Professor Bədirxan Əhmədlinin üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərslik-monoqrafiyasının III cildi üzərinə
"Azərbaycan ədəbiyyatı tarixi. İcmallar, təhlillər, portretlər" dərslik-monoqrafiyanın 3-cü cildində (Bakı, "Qanun", 2025, 660 s.) son yarım əsrin ədəbi prosesi əhatə olunur və ədəbiyyat tarixçiliyi ilə bağlı yeni fikirləri, tendensiyaları özündə ehtiva edir. Bu cildin yazılmasının çətinliyi ondadır ki, son dövrün ədəbiyyatı hələ yerinə tam oturuşmayıb. Buna görə də, hansı ədəbi hadisənin və şəxsiyyətin ədəbiyyat tarixində qalacağına qərar vermək çətindir. Buna baxmayaraq, professor Bədirxan Əhmədli ötən əsrin 60-cı illərindən sonrakı əlli ilin ədəbi həyatını bütün faktları ilə araşdıraraq müəyyən elmi nəticəyə gəlir. Bu cildin əhəmiyyəti həm də ondadır ki, bu dövrün ədəbiyyatına münasibətdə müxtəlif mövqelər var və bu mövqelərin özü hələ də mübahisələr doğurur. Nəzərə alaq ki, bu dövrün tarixinə, siyasi hadisələrinə də qaneedici elmi qiymət verilməmişdir. Tədqiqatçı bu dövrün araşdırılmasında əvvəlki cildlərdəki elmi sistemi, mövcud strukturu (hər dövrün icmalı, nəsr, poeziya, dramaturgiya üzrə icmallar və oçerklər) qoruyub saxlayır. Əvvəlcə bu dövrün ədəbi həyatının xarakterinə uyğun olaraq onu "Azərbaycan ədəbiyyatının yeniləşmə mərhələsi (1960-1970-ci illər mərhələsi)" kimi səciyyələndirir. 60-70-ci illərin ədəbi prosesində nəzərəçarpan ədəbi hadisə və keyfiyyətlərə qiymət verilir. Məsələn, F.Kafkanın "Çevrilmə" əsərinin "Azərbaycan" jurnalında (1966, №8) çap olunması, gənc yazıçı və şairlərin Dünya ədəbiyyatı institutunda təhsili, B.Vahabzadənin "Gülüstan" poemasına görə cəzalandırılması, Sabir Əhmədovun əsərinin MK-da müzakirəsi kimi məsələlərin öz əksini tapması əslində ədəbiyyatın keçdiyi yolda qarşılaşdığı pozitiv və neqativ məqamlardır. Bütün bunlara baxmayaraq, müəllifin fikrincə, 60-80-ci illərdə ədəbi prosesdə hələ də siyasi sistemin nəzarəti qalmaqda idi. Yazıçı və şairlərin əsərləri siyasi senzuradan keçirdi, xarici ölkələrdə, yalnız Şərqi Avropa ölkələrində (sosializm sistemini əhatə edən) çap olunması məqsədəuyğun hesab olunurdu.
Müəllif bu dövr ədəbiyyatının inkişaf yolunu "Altmışıncılar nəsrinin yaradıcılıq axtarışları" və "Bədii nəsrdə tarixi hadisə və şəxsiyyətlərin rolu" paraqraflarında araşdırır. Bu icmallarda yeni mərhələdə nəsrin çağdaş həyata daha nüfuz etməsi, əvvəlki nəsrlə arasındakı incə cizgilər, İ.Əfəndiyev, İ.Şıxlı, İ.Hüseynov nəsrinin önə çıxması əsaslandırılır. S.Əhmədov, Anar, Ç.Hüseynov, Elçin, Y.Səmədoğlu, İ.Məlikzadə və b. Altmışıncılar nəsrinin arxitektonikasında mühüm yer tutduğunu görürük. Lakin bu yeniləşmə və dəyişimə təkcə milli bədii nəsr hadisəsi kimi verilmir, onu daha geniş faktorlarla bağlayır. 50-ci illərdə yazılan M.İbrahimovun "Böyük dayaq", S.Vəliyevin "Düyünlər", İ.Şıxlının "Ayrılan yollar" romanlarında yeni nəsrin ilk konturları görünür. M.Hüseynin "Yeraltı çaylar dənizə axır", İ.Hüseynovun "Saz", "Tütək səsi", "Yanar ürək" povestlərində bu yeniləşmənin ilk əlamətləri kimi baş qəhrəmanların cəmiyyət hadisələrinin nağılçısı kimi deyil, təhlilçisi kimi çıxış etmələri göstərilir. Bununla belə yeni nəsrin estetik yolunun və kredosunun İ.Hüseynov yaradıcılığı ilə formalaşdığı aydın olur. Yəni mövcud ədəbi stereotipin dağılması ilk olaraq onun əsərlərində müşahidə edilir. Müəllifin bu dövr nəsrini "Altmışıncılar erası" adlandırması ayrı-ayrı faktorlarla əsaslandırılır. Anarın "Macal", "Ağ liman", "Əlaqə", "Dantenin yubileyi" və s. əsərlərində Altmışıncılar içərisində öz orbitini yaratması təhlillər nəticəsində aydın olur. Lakin Altmışıncılar nəsli və nəsrinin tezliklə zəif yerinin - "Axilles dabanı"nın "mikromühitdən-makromühitə" (Asif Əfəndiyev) kimi aşkarlanması da nəsrin reallıqları olaraq verilir.
