"Şeir məni yazır" toplusuna ön söz - Səlim BABULLAOĞLU

Səlim BABULLAOĞLU

Platonovun "Fro" hekayəsini çoxunuz oxumusunuz. Bütün ustalıq, təhkiyə, axıcı dil, zərif və kobudluğundan asılı olmayaraq insanın içini titrədən detallara rəğmən, sonuncu abzası olmasaydı, o gözəl əsərin nə mənası vardı? Bəşəriyyəti xilas və xoşbəxt etmək, kommunizmi qurmaq üçün yeni ailə qurduğu arvadını təkrar tək qoyub təzədən uzaq Sibirə yollanan Fyodr yadınızdadı. Yenə Frosya tək qalır. "Yataqxana"nın həyətində dodaq qarmonu çalan ayaqyalın yetim uşağı görür. Onu çağırır. Uşaq ürkək-ürkək qapını döyür, içəri keçir, Frosya bu balaca adamcığaza zillənir və düşünür ki, bəlkə bəşəriyyət elə bu uşaqdır. 

Ən çirkli gölməçələr belə işığı əks edir, çoxaldır, bolluq, firavanlıq, xoşbəxtlik illüziyası yarada bilir. Yəni bir çoxlarının güman etdiyi kimi tv, sosial media və başqa hansı vasitələrin xəbər axınıyla bizə təklif olunan, nüsxəsi sonsuza qədər tirajlanan subyektiv reallığın poeziyanın məqsədi ilə heç bir əlaqəsi yoxdur. Pol Elüar deyirdi ki, poeziyanın (söhbət yalnız şeirdən getmir) məqsədi - xeyirli həqiqətdədi. Bəs o xeyiri necə müəyyənləşdirməlisən? Ən vacib sözləri söyləmək üçün hansı "az vacib sözləri" qurban verməlisən? Təbii, bu "qurban" sözünü şərti qəbul etməklə. Necə ki, Platonov 6686 sözlük hekayəsində 6654 sözü "qurban verərək" xeyirli həqiqəti son 32 sözdə ifadə etmişdi. Yaxud İosif Brodski "Yeni Jül Vern" adlı 1114 sözlük uzun şeirində bütün əsrarəngiz poetik tablolara, məcaz, təşbeh, qafiyə və avaza baxmayaraq, xeyirli, gərəkli, əsas ismarışı "Üfüqün eyni açılır yenə də. / Ətri var havada duzun və yodun./ Uzaqda qaralır naməlum, adsız bir əşya - tutaraq ahəngi/ yellənir suda. Boğunuq sədayla qocaman Lloydun/mülkündə çalınır kilsənin zəngi" kimi bəndlə, bir az da dəqiqləşdirsək, bəndin "Uzaqda qaralır naməlum, adsız bir əşya..." misrası ilə verir. Attila Balaşın "Park" şeiri eyni metodla "işləyir". Təsvir, nəqletmə çox adi təsir bağışlayır, son cümlələrədək: "Şərik ağaclar onu kölgəsində gizlədir / səssiz kolluqda: / məşum ehtiras,/ ürpərmiş aqoniya, / binalar göyə ucalır / saxta parıltıyla..." Şimborskanın "Terrorist müşahidə edir", yaxud "Hitlerin ilk uşaqlıq fotosu" şeirləri qədər adamı sarsıdır. Sadəcə, Şimborskanın şeirlərində başlıqlar oxucunu duyuq salırsa da, Attilanın şeirinin başlığı, "park" sözü əsla. Əksinə, o rahatlıq arzumuzu oxşayaraq sərvaxtlığımızı əlimizdən alır. Laqeydliyimizi həm başlığa münasibətdə, həm də gerçək həyatda ətrafımıza münasibətdə sonda sillə kimi üzümüzə çırpır.  

 

"Sizif mövzu"su XX əsr Avropa ədəbiyyatının, xüsusən, prozanın başlıca mövzularındandı, Attila Balaş da "Sizif xaindir" şeiriylə bu mövzuya baş vurur. Amma həm də çağın Avropa şairi kimi, bir az da əvvəlki mətnlərin içindən, lap düzü, o yazılmışlara ironiya edərək qayıdır; və bu məqamda digər böyük polyak şairi Zbiqnev Herbertlə, onun "Qoca Prometey" şeirilə səsləşir. O insanlarla dünya arasında vasitəçi, mənaları dərk edən və oxuculara çatdıran tərcüməçi kimi xidmət edir. Heç bir dildə olmayan mənaların macar dilinə tərcüməçisi kimi. Onun şeirləri reallığın fotoşəkli yox, reallıqdankənar dərin bir reallığın rəsminə çevrilir. Eyni zamanda alçalanların, məyusların, məzlumların, qorxudulanların, susdurulanların yanında dayanır. İman, ilkin səbəb, böhran onun fundamental mövzularıdır, "Böyük rəssam" şeirində olduğu kimi. Zaman, yaddaş, yoxluq, ağrı, fanilik - onun poeziyasının koordinat nöqtələridir. Attila Balaş dünya dillərinə ən çox tərcümə olunan çağdaş macar şairlərindəndir. Səyahət edir, fərqli və nüfuzlu şeir festivallarına qatılır. Onun poetik dünyası genişdir və mesajları coğrafi, milli-intellektual sərhədləri aşıb keçib. 

6 il əvvəl Attila Balaşın bir kitabı da Bakıda nəşr olunub - "Vektor" Nəşrlər Evi"ndə. Məmməd İsmayıl və Afaq Şıxlının tərcüməsində, "Avqustda qar" şeir toplusu. Son bir neçə ildə onun şeirləri bizim tərcüməmizdə də dəfələrlə "Ədəbiyyat qəzeti"ndə, "Dünya ədəbiyyatı" dərgisinin Macarıstan sayında nəşr olunub. 

 

Sağ olsun, 2020-ci ildə pandemiyanın ilk dövründə Bakıda keçirilən "Evdə qal!" onlayn poetik festivalına, eləcə də 2022-ci ildə "Şuşaya salam" beynəlxalq virtual poeziya marafonuna qatılıb, ölkəmiz, Qarabağ, Azərbaycan haqqında qiymətli, isti sözlər deyib. Şair Attila Balaş təkcə çağdaş Macarıstanın deyil, həm də Avropanın, xüsusən, Şərqi Avropanın bilinən, görkəmli ədəbiyyat xadimidir, tanınmış naşirdir, onun iştirakı ilə dünya ədəbiyyatının, xüsusən, yeni dünya poeziyasının böyük bir irsi macar dilinə çevrilərək çap olunub, onun təşkilatçılığı ilə baş tutan beynəlxalq şeir və ədəbiyyat tədbirlərində müəlliflər, şairlər görüşüblər, bir-biri ilə tanış olublar; bu mənada, Attila Balaş dünya ədəbi prosesinin etibarlı körpülərindən biridir. 

Sözü özünün aləti və materialı hiss edən, bunu vaxtaşırı dilə gətirən ədiblərin "acığına" həmin fikrin əksini tez-tez xatırladıram. Bu dəfə həmin xatırlatmanı Attila Balaş edir, bir az ironik, bir az əyləncəylə, bir az da gizlətməyə çalışdığı qüssəylə: "Şeir məni yazır" şeiriylə.  

 

Bu gün isə əziz oxucuya Sona Səlimli ilə birgə (ingilis və rus dillərindən müəlliflə razılaşdırılmış mətnlər əsasında) çevirdiyimiz, hazırladığımız kitabda şeirin Attila Balaşı necə yazdığını az da olsa, hiss eləmək qalır. 

 

18 fevral 2025


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!