Keçmişlə indinin sərhədində: Samirə Əşrəfin "Mənim üçün qızılgül" kitabı haqqında - İlahə SƏFƏRZADƏ

Qadın yaradıcılığının mahiyyəti, məzmunu, qadının ədəbiyyatdakı yeri haqqında daim diqqət mərkəzində olan, səngimək bilməyən mübahisələrə baxmayaraq, yazıçı qadınlar ədəbiyyata öz xüsusi mövzularını, dünyanı görməyin və təsvir etməyin fərqli üsullarını, bir sözlə, "öz qadınlıqlarını" gətirdilər. Çağdaş ədəbiyyatımızda imzası ilə seçilən müəlliflərdən biri də Samirə Əşrəfdir. Yazıçının sayca ikinci kitabı "Mənim üçün qızılgül" adlı hekayələr toplusudur. Qadın nəsrinin ən xarakterik xüsusiyyətlərindən biri kimi əsərlərin çoxu birinci şəxsin dilindən nəql edilir, avtobioqrafik cizgilər və ya şəxsi təcrübə iştirak edir, yaradıcılığın subyekti obyektlə birləşir, birinci şəxsdən digərlərinə səyahət edərək hadisələrin çoxunu xatirələr vasitəsilə nəql edir. Bəzi hallarda onun nəsri lirik-psixoloji hekayəyə də çevrilə bilir. 

Daha öncələr də qeyd etdiyim kimi, qadın nasirlərin əsərlərdə tez-tez müraciət etdikləri məkanlardan biri evdir və buradan qadının əbədi varlığının zaman və məkan koordinatları keçir. Yazıçının "Soyuducumun kölgəsi" hekayəsində soyuducusu xarab olan qadın evə yeni birini alır və köhnəni onunla əvəzləyir.  

 

Hekayənin əsasını insanın ruhunun aid olduğu yerdə daha gözəl və sevimli görünməsi fikri təşkil edir. Təsadüfi deyil ki, hekayənin əvvəlində yazıçı yuxu səhnəsi ilə əsərin ümumi soyuq "hava"sına uyuşmayan səhnə yaradır. Bu səhnə onun qovularaq zorla çıxarıldığı rayonunda yaşadıqlarından (və ya yaşamağı xəyal etdiklərindən) kiçik bir fraqmentdir. Bununla da müəllif öz ruhunun da aid olduğu yeri vurğulayır. Əsərin qəhrəmanı Bakıya gələrkən bu məkana zorla adaptasiya olmasının acısını ruhunun dərinliyində hiss etdiyi üçün onu kasıb və məzlum göstərən ehtişamlı şəhər mühitinin acısını yaşadığı evdəki digər əşyaları aciz və həqir vəziyyətə salan yeni soyuducuya mübhəm bir qısqanclıq duyaraq yaşayır. Müəllif anasının rayondan gətirdiyi köhnə qabları sadalayarkən, "Cəbrayıldan Bakıya qədər" yazmaqla yaşamış olduğu hüznün məkan koordinatlarını da qeyd etmiş olur. 

Yazıçının "Saturasiya" hekayəsində anasının vaxtsız vəfatından doğan kədəri gizlədib soyuqqanlı görünmək məcburiyyətində qalan qadından söz açılır. Əsərdən yenə də müəllifin yurd həsrəti "yağır". Anasının vəfatını onun xəstə yatdığı xəstəxanadan eşidən qadın içində birdən-birə tək qalmaq ehtiyacı duyub eyvana çıxmaq istəyəndə övladının onu müşayiət etməsinə etiraz olaraq deyir: "Gəlmə! İmkan verin, tək qalım. Sizin əlinizdən ağlamaq da olmur. Cəbrayıl alınanda da qoymadınız!" Bu həngamənin içində qadın Cəbrayılın alınmasını xatırlamağa özü də təəccüblənsə də, bəlkə də, onu anası vəfat edəndə ağlamağa imkan verməyən başlıca səbəb də elə məhz budur.  

Anası ilə bağlı xatirələrə dalıb ona etdiyi bəzi haqsızlıqları xatırlayır. Bununla da o sanki şüuraltı olaraq əzabını çoxaltmağa, ağlaya bilməməyinin "intiqamını" özündən almağa çalışır. Bu natamamlıq hissi hekayənin sonuna qədər onu tərk etmir. Hadisələrin baş verdiyi yerlər (xəstəxana, meyit daşıyan maşın, qəbiristanlıq və s.) hekayənin qəhrəmanının tənhalığını, həyatını nizama sala bilməməsini daha qabarıq göstərərək əsərin faciəli xarakterini müəyyən edir. 