Tarixi roman janrının bu dövrdə inkişafının səbəbləri ortaya çıxır; tədqiqatçı bu dövrü tarixi romanların ən məhsuldar dövrü hesab edir. Lakin bu əsərləri bir neçə yerə ayırır; birincisi, tarixin bir fon kimi götürülməsi, tarixi hadisələrin ardıcıllığı, xronikanın verilməsi, ikincisi, tarixə baxışda lirik-fəlsəfi düşüncənin aparıcı mövqe tutması, üçüncüsü, tarixə etnoqrafik münasibətin bədii ifadəsi. İ.Hüseynov, İ.Şıxlı, Ə.Cəfərzadə, F.Kərimzadə, M.İsmayılov və b. tarixi romanlarında milli tarixin ayrı-ayrı dövrlərinin hadisə və şəxsiyyətlərinin yeni interpretasiyasını görürük. İ.Hüseynovun "Məhşər" romanı üzərində daha geniş dayanılması onun məzmunundan doğur. İ.Şıxlının "Dəli Kür" romanı isə milli xarakterlərin, duyğuların, təsəvvürlərin xalqın həyatında keçici olmadığını, müasir problemlərin keçmişin bədii dərkində axtarılmasında görürük. İ.Hüseynov, İ.Şıxlının portret oçerklərinin bu mərhələdə verilməsi də tamamilə doğrudur.
Professor Bədirxan Əhmədli poeziya bölümündə bu formanın inkişaf yolunu, yeniləşmə meyillərinin haradan başlanması kimi məsələlərə toxunur. Qeyd olunur ki, bu mərhələdə poeziyada ideoloji yük azalır, dünya poeziyası ilə səsləşən saf, təmiz poetik nümunələr yaranır, poetik dərketmədə mənəvi-əxlaqi problemlərə diqqət artır, insan və onun taleyi problemi önə çəkilir, ritorika və pafos bir qədər geri çəkilir. Tədqiqatçı burada Cənub mövzusuna ayrıca yer ayırır; S.Rüstəm, B.Vahabzadə, M.Araz, N.Həsənzadə, B.Azəroğlu, X.Rza, S.Rüstəmxanlı və b. yaradıcılığında bu mövzunun yeni kontekstdə inkişafını şərtləndirən bədii faktorları təhlil edir. Yenilikçiliyi yalnız mövzu və problematikada deyil, həm də onun poetik quruluşunda, dil və semantikasında axtarır. R.Rza, Ə.Kərim, B.Vahabzadə, N.Xəzri, H.Arif, M.Araz, N.Həsənzadə, F.Qoca, S.Əsəd, Ə.Kürçaylı, İ.Səfərli, Ə.Salahzadə və b. yaradıcılığı ilə poeziya zənginləşir və yeniləşir. R.Rzanın "Qızılgül olmayaydı" poeması və "Rənglər" silsiləsinin, Əli Kərimin "Daş", "Babəkin qolları" şeirlərinin poeziyaya yeni bir rəng qatması ədəbi təhlillərlə əsaslandırılır. Bununla yanaşı, assosiativ poeziyanın Ə.Salahzadə, V.Səmədoğlu, İ.İsmayılzadə yaradıcılığı ilə imkanlarının genişləndiyinə diqqət yetirilir.
