...Böyük bir ailənin övladı, nur adam, inqilabçı adam - Mir Xəlil Mir Əliəşrəf oğlu Xəlilidən danışmaq istəyirəm, daha doğrusu, onun haqqında mən yox, haqqında düşüncələrimi yazdığım "Arazı adlayan məktublar" kitabı "danışır".
Böyük ədəbiyyatşünas və yazıçı Mir Cəlalın böyük qardaşı, 1945-1946-cı illərdə Cənubi Azərbaycanda qurulan Milli Hökumətin qurucularından olan, Seyid Cəfər Pişəvərinin ən yaxın silahdaşlarından biri Mir Xəlil Mir Əliəşrəf oğlu Xəlilinin ömür yolundan bəhs edən "Arazı adlayan məktublar" kitabı həqiqətən də, böyük sevginin yaratdığı kitabdır.
Bu, birinci olaraq işıqlı, mömin və inqilabçı ziyalı Mir Xəlil Mir Əliəşrəf oğlu Xəlilinin bütöv Azərbaycan sevgisindən qaynaqlanır. "Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitabın müəllifləri şair Musa Ələkbərlinin və Mir Cəlal irsinin tədqiqatçılarından olan publisist Rauf Vəliyevin (R. Vəliyev həm də kitabın ideya müəllifi, maddi dəstəkçisidir), kitabdakı bir çox materialların hazırlanmasında əvəzsiz xidməti olan ağanın oğlu Hacı Ələddin Xəlilinin içindəki Vətən eşqi, o tayda Aliyənin, bu tayda Mədinənin qadın hökmüdür kitabı belə oxunaqlı edən.
Bəs, haqqında bu cür dəyərli kitab hazırlanan Mir Xəlil Xəlili kimdir?
Mir Xəlil Mir Əliəşrəf oğlu Xəlilinin ömürlüyündən: Mir Xəlil Mir Əliəşrəf oğlu Xəlili 1903-cü ildə Təbriz şəhəri Sofyan qəsəbəsi Əndəbil kəndində mülkədar ailəsində anadan olmuşdur. İlk təhsilini babası Mir Məhəmməd ağanın - Paşa bəyin mədrəsəsində almış, sonralar ali təhsilini Aşqabadda davam etdirmişdir.
1945-1946-cı illərdə Cənubi Azərbaycanda qurulan Milli Demokratik Hökumətin tərkibində mühüm vəzifə daşımış, Sofyandan Culfaya qədər bir ərazinin fərmandarı (icra başçısı) olmuşdur.
Milli Hökumətin süqutundan sonra Mir Xəlil Azərbaycana, qardaşı böyük alim və ədəbiyyatşünas, görkəmli yazıçı Mir Cəlala pənah gətirmiş, bir müddət onun evində, sonra da Mərdəkandakı bağında yaşamış, bir daha Təbrizə qayıda bilməmişdir. 1948-ci ildə Mədinə adlı xanımla ikinci dəfə ailə həyatı qurmuşdur.
Yaşadığı ağrılı-acılı həyat Mir Xəlil ağanı vaxtından tez əcələ təslim etmiş, 8 noyabr 1966-cı ildə dünyasını dəyişmişdir.
Demokrat dostları olan Seyid Cəfər Pişəvərinin müavini olan Qulam Yəhya, Dəvəli, Tucpur, Lahiti, Ərdəbilan, Qəvami, Balaş Azəroğlu, Söhrab Tahir, Qafar Kəndli, Onullahi həmişə Mir Xəlili ruhani, mənəvi ata adlandırıblar.
"Arazı adlayan məktublar" kitabında onun hazırlanmasına səbəb olan amillər, Mir Xəlil Mir Əliəşrəf oğlu Xəlili haqqında müxtəlif təbəqədən olan insanların xatirələri, tanınmış jurnalist Dəyanət Səlimxanlının Mir Xəlil ailəsi haqqında yazdığı yazılar, ağanın övladları haqqında məlumat, taleyinə ayrılıq yazılmış ağanın Milli Hökumətin süqutundan sonra Təbrizdə qalan ailəsi ilə yazışmaları və bütün bunların eyni zamanda poetik ifadəsi olan "Ayrılığın sonu yoxmuş" adlı lirik poema (Musa Ələkbərli) öz əksini tapıb.
Kitabda Xalq şairi Nəriman Həsənzadənin də Mir Xəlil ağa haqqında xatirələri yer alıb. O yazır: "Mən öz taleyim üçün Mir Cəlal müəllimə borcluyam. Günlərin bir günündə Mir Cəlal müəllimgildə yenə oturub söhbət edirdik. Elə bu dəmdə evə ucaboy bir kişi gəldi. Maraqlandım ki, kimdi? - dedilər Mir Xəlildi, Mir Cəlal müəllimin böyük qardaşı.
