"Öləndən sonra məni torpaqda yox,
insanların qəlbində axtarın"
Cəlaləddin Rumi
...Fevral ayının 22-sində yayılan məşum bir xəbər məni çox sarsıtdı. Bu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Xoreoqrafiya Akademiyasında Tədris və Tərbiyə işləri üzrə prorektor işləmiş, professor, Əməkdar incəsənət xadimi, "Sənətkar" medallı, tanınmış pedaqoq, cəfakeş teatrşünas Rafiq Kərim oğlu Sadıqovun vəfatı xəbəri idi. Qəfil eşitdiyim xəbər məni nə qədər sarsıtmışdısa, vaxtilə onun tələbəsi olmuş yüzlərlə aktyoru, rejissoru, rəssamı, operatoru, kulturoloqu, balet ustasını, Rafiq müəllimlə çiyin-çiyinə çalışmış müəllimləri də eyni dərəcədə məyus etmişdi.
Etiraf edim ki, bu acı xəbəri eşidən andan, Rafiq müəllimlə bağlı xatirələrimi yazmaq fikrində olsam da, bir qədər tərəddüd edirdim. Düşünürdüm ki, belə yazını Rafiq müəllimlə illərdir çiyin-çiyinə çalışan həmkarları, saysız tələbələri, mədəniyyət və incəsənət xadimləri yazsalar (təbii ki, yazmamış deyillər), daha təsirli və qüvvətli alınar. Lakin əziz dostum, bəstəkar-oranjimançı Namiq Zeynalovun mənə zəng edərək, söylədiyi təklifi fikrimi tam qətiyyətləşdirdi: "Anar, İncəsənət Universitetində əziz müəllimim olmuş, ailə üzvləri, xüsusən, kürəkəni ilə yaxın dostluq münasibətində olduğum əziz Rafiq müəllimlə bağlı bir kiçikhəcmli film, xatirə roliki yığmağı düşünürəm və istəyirəm ki, ssenarisini sən yazasan. Yaxşı olardı ki, 40 mərasiminə (martın 31-nə) çatdıraq".
Texniki işlərin xeyli vaxt aparacağını bildiyimdən, elə o andan bu təklifin üzərində işləməyə başladım. İlk yaranan isə onun xatirəsinə ünvanlanan şeir oldu.
Lakin xatirələrimi dəyərli oxucularla bölüşməzdən əvvəl, istərdim bu ziyalı insanın tərcümeyi-halına qısa da olsa nəzər salaq.
Rafiq Sadıqov 1948-ci ilin iyul ayının 4-də Bakının Xırdalan qəsəbəsində anadan olub. 1965-1970-ci illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində, paralel olaraq Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfində təhsil alıb (1967-1971). 1975-1978-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunun aspiranturasında oxumuş və uğurla dissertasiya müdafiə edərək sənətşünaslıq elmləri namizədi olmuşdur.
Bakıya qayıtdıqdan sonra bütün şüurlu ömrünü pedaqoji fəaliyyətə bağlayaraq Mədəniyyət və İncəsənət Universitetində, son illər Xoreoqrafiya Akademiyasında müəllim, baş müəllim, dosent, professor olmuş, dekan, tədris və tərbiyə işləri üzrə prorektor işləmişdir. Professor kimi müxtəlif illərdə dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda, nəzəri-təcrübi incəsənət tədbirlərində iştirak etmişdir. Onun rəhbərliyi ilə universitetdə keçirilən elmi konfransların iştirakçısı və bölmə rəhbəri olaraq, elmi-nəzəri, konseptual səciyyəli məruzələrlə çıxış etmişdir.
O, hələ tələbə vaxtlarından, "Kommunist" (indiki "Xalq qəzeti"), "Bakı" və "Baku", "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Ədəbiyyat və incəsənət" qəzetlərində məqalə və resenziyalarla çıxış edib. Universitet tələbələrinin başqa respublikalardakı uğurları barədə silsilə məqalələr yazıb. 1983-cü ildə Moskvada nəşr olunan ali məktəblərarası elmi məqalələr toplusunda onun "İdeya vospitatelnaya rabota so studentami v Azerbaydjanskom Qosudarstvennom İnstitute İskusstv imeni M.A.Alieva" adlı elmi məqaləsi çap edilib. Onun kütləvi informasiya vasitələrində ümummilli lider Heydər Əliyevin və Respublika Prezidenti İlham Əliyevin incəsənətə göstərdiyi qayğı ilə bağlı məqalələri və çıxışları da yaddaqalandır.
