Sona Abbasəliqızının "Söz xaqanı" romanı haqqında - Adhambek ALİMBEKOV

Millətini sevən, onun kamalını istəyən yazıçı tarixi mövzuya müraciət edərkən keçmişdə baş vermiş hadisələri bədii həqiqətə çevirərək müasirlərini həmin dövrün mühiti, böyük tarixi şəxsiyyətlərin həyatı ilə tanış etməyə çalışır. Bu işə böyük məsuliyyətlə yanaşır, saysız-hesabsız tarixi mənbələri, faktları araşdırır və bu faktları təhrif etmədən, yüksək bədii səviyyədə oxucuya çatdırmağa can atır.

"Şərq ulduzu" jurnalının 2024-cü il 6-7-ci saylarında nəşr olunmuş, tanınmış yazıçı Dilorom Abdurahmon qızı tərəfindən Azərbaycan dilindən özbəkcəyə uğurla tərcümə edilmiş "Söz xaqanı" tarixi romanında da bu səyləri, məsuliyyəti və ən başlıcası, tarixi keçmişə göstərilən dərin ehtiramı aydın şəkildə görmək mümkündür.

Romanın müəllifi - Azərbaycan yazıçısı Sona Abbasəliqızı (İsmayılova) tarixi həqiqətləri dərindən duyduğunu əsərin gedişində oxucuya hiss etdirir. Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələrindən biri olan Xaqani Şirvani haqqında bəhs edən bu roman öz bədii həqiqəti ilə də diqqətəlayiqdir.

Xaqani Şirvani XII əsrdə Şirvanşahlar dövründə yaranmış özünəməxsus ədəbi mühitin - Şərq ədəbiyyatı tarixində məşhur olan Əbu Əla Gəncəvi (1096-1159), Fələki Şirvani (1107-1157), Xaqani Şirvani (1120-1199), Nizami Gəncəvi (1141-1202), Məhsəti Gəncəvi (1089-1183) kimi qüdrətli şairlər tərəfindən formalaşdırılmış mühitin parlaq nümayəndələrindən biri olmuşdur. Şairin müasiri İmam Xəlil Xaqani Şirvanini səbəbsiz yerə "Söz ölkələrinin vəliəhd şahzadəsi" adlandırmamışdır. İranlı alim B. Füruzunfər isə Xaqani haqqında belə yazır: "O elə bir şairdir ki, özünün böyük istedadı, güclü təfəkkürü və dərin bacarığı ilə tanış və tanış olmayan, öyrəndiyimiz və öyrənmədiyimiz mənaları söz libasında ifadə etmək gücünə malik idi. Onun gücünü hər bir qəsidəsindəki orijinal mənaları çatdırmaq bacarığından və fərqli mənaları sözə tabe etdirməsindən görmək mümkündür".

Xaqani adı ilə tanınan İbrahim Əfzələddin Azərbaycanın Şirvan bölgəsində dünyaya gəlmişdir. Atası sadə dülgər olmuşdur. Gənc İbrahimdəki istedadı əmisi Mirzə Kəfiyyuddin sezərək onun tərbiyəsinə xüsusi diqqət yetirir. Artıq şair kimi tanınmağa başlayan İbrahim Şirvanşahın sarayına dəvət olunur.

"Söz xaqanı" romanında İbrahimin on səkkiz yaşında saraya gəlişindən sonrakı həyat yolu ardıcıllıqla qələmə alınmışdır. Sarayda onun qəzəllərindən məmnun qalan Şirvanşah Mənuçöhr "Həqayiqi" təxəllüsü ilə tanınan gənc şairə "Xaqani" təxəllüsünü verir.

Əsərin başlanğıcında İbrahim Əfzələddin - Xaqani ilə onu saraya yola salan əmisi arasında baş verən dialoqda şairin doğruluğa meyilli xarakteri aydın sezilir. Əmisinin "Şirvanşaha mədhiyyələr yazaraq istedadını göstərəcəksən deyə düşünürəm" sözlərinə cavab olaraq, o belə deyir: "Amma mən, hər halda, haqsız mükafatdan çox, ədalətli cəzanı üstün tuturam. Üstəlik, qılınc adamı ilə qələm adamı arasındakı münasibətlərdə səmimiyyət körpüsünün dayaqları hər an uça bilər... Elə çəyirtkə ilə tısbağa haqqında olan hekayədəki kimi..." Və həqiqətən də, sonralar "qılınc və qələm əhli" arasındakı münasibətlər fərqli istiqamət alır. Saray Xaqaniyə dar gəlir, qəlbi azadlıq istəyir. Boş yerə yazmamışdı: "Azadlıqdan gözəl nemət yoxdur".

