Aida İmanquliyevanın elmi irsi Vilayət Cəfərovun tədqiqatlarında - Vüsalə MUSALI

Azərbaycan elmi Aida xanımın 

simasında əsl bir elm fədaisini, Azərbaycan xalqı, sözün tam mənasında, Tomris ləyaqətli, Nüşabə və Həcər qeyrətli, bütün məqamlarda onun 

mənafeyini ləyaqətlə qoruyan fədakar bir qızını itirdi. Aida xanım istər 

daxildə, istərsə də xaricdə ən böyük mövqelərdə işləməyə layiq, necə 

deyərlər, çox diplomatları susdura 

biləcək qüdrətə malik bir xanım idi. Onun elmi biliyi ilə diplomatiyası bir harmoniya təşkil edirdi.

 

Vilayət Cəfərov

 

Elmdə iz qoymuş, lakin amansız əcəlin həyatdan vaxtsız apardığı alimlərin yarımçıq qalmış tədqiqatlarını və elmi irslərini qorumaq, hər dövrün vicdanlı ziyalılarının üzərinə düşən mühüm bir vəzifədir.Vaxtsız vəfat edən alimlərin elmi irsi çox zaman səssiz qovluqlarda itib yox olur. Onların fikirləri yalnız çap olunmuş kitab və məqalələrdə deyil, həm də yazılmamış mətnlərdə - qeydlərdə, planlarda, natamam əlyazmalarda yaşayır. Bu irsi toplayıb sistemləşdirmək, sonrakı nəsillərə ötürmək isə təkcə elmi fəaliyyət deyil, həm də mənəvi borcdur.

Azərbaycanın görkəmli şərqşünası, parlaq simalardan biri, professor Aida İmanquliyeva (1939-1992) həyatdan erkən ayrıldı. Ömrünün ən məhsuldar çağında dünyasını dəyişən bu istedadlı şərqşünasın arxasında zəngin, lakin yarımçıq qalmış bir elmi irs, davam edən araşdırmalar qaldı. Onun yazdığı, lakin hələ çap olunmayan məqalələri, başlanmış, lakin son nöqtəsi qoyulmamış araşdırmaları öz sahibini gözləyən düşüncələr kimi elmi aləmin səssiz arxivlərinə çəkilmişdi.

 

Bu səssizliyi pozan ilk səs isə Aida xanım ilə uzun illərlə birlikdə çalışmış həmkarı, professor Vilayət Cəfərov oldu. O, təkcə Aida İmanquliyevanın vəfatından dərhal sonra (23 sentyabr 1992) yazdığı ilk nekroloqla onun elmi və mənəvi simasını cəmiyyətə çatdırmadı; həm də onun unudulmaması üçün yorulmadan çalışan, irsini toplayıb nəşrə hazırlayan, sistemləşdirən, gələcək nəsillərə təqdim edən bir yaddaş qoruyucusuna çevrildi. İlk nekroloqundan tutmuş, geniş elmi portretinin bərpasına qədər Aida İmanquliyevanın akademik şəxsiyyətini yaşatmaq üçün dəyərli addımlar atdı. Onun nəşrə hazırladığı elmi məqalələr, toplular, portret-oçerklər, Aida xanımın səsini bu günə çatdıran əsas vasitələrə çevrilmişdir. V. Cəfərovun Aida İmanquliyevanın elmi fəaliyyətindən bəhs edən tədqiqatları dərin bir mənəvi bağın ifadəsidir. 

