Vətənə məhəbbət və gözəlliyə vurğunluq - Ehtiram SƏFƏROV

Əliağa Kürçaylı poeziyasına bir nəzər

Hələ yeniyetmə və gənclik çağlarında istedadı ilə xalq şairi Səməd Vurğunun diqqətini cəlb edən, keçən əsrin sonlarında klassik şair səviyyəsinə yüksələn Əliağa Kürçaylı bədii yaradıcılığı ilə ədəbiyyatımızı zənginləşdirən müqtədir sənətkarlarımızdan biridir. 

Ə.Kürçaylı həyatın çətinliklərini görmüş, yaradıcılığı ilə poeziyasevərlərin rəğbətini qazanmışdır. Ancaq, təəssüf ki, bənzərsiz poeziyası ilə fərqlənən bu qüdrətli sənətkarın yaradıcılığı tənqidçilər və tədqiqatçılar tərəfindən yetərincə araşdırılmamış, lazımi qiymətini almamışdır. 

Düzdür, şair ömrünün son illərində dövlətimiz tərəfindən "Əməkdar incəsənət xadimi" adına və "Bütövlük" kitabına görə Azərbaycan Dövlət Mükafatına layiq görülsə də, onun istər vətənpərvərlik, istərsə də məhəbbət mövzusunda qələmə aldığı, insanı düşündürən poeziyası kifayət qədər elmi təhlilini tapmamışdır. 

Ə.Kürçaylının şeirləri öz üslubu və bədii məziyyətləri ilə digər sənətkarların əsərlərindən asanlıqla fərqlənir, oxucunun qəlbinə yol tapır, yadda qalır. "Daşlar" silsilə şeirləri sanki şairin həyat kredosunu müəyyənləşdirir. 

         

Əsiri olmadım dövlətin, varın,

Axı, nəyi yoxdu bizim diyarın?!

Əli kəsilsəydi talançıların

Qızıldan olardı dirəyim mənim. 

 

Şair üçün vətən, onun bərəkətli torpağı, geniş düzləri, əzəmətli dağları, zümrüd meşələri, yaşıl bağları çox əzizdir. "Vətən", "Torpağım", "Bizim planet" və digər şeirlərində Vətən məhəbbətinin özünəməxsus bədii boyalarla təqdimatı öz yeniliyi ilə diqqəti cəlb edir:

 

Mən səndən istədim açıq bir alın, 

Sən mənə bəxş etdin əzəmət, vüqar. 

Mən də başıaçıq, ayağı yalın

Yolunda can qoysam, yenə az olar. 

 

Ə.Kürçaylı şeirlərində Vətənin florasının tablosunu yaratmaqla sadəcə, təsvirçiliyi ön plana çəkmir, bu şeirlərdə torpaq, çay, bulaq, ağac, sünbül insan kimi canlandırılır. Şair bu yurdun vətəndaşı olmağı ilə fəxr edir. Ə.Kürçaylıya görə insan Vətənin gözəlliyindən, çayından, gölündən, dağından, düzündən, göy çəmənindən, buz bulağından, şəhər və rayonların qeyri-adi təbiətindən zövq almalıdır. Axı insan ömrü müvəqqətidir!

Vətən intəhasız, ömür azdı, az, 

Bu qısa ömür də keçməsin hədər. 

Adam səadəti evə çağırmaz, 

Adam səadətin dalınca gedər. 

 

Ə.Kürçaylı şeirlərində, obrazlılıq, bədii təsvir vasitələri, xüsusən də, təşbehlərdən yerli-yerində istifadə etməsi diqqəti cəlb edir. Ə.Kürçaylının gözələ, gözəllik anlayışlarına öz baxışı, münasibəti var. Belə ki, süni bər-bəzəyi, bahalı zinət əşyaları və müxtəlif boyalardan istifadə edərək özünü göstərən qızların, gözəllərin tərəfində dayanmır, əksinə, o, təbii gözəlliyə böyük önəm verir. Şairin təbirincə: "insan fitrətən gözəl olmalıdır". Şeirdəki təşbehlər, mübaliğələr, metaforalar o qədər cəlbedicidir ki, oxucu istər-istəməz şairin bu obrazlı təsvirinə "təslim" olur. Bu baxımdan "Kəndimizin gözəli" adlı şeirinə diqqət edək: 

 

Durdu, 

əl-üzünü yudu o, şehlə, 

Geydi göy çəməni ayaqlarına. 

Saçını daradı qövsü-qüzehlə, 

Bir cüt ulduz taxdı qulaqlarına. 

 

Hardasa qalmışdı bir parça gecə - 

Götürüb sürmə tək çəkdi gözünə. 

Qızıl dan yerini dərib gizlicə 

Sürtdü yanağına, sürtdü üzünə. 

 

Beləliklə, təbii gözəllik və bu gözəlliyin insanda yaratdığı xoş əhval-ruhiyyə və cazibə şairin poeziyasının ana xəttini təşkil edir. Şairin şeirlərinə sirayət edən gözəllik anlayışı təbiiliklə çuğlaşaraq oxucunu süni gözəlliyə "yox" - deməyə fokuslaşdırır, onu təbii gözəlliyə aludə olmağa səsləyir:

 

Axma, axma - desə axan suya da, 

Kimdir o gözəlin sözündən keçə?!