Əsərdə Xaqaninin İbn Sinanın fəlsəfəsinə marağı, kamala çatmaq yolundakı sufi axtarışları ardıcıllıqla təsvir olunur, oxucuda Şirvanın ədəbi mühiti haqqında parlaq təsəvvür formalaşır. Xaqaninin ustadı - dövrün "Məliküş-şüəra"sı Əbu Əla Gəncəvi, dostu Fələki Şirvani və saray əhli ilə münasibətləri də şairin xarakterinin açılmasında mühüm rol oynayır. Onun bəzən ətrafdakı insanlara sərt münasibəti, müxtəlif situasiyalara düşməsi və bütün bunların təsirindən necə ruhən sarsılması inandırıcı şəkildə göstərilmişdir.

Romanda Xaqaninin qəzəllərindən yerində və uğurlu şəkildə istifadə edilmişdir. Onun ruhi halı, qəzəllərinin yazılmasına səbəb olan hadisələr uğurla təqdim olunmuş, yəni Xaqaninin xarakteri onun əsərləri vasitəsilə daha aydın dərk olunmuşdur.

Əsərlərində dövrünün sosial problemlərini əks etdirən Xaqani insan qəlbindəki müxtəlif duyğuları dərindən ifadə etmiş, cəmiyyətdəki qüsurları göstərə bilmişdir. Romanı oxuduqca bunu hiss etmək mümkündür. Məsələn:

 

"Mən heç vaxt adımla 

öyünməmiş Xaqaniyəm,

Aclıq və yoxsulluq içindəyəm, 

mən əslində xalqaniyəm."

 

Bu misralarda təcəssüm edən şair obrazını yaradarkən yazıçı yerini düzgün seçmiş və o dövrdə türk dilinə - yəni ana dilinə münasibətin necə olduğunu da dolayısı ilə ifadə etmişdir: "Hə, bax, Olcəcək əsl türkcə addır. Amma çox təəssüf ki, biz Şirvanın mərkəzində hələ də ana dilimizdə yaza və yarada bilmirik..." Fələkinin bu sözləri keçmiş sovet rejimi dövründəki bəzi halları xatırladır, dil saflığı uğrunda mübarizənin daim mövcud olduğunu bir daha xatırladır.

Romanda şairdən ideal qəhrəman obrazı yaradılmamış, onun insan kimi zəif cəhətləri də göstərilmişdir. Xüsusilə, qayınatası Əbu Əla Gəncəvi və həyat yoldaşı ilə olan bəzi səhnələr bunu sübut edir. Xaqaninin həyat yoldaşını və oğlunu itirdiyi dövrdəki psixoloji vəziyyəti, onların vaxtsız ölümü səbəbilə çəkdiyi iztirab oxucunun qəlbini sarsıdır.

"Sözün xaqanı"nda Xaqaninin səfərləri zamanı təsvir olunan mənzərələr vasitəsilə həmin dövrün ictimai mühiti də bədii şəkildə əks olunmuşdur. Bu da romanın başqa bir üstünlüyüdür. Təbiət təsvirlərindən tutmuş, ruh halının dərinliklərinə qədər, incəliklə toxunulan bu əsər oxunaqlılığını məhz bu səbəbdən qazanmışdır.

Xaqani kimi bir şairin bütün xüsusiyyətlərini və həyat yolunu həcmi o qədər də böyük olmayan bir romanda tam şəkildə əks etdirmək əlbəttə ki, çətindir. Buna görə də müəllif bəzən təsvirə, bəzən də məlumatverici təqdimata üstünlük verərək oxucuya daha çox bilik çatdırmağa çalışmışdır. Bu cür kiçik nöqsanlara baxmayaraq, roman Xaqaninin obrazını bütövlükdə canlandıra bilmişdir.

"Söz xaqanı" təkcə oxucunu Xaqaninin həyatı və yaradıcılığı ilə tanış etməklə qalmır, eyni zamanda özbək ədəbiyyatını yeni bir tərcümə əsəri ilə zənginləşdirməsi ilə də sevindiricidir və bu fakt özbək-Azərbaycan ədəbi əlaqələrinin davamlı inkişafından xəbər verir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!