Müəllif dramaturgiya janrının inkişaf yolunu araşdırarkən tarixi mövzudan çağdaş problemlərə keçidin səbəblərini müəyyənləşdirir, onun obyektiv və subyektiv səbəblərinə nəzər yetirir. Dramaturgiyada konflikt, xarakter, obraz, üslub dəyişmələrinin aparıcı xəttə çevrilməsi izlənilir. Bu zaman dövrün dramaturgiya mənzərəsini iki yerə ayırır; həyatı komik ifadə-komediyalar və lirik-psixoloji dramlar. Bu mərhələdə M.Hüseyn, Ə.Məmmədxanlı, İ.Əfəndiyev, İ.Qasımov, Ş.Qurbanov, B.Vahabzadə, N.Xəzri, Anar, R.İbrahimbəyov, M.İbrahimbəyov və b. dramaturqların əsərlərinin ideya-bədii xüsusiyyətləri janrın yeni mərhələdə inkişafına müəyyən təkan verir. İyirmi illik dramaturgiyanın inkişaf yolu, problemlərinin təhlili janrın mənzərəsini görməyə tamamilə imkan verir. Əgər əvvəl komediya janrı daha aparıcı yer tuturdusa, 60-cı illərdən İ.Əfəndiyevin yaradıcılığı ilə lirik-psixoloji dramlar üstünlük təşkil etdi. Elə buradaca qeyd edək ki, tədqiqatçı İ.Əfəndiyevin ədəbiyyatımzın nəsr və dramaturgiya janrlarına gətirdiyi yenilikləri və ədəbi prosesdəki rolunu yetərincə qiymətləndirir. Müəllif nəsrdə Altmışıncıların formalaşmasında onların yerini düzgün müəyyənləşdirir. İlyas Əfəndiyevlə bağlı oçerki doğru olaraq dramaturgiya bölümündə verir. Çünki tədqiqatçı onun ədəbiyyat tarixindəki yeri və mövqeyini bu janrın inkişaf yolu ilə daha çox əlaqələndirir.
Professor Bədirxan Əhmədli ötən əsrin 80-ci illərini "Azərbaycan ədəbiyyatının milliözünüdərk mərhələsi" adlandırır və bu mərhələ 90-cı illərin ortalarına qədər davam edir. Bu mərhələ zaman baxımından kiçik olsa da, ədəbi hadisələrin zənginliyi, ziddiyyətliliyi və ədəbi prosesin müxtəlifliyi ilə seçilir. Bu dövrün ədəbi hadisəsi kimi Y.Səmədoğlunun "Qətl günü", İ.Hüseynovun "İdeal", M.Süleymanlının "Köç", Elçinin "Ölüm hökmü" romanları təhlil edilir və ədəbi prosesdəki yeri müəyyənləşdirilir. Onun fikrincə, 60-cı illərdə olduğu kimi, bu mərhələdə də ədəbi prosesin yeni bir məcraya doğru getdiyini ilk dərk edənlərdən biri İsa Hüseynov olur və "İdeal" romanını yazır. Yazıçının "İsa Hüseynov" imzasından imtina edərək, "Muğanna" adını götürməsi də bu dəyişimin başlanğıcı idi. Tədqiqatçı bu bölümdə nəsrdə gedən mövzu, problematika, üslub dəyişmələrini, Altmışıncıların sırasına yeni qüvvələrin gəlməsini faktlarla təhlil edir. Tarixi romanın təsvir elementlərinə, tarixin yeni interpretasiyasına, obyektiv baxışına görə yeni mərhələ adlandırılması yetərincə əsaslandırılır. Bu dövrün nəsrini təmsil edən Ə.Cəfərzadə, Anar, Əkrəm Əylisli, Elçin, Yusif Səmədoğlu, İsi Məlikzadə, Sabir Əhmədov, Sabir Azəri, Mövlud Süleymanlı və b. haqqında yazılmış oçerklər onların həyat və yaradıcılığını dolğun şəkildə ifadə edir.
