Muxtar Kazımoğlu - tanınmış folklorçu, nüfuzlu ədəbiyyatşünas - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Muxtar Kazım oğlu İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kəndində müəllim ailəsində dünyaya gəlmiş, 1977-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra bir neçə il orta məktəbdə müəllim işləmişdir. 1980-1983-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirən Muxtar Kazımoğlu 1984-cü ildə "Müasir Azərbaycan nəsrində psixologizm" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək qarşısıalınmaz yaradıcılıq eşqilə böyük elmə qədəm qoymuşdur. 

Həmin illərdə Azərbaycanda ədəbi tənqidin (və ümumən ədəbiyyatşünaslığın) ən aktual problemi 60-cı, 70-ci illərdə meydana çıxmış keyfiyyətcə yeni ədəbiyyatın özünəməxsusluqlarını müəyyənləşdirməkdən  ibarət idi ki, burada qəhrəmanların psixoloji yaşantılarının araşdırılmasına maraq  xüsusi əhəmiyyət daşıyırdı. Sosializm realizminin hər cür fərdi düşüncə, əhval- ruhiyyədən məhrum  sxematik "sovet insanı"  obrazlarının yerinə Azərbaycan ədəbiyyatı artıq İ.Hüseynov, İ.Şıxlı, S.Əhmədov, Y.Səmədoğlu, F.Kərimzadə, Anar, Elçin, İ.Məlikzadə, M.Süleymanlı kimi  yazıçıların qələmi ilə həm milli, həm də təbii, həyati qəhrəmanlar yetirmişdi. Və nə qədər paradoksal olsa da, bu yeni qəhrəmanların təmsil etdiyi yeni mənəvi aləmi  ədəbi prosesdən geri qalan ənənəvi ədəbi tənqid həzm edə bilmirdi. Elmi rəhbəri akademik Məmməd Cəfərin, eləcə də Y.Qarayev, A.Hüseynov, A.Hacıyev, A.Məmmədov, K.Vəliyev, K.Abdullayev kimi müasir dünyagörüşlü ədəbiyyat tənqidçilərinin sırasına qoşulan Muxtar Kazımoğlu "Psixologizm" araşdırması ilə "yeni ədəbiyyat"ın (və ədəbiyyatşünaslığın) mövqelərinin möhkəmlənməsinə özünəməxsus xidmət göstərmiş oldu ki, 1991-ci ildə nəşr edilən bu əsər yalnız dövrü üçün  deyil, bu gün də bir çox baxımlardan təravətini itirməmişdir. 

...Muxtar Kazımoğlunun "Müasir Azərbaycan nəsrində psixologizm" monoqrafiyası barədə geniş şərhə ehtiyac görməyib bir vacib məqamı xatırlatmaq istəyirəm: bu monoqrafiya ədəbiyyatşünaslığımız tarixində psixologizmə həsr edilmiş ilk sistemli tədqiqat əsəridir. Bu tədqiqatdan sonra bizdə yalnız nəsr üzrə yox, həm də poeziya və dramaturgiya üzrə neçə-neçə yeni tədqiqat əsərləri ortaya çıxdı və həmin tədqiqatlarda, təbii ki, Muxtar Kazımoğlunun nəzəri mülahizələri istiqamətverici rol oynadı.

 

Muxtar Kazımoğlunun ilk ciddi elmi-tədqiqat işində folklora xüsusi yer ayırması, yeni nəsrdə "xalq təfəkkürü ilə  bağlı" məqamlar aşkarlaması və "xalq yaradıcılığında müsbətlə mənfini, təsdiqlə inkarı, həyatla ölümü özündə qovuşduran obrazlar müasir hekayə, povest və romanlarda mürəkkəb təbiətli xarakterlərin qələmə alınması üçün bir örnəyə çevrilir" qənaətinə gəlməsi, bir tərəfdən, müasir ədəbi prosesin hərtərəfli ədəbi-tənqidi interpretasiyasına cəhd  kimi maraq doğurursa, digər tərəfdən, müəllifin yaradıcılıq tərcümeyi-halında yeni (və kifayət qədər  strateji) bir dövrün əsasını qoymuş olur.

Muxtar Kazımoğlu aspiranturanı  bitirdikdən sonra on il (1983-1992-ci illər) Nizami adına  Ədəbiyyat İnstitutunda yeni yaranmış Mifologiya şöbəsində kiçik elmi işçi, elmi  işçi və böyük elmi işçi vəzifələrində çalışmış, 1992-ci ildən 2000- ci ilə qədər isə "Yazıçı" nəşriyyatının baş redaktoru olmuşdur. Bu isə o deməkdir ki, həyat gənc tədqiqatçı qarşısında özünü ədəbiyyatın müxtəlif cəbhələrində sınamaq üçün yollar açırdı.

