"Brejnevin maskaları" romanına ön söz
Ülvi BABASOY
Roman ingilis dilində "novel"dir. Mənası yeni deməkdir. İstənilən sənət əsəri və janrı yeni olmalıdır. Yeninin gözəlliyini göstərməlidir. Bəzən romanın adı belə onun yeni söz deyib-demədiyini ifadə edə bilir. Rumın ədəbiyyatının görkəmli nümayəndəsi Nikolae Spetarunun "Brejnevin maskaları" romanı yenidir. Bəs bu yenilik romanın hansı keyfiyyətlərində üzə çıxır? Dinamikdir. Dünya ədəbiyyatı mütəxəssisi kimi deyə bilərəm ki, hələ bu qədər dinamik tezliyi olan roman oxumamışdım. Yaşadığımız zəmanə də dinamikdir. Hətta işlərimizi günlərə və aylara sığışdıra bilmirik. "Brejnevin maskaları"nda kadrlar o qədər tez-tez dəyişir ki, oxucunun sıxılma ehtimalı belə yaranmır. Bəli, kadrlar. Roman vizual sənətlərlə müştərək estetik platformaları bölüşür. Kinematoqrafik təhkiyə və üslubu var Spetarunun. Çağdaş dövrdə hər şey vizuallaşdığı üçün ədəbiyyat bu cür sənətlər ilə uzlaşmalıdır. Və bir çox yazıçılar bunun üçün yeni yollar, metodlar və yazı texnikaları axtarırlar. Çünki oxucu dinamik, çaparaq və vizual mətnlər istəyir. Təəssüf ki, belə mətnlərin çoxu "fəstfud" mədəniyyətinin nümunələridir. Həmin əsərlər estetikanın və ədəbiyyatın kəşflər silsiləsinin xaricində qalırlar. Fəqət, Nikolae Spetaru estetik dəyəri olan bir mətn yaradır və 2020-ci ildə 1980-ci illərdə baş verən bir hadisəni ekranlaşdırır. Çünki hər bir səhnə bütöv ekrandan izlənilir. Roman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Leonid İliç Brejnevin ölümü ilə başlayır. Bu qəfil ölüm bütün sovet xalqını "sarsıdır". Rumıniyanın Sinixeu kəndini isə vəlvələyə salır. Kənd soveti katibi Marku Filipesku həyəcan təbili çalır və kəndə əleyhqazlar gətizdirir. Çünki Amerika hər an SSRİ-yə hücum edə bilər. O zaman gözəl Sinixeu kəndi və sakinləri çarəsiz vəziyyətdə qalmalı deyil. Günlər keçir, Amerika hücum etmir, lakin əleyhqazlar kəndin qadınlarına seksual zorakılıqlar etməyə başlayırlar. Əleyhqazlar Brejnevin amansız və rəhmsiz maskalarına çevrilirlər. Bəs qalanı? Qalanına isə hər an mövzudan-mövzuya keçən canlı və interaktiv bir romanı - əlinizdə tutduğunuz bu kitabı oxumaqla şahid olacaqsınız, əziz oxucular. Romanın girişində Merfinin bu fikirlərinə yer verilib. "Pis başlayan şey daha da pis qurtarır. Əgər səhv etmək üçün hər hansı bir imkan varsa, onda o, mütləq reallaşacaq". Rejimin dağılması belə bir sarkastik fikirlə ifadə edilir. Bu an Andrey Platonovun "Çala" hekayəsinin kölgəsi Spetarunun "Brejnevin maskaları"nın üzünə düşür. "Çala" hekayəsində SSRİ yeni yaranıb. Və yepyeni binalar tikilir, quruculuq işləri aparılır. Binaların təməli qoyulanda bir qızcığaz ora düşüb ölür. Rejim xalqlar həbsxanasının quyularından birini qazır. Platonov demək istəyir ki, bu "işıqlı" sovet ölkəsini qan və şiddətlə yaratmısız. Günahsız insanların qanı var əllərinizdə və təməllərinizdə. "Brejnevin maskaları" romanı "Çala" hekayəsi