Mir Xəlil müəllim Azərbaycanın azadlığı uğrunda mübarizə aparmışdır. Fədai dəstəsinin başçısı olmuşdur. Mən də tanış oldum. Mən bu inqilabçıdan olduqca mehribançılıq və sadəlik gördüm.
Sonradan eşitdim ki, bu şəxs çox böyük qəhrəmandır. Pişəvərinin sağ əli olub. Pişəvəri ona polkovnik rütbəsi vermişdir. Azərbaycanın bu Milli Qəhrəmanının surəti indi də yadımdadır".
"Arazı adlayan məktublar" kitabını oxunaqlı edən maraqlı məqamlar çoxdur. Ən əsası odur ki, kitabda o taylı-bu taylı həsrətin, ağrıların, intizarın içində qovrulan bir ailənin fonunda bölünərək Arazın iki tərəfinə yayılan Şimali və Cənubi Azərbaycanın yaşantıları təsvir olunur. Mir Xəlil Mir Əliəşrəf oğlu Xəlilinin həyatı, mübarizəsi (o, Cənubi Azərbaycanda Milli Hökumət yaradılanda şimallı, cənublu Azərbaycanın nə vaxtsa birləşəcəyinə inamı olanlardan biri idi) müxtəlif zamanlarda ağanın oğlu Hacı Ələddin Xəlilinin və jurnalist Dəyanət Səlimxanlının əsərlərində təsvir olunub. "Arazı adlayan məktublar" kitabı Mir Xəlilin həyatı haqqında Azərbaycan oxucusunda olan məlumatı daha da genişləndirdi, bir tamlıq yaratdı.
Kitabın daha bir maraqlı tərəfi Mir Xəlil ağanın və ailəsinin yaşadığı ayrılıq dərdi kitabdakı "Ayrılığın sonu yoxmuş" adlı lirik poemada daha sərrast bədii dillə təsvir olunmasıdır. Başdan-başa ayrılığın məngənəsində çırpınan kitabda gəl, indi şair Musa Ələkbərlinin Mir Xəlilinin əzablara bələnmiş taleyindən danışan poemasını oxu, ürəyin bir az da parçalansın... İndi gör, bu taleyi yaşamış adamın ürəyi Cənubi Azərbaycanda Milli Demokratik Hökumət qurulanda göstərdiyi fəaliyyətdən, o taylı-bu taylı Azərbaycanın birləşmə arzularının puça çıxmasından, ailəsinin o tayda, özünün bu tayda qalmasından və bir də Təbrizə dönə bilməməsindən yana nələr çəkib... Musa Ələkbərlinin "Ayrılığın sonu yoxmuş" poeması bunu ağrılı bir dillə təsvir edir. Kitabda buraya kimi oxuduqlarımızla burdan o tərəfə oxuduqlarımızın cəmindən həsrət dastanı yaranır sanki:
Ömürlük ayrılıq, düşün, bir düşün,
Amansız həsrətdən alışır Araz.
Həyat da, ömür də gözündən düşür,
Gözünün suyuna qarışır Araz!
Ona gələcəyi haram etdilər,
O halal mayalı seyid oğluna.
Həyat nə amansız üz göstərdi gör,
Sofyanın, Təbrizin igid oğluna.
Poemanın qəhrəmanları Mir Xəlil ağa və onun doğmalarının yaşantıları poemanın və bütövlükdə "Arazı adlayan məktublar" kitabının ən yanğılı hissələrindən biridir:
Araza üz tutur Mir Xəlil ağa,
Araz səssiz-səssiz, Araz lal axır.
Fikri, düşüncəsi dirənir dağa,
Suların qoynunda bir xəyal axır.
Könlü Araz kimi kükrəyir, dolur,
Bu nə mənzərədi, nə düzəndu bu?!
Əl-qol ata-ata suya qərq olur,
Üzmək bacarmayan canüzəndi bu.
Bu yerdə bayatı çağırmaq də yerinə düşür:
Başımım çəni Araz,
Saçımın dəni Araz.
Əsrin qulağı kardı,
Eşitmir məni, Araz!
Ay qibləm, yönüm Araz,
Başına dönüm, Araz.
Vüsal üçün yanıram,
Qoyma mən sönüm, Araz!
Bu üzüntülərlə Arazı keçən Mir Xəlil ağanın yaşadıqlarının rəngi də dəyişir. Bir tərəfdən, o tayda qalan doğmalar, bir tərəfdən bu tayda qucaq açan doğmalar... Hər iki tərəf də Azərbaycandır. Birində sevincini tam yaşamadığın Vətən, birində səni bağrına basan Vətən. Ağanın kiçik qardaşı, böyük ədəbiyyatşünas, ədib Mir Cəlal bu tayda bir parça Vətənə dönüb ona qucaq açmışdı:
Qardaş məhəbbəti, qardaş qayğısı
Ona taqət verdi çətin anında.