 

***

Muxtar Kazımoğlu yeni əsrin və yeni minilliyin ilk illərində apardığı ardıcıl  araşdırmalarının yekunu olaraq 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Əgər namizədlik dissertasiyasında ədəbiyyat nəzəriyyəsi  əsas, folklorşünaslıq isə yardımçı idisə, doktorluq işində mif, folklor materialı önə  çıxır, ancaq nəzəriyyə də  öz yeni kontekstində geri qalmır. Və ümumiyyətlə, ədəbiyyat haqqındakı elmin hansı sahəsinə müraciət edirsə-etsin, Muxtar Kazımoğlunun əsərlərində elmi- nəzəri (və metodoloji) aspekt  həmişə qabarıq görünür.

Azərbaycan folklorunda gülüşü hansı səviyyədə araşdırdığını Muxtar Kazımoğlunun  ən azı üç monoqrafiyası bütün təfərrüatı ilə nümayiş etdirir ki,  onlardan birincisi, "Gülüşün arxaik kökləri" (2005), ikincisi, "Xalq gülüşünün poetikası" (2006), üçüncüsü isə, "Folklorda obrazın ikiləşməsi" (2011)dir.

"Gülüşün arxaik kökləri" ilk baxışda eyni mövzunun müxtəlif tərəflərini ehtiva edən məqalələr və ya oçerklər toplusunu xatırlatsa da, müəllifin həmin mövzuya münasibətdəki nəzər nöqtəsinin və ya baxış bucağının strateji fundamentallığı kitaba monoqrafik məzmun-mündərəcə verir.

"Terminlərdən irəli gələn çətinliklər" adlı giriş oçerkində ədəbi-estetik kateqoriya kimi gülüşün bir sıra növlərinin xalq yaradıcılığında ciddi terminoloji əsaslarla fərqləndirilməsi problemlərinə toxunulur. Yazılı ədəbiyyatdakı "satirik (öldürücü) gülüş" və "yumoristik (mərhəmət doğurucu) gülüş" anlayışlarının kəskin qarşıdurmasının folklor üçün səciyyəvi olmadığına (və folklorşünaslıqda həmin terminlərdən bu mənada gen-bol istifadənin elmi prinsiplərlə bir araya sığmadığına) diqqət çəkən araşdırıcı onu da qeyd edir ki, "əgər bədii gülüş əsasında yaranan folklor nümunəsinin ictimai məzmun daşıdığını qəbul ediriksə, onda həmin nümunənin komik nümunə adlandırılmasına da təbii baxmalıyıq".

 

Zəngin xalq yaradıcılığı mətnlərinə, eləcə də V.Y.Propp, M.M.Baxtin, A.Y.Quryeviç, B.Ögəl, M.Seyidov kimi mifoloq, folklorşünas və kulturoloqların mülahizələrinə dayanan müəllifin "Gülüşün magik mahiyyəti" oçerkində bir sıra konkret suallar qoyub onlara arqumentli cavablar verməsi, əlbəttə, onun ilk növbədə, intellektual erudisiyasının, ikinci növbədə isə, mətnə həssaslığının nəticəsidir. Gülüşün günəş, işıq, od, xeyirxahlıq "mənşəyi"nə diqqət çəkdikdən sonra məqalə belə bir doğru qənaətlə yekunlaşır ki, "şərə məxsus gülüş folklorda aparıcı yer tuta bilmir, gülüşün demonik varlıqlar əlində magik təsir vasitəsinə çevrilməsini folklor üçün səciyyəvi cəhət hesab etmək olmur". Heç şübhəsiz, "Folklorda gülüşün bəzi ümumi məsələləri" oçerki də metodoloji mahiyyət daşıyır. 

...Kitaba daxil olan "Nağıllarda komik qarşıdurma", "Dərvişlər: sehrkarlıq və oyunbazlıq", "Qorqud, Burkut və bəktaşi", "Qızıl saçlı qəhrəman və keçəl", "Dədə Qorqud kitabı"nda dəli obrazı", "Koroğlu" eposunda dəli obrazı", "Koroğlu və Keçəl Həmzə" məqalə-oçerklərində gülüşün bu və ya digər janrla bağlı təzahür texnologiyaları təhlildən keçirilir. 