ilə eyni estetik ərazini bölüşür. "Çala"dan daha qatı və qara yumorla dərinliklərə varır Spetarunun oxucuları. Yerin qaranlığı və havasızlığına qarşı əleyhqazlar köməyə çatır. "Brejnevin maskaları"nda üslub müxtəlifliyi var. Eyni mətnin estetik çətiri altına rəngarəng üslub və formaları yığmaq olduqca çətindir. Roman bəzən intellektual, bəzən də intellektual-psixoloji prozaya aid xüsusiyyətləri daşıyır. Spetaru sovet rejiminin atmosferini yaradır. Bu zaman yalnız XXI əsrdən sovet dövrünə baxmır, sovet dövründən bu günə mədəni körpü salır. O dövrün ağlını, zəkasını və insanların rejimə xidmətlərini alternativ, canlı və qanlı tarix olaraq təqdim edir. "Brejnevin maskaları"nda Çeslav Miloşun "Kölə edilmiş ağıl" intellektual romanının da ab-havası var. Miloşdan fərqli olaraq, Spetaru göstərir və dinamikanı romanın mərkəzinə yerləşdirir. Oxucunun başına ağıl qoymağa çalışmır. Şərhlər vermir. "Kölə edilmiş ağıl"da şərhlər və qatı prozaiklik aparıcıdır. "Brejnevin maskaları"nda kompozisiyanın mükəmməl tərtibat və repertuarı oxucu ilə ünsiyyət qurur.
Şərti olaraq, romanın süjet və kompozisiyasının planını belə tərtib etmək olar: 1.Brejnevin ölümü. 2. Əleyhqazların paylanması. 3. Kənd soveti katibinin arvadıyla küsüb-barışması. 4. İnəyin çuxur qazması və südlə dolması. 5. Uşaqların gilas davası. 6. Xaralambiya Pinqiryakın ölümü, qəbri su və ilanın basması.
7. Əleyhqazlar və ya yadplanetlilərin qadınlara təcavüzü. 8. Kənd soveti katibinin istefa verib maskaların tərəfinə keçməyinin dinamik tarixçəsi...
Romanda təhkiyəyə üstünlük verilən səhnələrdə təhkiyə təsviri də əvəz edir. Təsvirin çox olduğu hissələrdə isə təsvir təhkiyənin funksiyasını yerinə yetirir. Təhkiyənin temperamenti yüksək olan səhnələrdə isə romanın interaktivliyini təmin edən dialoqlar mətnin estetik bütövlüyünü tamamlayır: - Varvara xala, nə üçün radionu söndürmüsən? - Mən nə bilim? Bəlkə xarab olub, ya da özüm söndürmüşəm?! - Varvara xala yuxulu halda cavab vermişdi. - Necə yəni söndürmüşəm? Bunu nə üçün etmisən? - Hə, söndürmüşəm. Söndürmüşəm, qurtarıb gedib. Başım ağrıyırdı, bir az yatıb dincəlmək istədim. Burda pis nə var ki? Kimisə öldürmüşəm? - Birdən radionu söndürdüyün vaxt amerikanlar bizə hücum etsəydi və sənin xəbərin olmasaydı, onda necə? - Bəyəm, onlar günortalar yatmır? - Sən bilmirsən ki, düşmən heç vaxt yatmır? - İşə bax ha! - Bəs sən nə bilirdin? - Yaxşı, bundan sonra bilərəm. - Özü də necə biləcəksən!
Romanda maskalar metaforu dünya ədəbiyyatında bir çox mətnlə əlaqə yaradır. Corc Oruelin "Heyvanıstan" əsərinin finalında donuzların sifəti insan simasına çevrilir. Donuzlar çevrilməyə ən çox qorxduqları varlığa - insana transformasiya olunurlar. Brejnevin maskaları da Sovet rejiminə alternativ bir hökumət yaratdıqlarını düşünürlər. Lakin öz ideallarının əksinə hərəkət edirlər. Spetarunun yumor mühərriki məhz bu zaman işləməyə başlayır.
