İşığa inanmaq: yazıçının çıxış yolu, yoxsa üslub planı - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

Zemfira Məhərrəmli nəsrimizdə daha çox Qarabağ ağrılarına və qadın talelərinə həssaslığı ilə seçilən yazıçı obrazı ilə xarakterizə olunur. Əslində, yazıçının mətnləri müxtəlif mövzuları, zaman və məkan hüdudlarını çevrələsə də hədəfdəki təsvir predmeti dəyişməzdir: mühitin, məişətin, müharibənin şırım açdığı insan taleləri, insan həyatları, ən çətin situasiyada, çıxılmazlıqda belə şəxsiyyət və xarakterin dönməzliyi məsələləri! 

Zemfira Məhərrəmlinin hekayələrini iki sözlə xarakterizə etməli olsaq, belə demək olar: işıqlı və qanadlı hekayələr! Əsərləri işıqla doludur, həyata, dünyaya, insanlara, hər cür çətinliklərə qarşı. Bir də kolorit! Dilin rəvanlığı, axıcılığı var hekayələrində. Son çap olunan "Çox kiçikdir bu dünya" hekayələr toplusu ümumən, Zemfira Məhərrəmlinin yazıçı kimi fəaliyyətini, mövzu və ideya axtarışlarını uğurla simvolizə eləyən kitabdır. Burada müəllifin ailə-məişət problemlərindən zəmin alan hekayələri də yer alıb, yaradıcı tərcümeyi-halının əsas hissəsini təşkil edən Qarabağ hekayətləri də, eyni zamanda uşaqlar üçün yazdığı hekayələr də! Yeri gəlmişkən, Zemfira Məhərrəmlinin böyüklər üçün yazdığı hekayələri oxuyarkən, onun uşaq hekayələrində artıq uğurlu olacağı qənaəti əvvəlcədən oxucuya bəlli olur. Çünki uşaqlar üçün yazmaq işıqlı, sevgi dolu bir ürək istəyir. Zemfira Məhərrəmlinin hekayələri isə qeyd etdiyim kimi, isti və işıqlı dünyanın mozaikası kimidirlər. 

Yazıçının hekayələrində diqqət çəkən əsas məqam adi hadisələr, kiçik konfliktlər içrə psixoloji vəziyyətləri göstərmək imkanlarıdır. Məsələn, onun "Günahlardan arındığı gecə" hekayəsində qüvvətli bir psixologizm var. Bacısı Əsməri istəyən Həsəni bıçaqlayıb məhbəsə düşən Qaraş özünə söz verir ki, çıxandan sonra Həsəni də, sonradan ona qoşulub qaçan bacısını da öldürüb yenidən türməyə qayıtsın.

 

Hekayənin fabulası şəxsi ədavətin, kişilik kultunun, qisas yanğısının insana təsiri məsələsini önə çəkir. Bəs bu iç təbəddülatlarına, şər başlanğıcına üstün gəlmək mümkün deyilmi? Xeyirin funksionnalığını irəli çəkmək olmazmı? Hekayə bunun həlli üzərində qurulub. Mətnin mündəricəsi cinayətdən başlanan mənəvi-psixoloji çabalamalarda davam tapır. Zemfira Məhərrəmli qəhrəmanını daha bir günahın bir addımlığına gətirib həyat və "mən" müstəvisində yozumlar arayır.