 

Vilayət Cəfərov ilk olaraq Aida İmanquliyevanın "Cübran Xəlil Cübran"  sərlövhəli monoqrafiyası haqqında 1975-ci ilin dekabr ayında "Ədəbiyyat və incəsənət" qəzetində "Yeni sahə, ilk qaranquş" resenziya dərc edir.  Bu yazı, elmi tənqid və publisistik üslubun vəhdətində ərsəyə gəlmiş bir mətndir. Cəfərov bu məqalədə Aida İmanquliyevanın yeni çap olunmuş "Cübran Xəlil Cübran" monoqrafiyasını geniş şəkildə təhlil edir və onun Azərbaycan şərqşünaslıq elminə gətirdiyi yenilikləri vurğulayır. Məqalədə Aida xanımın ərəb ədəbiyyatına, xüsusilə də, Livan mənşəli yazıçı Cübran Xəlilə verdiyi qiymət diqqət çəkir. Cəfərov qeyd edir ki, bu monoqrafiya Azərbaycan elmi mühitində ərəb ədəbiyyatının müasir istiqamətlərinə dair aparılan ilk sistemli araşdırmalardan biridir. O, İmanquliyevanın yalnız mənbələrə əsaslanan deyil, həm də ədəbi-estetik təhlilə söykənən tədqiqat üslubunu yüksək qiymətləndirir.

Bu ilk məqalə, sonrakı onilliklərdə davam edəcək bir elmi və mənəvi bağlılığın təməlini qoydu. Vilayət Cəfərov bu yazısı ilə Aida İmanquliyeva haqqında ilk yazan, onun tədqiqatlarına mətbuatda ictimai diqqət çəkən alimlərdən biri oldu. Elə bu səbəbdəndir ki, "Yeni sahə, ilk qaranquş" yalnız bir məqalə deyil, həm də iki görkəmli şərqşünas arasında mənəvi və elmi körpünün ilk daşlarından biri kimi tarixə düşür.

1992-ci ilin sentyabr ayında professor Aida İmanquliyevanın vəfatı yalnız Azərbaycan elmi və şərqşünaslığı üçün ağır bir itki kimi qarşılandı. Vilayət Cəfərovun Aida xanımın vəfatına həsr etdiyi "Ölüm sevinməsin qoy" adlı nekroloq-esse xarakterli yazısı, həm emosional dərinliyi ilə seçilir. 1992-ci il 23 sentyabr tarixində "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan bu yazı V.Cəfərovun Aida xanımın şəxsiyyətinə və elmi irsinə nə qədər dəyər verdiyini nümayiş etdirir. O, yazısında Aida xanımın təkcə alim kimi deyil, həm də insani keyfiyyətləri ilə necə örnək bir şəxsiyyət olduğunu vurğulayır. "Ölüm sevinməsin qoy" ifadəsi Cəfərovun hiss və düşüncə dünyasını, onun əqidəli bir məsləkdaşı, elmi fikrə sadiq qalan bir ziyalı olduğunu göstərən poetik və simvolik bir şüar kimi səslənir.

 

 

2000-ci illərin əvvəllərində, Aida İmanquliyeva haqqında xatirə və bioqrafik yazıların toplanıb nəşr olunmağa başladığı dövrdə də Vilayət Cəfərov bu missiyanın önündə dayanır. Onun "Ədəbiyyat qəzeti"ndə nəşr olunan "Əsl elm xadimi" (2002) və "Respublika" qəzetindəki "Yeri görünən alim" (2003) yazıları bu kontekstdə xüsusi önəm daşıyır. Bu yazılarda müəllif Aida xanımın elmi irsini, idarəçilik bacarığını təhlil edir.

"Əsl elm xadimi" yazısında V.Cəfərov, Aida İmanquliyevanın elmi məsuliyyət və ciddiyyət anlayışını Azərbaycan şərqşünaslıq ənənələri fonunda təhlil edərək, onun tədqiqatlarının milli elmin inkişafında rolu barədə dərin müşahidələr irəli sürür. "Yeri görünən alim" məqaləsində isə müəllif Aida xanımın fiziki yoxluğunun elmi və mənəvi mühitdə yaratdığı boşluğa diqqət çəkir - lakin bu boşluğun onun qoyduğu irs və yaratdığı məktəblə doldurduğunu vurğulayır. Bu yazılar yalnız nekroloji mətnlər deyil, Aida İmanquliyevanın simasında Azərbaycan elminin mənəvi dayaq sütunlarını tanıdan, onun irsinin davamlılığını göstərən təhlil materiallarıdır. 