Yazıçının "Açılmayan çətir" hekayəsində eyni evdə böyümüş iki qız övladının valideynə - xəstə atalarına fərqli münasibəti ön planda işlənmişdir. Ailə bədbəxt hadisə nəticəsində tədricən ağlını itirmiş atanı ruhi xəstəxanaya həvalə edir. Qızlardan biri atasını daim düşünüb ona görə narahat olarkən, digəri isə daha belə bir atası olduğunu xatırlamaq belə istəmir.  

 

Müəllifin "Sonuncu yayın sonatası" hekayəsi axıra qədər şən ab-hava ilə müşayiət olunsa da, sonda kədərli notlara köklənməsi gözlənilən nəticədir. Hekayənin baş obrazı - məktəbli qız yeni alınan pianosunun pəncərələri küçəyə açılan qonaq otağına qoyulmasını arzuladığı halda, bu arzusu gözündə qalır. Piano qaranlıq uşaq otağına qoyulur. Bununla da balaca qız ata-anasından kiçik bir "intiqam" almaq fikrinə düşüb, köhnə əşyaların içindən atasının illər öncə ilk sevgilisinə yazdığı məktubu tapıb səhər yeməyində onun adını çəkməsi ilə evə qanqaraçılıq düşür. Ailə fərqində deyildi ki, bu, onların, bəlkə də, ən xoş günləridir. Sonralar torpaqları düşmənlər tərəfindən işğal olunacaq; öz doğma kəndlərindəki ev də, piano da, pianonun qoyulduğu otaq da, baş obrazın ilk sevgisi də tarixin kədərli səhifələrində itib-batacaq. Samirə Əşrəfin yazı tərzinə belə bir xarakterik üslub hakimdir ki, o, bədbəxt hadisələri heç vaxt hədsiz dramatikləşdirərək mətnə "ağlaşma" salmır.  

Özünüidentifikasiya prosesi həm müəllif, həm də əsas obraz tərəfindən eyni dərəcəli həyəcanla həyata keçirilir və müəllifin bədii yaradıcılığında əsas məqsədlərdən biri halına gəlir. "Rayon işğal olunandan üç-dörd il sonra Bakıdakı yataqxanalardan birində məskunlaşan qonşumuz Hacıbala dayıgilə qonaq getdik. Elşadı son dəfə dolabın üstünə qoyulmuş, üzərinə "Məzun" yazılmış albomun üçüncü sırasından boylanan gördüm. Xəfifdən gülümsünürdü. Elşad bir də heç zaman gülümsəyə bilmədi. Bu mənim onunla son görüşüm oldu". 

 

Bütün hallarda müəllifin ədəbi vergisinin olması, qələmə gözəl sahibliyi, tarixi hadisələri kəskin və dəqiq təsviri, qəhrəmanların parlaq və canlı obrazları göz önündədir.    

Yazıçının "Mənim üçün qızılgül" hekayəsində də əhvalat kədərli hadisənin üzərində qurulur. Əksər hekayələrdə olduğu kimi, bu əsərdə də baş qəhrəman xatirələrin pəncərəsindən keçmişə boylanır. Hərdən düşünürəm ki, keçmiş gələcəyi idarə etdiyi kimi, bəlkə də, indiki zaman da keçmişi idarə edir. Əhvalımız çox xoş olanda keçmişdəki qəmgin hadisə bizim üçün sadəcə bir xatirə olur. Ovqatımız pisdirsə, həmin hadisələr də gözümüzə acınacaqlı, qorxunc və kabus kimi görünür. Bu baxımdan beynimizin içindəki xatirələr ona ötürdüyümüz əhval impulslarına uyğun olaraq müvafiq qovluqlara yığılır. Bu hekayədə isə biz baş qəhrəmanın əhvalını neytral olaraq görürük. O elə bil, indiki zamanda dünyanı rəngarəng deyil, ağ-qara görür. Əksinə, keçmişi rənglidir. Orada ağ, qara, boz, narıncı, sarı, bənövşəyi və qırmızı rənglər var. Keçmiş evlərindən ayrılmalı olan ailənin başına gəlmiş hadisələrin fonunda qıza atasının qızılgülləri gətirməsi isə məhz qırmızı rəngdədir. 