Qaraşın məqsədinə çevrilən bu amalın, "öldürmək!" qərarının qarşısını yazıçı uşaq səsləri, onların şən, şaqraq gülüşləri, xoşbəxt ailə tablosu ilə kəsir. Bacısının evinə gələn Qaraş pəncərədən gördüyü mənzərəni izlədikcə istəyini reallaşdıra bilməyəcəyini anlayır. "Günahlardan arındığı gecə" hekayəsində kompozisiyanın önünə çəkilən Qaraş obrazı ilə yazıçı kişilik, qürur, qisas məsələlərinin dərin, psixoloji-dramatik məqamları üzərində düşündürür. Uşaq səsləri işığın və xilas motivinin, Segah muğamı durulmanın, yağış katarsis prosesinin bədii aktı kimi mənalanır. İnsan bir yerdən başlamaq, keçmişindən silkinib ayrılmaq, yeni həyata adlamaq istəyir. Uşaq qəhqəhələrini eşidən Qaraş anlayır ki, onun bu sevinci pozmağa haqqı yoxdur. Müəllif Qaraşın bacısının evindən uzaqlaşmağın həyəcanını bütün çalarları ilə ifadə eləyir, onun ruhsal-mənəvi ağrılarını, əzablı müqavimətini hekayə boyu davam etdirir.: "...Qaraş tiyəsində adı yazılmış zəhmli bıçağı ? həbsxana yadigarını cibindən çıxarıb zərblə pəncərənin taxta çərçivəsinə sancdı və gəldiyi yolla da geri qayıtdı. Bayaq üstündən bir göz qırpımında aşdığı hasarı indi çox çətinliklə adlaya bildi. Yerişini itirmişdi, gah ayağı sürüşür, yıxılır, gah da xırda gölməçələrə girirdi. İçinə su dolmuş ayaqqabıları ona ağırlıq edirdi. Mağazanın yanından ? vaxtilə Həsənlə haqq-hesab çəkdiyi yerdən keçib magistral yola çıxdı. Addımlarını yeyinlətdi və birdən var gücüylə qaçmağa başladı. Yol boyu qaça-qaça yağmurdan islanmış pencəyini, sonra köynəyini çıxarıb atdı. O qaçdıqca qaçır, uzaqlaşdıqca sürətini artırırdı. Sanki suçundan, yanlışlarından, mənhus yaşantılarından qaçıb qurtulmaq istəyirdi. Gecənin sükutunu pozan güclü yağış Qaraşın qurşaqdan yuxarı çılpaq bədəninə çiləndikcə canında bir rahatlıq duyur, suyun aydınlığından sanki arınıb-durulurdu"... 

 

 

Zemfira Məhərrəmli Qarabağ hekayətlərində son otuz ilin müharibə ağrılarını yaşamış insanların həyatının dramatik situasiyalarını nəsrə gətirir, qəhrəmanların ömür yolunu 90-cı illər gerçəkliyinin - dövrün paradoksları və xaotik məzmunu ilə iç-içə təsvir etməyə çalışır. Bu təsvirlərin özü də müxtəlif rakurslu mövzuları içinə almaqla bir neçə istiqamətə şaxələnir. Xalqın yüz illərdir qoruyub saxladığı dəyərlər, iffət məsələləri, mərd, qürurlu kimlikləri! Məsələn, "Qırxqızın qırxbirincisi" povestində süjet trayektoriyası qəhrəmanın olduğu bütün yollarda məhz, bu dəyərlərin istiqamətini cızır. Ümumiyyətlə, povestin ümumi ruhu, ritmi, düşüncə sırası qürur simvolikasına tabedir: qəhrəmanlar ən çətin sınaq məqamlarında, erməni məkri, təcavüzü ilə göz-gözə qaldıqda belə yurdun namusunu diri saxlamağı bacarırlar. Povestdə ümummilli eyforiya dövrü olan 1990-cı illər prosesləri, həmin dövrə xas səciyyəvi görüntülər - arxa və ön cəbhədə yaşanan gərginliklər, həm siyasi-ictimai, həm də psixoloji çalarları ilə təsvirini tapmışdır. Müəllif mətndə bir-birini əvəz edən tarixi məqamların insan talelərinin yaşantısında doğurduğu gərgin emosiyaları hiss edərək bədii təcəssümün predmetinə çevirir. Laçın dağlarında döyüşlər, qız-gəlinlərinin ölümü belə gözə alaraq atıldıqları savaş ruhu, müəllim adını uca tutub öz peşələrinin fədailərinə çevrilmək hünəri, müharibə zülmlərinin balacaların dünyasında ömürlük öz qoyduğu yaralar, həmçinin 90-cı illər Bakısının həqiqətinə açılan sərt mənzərələr, hər yaşanılan, baş verən məqamların öz boyasında təsbiti və s., və i. Yazıçı bir kəndin, ailənin, fərdin aqibətinə əsaslanıb, həmin yaşantıları öz təhkiyəsində ipə-sapa düzüb süjet xətti yaradır. Həm də bu suala cavab tapmağa çalışaraq: "axı, bizim günahımız nəydi?!"