"Gülüşün arxaik kökləri"nin hər bir məqalə-oçerkində sözügedən ideya-estetik "köklər" Azərbaycan folklorunun verdiyi zəngin (və tarixin sınağından keçmiş mükəmməl) materialın, faktların həm görünən, zahiri (ekzoterik), həm də daxili, batini (ezoterik) tərəflərilə öyrənilir. Və kitabın müxtəsər Ön sözünün  müəllifi professor Kamran Əliyevin belə bir fikri ilə razılaşmamaq mümkün deyil ki, "M.Kazımoğlu istər gülüşün mənbəyindən (arxaik köklərindən!), istər gülüşün  strukturundan (poetikasından!), istərsə də gülüşün  mahiyyətindən (fəlsəfəsindən!) yazanda gülüşün həyatvericilik funksiyasını əsas müddəa kimi götürür. Bu cəhət onun tədqiqatlarının özünə də həyatvericilik gücü bəxş edir və bu  tədqiqatlar yeni,  orijinal araşdırmaların yaranmasına təkan verir"...

"Xalq gülüşünün poetikası" müəllifi Azərbaycan folklorunun gülüş qəhrəmanlarının xarakterlərini təhlil edərkən bu xarakterlərin "ziddiyyətli bütövlüyü"nə xüsusə diqqət  yetirir.  "Kosa erotik gücünü tüksüzlük (xədimlik), təkə erkəkliyini axtalıq maskası arxasında gizlətdiyi kimi, keçəl də bahadırlığını məhrumiyyət, gözəlliyini çirkinlik maskası arxasında gizlədir" kimi ümumi bir qanunauyğunluq müəyyən etdikdən sonra həmin qanunauyğunluğun sosial-estetik hüdudları aşıb sosial-inzibati iddialara düşdüyünü də qeyd edir:

"Dar mənada təlxək saray xidmətçilərindən birinin adıdır. Bu xidmətçinin üzdə görünən əsas işi hökmdarı əyləndirməkdən, qanının qara vaxtlarında hökmdarın eynini açmaqdan  ibarətdir. Təlxəyin alt qatdakı funksiyası isə hökmdar donuna girib bədxah ruhların diqqətini özünə cəlb etmək və hökmdara gələcək bəlanı bu yolla sovuşdurmaqdır. Bu funksiyasına görə təlxək obrazı müxtəlif xalqların qədim  mərasimlərində özünü göstərən müvəqqəti (uydurma) hökmdar obrazı ilə səsləşir".

 

..."Dədə Qorqud" və "Koroğlu" eposları, eləcə də folklorumuzun bir çox başqa nümunələri üzərindəki müşahidələrdən aydın olur ki, komizm mətnin məzmununa və qəhrəmanın strukturuna əsaslı təsir göstərir. Gülüş folklor mətnində təsvir edilən ən qeyri-adi predmeti, obrazlı desək, göylərdən yerə endirib insana yaxınlaşdırır, ifrat ideallaşdırmanın  qarşısını almaqla mətnə məna  əlvanlığı gətirir".  

"Folklorda obrazın ikiləşməsi" monoqrafiyası, əgər belə demək mümkünsə, Muxtar Kazımoğlunun Azərbaycan xalq gülüşünə həsr olunmuş trilogiyasının üçüncü kitabıdır ki, əvvəl əsərlərində ara-sıra toxunduğu mövzunu burada daha əsaslı, hətta demək olar ki, fundamental şəkildə işləmişdir.

"Folklor nümunəsində hər hansı bir obrazın xeyir və şər qütblərini birləşdirməsi, özündə həm müsbət, həm də mənfi cəhətləri ehtiva etməsi" faktından çıxış edən tədqiqatçı göstərir ki, "məsələ xeyir-şər yerdəyişməsi ilə də bitmir. Xeyiri, yaxud şəri təmsil etməsindən, mənfi, yaxud müsbətliyindən asılı olmayaraq, müxtəlif obrazların folklorda tez-tez paralellik yaratmasının şahidi oluruq".

İkiləşmənin genatipologiyasına nüfuz edilməsi də tamamilə təbii olub tədqiqatçının istənilən məsələni məhz təfsilatı ilə həll etmək marağından (və üslubundan!) irəli gəlir:

"Bir-birini tamamlayan müsbət obrazlarda və bir-birini tamamlayan mənfi obrazlarda ikiləşmə axtarmaq, bir obrazı ona yaxın olan başqa obrazın "ikinci nüsxəsi" hesab etmək, yəqin ki, mübahisə doğurmaz. Amma əks qütblərdə dayanan obrazlardan birini o birinin "ikinci nüsxəsi" hesab etmək ilk baxışda şübhə doğura bilər. Şübhəni dağıtmağın yolu arxaik qatlara enmək, ilkin mənbəni nəzərə almaqdır. "Arxaik qatlara enməyin nəticəsidir ki, Muxtar Kazımoğlu ikiləşmənin mif və folklorda bir sistem yaratması qənaətini irəli sürür. Qəhrəman və onun əvəzedicisi, qəhrəman və yalançı qəhrəman, hökmdar və təlxək, doğru və yalan, ağıllı və axmaq, taraz və nataraz və s. kimi nümunələrdə öz təsdiqini tapan poetik sistemi ardıcıl şəkildə araşdırmaqla Muxtar Kazımoğlu Azərbaycan folklorşünaslığında yeni Söz demiş olur, yeni tədqiqatlara yol açır.