Azərbaycan poeziyasının inkişaf yolu ətraflı tədqiq edilir; onun getdikcə ideologiyadan qurtularaq saf, təmiz poetik yola qədəm qoyduğunu yazır. Bu araşdırmalara görə bu mərhələdə şeir sevgi, məhəbbət, tənhalıq poeziyasından tərcümeyi-hal yaşantılarına doğru poetik bir yol gəlir. Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Cabir Novruz, Arif Abdullazadə, Fikrət Qoca, Fikrət Sadıq, Musa Yaqub, Ələkbər Salahzadə, Abbas Abdulla, İsa İsmayılzadə, Tofiq Bayram, Sərdar Əsəd, Məmməd İsmayıl, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Eyvaz Borçalı, Ağa Laçınlı, Eldar Baxış, Məmməd Aslan, Söhrab Tahir, Ağamalı Sadiq, Şahmar Əkbərzadə və b. yaradıcılığı ilə poeziya məkanı obraz, təsvir və ifadə vasitələri baxımından yeniləşir və zənginləşir. Yaxşıdır ki, tədqiqatçı poeziya icmalında ümumi mənzərəni, poetik istiqamətləri, dəyişimi, yeniləşməni, oçerklərdə isə şairin poeziya kəhkəşanında tutduğu yeri və mövqeyi müəyyən edir. Məsələn, Nüsrət Kəsəmənliyə ayrıca oçerk verilməsə də (dərslikdə şairlərin hər birinə oçerk verməyin mümkünsüzlüyünü nəzərə alaq!) icmalda bu şairin yaradıcılıq uğurları nəzərə çatdırılır. Beləliklə, dövrün, mərhələnin poetik inkişaf yolu aydın görünür və bu poetik yolda kimlərin iştirak etdiyinin geniş mənzərəsi yaradılır. Bu cəhətdən Musa Yaqub, Nəriman Həsənzadə, Məmməd Araz, Arif Abdullazadə, Ramiz Rövşən, İsa İsmayılzadə, Xəlil Rza Ulutürk, Ələkbər Salahzadə və b. şairlərə ayrıca oçerk verilməsi təqdirəlayiqdir.
Bu mərhələnin dramaturgiya janrı da mövzu, problematika baxımından təhlilə cəlb edilir, janrın daxilində gedən proseslər, tendensiyalar və istiqamətlər təhlil edilir. Tədqiqatçının fikrincə, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ən çətin günlərini yaşayan dramaturgiyanı böhrandan çıxaran "Sevgililərin cəhənnəmdə vüsalı", "Dəlilər və ağıllılar", "Tənha iydə ağacı", "Hökmdar və qızı" əsərlərilə yenə də İ.Əfəndiyev olur. Dramaturgiyada tarixilik konseptinə marağın artması, milli tarixi hadisələrə obyektiv mövqedən baxış və s. kimi amillər tariximizə ideologiyasız baxışı təsdiqlədi. Anarın "Adamın adamı", "Səhra yuxuları", R.İbrahimbəyovun "Kaliforniyada dəfn mərasimi", B.Vahabzadənin "Kimdir haqlı?", "Yağışdan sonra", "İkinci səs", "Yollara iz düşür", "Vicdan", "Dar ağacı", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", N.Həsənzadənin "Atabəylər" və s. dram əsərləri bu janrın inkişafını şərtləndirir...
Dərslik-monoqrafiyanın son fəsli "Azərbaycan ədəbiyyatının müstəqillik mərhələsi (90-cı illərin ortalarından günümüzədək)" adlanır. Etiraf edək ki, müəllif üçün ən çətin dövr budur. Təkcə ona görə yox ki, bu mərhələ də əsrin əvvəlləri kimi siyasi hadisələrlə zəngindir, həm də ona görə ki, proses davam edir və davam edən prosesdə sənətkarların yaradıcılığını qiymətləndirmək də çətindir. Buna baxmayaraq, müəllif ədəbi prosesin icmalında, ayrı-ayrı janrların inkişaf prosesinin mətbuat orqanlarında təhlilində, oçerklərin yazılmasında maksimum obyektivlik göstərməyə çalışmış, ədəbi düşüncədə baş verən hadisə və keyfiyyətləri təhlil etmişdir. Professor Bədirxan Əhmədlinin fikrincə: "Çağdaş vəziyyətdə sosialist insanı yeni mühitdə süquta uğramış metodoloji meyarlarla və əxlaq kodeksləri ilə yaşaya bilməzdi. Buna görə də, 90-cı illərin sonuna yaxın cəmiyyətdə baş verən sabitləşmə yeni insan konsepsiyasının yaradılmasını zəruri edirdi. Qloballaşmanın müasir dünya məkanında sürətlə özünə yer etdiyi bir zamanda cəmiyyətdə (xüsusən, iqtisadiyyatda, mədəniyyətdə, ədəbiyyatda!) modernist baxışlar formalaşmağa başlayır" (səh. 474). Bu mərhələnin əsas xüsusiyyətlərini önə çəkən müəllif ən mühüm amil kimi ədəbiyyatımızın bütövləşməsini göstərir. Yəni Azərbaycanda yaranan ədəbiyyatla mühacirətdə yaranan ədəbiyyat bütövləşir. Mühacirət ədəbiyyatı ilə bağlı çoxlu araşdırmalar aparılır, onlar dərsliklərə daxil edilir. Ədəbiyyatımızda Cənub mövzusu da yeni interpretasiyada inkişafını davam etdirir.