 

Bu suallar Qarabağ hekayətlərinin hər birində qoyulur və əslində, otuz il haqsız yerə zülmə, vəhşətə məruz qalmış xalqın iç səsi kimi modelləşir: "Sevgimi neylədin, Daşaltı dərəsi?", "Salatın haqqında ballada", "Məzarda qovuşanlar", "Əbədiyyət nəğməsi", "Sonuncu savaş", "Oğul dağı" və s. Əksər mətnlərində müəllifin mürəkkəb və fəci hadisələrin səbəblərini, köklərini göstərməyə cəhd var, hansısa amal və mübarizə əzmi uğrunda insanların savaş ruhunun şəkli var və bir də sozalmayan ümid işığı! "Şuşanı aldıq, Şuşa azaddır!" - bu silsilədən yer alan sonuncu hekayəyə qədər müəllif ümid işığını ölməyə qoymur. 

 

Zemfira Məhərrəmli günümüzün mətnlərini yazmağa çalışır. Diqqət eləsək, görmək çətin olmur, kitabda otuz illik bir dönəmin yaşantılarından tutmuş qələbə reallığına, pandemiya çətinliklərindən tutmuş ailə-məişət zəminində problem ola biləcək ən kişik nüansa belə həssaslıqla vurğu salmaq meyli var. Müəllif baş verən hadisələri demək olar ki, ardıcıllıqla çatdırmağa çalışır. Bu, müstəqillik dövrünün Azərbaycan modelidir! İtkiləri və qazancları, faciələri və zəfərləri ilə birlikdə! Hər şey onun obrazına müvafiqdir. 90-cı illərin xaotik proseslərindən yol alan hər şey bu obrazın - Azərbaycan obrazının mürəkkəbliyində qapanır, qatılaşır, nəhayət, zəfərlə çıxdığımız reallıqda yeni məcraya qovuşur, dirilik və nüfuz tapır. 

 