Muxtar Kazımoğlunun elmi üslubu, təhkiyəsi (və texnikası) üçün səciyyəvi olan çox mühüm bir cəhət ikiləşmə problemi ilə bağlı mühakimələrdə özünü  göstərir. Ən dərin mətləbləri belə, mümkün qədər ən sadə anlayışlarla, hökmlərlə, əqli nəticələrlə şərh etmək, əslində bizim Firidun bəy Köçərlidən başlayıb, Məmməd Cəfər, Məmməd Arif, Mir Cəlal, Məmməd Hüseyn Təhmasib, Əli Sultanlı, Həmid Araslı... kimi  mütəfəkkir araşdırıcılarda kamilləşən milli ədəbiyyatşünaslıq məktəbimizdən gəlir və Muxtar Kazımoğlu bu gün həmin məktəbin ən sədaqətli (və nüfuzlu) nümayəndələrindən biridir.

Muxtar Kazımoğlunun yazılı ədəbiyyata baş vurub bu ədəbiyyatın folklordan gələn strateji ideya-estetik motivlərini aşkarlaması və nəticə etibarilə, ənənəvi qarşıdurmada (şifahi ədəbiyyat-yazılı ədəbiyyat) yeni bir "paralellik" kəşf etməsi ilə əlamətdardır. Hüseyn Cavidin İblis və Mələyi, Cəlil Məmmədquluzadənin  ölüləri və diriləri, ağıllıları və dəliləri yazılı ədəbiyyat mövqeyindən hər nə qədər geniş təhlil olunsa da, Muxtar Kazımoğlu göstərdi ki, xüsusilə, məsələnin mənşəyini doğru-düzgün təsəvvür etmək üçün folklorşünaslığın mövqeyi ilə də hesablaşmaq lazımdır.

Heç bir tərəddüd etmədən demək mümkündür ki, ümumi şəkildə toxunduğumuz hər üç monoqrafiya (trilogiya) Azərbaycan xalq yaradıcılığının genezisinin, strukturunun və funksional imkanlarının tədqiqi sahəsində XXI əsrin  əvvəllərində görülmüş elə işlərdəndir ki, bir tərəfdən, özünəqədərki araşdırmaların ən mühüm uğurlarını ehtiva edirsə, digər tərəfdən, gələcək araşdırmaların perspektivlərinə gur işıq salır.

 

***

Muxtar Kazımoğlu 2000-ci illərin əvvəllərindən - AMEA "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzində böyük elmi işçi, Mərkəz 2003-cü ildə Folklor İnstitutuna çevrildikdən sonra isə Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi  vəzifələrində çalışmaqla araşdırmalarını davam etdirmiş, 2011-ci ildə isə Folklor İnstitutunun direktoru seçilmişdir.

Əlbəttə, hər bir həqiqi elm adamı üçün çox böyük nailiyyət olan bu vəzifə kifayət qədər enerjili tədqiqatçının  qarşısında yeni fəaliyyət imkanları açmışdır. Xüsusilə, folklorun toplanması, tərtibi və  nəşri ilə ardıcıl məşğul olan alim "Bu yurd bayquşa qalmaz" (1995), "Zəngəzur folkloru"ndan (2005) sonra "Şərur folklor örnəkləri" (2016), "Gədəbəy folklor örnəkləri" (2016), 10 cildlik "Qarabağ: folklor da bir tarixdir" (2012-2017),  16 cildlik "Güney Azərbaycan folkloru" (2013-2024) və 4 cildlik "Qərbi Azərbaycan folkloru" (2023-2024) toplularının həm layihə rəhbəri, həm də tərtibçilərindən biri kimi tarixi işlərə imza atmışdır. Müasir  texniki vasitələrlə, dünya standartlarına uyğun şəkildə toplanan və çap olunan materiallar Azərbaycan folklorunun yeni əsaslarla öyrənilməsində əvəzsiz qaynaq rolu oynamışdır ki, son illərdə müdafiə olunan onlarla  dissertasiya işləri, monoqrafiya və məqalələr bunu təsdiq edir. Və Qarabağdan toplanmış 30-a yaxın nağıl süjetinin beynəlxalq Aarne-Tompson nağıl kataloqunda qarşılılığının  olmaması göstərir ki, 2011-ci ildən başlayaraq Folklor İnstitutunun gördüyü işlər yalnız ölkə yox, həm də dünya əhəmiyyətlidir.