Professor Rafiq Sadıqov gənc elmi kadrların hazırlanmasında səmərəli işlər görüb. O, Respublika Təhsil Nazirliyinin keçirdiyi beynəlxalq tədbirlərdə, xüsusilə, Boloniya təhsil sistemi ilə bağlı elmi-nəzəri konfranslarda fəal iştirak edib, təklif və tövsiyələr irəli sürüb.
O, müxtəlif televiziya kanalları ilə yayımlanan "Amfiteatr", "Tərəf müqabili", "Zamanla üz-üzə", "Sarı sim", "Şöhrətə gedən yol", "İncilər" və digər müxtəlif səciyyə, məzmun və formatlı verilişlərin peşəkar və maraqlı qonağı olub. Azərbaycanın xalq artistləri: Həsən Turabov, Mikayıl Mirzə, Əliabbas Qədirov, Lütfi Məmmədbəyov, Amaliya Pənahova, Cənnət Səlimova, Azər Paşa Nemətov, Ağakişi Kazımov, Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, əməkdar incəsənət xadimlərindən: rejissor Vaqif İbrahimoğlu, bəstəkar Vaqif Gərayzadə, xalq rəssamlarından: xalçaçı Kamil Əliyev və boyakar Hüseyn Əliyev, məşhur müğənnilər: Qulu Əsgərov, Rəhilə Cabbarova haqqında məzmunlu və orijinal üslublu portret-oşerklərin müəllifidir.
Rafiq Sadıqov səmərəli pedaqoji və yaradıcılıq fəaliyyətinə görə 2013-cü ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, 2018-ci ildə isə üzvü olduğu Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib...
Mən, Rafiq müəllimi şəxsən tanımadığım vaxtlarda belə, onun haqqında xoş fikirlər eşidirdim. Tanıdığım, əhatəmdə olan insanlar, onun dərs dediyi tələbələri, Azərbaycan Televiziyasında çalışdığım həmkarlarım, xüsusən, görkəmli teatrşünas-tənqidçi, jurnalist, sənətşünaslıq doktoru, professor İlham Rəhimli və digərləri onun haqqında yalnız xoş, ürəkdolusu səmimi sözlər söyləyirdilər. Hər kəs də onun sadəliyindən, xeyirxahlığından, sənət ehtirasından, coşqun yaradıcılıq ruhundan danışırdı. Beləliklə, məndə bu insan haqqında yetərincə müsbət bir insan obrazı formalaşmışdı.
Rafiq müəllimlə şəxsi tanışlığım təxminən, 2000-ci illərin əvvəllərindən başlayıb. Ailələri yaşadığımız həyətdə yeni mənzil almışdılar. Qonşu kimi həyətdə ara-sıra rastlaşaraq, salam-kəlamımız yaranmışdı. O, hər dəfə həyətdə görüşdükdə mehribanlıqla, səmimiyyətlə hal-əhval tutar, işlərimlə və yaradıcılığımla maraqlanardı. Beləliklə, qısa zamanda çox səmimi və isti ünsiyyətimiz yarandı.