2000-ci illərin əvvəllərində Aida İmanquliyevanın həyat və fəaliyyətinə dair nəşr olunan xatirə kitabları, onun şəxsiyyəti və elmi irsi barədə məlumatları daha geniş auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu nəşrlər içərisində professor Nərgiz Paşayevanın tərtib etdiyi "Dünya deyilən sənmişsən... Aida İmanquliyeva" adlı xatirə toplusu xüsusi yer tutur. Bu kitabda Aida xanımı tanımış və onunla birgə işləmiş ziyalıların xatirələri toplanıb və bu xatirələr içərisində Vilayət Cəfərovun yazıları seçilən məqamlarla yadda qalır.

 

Cəfərov bu kitabda iki məqalə ilə təmsil olunmuşdur: "Aida xanım haqqında xatirələrim" və "Aida xanımı xatırlarkən". Hər iki yazı həm fərdi hisslərin, həm də ictimai yaddaşın daşıyıcısı kimi çıxış edir. "Aida xanım haqqında xatirələrim" adlı məqaləsində müəllif, onunla uzun illər birgə çalışdığı dövrdə formalaşan təəssüratlarını, sadəliyi və zəhmətkeşliyi ilə seçilən Aida xanım obrazını təqdim edir. Bu yazıda Aida xanımın bir alim və rəhbər kimi yanaşması ilə yanaşı, insanlara münasibətdə nə qədər zərif, anlayışlı bir şəxsiyyət olduğu vurğulanır.

"Ədəbiyyat qəzeti"ndə dərc olunan "Xatirələr kitabı" (2002) və "Aida xanımı xatırlarkən" (2002) adlı məqalələr də bu mənbələrlə birbaşa bağlıdır. Cəfərov bu yazılarda xatirə janrının imkanlarından istifadə edərək Aida xanımın şəxsiyyətini həm kollektiv yaddaş, həm də milli elm kontekstində təqdim etməyə çalışır. Onun xatirə yazıları yalnız keçmişin nostaljisi deyil, eyni zamanda gələcək nəsillər üçün örnək portretlərin yaradılmasına xidmət edir. Bu yazılarda Cəfərovun təhkiyə tərzi, yazının emosional yükü ilə analitik baxışın vəhdəti Aida xanımın şəxsiyyətini oxucuya səmimi və inandırıcı şəkildə təqdim edir. Bu yanaşma Cəfərovun yazılarında bədii publisistikanın güclü elementləri ilə elmi bioqrafiyanın bir araya gəldiyini göstərir.

 

Xatirə ədəbiyyatı çərçivəsində yazılmış bu yazılar Vilayət Cəfərovun yalnız tədqiqatçı deyil, eyni zamanda zamanın ictimai-mədəni mənzərəsini ifadə edən ədəbiyyatşünas kimi də öz sözünü deməsi baxımından dəyərlidir. Onun bu yazıları Aida İmanquliyevanın həyatını anlamaq istəyən hər bir oxucu üçün həm səmimi, həm də etibarlı bir qaynaqdır.

Vilayət Cəfərovun Aida İmanquliyeva ilə bağlı fəaliyyətinin ən mühüm istiqamətlərindən biri onun zəngin elmi irsinin sistemli şəkildə araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. Bu məqsədlə yazdığı "Aida İmanquliyevanın məqalə yaradıcılığı barədə" (2009) və "Aida İmanquliyevanın məqalələri" (2009) adlı yazılarında Cəfərov, alimin 1960-90-cı illər ərzində ərsəyə gətirdiyi elmi məqalələri ideya və məzmun baxımından təhlil etmiş, onların elmi yenilik dəyərini, tədqiqat üsul və metodlarını sistemləşdirmişdir. O, bu yazılarda Aida xanımın ədəbiyyatşünaslıqda tətbiq etdiyi analitik metodları, Şərq və Qərb ədəbi-fəlsəfi kontekstində qurduğu paralelləri və ərəb ədəbiyyatına verdiyi qiymətləri yüksək peşəkarlıqla araşdırır.