 

Muxtar Kazımoğlu 2011-2019-cu illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzində) Ədəbiyyat fənni üzrə Elmi- metodiki seminarın rəhbəri və Ekspert şurasının sədri olmuşdur. 2012-ci ildən 2017-ci ilə qədər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, 2017-2023-cü illərdə isə eyni zamanda həmin şuranın sədri kimi fəaliyyət göstərmişdir. Və bu məsuliyyətli işlərin hər birində o yüksək elmi-intellektual imkanlarını, idarəçilik istedadını və mədəni səviyyəsini nümayiş etdirmişdir.

Azərbaycan şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın "paralel" tədqiqi Muxtar Kazımoğlunun monoqrafik tutumlu iki kitabının birbaşa mövzusudur ki, onlardan birincisi, "Epos. Nəsr. Problemlər" (2012), ikincisi,  "Sənət qayğıları"dır. (2015)

Birinci kitabın birinci bölməsi eposa, ikinci bölməsi nəsrə həsr olunmuşdur.

Birinci bölmədə, əsasən, "Dədə Qorqud" və "Koroğlu" eposlarından söhbət gedir. "Dədə Qorqud"da gülüş kultu və obrazın  ikiləşməsi məsələsindən danışan müəllif eposda müqəddəs adam kimi qəbul edilən Dədə Qorqudun özünə münasibətdə belə, gülüş amilindən imtina edilməməsini  misal çəkir. Və yazır:

"Dədə Qorqud və Dəli Qarcar əhvalatı məhz ağıllı ilə dəli qarşılaşmasıdır. Bu qarşılaşmanın "Dədə Qorqud" eposu üçün nə qədər səciyyəvi olduğunu məşhur Əzrayıl və Dəli Domrul əhvalatından da görürük". Özünün tamamilə doğru olan tezisini daha dərindən əsaslandırmaq məqsədi (artıq qeyd etdiyimiz kimi, bu, Muxtar Kazımoğlunun elmi təhkiyəsini keyfiyyətcə səciyyələndirən cəhdlərdəndir) ilə məhsuldar müqayisələr aparır:

"Dəli Domruldan fərqli olaraq, Dəli Qarcarı dünyadan bixəbər adam saymaq çətindir. Dəli Domrul Əzrayılı tanımadığı halda, Dəli Qarcar Oğuzda  yaşayan bir adam kimi, çox güman ki,  Dədə Qorqudu tanıyır və onun bir övliya olduğunu çox yaxşı bilir".

 

Mümkün (və mühüm) müqayisələrin meydanı genişləndirilir:

"Dədə Qorqud - Dəli Qarcar əhvalatı eposda ağıllı və dəli münasibəti üzərində qurulan bir oyundur. Bu oyun yalnız dəli Qarcarın "anormallıq" etməsi hesabına yox, həm də Dədə Qorqudun yaratdığı imkan və şərait hesabına baş tutur...  Dədə Qorqud Dəli Qarcarın normadan kənara çıxan və gülüş doğuran hərəkətlərinə rəvac verirsə, demək, bu barədə ciddi düşünmək,  Dədə Qorqudun  oyundaşlığına xüsusi diqqət yetirmək lazımdır".

Sözügedən oyundaşlığa xüsusi diqqət yetirən və bu barədə ciddi düşünən tədqiqatçı epos yaradıcılığı (ümumən folklor) üçün son dərəcə səciyyəvi olan, ancaq özünəqədərki araşdırmalarda heç də bu qədər dərin təhlilə  cəlb edilməyən məsələlərə aydınlıq gətirir:

"...Gücün bir göstəricisi vuran qoldursa, bir göstəricisi də ağıldır, kələkdir. "Dədə Qorqud" eposunda ağılın ən böyük təmsilçisi Qorqud Ata olduğuna görə yumoristik kələkbazlığı bu obrazda da axtarmalı oluruq... Məsələn,  başlıq yerinə başqa şeylərlə bərabər, min birə də istəyib işi düyünə salmaq fikrində olan Dəli Qarcara kələk gəlmək Dədə Qorquddan ötrü asan bir işdir... amma Dədə Qorqud bu addımı atmaq əvəzinə, Dəli Domrulla, necə deyərlər, qovdu-qaçdı oyunu oynamağı qabaqcadan planlaşdırır... Qovdu-qaçdı oyununun ən  gərgin anı belə, növbəti məzəli sərgüzəştlərə təkan verir... Ozanın inamına görə, Dədə Qorqudun öyüd-nəsihəti nə qədər  vacibdirsə, Dədə Qorqudun məzəli sərgüzəştləri də bir o qədər vacib və əhəmiyyətlidir".