Yazıçının bir çox hekayələrini oxuyanda onun həyat, ölüm, həyatın mənası, insanın cismən öldükdən sonra vasil olacağı bilmədiyimiz o sirli aləm haqqında dərindən düşündüyünün fərqinə varırıq. Hərçənd min illərdir sirri açıla bilməyən bu aləm haqqında düşüncələr elə təxəyyül olaraq da qalır. Buna rəğmən, insanı daha dərindən düşünməyə, anlamağa səsləyir. Bu məsələnin daha bariz şəkildə işləndiyi əsərlərdən biri "Sərçə" hekayəsidir. "Elə həmin gündən Sərçə ölüm haqqında düşünməyə başladı. Tez-tez anasını, atasını ölümlə bağlı olan sualları ilə bezdirirdi. Axı necə ola bilərdi ki, canlı bir insan gözünü yumub hərəkətsiz halda uzanaydı? Nəfəs almayaydı, yeməyəydi, içməyəydi? Sonra da həmin adamı aparıb torpağın altına qoyaydılar. Sərçə əvvəllər elə bilirdi ki, aparıb torpaq altına qoyduqları adam evində yatdığı kimi orada da rahatca yatır. Amma tezliklə bu fikri puça çıxdı. Uşaqlardan, böyüklərdən eşitdi ki, yox, torpaq altına gömülən tezliklə çürüməyə başlayır. Onun üzərində qurdlar, soxulcanlar, cürbəcür böcəklər qaynaşır. Və həmin adam bir neçə ildən sonra çürüyüb yoxa çıxır, torpağa qarışır".

Bu baxımdan müəllif hekayədə insanın mövcudluğu problemini araşdıran ekzistensialist fəlsəfə ilə yaxınlaşır. Sərçənin nəzərindən dünyanın sirrini açmağa, bütün gizli aləmdən agah olmağa çalışsa da, eynən mübhəm kainatın özü kimi Sərçənin axtarışları da hadisələrdən hali olmağa qadir deyil. Bununla yanaşı, müəllif əsərdə insanın təkliyi məsələsinə də diqqət çəkir. Yas mərasimini təsvir edən müəllif orada kədərlənib göz yaşı axıdan yaxınların, qohumların çox qısa bir müddət sonra normal yaşamlarına geri dönməsini Sərçənin gözündən təsvir edir. "Elə bil, üzlərini cırıb ağlaşan bunlar deyildi. Sərçə onları ağlaşan görəndə elə bilmişdi ki, Kamran kişinin ölümündən sonra həmin qadınlar bir də heç vaxt danışıb gülməzlər. Amma bir gün keçməmişdi, onlar yemək yeyib çay içir, hətta gülürdülər də". 

 

Doğrusu, "Rektorun ölümü" hekayəsinin adını oxuyanda mənə məşhur hekayə ustası A.Çexovun "Məmurun ölümü" hekayəsini xatırlatdı. Hərçənd hekayəni oxuduqdan sonra məzmunda yaxınlıq olmadığını müşahidə etsəm də, yenə də beyin hüceyrələrim həmin o nahaq yerə ölən nadan məmuru yada salıb dururdu. İş ondadır ki, nadanlığın da müxtəlif mənbələri var. Bəzilərində savadsızlıqdan, bəzilərində gərəksiz və hədsiz saflıqdan, bəzilərində yaltaqlıqdan, bəzən də "Rektorun ölümü" hekayəsində olduğu kimi riyakarlıqdan yarana bilər. Beləliklə, bütün iş həyatı boyunca bir çox haqsızlıqlara səbəb olaraq Universitet idarə edən rektorun faciəvi sonu hekayədə ibrətamiz formada işlənmişdir. 

Yazıçının "Yapon yaylığı", "Müharibə bitən gün" və "Eybəcər" adlı hekayələrinin hər birində xatirələrin fonunda işğal olunmuş doğma el-obada keçən qayğısız günlərin işığında mövcud həyatın bozluğu daha nəzərəçarpan təsvir olunmuşdur. Baş qəhrəman bu hekayələrin hər üçündə doğulub böyüdüyü Cəbrayıl rayonunda keçən gözəl günləri xatırlayır, hətta o zamanlar qayğılandığı mövzuların belə, əslində həyatının ən gözəl günləri olaraq tarixin yaddaşında əbədi qaldığı qənaətinə gəlir. 

Ümumiyyətlə, vətən, torpaq, yurd həsrəti yazıçının, demək olar ki, bütün bədii və publisistik yaradıcılığının əsasını təşkil edir. Hadisələri şəxsən yaşamasından yaranan məlumat çoxluğu və mövcud hissləri təsviretmə qabiliyyəti ilə bu, onda çox yaxşı alınır. Əslində hekayələri oxuyarkən yazıçının məhz şəxsi həyatını, yoxsa, təxəyyül məhsulunu oxumağım haqqında düşüncələr bütün kitab boyu məni müşayiət edirdi. Hərçənd bədii mətn yazıldıqdan sonra müəllifdən ayrı, ondan asılı olmadan "fəaliyyət" göstərir. Bu nüansı dərk etsəm də, demək olar ki, bütün hekayələrdə baş obraz olaraq müəllifin özünü təsəvvüretmə fikrindən də əl çəkə bilmədim...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!