...İnsan çöhrəsinə rəng də, boya da 

Gərək təbiətin özündən keçə.

 

Şairin lirik "mən"i insan ruhunu incələyən, onu mənən qidalandıran gözəlliyə çatmağın, onu əldə etməyin asan yolunu sevinc dolu anlarda axtarmır, sevgisinə qovuşmağın dadını, ləzzətini kədərli anların "süzgəc"indən keçməkdə görür. "İstərəm" şeirində bu məziyyət özünü aydın göstərir. 

 

Bir sən, bir mən olum, bir uçuq kaha, 

Heç nə istəmirəm taledən daha. 

Bütün kədərini alıb çox baha, 

Sevinci havayı satmaq istərəm. 

 

Həyatda hər şeyin əndazəsi, ölçüsü olur. Ancaq bu mizan pozulanda, yəni istək və arzu əlçatan olmayanda insan "dəli" vəziyyətinə düşür: 

 

Mən bilmirəm zarafatdır, həqiqət,

Deyirlər ki, hərə bir cür dəlidir. 

Özgəsinə söyləməyə nə hacət, 

Bu söz elə mənə deyilməlidir. 

 

Şair burada dəliliyi sözsüz ki, Vətənə, təbiətə vurğunluq mənasında işlədir. İçində sonsuz Vətən sevgisi olan insan öz yurdunu, tarixi yerlərini, bənzərsiz məkanlarını dəlicəsinə sevə bilər. Gündən-günə Vətənimizin müxtəlif guşələrindəki dəyişiklik və tərəqqi vətənpərvər şairi riqqətə gətirir, onu yaxşı mənada "dəli" edir. "Səfərdən qayıdanda" adlı şeirdə bu cəhət çox obrazlı şəkildə əlaqələndirilmişdir:

 

Bəzən uzaq səfərlərə çıxıram,

Bir ay sonra qayıdıram Vətənə. 

El-obama başqa gözlə baxıram, 

Elə bu vaxt dəli deyin siz mənə. 

 

Şair üçün gözəlliyi duymaq, ondan həzz almaq sadəcə olaraq istək və ehtirasın, ötəri və keçici hisslərin ram edilməsi anlamından çox uzaqdır. Ə.Kürçaylı gözəlliyi, təmiz duyğu və hisslərin insana bəxş edilən ruhi bir qida kimi təqdim edir. İnsanın əhval-ruhiyyəsinə və ovqatına xoş təsir edən bu bənzərsiz sentimental, romantik duyğuların yüksək cazibə qüvvəsinin orbitindən qurtulmaq, kənara çəkilmək mümkün deyil. Yaranmışların əşrəfi olan insanın həyatda sevib-sevilmək və gözəlliyi dərindən duymaq instinkti gənclik dövründən ta ömrünün axırına kimi onu tərk etmir.

Nəsimi, Füzuli və digər klassiklərimizin qəzəllərində rast gəldiyimiz bədii obraz, təşbeh və mübaliğələr Ə.Kürçaylının heca vəznli şeirlərində özünəməxsus yetkin bir formada təqdim olunur. 

Bədii təsvir gücünə malik belə şeirlər heç də qəzəllərdəki aforizmlərin kölgəsində qalmır, yeniliyi və orijinallığı ilə özünü təsdiq edir. 

Bu baxımdan şairin "Mən insanam" şeiri diqqəti çəkir:

 

Mən elə sevərəm - məhəbbətimi 

Bölsən, bəs eyləyər bütün bəşərə. 

Elə kin bəslərəm - ədavətimi

Töksən daşqın düşər bəhri-Xəzərə, 

Mənim nifrətimdən yanar dağ-dərə. 

 

Ə.Kürçaylı yaradıcılığının ana xəttində onun doğma Vətənimizə olan sonsuz sevgisi durur. 

Bəllidir ki, Azərbaycan torpağının əsrlər boyu hissə-hissə parçalanması ucbatından xalqımızın böyük bir hissəsi bir-birindən ayrı düşübdür. 

Zaman-zaman şairlərimiz xalqımızı sarsıdan, onu düşündürən bu taleyüklü məsələyə münasibət bildirmişlər. 

İnanırıq ki, İranda təhdidlərə məruz qalan xalq azadlığı və müstəqilliyi uğrunda mübarizə apararaq gec-tez öz istəyinə - azadlığına qovuşacaqdır. Bu düşüncə və hisslər hələ keçən əsrin 60-70-ci illərində vətəndaş şair Ə.Kürçaylını da narahat etmiş, Vətəni bütöv görmək arzuları məhəbbət dolu qəlbini hədsiz dərəcədə narahat etmişdir: 

 

Arabir gülsəm də, demə arsızam, 

Məqam gözləyirəm, demə karsızam. 

Nə qədər Təbrizsiz, Şəhriyarsızam 

Gülmür, gülməyəcək gözlərim mənim! 

 

İnanırıq ki, Ə.Kürçaylının canından əziz sevdiyi Vətəni bütöv görmək arzusu yaxın gələcəkdə, inşallah, reallaşacaqdır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!