Eposda Qorqud Atanın "yalnız müdrik ağsaqqal yox, həm də bir trikster (oyunbaz, kələkbaz - N.C.) şəklində" təcəssümünü xalq yaradıcılığı obrazının həm məzmun, həm də strukturca bütövlüyü kimi dəyərləndirən müəllif,  məsələyə, son zamanlar dəbdə olan semiotik planda yanaşsaq, sadəcə, semantik interpretasiya verməklə kifayətlənmir, Qorqud Atanın ikiləşməsinin Beyrək-Banuçiçək, eləcə də Qanturalı-Selcan xatun  süjetləri ilə sintaktik əlaqəsini də kəşf edir. 

 

Əkizlər mifinə əsaslanan tədqiqatçı Basat - Təpəgöz, Bamsı Beyrək - Yalançı oğlu Yalıncıq, Qazan xan - Alp Aruz və nəhayət, daha geniş miqyasda İç Oğuz - Dış Oğuz "ekizliyi"nin genetik təfərrüatlarına varanda da, "Dədə Qorqud" eposunun struktur-semantik analizinə ciddi töhfələr vermiş olur. Və eyni mövzunun fərqli tərəfləri ilə Azərbaycan nağıllarının zəngin materialları zəminində araşdırılmasına (söhbət "Yalançı qəhrəman" oçerkindən gedir) gəldikdə isə, bu, bir tərəfdən, xalq yaradıcılığının ideya-məzmun etibarilə bütövlüyünü, digər tərəfdən, obrazyaratma texnologiyalarının müəyyən bir sxem-model əsasında qurulduğunu təsdiq etmək baxımından çox əhəmiyyətlidir.

"Epos. Nəsr. Problemlər" kitabında Muxtar Kazımoğlunun xüsusi diqqət yetirdiyi məsələlər sırasında "Koroğlu" dastanının tərtibi məsələsi də var. İnsaf naminə etiraf etmək lazımdır ki, M.H.Təhmasib "Koroğlu" eposunun müxtəlif variantları əsasında  nümunəvi bir mətnin tərtibində təqdirəlayiq işlər görmüşdür. Bununla belə, hər kəsə məlumdur ki, Vəli Xuluflu və Hümmət Əlizadə kimi M.H.Təhmasib də həm obyektiv, həm də subyektiv səbəblərdən "Koroğlu"nu tələb olunan səviyyədə yazıya ala bilməmişdir. Son orta  əsrlərdə (bəzi gümanlara görə, hətta daha əvvəllər) yazıya köçürülmüş "Dədə Qorqud"la müqayisədə, "Koroğlu"nun bu baxımdan geri qaldığını da iddia etmək olar. Bu cür mülahizələri nəzərə alan Muxtar Kazımoğlu yeni "Koroğlu" nəşrlərinə ehtiyac duyulduğunu xatırladır, ancaq dərhal da bu cür cəhdlərin nə ilə nəticələnəcəyi barədə bəri başdan fikir söyləməyin mümkün olmayacağını bildirir:

"...Yeni tərtib arzusunda olan folklorşünasın başlıca işi əsl söyləyiciləri - koroğluxanları arayıb tapmaq, eposun qollarını ayrı-ayrılıqda canlı ifadan necə var, o şəkildə qələmə almaq, qələmə alınanı xüsusi əlaqələndirmə qayğısına qalmadan bütün təbiiliyi ilə nəşr edib oxucuya çatdırmaqdır.

 

Amma qarşıya bir sual da çıxır: bütün bu şərtlər əsasında ortaya  çıxan "Koroğlu" oxucu üçün M.H.Təhmasib "Koroğlu"sundan daha maraqlı olacaqmı? Allah bilir..."

Əlbəttə, canlı ifaları lentə köçürmək, folklor mətnlərinin nəşrinin müasir prinsiplərinə əməl etməklə yazıya almaq (eyni zamanda görülmüş işlərin tarixi  təcrübəsindən də imtina etməmək) hər halda öz səmərəsini verməlidir. Çünki "Koroğlu" Azərbaycanın həm şimalında, həm cənubunda, həm də  qərbində (Şərqi Anadolu da daxil olmaqla) hələ öz yaradıcılıq potensialını, canlı ifa maneralarını heç də tamamilə itirməmişdir. Bunu da xüsusi qeyd etməliyik ki, Azərbaycan "Koroğlu"su Türkiyə və Türkmənistan "Koroğlu"larından müqayisə edilməyəcək qədər mükəmməl əsərdir. Və həmin mükəmməlliyin əsas göstəricisi Azərbaycan eposunun mənsub olduğu xalqın milli İntibah  ideallarının bilavasitə ifadəsi olaraq meydana çıxmasıdır. Odur ki, Azərbaycan "Koroğlu"su "Dədə Qorqud" qədər dərindən  öyrənilmədikcə azərbaycanşünaslığın bir sıra ciddi məsələləri cavabsız suallar doğuracaqdır.