Zemfira Məhərrəmlinin qələminin təmkinli üslubu sayəsində böyük epoxal dəyişiklərlə müşayiət olunan dönəmin proseslərini addımbaddım izləmək oxucuda nostalji hisslər doğurur. Düzdür, etiraf edək ki, bəzən açıq publisistik qabartmalar hekayələrdə dominantlıq təşkil edir, müəllifin təhkiyəsində toxtaqlıq emosionallıqla əvəzlənir, prozaik dillə edilən təsvirlər zəifləyir. Bu, bəlkə də yazıçının özünün hadisələrə qadınca yanaşmasından doğan amildir ki, daha hissi, daha ruhsal yanaşmanı qaçılmaz edir. Bu mənada, bütün hekayələrin içində dolaşan müəllif obrazını da sezməmək mümkün deyil. Sanki müəllif kitabdakı əksər hekayələri əvvəldən sonadək baş qəhrəmanın - özünün düşüncələrindən, yaşantılarından, xatirə və gerçəkliyindən qurur. Uşaq hekayələrində belə bu belədir. Yazıçı müşahidə etdiyi maraqlı hadisələri, daha çox ideya-tərbiyəvi əhəmiyyəti olan məsələləri balacalar üçün yazıb prozanın predmetinə çevirməyə çalışır. Ümumiyyətlə, Zemfira Məhərrəmlinin nəsrində canlılıq, təəssürata əsaslanaraq yazmaq yaxşı alınır. Onda həyat yaşantılarını prozaik detallara keçirə bilən, adicə nüansı canlı əhvalatlar şəbəkəsinə qoşmağı bacaran nasir səriştəsi var. Hekayə boyu koloritli dil, sərrast müşahidələr, incə mənalandırmalar, canlı detallar onları daha oxunaqlı edir. Sözlər ifadə tərzinin yatımlılığı baxımından diqqət çəkir. Eyni zamanda, təbiət amili bu hekayələrdə hadisələrin şəbəkəsinə uğurla bağlanır, insan ömrünün metafizikasında məna çevrəsi yaradan əsas obraz səciyyəsi daşıyır, qəhrəmanın ovqatına uyğun işarə olaraq semantikləşir: "Qadın pəncərədən küçəyə boylandı. Alatoran çəkilir, qaranlıq düşür, gecənin zülmət pərdəsi şəhərin başı üstünü alırdı. Cövlan edən payız öz hökmünü verməkdə, sözünü deməkdəydi. Saralıb yerə tökülən xəzəllər küçədəki işıq dirəklərindən asılmış lampaların şöləsində cazibədar görünür, kəhrəba butalı, qızılı xalçanı xatırladırdı. Dumanlı, çiskinli hava qadının tutqun əhvalı, pərişan halətiylə həmahəng idi. İstədi bu şərqovuşan vaxtda hara gedəcəyini soruşsun. Amma fikrindən vaz keçdi. "Onsuz da, geri qayıdan deyil," - deyə düşündü" ("Sənə yanan varsa" hekayəsi)".

 

 

Zemfira Məhərrəmlinin hekayələrində maraqlı olan digər məqam müəllifin etnoqrafik üsluba meyilliyidir. Yazıçı təsvir etdiyi bir çox məkanların etnoqrafik təsvirini verməyə çalşır. Məkanların obrazını, adət-ənənəsini, mental özəlliklərini hekayələrin içinə məharətlə köçürür. Bəzən keçmiş bu mətnlərdə tarixləşir, Qarabağdakı yurd yerlərimiz ecaz daşıyıcısına çevrilir, Bakı etno mədəniyət kultu kimi təsvir olunur. 

 

Əlbəttə, "Çox kiçikdir bu dünya..." kitabındakı mətnlərdə çatışmazlıqlar da yox deyil. Bəzi məqamlarda, janr materialının müəyyən fraqmentlərində bədiilik çatışmır, çılpaq təsvir mövqeyi qabarıqlaşır. Bəzi hallarda prozaik qələmin yazdıqları danışır, bəzi hallarda isə nəsr mexanizmi yetərincə işləmir, sanki prozaik ifadənin gücü azalır, publisistik münasibət daha önə keçir. O fikirlər ki, onlar obrazın dilində səslənsə, daha koloritli və məzmunlu olardı, əksinə olur, bu halda yazıçının üslubunda nəql ahəngi əsərdəki təsvir çalarını üstələyir. Məsələn, yazıçı Allahdan, Tanrıdan danışanda daim "bütün mövcudatı, varlıqları yaradan", "yeri-göyü xəlq eləyən", "dünyanın ən böyük həqiqəti" ifadələrindən mütləq hansısa birini işlədir. Əslində bunu özünün təhkiyəsində deyil, obrazın dilindən versəydi hadisələrin psixoloji məna siqlətini artırmış olardı. 