Dünyaya dəyərdi onun sayğısı,
Böyük Mir Cəlalı gördü yanında.
Evində, bağında yer verdi ona
O müdrik Mir Cəlal, həlim Mir Cəlal.
Doğma qardaşına qıydı hər nə var,
Yazıçı Mir Cəlal, alim Mir Cəlal.
Bu qədər doğmalığın əhatəsində də Mir Xəlilin içindəki yanğı sönmür. O tayda qalan doğmaları, orda yarımçıq qalan fəaliyyət ömrünün sonuna kimi ağanı düşündürür:
Qayıda bilmədi o, Əndəbilə,
Təbrizi bir daha görə bilmədi.
Körpə balasının - Səriyyəsinin,
İpək saçlarını hörə bilmədi.
"Arazı adlayan məktublar" kitabında istisnasız olaraq ən təsirli, ən duyğulu və ən kövrək bölmə, elə kitabın adını daşıyan bölmədir - Arazı adlayan məktublar. Bu məktublar bu taydan o taya Mir Xəlilin və Mədinənin, o taydan bu taya ağanın orda qalan həyat yoldaşı Aliyənin, qızı Səriyyənin və oğlu Nurəddinin ağrılı düşüncələrini, ayrılığın yaratdığı əzabı, iztirabı daşıyır.
Foto-surəti verilmiş məktubları oxuduqca Mir Xəlilin o tayda qalan ailəsinin, bu taydakı ömür-gün yoldaşının dəyanətinə, ürəyinin böyüklüyünə heyrət edirsən. Arazı adlayan düşüncələrdə o çəkilməz ağrıların zülmündən sarsılmayan böyük ziyalılıq boy göstərir, tərəflər bir-birinə müxtəlif kitablar göndərməyi də unutmur.
Ağa Xəlilin məktublarından: "Əziz qızım Səriyyə və oğlum Nurəddin!
Saniyən göndərdiyiniz I cild "Külliyati Sədi", II cild "Divani Hafiz", I cild "Xəmseyi Nizami", I cild "Heydərbabaya salam", I cild "Cib Quran"ı aldım.
Hələlik mən sizə "Leyli və Məcnun", "Məxzənül əsrar" kitablarını göndərirəm.
Hələlik bu qədər.
Atanız Mir Xəlil.
02.IX. 1963-cü il".
"Ayrılığın sonu yoxmuş" poemasında Musa Ələkbərli hərəsi Arazın bir tayında olan iki qadının - Mir Xəlilin o tayda qalan xanımı Aliyə ilə Bakıdakı ömür-gün yoldaşı Mədinənin yazışmalarını ucuz hisslərdən uzaq iki ürəyin böyük düşüncələri kimi qələmə verir:
Buna bilə-bilə dözür Mədinə,
Ona doğmalaşır ərinin dərdi.
Aliyə tapşırır hər məktubunda,
Yazır: Məni üzür Mirinin dərdi.
Mədinə, heyranam ana mehrinə,
Qadın sədaqətin hər kəsə bəlli,
Yazdığın məktublar keçdi Arazı,
Hər iki sahilə oldu təsəlli.
"Arazı adlayan məktublar" kitabından danışanda bir məqamı da unutmaq olmaz: kitabdakı materialların hazırlanmasında Musa Ələkbərlinin tələbə yoldaşı, gənclik dostu, Milli Aviasiya Akademiyasının dosenti, ağanın oğlu Hacı Ələddin Xəlilinin böyük xidməti olub. O, universitetdə oxuduğu illərdə həmişə Mir Cəlalın qardaşı oğlu olduğunu hamıdan gizlədirmiş. Onunla bağlı Musa Ələkbərli yazdığı xatirədə maraqlı bir məqama toxunur:
"Mən ondan "əmin kimdir?" - soruşanda o gülümsədi. Doğrudur, bu barədə heç o zaman sənə bir söz deməmişdim.Tələbə yoldaşlarımın və müəllimlərimin çoxu bilmirdi ki, mən böyük yazıçı, ədib, gözəl alim, pedaqoq Mir Cəlalın qardaşı oğluyam.
Mən heyranlıqla ona baxdım. - Ay Ələddin, - dedim, bunu gizlətməyinə səbəb nə idi?
Dedi: - Mən imtahanlarımı özüm vermək istəyirdim, müəllimlər bilsələr, mənə Mir Cəlala görə qiymət yazacaqdılar. Mən də istəyirdim ki, öz ayaqlarım üstündə durum, az-çox qazandığım uğurlar öz ünvanıma yazılsın".
"Arazı adlayan məktublar" kitabı haqqında təəssüratlarım bir yazıya sığmayacaq qədər çoxdur. Hələ bu yazıda xatırlanmayan, toxunulmayan o qədər məqamlar var ki... Amma düşünürəm ki, oxucunun da kitabı oxumaq haqqını əlindən almaq olmaz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!