"Epos. Nəsr. Problemlər"in ikinci bölməsi çağdaş Azərbaycan nəsrində  daxili monoloq mövzusundan başlayıb elmi-texniki tərəqqinin nəsrə təsirinə keçir, sonda isə çağdaş nəsrin folklordan nələri əxz etdiyi nəzərdən keçirilir ki, həmin mövzular, əsas etibarilə, müəllifin "Müasir Azərbaycan nəsrində psixologizm" tədqiqatlarını apardığı illərdən gəlir.

 

"Sənət qayğıları" kitabının şifahi söz sənəti ilə bağlı bölməsində  "Oyunlar və ayinlər" araşdırması xüsusi olaraq diqqəti cəlb edir. "Şifahi ənənəyə əsaslanan xalq oyunları və meydan tamaşalarını təsnif edərkən folklorşünaslar nə qədər fərqli mövqelərdə dayansalar da, bir məsələdə onların fikirləri üst-üstə  düşür. Bu məsələ xalq oyunları və meydan tamaşalarının ayin və mərasimlərlə bağlılığı məsələsidir" tezisindən çıxış edən müəllif toplanması, sistemləşdirilməsi və araşdırılması işinə bilavasitə rəhbərlik etdiyi Qarabağ folklorunun materialları (buraya "Kaftar", "Qazlar-qazlar", "Ana, məni Qurda vermə", "Qızqaçırma", "Cəhribəyim", "Padşahbəzəmə" və s. oyunlar, eləcə də Məhərrəmliklə bağlı bir sıra ayinlər, rituallar daxildir) əsasında belə bir qənaətə  gəlir ki, "xaosdan kosmosa keçid  prosesində mühüm yer tutan oyunların... başlıca funksiyası cəmiyyətin yenidən doğulmasına mifoloji zəmin yaratmaqdan ibarətdir". Və Azərbaycanın müxtəlif  regionlarında, o cümlədən də, Qarabağda ictimai  həyata bu cür fəal etnoqrafik münasibəti şərtləndirənsə odur ki, islam dini hər nə qədər hökm-fərma olsa da, daha qədim dövrlərə aid mifoloji təsəvvürlər öz müqavimət (və rəsmi inam texnologiyalarına şərik çıxmaq) enerjisini hələ itirməmişdir. 

 

***

Muxtar  Kazımoğlunun böyük qələm adamı olaraq istedadının çox maraqlı məhsullarından biri də ədəbi portretlərdir ki, onların əksəriyyəti "Portretlər" (2013) kitabında toplanmışdır. Klassiklərdən M.V.Vidadi ilə M.P.Vaqif, H.Cavid, C.Məmmədquluzadə, müasirlərdən Məmməd Cəfər, İsa Həbibbəyli, Qəzənfər Paşayev, Kamran Əliyev, Nizami Cəfərov  haqqındakı yazılar müəllifin təkcə geniş elmi  erudisiyasını əks etdirməklə qalmır, xüsusilə həmkarlarına münasibətdə onun eyni dərəcədə geniş ürəyi barədə təsəvvür yaradır. Və  elmi erudisiya ilə yanaşı, həmin səmimi münasibətin nəticəsidir  ki,  alimin 60 illiyi günlərində ona həsr olunmuş "Yol və söz" kitabı işıq üzü görmüşdür. Bəkir Nəbiyev, İsa Həbibbəyli, Azad Nəbiyev, Qəzənfər Paşayev, Paşa Əfəndiyev, Yavuz Axundlu,  Kamran Əliyev, Valeh Hacılar, Ramazan Qafarlı, Seyfəddin Rzasoy, Arif Əmrahoğlu, Paşa Əlioğlu, Xanəli Kərimli, Nail Tan, Oruc Əliyev, Ağaverdi Xəlil və Əziz Ələkbərlinin görkəmli ədəbiyyatşünasın ayrı-ayrı əsərləri, elmi ümumiləşdirmələri, kəşfləri barədə  söylədikləri dəyərli mülahizələr ilə yanaşı, bu kitabda Muxtar Kazımoğlunun ədəbi portretləri də canlandırılır. 

Muxtar Kazımoğlu həmişə ilk növbədə, tədqiqatçı - elm adamı olmuş, digər missiyaları isə bundan sonra gəlmişdir. Bununla belə o heç bir missiyasına laqeyd münasibət göstərməmiş, hər birini ləyaqətlə  yerinə yetirməyə çalışmışdır. Və "Söz haqqında söz" (2020) kitabı bu baxımdan bir "hesabat",  yaxud "manifest" dəyərindədir. "Dövlətçilik düşüncəsini tarix, fəlsəfə, sosiologiya, politologiya kimi  elm sahələri üzrə öyrənmək nə qədər vacibdirsə, folklorşünaslıq üzrə öyrənmək də bir o qədər vacibdir", deyən müəllif əmindir ki, "hökmdar kultu ilə, hakimiyyət simvolları ilə, dövlətçiliyə daxil olan digər amillərlə bağlı motivlərin mif, əfsanə, rəvayət, nağıl, dastan, lətifə, atalar sözü, məsəl, bayatı... kimi folklor janrlarında necə əks olunması başqa mütəxəssisləri az maraqlandırdığı halda, folklor və dövlətçilikdən bəhs edən folklorşünasın diqqət mərkəzində dayanır".