 

 

Yaxud obrazın təhkiyəsi bəzən inandırmır, süni və sxematik təsir bağışlayır. Məsələn, "Yuxunu suya danış" hekayəsində nəvəsini itirən ağbirçək Gülnisə ananın dilindən verilən "Heç gör ağlımız kəsir öz çarhovuzumuza baxaq? Axı, Rəhilə həmişə qızcığaza qırmızı balıqları göstərir, uşaq dili ilə nağıllar danışırdı", - fikrində "uşaq dili" ifadəsi yerinə düşmür. Çünki təşviş içində, dar macalda olan bir insan belə ütülü, ibarəli cümlələr qurmur. Eləcə də, yazıçının hekayələri nəql edərkən, "balaca qəhrəmanımız", "kiçik qəhrəmanımız" kimi ifadələrdən istifadə etməsi doğru deyil. Uşaqlar üçün hekayələrədə bu başqa, amma böyüklər üçün yazılan hekayədə belə bir "doğmalığa" ehtiyac yoxdur. Bu sıradan yenə eyni problem, müəllif bəzən oxucuların yerinə mühakimə edir, qərar verir, ittihama köklənir. Məsələn, "Səsə toplaşanlardan kimsə təcili tibib yardım çağırmaq istəyirdi. Başqa birisi tez polisə xəbər vermək üçün təkid edirdi. İçəridə isə üzüqara, vicdanı ləkəli bir kişi səsini içinə çəkib bir küncə qısılaraq arvadının səsini eşitmişdi. Bu namərd kişinin adam arasına çıxmağa üzü yox idi..." ("Qiyamətə qalmayan qisas"). Nəsrin dili, tələb və ölçüləri başqadır. Yazıçı nəql etməkdən çox təsvirə əsaslanmalıdır. Qənaəti oxucu özü bu təsvirlərdən hasil edəcək.

 

Zemfira Məhərrəmlinin hekayələrindəki işıqdan nahaqdan bəhs eləmirəm. Çünki əksər hekayələrində müəllif underqraunda yönəlir, həyatın dibində olan insanların ağır həyatlarına fokuslanır, sosial-etnoqrafiq mənzərənin dəqiq və analitik təsvirini verir: məhbəs həyatı, kriminal yaşam, içkiyə aludəçilik, kimsəsizlik, xəyanət, aldanış və s. Bəzən isə, sözün həqiqi mənasında həyatın dibində olan insanlar, zəlzələnin yaratdığı uçqunun altında qalıb "nöqtə boyda həyat işığı" arayanlar, iki dünya arasında çarpışanlar! Amma bütün bu psixoloji gərginliklərin içində çıxılmaz olan heç nə yoxdur, hansısa gizli bir əl, gizli bir istək, yaşam ruhu hekayələrdəki ağırlığın içində işıqlı fonu təşkil edir: "...vaxt, zaman məfhumunu itirmişdi. İtirilməyən isə təkcə Ümid idi. Axıradək çarpışan, sonadək duruş gətirən Ümid"!

Bütün obrazlar təsvir olunan gərgin hadisələr, situasiyalar içində nikbin bir xətti simvolizə eləyir, heç bir situasiyada müvazinətini itirmirlər. Çeşidli hadisələr daxilində nə ahəngini dəyişirlər, nə də həyata olan ümid işığını. Ziddiyyətli olan da elə budur! Baxırsan ki, bəhs olunan əksər hekayələrin məzmun qatında gülüşə, təbəssümə yer yoxdur, nədən ki, toxunulan mövzulardan Cəlil Məmmədquluzadə demiş "qan iyi gəlir", yaşadığı həyat gerçəkləri ciddi rakursu labüdləşdirir. Bəs nikbinlik, ümid, işıq bu mətnlərdə necə təzahür edir?! Müəllifin üslub planında, yazıçı platformasında! Bu mövqe yəqin ki, elə yazıçının özünün çıxış yoludur. Bütün şəxsi və milli gərginlikləri, psixoloji travmaları bu ümidin və işığın gücü ilə həll etməyə çalışır. Dərdin kədərini yaşamın sevinci ilə yenirmişcəsinə! Ədəbiyyatın qayəsi də elə bu deyilmi?!.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!