"Brejnevin maskaları" həm məzmunca, həm də formaca "kokteyl romandır". Marina Makkey "Roman nədir?" kitabında romanları onların strukturuna görə təsnifatlandırır. Niyə? Çünki düşüncə və məzmun formanı yaradır. Struktur düşüncənin quruluşudur. Spetarunun üslubu "Brejnevin maskaları" kimi çevik, dəyişkən, hərəkətdə olan interaktiv bir roman yaradıb. "Brejnevin maskaları" ən adi vaxtlarda belə komik situasiyalarla dolub-daşır. Çünki olduqca ciddi mövzusu var romanın. Ən qatı ciddilik isə yumorla mümkündür. Yumor hissi olmayan bir müəllif və mətn oxucuyla kontakt qurmaqda çətinlik çəkir. Marku Filipeskunun kökəni ("Hələ kökələrdən birini yeyə bilmişdim. O birisini kağıza büküb gödəkçəmin cibinə qoydum. Münasib vaxt düşən kimi onun da axırına çıxaram".) cibində gizlətməsindən, maskalar tərəfindən zorlanan qadının öz yançağına şillə vurub hadisəni əyani şəkildə göstərməsinə qədər, hər bir səhnədə yumor adamı düşündürür. Nəhəng bir imperiyanın çöküşü və Brejnevin bu dünyadan köçməsi ölümün yeganə həqiqət olduğunu ifadə edir. Spetaru bütün diktatorları, tiranları və distopik mühitləri ölüm, maska və yumorun bədii variasiyaları ilə ilğımlaşdırır. Distopik mühitlərdə diktatorlar ailələrin yataq otaqlarına belə soxulurlar. Kənd soveti katibi Filipeskudan sıravi vətəndaşlara qədər, hər kəsin üzündə Brejnevin maskaları yataq macəraları yaşayırlar. Hətta Feliçiya adlı qızın məmədanına belə əl atır maskalar. Həmin vaxt məmədan geyinməyən qızın məmələri lap "çaş-baş" qalır. Fenika Botlunqun isə başına daha böyük müsibət gəlir. Qadını maskanı əri bilib onunla sevişir. Bu maskalar hər kəsin və hər yerin eyni bozluğu yaşamağa məhkum edilməsinə rekviyemdir. Spetaru ağını, faciəni belə gülüşlə mənalandırır. "Çernobıl" serialında Mixail Qorbaçov hadisədən sonra iclas keçirir. İclasda iştirak edən fizik və kimyaçılar dövlət adamlarına deyirlər ki, atomun nüvəsini təhlükəsizləşdirmək üçün özünü fəda edən 30 nəfər lazımdır. Qorbaçov və digər hökumət adamları təəccüblə bir-birlərinə baxırlar. Yəni biz 30 milyon günahsızı belə qurban vermiş ölkəyik. "Brejnevin maskaları"nın hər səhifəsində "dinamika və yumor" təhqiqat aparır. Bu bədii tədqiqat və təhqiqatlara sahə müvəkkili Aurel Zmeurenin araşdırmaları və hesabatları əlavə olunur. Detektiv xətt romanın sonunu daha da sürətləndirir. Roman bitir, ancaq hər bir hekayənin sonu yenisini başladır.
Spetaru maskaların yataq otaqlarına hücumunun bu gün də davam etdiyini göstərir. Yeni başlayan hekayələrin maskalarsız və xətərsiz olması isə ədəbiyyat və gözəllik duyumunun arzusudur. O arzunun hərəkət edən, silkələyən və düşündürən bir nümunəsi artıq ana dilimizdədir. Romanı şair, tərcüməçi Həmid Piriyev Azərbaycan dilində səsləndirə bilib. Məsələn: "İstənilən təsdiq şüurun bəhəridir, ya da altşüurun: axı, o da haçansa, lap çoxdan şüur olub". "Şüurun bəhəri" ifadəsi olduqca uğurlu və bərəkətlidir. Və ya: "Ümumiyyətlə, Sinixeu kəndində xüsusi nəsə var. Sözlə ifadə oluna bilməyəcək nəsə. Onu Mioritsin balladasının birinci misrasına calaq etməyə çalışsan: "Bir balaca guşədə, cənnətin bir bucağında...", "Onda hər şeyi korlayacaqsan. Ya da az qala hər şeyi". Burada təkcə "calaq" sözü kontekstində semiotik təhlillər və mənalandırmalar aparmaq mümkündür.
Deməli, "Brejnevin maskaları" hazırlıqlı oxucuya sonsuz sayda mütaliə versiyaları bəxş edir və edəcək.
17 fevral 2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!