Nəsr, dramaturgiya, poeziya bölümlərində janrın inkişaf meyilləri, ədəbi hadisələri, tendensiyalarının təhlilində sistemlilik, elmilik və konseptuallıq özünü göstərir. Nəsrdə 60-cılar, 70-80-cilərlə yanaşı, 90-cılar və 2000-cilər və onların yaradıcılığı da vardır. Bu mərhələdə Anar, Elçin, S.Əhmədli yaradıcılığı ilə yanaşı, K.Abdulla, N.Əbdülrəhmanlı, A.Qaradərəli, A.Abbas, Ağarəhim, Şərif Ağayar yaradıcılığı önə çıxır. Tədqiqatçı bəzən hər hansı bir hekayənin ədəbi prosesdəki rolunu da dəyərləndirməyi bacarır. Məsələn, Rəşad Məcidin "10 sentyabr", Ağarəhimin "Canavar balası", Ş.Ağayarın "Şəkil" hekayələrində müharibənin gətirdiyi fəlakətlərin, ağrı-acının təsvirinə yer ayırır. "Müxtəlif "izm"lərdən görünən nəsr" bölümündə isə çoxizmli (modernizm, postmodernizm, magik realizm və s.) nəsrimizin ayrı-ayrı nümunələri təhlil edilir.
Poeziya bölümündə janrın çağdaş inkişaf mərhələsi və onun görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış oluruq. Tədqiqatçı janrın inkişaf yolunu araşdırarkən onun bütöv mənzərəsini əks etdirməyə çalışır və buna nail olur.
Bu mərhələdə dramaturgiyanın önə çıxması maraq doğurur. Burada dramaturgiyanın yeni bir ədəbi-estetik mərhələyə daxil olması, həyata, gerçəkliyə, hadisələrə, bütövlükdə cəmiyyətə sosialist baxışının deyil, müstəqil münasibətin əsas olması, yeni yaradıcılıq atmosferinin hökm sürməsi, keçid dövrü anomaliyalarının dramaturgiyaya öz təsirini göstərməsi, yeni bir dramaturji konsepsiyanın formalaşması və s. kimi keyfiyyətlərin dramaturgiyanın əsas xüsusiyyətinə çevrilməsi, dünya dramaturgiyasına daha çox inteqrasiya etməsi, absurdizm, modernizm və postmodernizm elementləri ilə zənginləşməsi kimi meyillərin tədqiqi ilə tanış oluruq. Tədqiqatçının fikrincə, əgər buna qədərki dramaturgiyada əsasən, komediya, faciə və dram janrlarının işləkliyi görünürdüsə, çağdaş dramarturgiya çoxjanrlı və formalı tutumu ilə yadda qalır. Dramaturgiyanın Firuz Mustafa oçerki ilə tamamlanması təbiidir. Onun dramaturgiyası yalnız kəmiyyət (50-dən çox) baxımından deyil, janr komponentlərinin struktur məntiqi davamlılığı nöqteyi-nəzərindən (dramatizm, konflikt, xarakter, final, ideya və s.) yenidir və dünya dramaturgiyası ilə səsləşməsi və s. təhlilə cəlb edilir.
