristianlıq dövrünü və bu dövrün IV-VIII əsrlərini əhatə etdiyini görürük. Dastanda isə bizə elə gəlir ki, bu əsrlərin son dövrləri - daha çox VI-VIII əsrlər öz əksini tapmışdır. Bu isə artıq xristianlığın Albaniyada, Gürcüstan və ermənilərdə daha bərqərar olduğu dövrlərdir. Yəni bu faktı müxtəlif yazılı mənbələr və bu üç ölkədə olan kilsələr də sübut edir. Bəs onda, yenə də əvvəlki suala qayıdırıq, niyə dastanda ermənilər və ermənilərin xristianlığı qeyd olunmayıb? Bu suala cavab vermək nə qədər çətin olsa da, hər halda biz də öz fikrimizi bildirmək istəyirik. Belə ki, bu sualın bir neçə cavabı var. 1. Birinci və ümumi cavab ondan ibarət ola bilər ki, bu, dastandır və dastandan bir o qədər də tarixilik və dəqiqlik ummaq olmaz. Onda da başqa bir sual ortaya çıxır: bəs onda niyə gürcülər bu qədər geniş və əhatəli təsvir olunublar? Bu suala cavab vermək olar. Çünki gürcülər bu dövrdə, sadəcə olaraq, ermənilərdən daha böyük etnos, siyası-mədəni qüvvə və döyüşkən olduqlarından tarixdən və ədəbiyyatdan silinməmiş və bizim qəhrəmanlıq dastanımızın səhifələrinə düşə bilmişlər. 2. İkinci cavab isə ondan ibarət ola bilər ki, qeyd etdiyimiz tarixdə yalan yazılan erməni tarixi mənbələrinin əksinə olaraq, qeyd olunan coğrafiyada, müasir Ermənistan coğrafiyasında, ümumiyyətlə erməni yaşamamış, o dövrlərdə təqribən, Van gölü hövzəsində yaşamışlar. Və o ərazilərdə yaşayan əhali haylar olmamış, qədim erməni dövrünün görkəmli tədqiqatçısı, filologiya elmləri doktoru Əziz Ələkbərlinin dediyi kimi, ərmən tayfaları olmuş, Dədə Qorqud Oğuzları da onları özlərindən fərqləndirmədikləri üçün, onları xüsusiləşdirməmişlər. Və əslində onlar eyni xalqın nümayəndələri olub, o torpaqların da sahibləri olmuşlar. Çünki dastanda təsvir olunan dövrdə o torpaqlarda heç bir yad qüvvə, başqa xalq olmadığından, Oğuzlar onlarla mübarizə aparmamış, ancaq o coğrafiyadan kənara, Parasaran, Bayburt, Evnik, Trabzon və s. yerlərə səfərlər etmişlər. 3. Müasir Ermənistan ərazisində olan kilsələrin varlığına gəldikdə isə, yenə də Əziz Ələkbərlinin tədqiqlərinə görə (Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri. Bakı, 2006.), onların əksəriyyəti Alban kilsələri olmuşlar. Ya da dastana görə başqa yerlərdə kilsələri sökən Oğuzlar bu kilsələri də sökmüş, indi gördüyümüz kilsələr isə sonrakı əsrlərdə tikilmişdir. Və yaxud da elmi ədəbiyyatın verdiyi məlumata görə, İslamın ilk əsrlərində bu kilsələrin böyük əksəriyyəti məscidlərə çevrilmişdir. Ona görə də biz, dastanda bu ərazilərdə kilsəyə rast gəlmir, onlara təsadüf etmirik. 

Beləliklə, dastandan aldığımız elmi nəticəyə görə, tariximizin bir parçası, qəhrəmanlıq dastanımız olan "Dədə Qorqud dastanı"nda müasir erməni coğrafiyasında heç bir erməni və erməni kilsəsi yoxdur. O torpaqlar Azərbaycan xalqının ulu əcdadları olan Oğuzların və kilsələri də Alban dövrünün kilsələridir. Bu mənada, bu torpaqlar bütövlükdə qədim Azərbaycan torpaqlarıdır. Və biz də - qədim Oğuzların varisləri olan azərbaycanlılar da cənab prezidentimiz İlham Əliyevin dediyi kimi, o torpaqlara, tarixi Vətənimizə mütləq qayıdacağıq. Bu, bizim haqqımızdır...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!