Tale elə gətirdi ki, 2006-cı ildə anam, uzun illər Abşeron və Respublika Komsomolunda, Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışmış Şövkət xanım Abdullayeva dünyasını dəyişdi. O vaxtlar təziyə məclisləri əsasən, həyətdə, çadırda verilirdi. Rafiq müəllim hər dəfə anamın təziyə məclislərində iştirak edir, təsəllisini əsirgəmirdi (bu münasibət elə ağrılı günlərimdə qəlbimə xüsusi toxtaxlıq bəxş edirdi). Amma söhbətlərimizin birində mənim üçün də çox maraqlı bir məqam ortaya çıxdı. O, özünəməxsus mehribanlıqla mənə bunları söylədi:
"Anar, mənim tələbəlik dövrüm, ananızın 1960-ci illərdə Abşeron rayon pioner və məktəblilər evində metodist, pioner baş dəstə rəhbəri, müəllim və rayon komsomol komitəsinin katibi işlədiyi dövrlərə təsadüf edir. Mənim musiqi təhsilim var idi, pioner və məktəblilər evində xalq çalğı alətləri ansamblında çıxış edirdim. Şövkət xanımın pioner və məktəblilər evində çalışması bizim kollektivin və həmçinin onun təşəbbüsü ilə yaradılan digər kollektivlərin işində bir canlanma yaradırdı. Mən və mənim yaşıdlarım, hamımız Şövkət xanımı özümüzə doğma bilirdik. Onun gəncliyi, alicənablığı, yüksək mədəniyyəti bizi valeh etmişdi. Hər birimizə xeyirxahlıqla yanaşmağı bacaran, hər birimizin "dilini" bilən, saatlarla məşqimizə baxan və sonda isə öz zarafat və incə yumoru ilə yorğunluğumuzu alan Şövkət xanım bizim dayağımıza və idealımıza çevrilirdi. Mən bəzən gərginliyimi də, sevincimi də onunla bölüşürdüm. Həmişə səbirli və təmkinli idi, hərdən baxış müsabiqələrinə, yaxud müəssisələrə, məktəblərə konsertlərə gedəndə özü aparıcılıq edir, Azərbaycan ədəbiyyatı, folkloru və poeziyalarından gözəl nümunələr söyləyir, incəsənətin vurğunu olduğunu nümayiş etdirirdi".
Rafiq müəllimdən soruşdum:
- Anam haqqında xatirə kitabı hazırlamaq istəyirəm. Xatirələrinizi yaza bilərsizmi?"
O, coşqun çılğınlıqla dedi:
- "Əlbəttə yazaram".
Bu söhbətimizin üstündən iki-üç gün keçdi və çox səmimi, kövrək və həzin, qürur doğuran bir xatirə yazıb mənə təqdim etdi. Etiraf edim ki, bu hadisə, Rafiq müəllimi mənə daha da doğmalaşdırdı.
Ümumiyyətlə, Rafiq müəllimlə hər görüşümüzdə, o həmişəki kimi gülərüz, mehriban, sadə, pozitiv görünürdü. Heç vaxt heç nədən şikayət etməzdi, əksinə, onunla həmsöhbət olanda bir rahatlıq hasil olardı adamın qəlbində.
Sonuncu dəfə də elə evimizin həyətində görüşdük. Yenə də həmişəki kimi bir-birimizdən mehribancasına hal-əhval tutduq, uşaqları soruşdu, yaradıcılığımla maraqlandı, uğur dilədi. Təəssüf ki, bu mənim onunla sonuncu görüşüm oldu...
...Ziyalılığı, sadəliyi, xeyirxahlığı, pozitivliyi, gülərüzlüyü, səmimiyyəti və mehribançılığı ilə heç vaxt yaddaşlardan silinməyən əziz dostumuz və əziz qonşumuz Rafiq Sadıqov haqqında çox xoş söz deyə bilərdim. Lakin düşünürəm ki, bu kiçik yazımı onun ruhuna ehtiram olaraq qələmə aldığım bir şeirlə bitirsəm, daha yaxşı olar:
Amansız ölümdür hər ömrün sonu,
İnsan var, unuda bilmirsən onu.
Tanıyanlar üçün unudulmazdır,
Ağsaqqal yaşında, soyuq qış günü
Ömrü qəfil solan Rafiq Sadıqov.
Teatr sənəti, kino sənəti,
Əzəldən qazanıb uğur, şöhrəti.
Səhnə sənətinə bağladı ömrün,
Öz yolu, cığırı, öz dəsti-xətti,
Öz üslübü olan Rafiq Sadıqov.
Bəzən görməsək də doğma üzünü,
Efirdən dinlərdik şirin səsini.
Neçə sənətkardan, neçə ulduzdan
Söyləyərdi kövrək xatirəsini,
Sənətdən güc alan Rafiq Sadıqov.
Söhbəti olardı sənətdən, sözdən,
Müxtəlif rollardan, ifadan, səsdən.
Onu çox sevirdi tələbələri,
Razıydı tədrisdə qoyduğu izdən,
Tədrisdə ucalan Rafiq Sadıqov.
Kökdə saxlayardı doğma tarını,
Ailədə görərdi dövlət-varını.
Özüylə apardı ən təmiz, şirin
Yetmədiyi ülvi arzularını,
Xəyallarda qalan Rafiq Sadıqov.
Ruhu şad olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!