Müəllif əvvəlki cildlərdəki struktura sadiq qalaraq bu cilddə də "Cənubi Azərbaycan ədəbiyyatı" icmalını verir. İcmalda XX yüzilin ikinci yarısı Cənubi Azərbaycan ədəbiyyatında bədii düşüncənin ideya, məzmun, forma baxımından zənginliyi, M.Şəhriyarın Şimaldakı şairlərlə poetik məktublaşmasından sonra inteqrasiya prosesinin daha da sürətlənməsi, Cənub ədəbiyyatına təsiri məsələləri araşdırılır. Əmir Xosrov Darai, Məmmədəli Məhzun, Həbib Sahir, Mir Mehdi Çavuşi, Haşım Tərlan, Sönməz (Kərim Məşrutəçi), Səhənd, Əlirza Nabdil Oxtay və b. yaradıcılığında zamanın ictimai prosesləri və şimaldakı soydaşlarının yaradıcılığı ilə mənəvi, sosial cəhətdən səsləşməsi, Səhəndin "Balaca qara balıq" əsərində cəmiyyət hadisələrinin təsviri, çağdaş şairlərdən Nasir Merqati, Əziz Salami, Rəsul Yunan, İsmayıl Ülkər, Nigar Xiyavi, Kiyan Xiyav, Nadir İlahi, Huşəng Cəfər və b. şeirlərində modern düşüncə və forma müxtəlifliyindən ətraflı danışılır.
Bütün bunlara ədəbi-nəzəri qiymət vermək müəllifdən yüksək nəzəri hazırlıq, ümumiləşdirmə aparmaq, analiz tələb edir. XX əsrin ədəbiyyatına vahid prizmadan baxmanın ilk nümunəsinə də biz burada rast gəlirik. Üçcilddə nəşr edilən əsərdə diqqəti cəlb edən həm də professor Bədirxan Əhmədlinin dövrləşdirmə konsepsiyasıdır. Əsrin dövrləşdirilməsi dövr və mərhələlərlə tamamilə yeni aspektdən dəyərləndirilir. Nəzərə alsaq ki, müəllif ilk dəfə bütöv bir əsrin ədəbiyyatına nəzər salır, onu konsepsiyalaşdırır, o zaman görülən işin miqyası aydın olur.
Biz son əlli ildə akademik ədəbiyyat tarixlərinin kollektiv yazılmasının şahidi olmuşuq. İlk dəfə 1957-60-cı illərdə min illik ədəbiyyatımızı əhatə edən 3 cildlik ədəbiyyat tarixi çap olunmuşdur. Son dövrlərdə də akademik Bəkir Nəbiyevin baş redaktorluğu ilə 6 cildlik ədəbiyyat tarixinin bir neçə cildi çap olunmuş, akademik İsa Həbibbəylinin redaktəsilə davam etdirilmişdir. Yenə akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə 10 cildlik ədəbiyyat tarixinin əksər cildləri çap olunmuşdur. Bütün bunlar akademik nəşrlərdir, onların xarakteri, funksionallığı fərqlidir. Ali məktəblərdə hazırlanan dərsliklər isə daha funksionaldır, mütəhərrikdir, necə deyərlər, dövriyyədə fasiləsiz istifadə olunandır. Bu cəhətdən indiyədək çap olunan bu cür dərsliklərdən Mir Cəlal Paşayevin və Firudin Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı" və akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı" dərsliklərinin adını çəkmək olar. Nəzərə alsaq ki, birinci dərslik o zaman ədəbiyyatımızın cəmi 20-25 ilini əhatə edirdi, o zaman əsrin ədəbiyyatına yeni elmi-metodoloji yanaşmanın zəruri olduğunu yəqin etmək o qədər də çətin deyil. Professor Bədirxan Əhmədlinin bu dərsliyində isə bütöv bir əsrin ədəbiyyatının metodoloji dəyərləndirilməsinin mükəmməl nümunəsini görürük. Bu isə F.Köçərli, Ə.Abid, İ.Hikmət, H.Araslı, M.Cəfər, M.Cəlal, F.Hüseynov, F.Qasımzadənin başlatdığı böyük xidmətin davamı deməkdi. "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərslik-monoqrafiyası ilə professor Bədirxan Əhmədli təkcə ali məktəblərin dərslik ehtiyacını ödəmir, ədəbi fikirdə olan millilik, müasirlik ruhunu aşılamaqla, həm də dövlətçiliyimizə xidmət etmiş olur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!