 

"Dədə Qorqud"dakı Oğuz eli barədə təsəvvür yaradıldıqdan sonra xalq  təfəkküründəki "vətən" anlayışının təkamülü izlənilir, "Koroğlu"dakı  Çənlibelin "həm də bir dövlət rəmzi" olduğu qeyd edilir. Türklərdəki hökmdar kultu, ordunun məhz könüllülük əsasında yaradılması kimi mətləblərə toxunulur. Kitabın  "Dövlətçilik düşüncəsi və folklor" adlı oçerk-uvertürası belə bir nəticə  ilə başa çatır ki, folklor dövlətçiliyi ideallaşdırır. "Milli mədəniyyət mücadiləsinin ibrət dərsləri" mövzusuna həsr olunmuş ikinci oçerk ideya-məzmunca birincinin davamı olub, XIX əsrin əvvəllərindən XX əsrin  30-cu illərinə qədərki  etnik özünüdərk (və milli özünütəsdiq)  dövrlərində folklorşünaslıq araşdırmalarının ictimai şüura təsirinin hüdudlarını müəyyən edir. Əmin Abiddən bəhs edən "Unudulmaz ədəbiyyatşünasın unudulması", eləcə də "Məmmədhüseyn Təhmasib və folklorumuzun ağrılı nöqtələri" də,  prinsip etibarilə həmin mövzunu davam etdirir ki, bu yazılarda müəllifin ölkədə folklorşünas araşdırmalarına rəhbərlik missiyasından irəli gələn alim-vətəndaş məsuliyyəti (və cavabdehliyi!)  dərindən əks olunur.

"Şifahi və yazılı ədəbiyyatımızda demonizm", "Dədə Qorqud" boylarında bəzi qaranlıq məqamlar" və "Nizami qəhrəmanlarının dialoji mahiyyəti" oçerkləri müəllifin elmi-akademik marağının yeni səviyyələrə yüksəldiyini, yeni axtarış üfüqlərinə çıxdığını sübut edirsə, "Dilimiz, nitqimiz və qayğılarımız" məqaləsi ədəbi dillə bağlı ziyalı rahatsızlığının ifadəsidir. 

Kamal Abdulla ilə Rafiq Əliyevin 2022-ci ildə "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" mövzusunda birgə dialoq-yazıları, doğrudan da, L.Zadə məntiqinin bir sıra digər elm sahələri kimi, ədəbiyyatşünaslığa da tətbiqini stimullaşdırdı. Və həmin yazıların müzakirələrində fəal iştirak edən Muxtar Kazımoğlu  öz tədqiqatlarına L.Zadə məntiqinin gözü ilə baxmağa ehtiyac duyaraq "Epos qəhrəmanlarında qeyri-səlislik" (2023) monoqrafiyasını ərsəyə gətirdi. Kamal Abdulla ilə Rafiq Əliyevin "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" (2023) kitabından  sonra bu əsər, heç şübhəsiz, L.Zadə məntiqinin Azərbaycan  eposundakı təzahürünü adekvat (və zəngin) nümunələrlə ortaya çıxaran ikinci ən uğurlu araşdırmadır.

 

Əlbəttə, Muxtar Kazımoğlunun görkəmli ədəbiyyatşünas olaraq  elmi-nəzəri düşüncələrinə geniş miqyas verən bir də odur ki, şifahi ədəbiyyatla yazılı ədəbiyyatı bütün yaradıcılığı boyu vəhdətdə almış, milli ədəbiyyatımızın hər iki qolunu  qarşılıqlı əlaqədə tədqiq etmiş, bu əlaqələrin (və vəhdətin) tarixi təkamüldə  həm şifahi, həm də yazılı ədəbiyyatın məhz özünəməxsusluqları zəminində təzahürü prinsipindən çıxış etmişdir.      

"Özünəməxsusluq" prinsipindən çıxış etmək Muxtar Kazımoğlunun bu il çap olunan "Şifahi sənət və yazılı ədəbiyyat" kitabında da aparıcı xətt və ideya istiqamətidir.

Yeni kitabı ilə Muxtar Kazımoğlu folklor və yazılı ədəbiyyatın ən mürəkkəb məsələlərinin öyrənilməsi sahəsində xüsusi Söz sahibi olduğuna öz oxucularını bir daha inandıra bilir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!