 

Vilayət Cəfərovun Aida İmanquliyeva irsinin yaşadılması və elmi dövriyyəyə daxil edilməsi istiqamətində fəaliyyətinin mühüm sahələrindən biri də onun tərtibçilik və nəşr işlərindəki fəallığıdır. Bu fəaliyyət, təkcə İmanquliyevanın yazılı mirasının qorunması deyil, həm də yeni nəslin bu irslə tanış olmasına xidmət edir.

Bu baxımdan, 2010-cu ildə Cəfərovun tərtibçi, Ön söz müəllifi və şərhçi kimi iştirak etdiyi "Məqalələr və Tərcümələr" toplusu xüsusi əhəmiyyət daşıyır. Kitabda Aida İmanquliyevanın 1960-1990-cı illərdə ərəb ədəbiyyatına dair yazdığı elmi məqalələr və ərəb dilindən etdiyi hekayə tərcümələri toplanmışdır. Vilayət Cəfərov bu nəşrdə yalnız tərtibçi kimi çıxış etməmiş, həm də geniş Ön söz və elmi şərhlərlə Aida xanımın tədqiqat üsulunu və tərcüməçilik metodunu oxucuya təqdim etmişdir. Kitabda yer alan elmi-praktik şərhlər, tərcümələrin kontekstuallığı və elmi aparatın dəqiqliyi Aida İmanquliyevanın tədqiqatçılıq üslubunu və elmi dərinliyini daha da aydın şəkildə üzə çıxarır. Cəfərov Aida xanımın əsərlərini nəşrə hazırlayarkən yalnız müəllifin yazdıqlarını deyil, onun elmi mövqeyinin arxa planındakı nəzəri-metodoloji konsepsiyaları da açmağa çalışır. Bu isə Aida xanımın təkcə ərəb ədəbiyyatının yox, həm də Azərbaycan ədəbiyyatşünaslığının müasir istiqamətlərində rolunu göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.

 

V.Cəfərovun bu istiqamətdəki digər bir yazısı olan "Professor Aida İmanquliyevanın tərcüməçilik fəaliyyəti haqqında" (2014) məqaləsində isə o, Aida xanımın tərcümə etdiyi ədəbiyyat nümunələrinin milli təfəkkürə təsirini, ərəb nəsrinin və poeziyasının Azərbaycan mühitində tanıdılmasındakı rolunu təhlil edir. Bu yazı, həm də onun İraq ədəbiyyatına xüsusi diqqət ayırdığını göstərir.

2015-ci ildə "525-ci qəzet"də dərc olunan "Mixail Nüaymə poeziyası Azərbaycan dilində" adlı yazısında Vilayət Cəfərov, Aida xanımın görkəmli Livan şairinin yaradıcılığına göstərdiyi marağı və onun əsərlərini Azərbaycan dilinə tərcüməsini qiymətləndirir. O, bu tərcümələrin yalnız linqvistik deyil, həm də estetik tərcümə olduğunu göstərir.

Nəticə etibarilə, Vilayət Cəfərovun elmi-publisistik fəaliyyəti çərçivəsində Aida İmanquliyeva irsinə verdiyi dəyər, bu mirasın yeni nəslə ötürülməsi və Azərbaycan elmi yaddaşında qorunub-saxlanması baxımından əvəzsizdir. Onun bu işləri Aida xanımın yalnız elmi deyil, həm də mənəvi varlığını yaşatmaq missiyasının tərkib hissəsidir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!