2024-cü ilin son rübündə qazax mütərcimləri Akedil Touşanulı Qədirbəy Kunipiyalı və Aynur Maemerova M.H.Şəhriyarın "Heydərbabaya salam", Amantay Şərif isə B.Q.Səhəndin "Atamın kitabı" mənzumələrini qazax oxucularına təqdim etmişlər. Şəhriyarın "Heydərbabaya salam" poemasının tərcüməsindən öncə qazax şairi və əsərin mütərcimlərindən biri Akedil Touşanulı tərcüməyə "Azadlığın ən ünlü şairi" adlı analitik məqalə yazmışdır. Burada o, Şəhriyarı Azərbaycan şeirinin və sözünün zərgəri hesab etməklə, həm də bədii fikir daşıyıcılarımızın ən ünlüsü kimi təqdim edir. Poetik sözümüzlə bağlı Nizami Gəncəvidən tutmuş, Xəstə Qasıma qədər bəhs edir. Mütərcim-şairin Ön sözündə digər bir məqam da maraqlıdır. O, qazaxların meydangir akını Qasım Amanjolovun Nizami Gəncəvinin 1947-ci ildəki Bakıda keçirilən 800 illik yubileyində iştirakından və bu səfər zamanı yazdığı "Azərbaycan qızına" şeirindən və s. məqamlardan söhbət açıb, Qasım Amanjolovun həmin şeirindən bəndlər verməklə yanaşı, həm də Şəhriyarın "Heydərbabaya salam" poemasından gərəyincə danışır.
Qeyd etdiklərimizdən sonra Şəhriyarın "Heydərbabaya salam"ı yuxarıda adlarını çəkdiyimiz mütərcimlərin tərcüməsində ortaya qoyulur. Bəri başdan deyək ki, Azərbaycan və qazax dilləri eyni türk dili ailəsinə aid edilməsinə baxmayaraq, onlar arasında xeyli fərqlər də mövcuddur. Yəqin elə buna görədir ki, türkmən, türk, qaqauz, özbək türkcələrinə tərcümələr qıpçaq türklərinin dilinə tərcümədən daha parlaq, daha oxunaqlı və daha harmonik alınır. Biz bunu Azərbaycan türkcəsindən qazax türkcəsinə çevrilmiş Nizami, Nəsimi, Füzuli və başqa bu kimi klassiklərimizin əsərlərinin tərcümələrində yaxşı müşahidə etmişik.
İndi də keçək söhbətimizin ana xəttinə, yəni qazax mütərcimlərinin tərcümələrinə və bildirək ki, nəinki ritm, intonasiya, harmoniya, həm də struktur-kompozisiya baxımından qazax qardaşlarımız Şəhriyarın "Heydərbabaya salam" poemasının aparıcı struktur-kompozisiya və məzmun-ideya atributlarını doğru-dürüst mövqedən yaratmağı bacarmışlar. İki hissədən ibarət olan bu mənzuməni mütərcimlər də olduğu şəkildə verməyə müvəffəq olmaqla, həm də tərcümə mətnində, demək olar ki, ciddi kənarlaşmalara yol verməmişlər.
Elə buradaca qeyd edək ki, qazax dilində də Azərbaycan dilində olduğu kimi vurğu sözün sonuncu hecasının üzərinə düşür. Və bu da qazax dilinin struktur-tipoloji xarakteristikasının əsasən bizim dildə olduğu kimi, onun iltisaqi (aqlütinativ) dillərə məxsus olması ilə bağlıdır. Odur ki, aqlütinativ dil tipinin təsvirində nəinki fonetik, həm də morfoloji və sintaktik xüsusiyyətlərin cəmi kimi əlamətlər nəzərə alınmalıdır.
A.Touşanulı, Q.Kunipiyalı və A.Maemerova bu əsərin tərcüməsində əsasən, Şəhriyarın zəngin xalq dilinin imkanlarından yararlanmasına söykənməklə el adət-ənənələri, atalar sözləri, zərbi-məsəllərini, əski psixoloji-mənəvi, mədəni-estetik düşüncə xüsusiyyətlərini qoruyub saxlamağa müvəffəq olmuşlar. Dediklərimizi əsərin birinci hissəsindəki üçüncü bəndin qazax dilinə tərcüməsi üzərində illüstrasiya edək:
Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
Eyni bəndi qazax tərcüməsi ilə müqayisə edək:
Meyram jeli şatırları jıkkanda,
Naurız quli kardı jarın şıkkanda
Akşa bulttar koylekterin sıkkanda,
Aram tulep mazdasınşı key umit,
Tayday kayqı umıtılsın seyilip.
Biz Azərbaycan dilindən qazax dilinə edilmiş xeyli tərcümə nümunələri ilə tanış olduğumuz üçün adlarını çəkdiyimiz mütərcimlərin tərcüməsinin digərlərinin tərcümələrindən daha keyfiyyətli alınması qənaətindəyik. Əslində bu tərcüməyə dərindən nəzər saldıqda elə təsəvvür yarana bilər ki, sanki Şəhriyar "Heydərbabaya salam" mənzuməsini elə qazax dilində qələmə almışdır. Hətta kənar, qeyri-mütəxəssis gözü ilə baxdıqda belə, burada doxsan faiz söz və ifadələrin üst-üstə düşdüyü də görünə bilər.
Qazax mütərcimlərinin tərcümə nümunələri ilə mahiyyəti üzrə tanış olduqda görürük ki, onlar burada heç də Azərbaycan mətnində olan söz və ifadələri qazax dilinə tərcümə ilə məşğul olmur, bu prosesdə orijinalın ruhunun və mənasının, şairin yaradıcılıq stixiyasının yüksək dərəcədə qorunması qeydinə qalırlar. Və onlar yaxşı dərk edirlər ki, tərcümə sənəti Azərbaycan və qazax xalqları arasında son dərəcə zəruri etnik-mənəvi yaxınlaşma və birləşmə rolunu oynayır. Bununla da onlar "Heydərbabaya salam"ın tərcüməsi ilə xalqın fəlsəfi dünyasını və incə mental hisslərini öz ana dilində yarada bilirlər. Qazax müəllifləri üçün bu, tərcümə etdikləri şair qarşısında mütərcim məsuliyyəti kimi qəbul edilməlidir. Onların başlıca məqsədində əsərin melodikasını, ahəngini, strofikasını, estetik keyfiyyətlərini, dil əlvanlığını qazax dilində yaratma istəyi üstünlük təşkil edir.
Müşahidələrimizi orijinalla tərcüməni tutuşdurmaqla davam etdirək:
Heydərbaba, kəndin toyun tutanda,
Qız-gəlinlər həna, piltə satanda,
Bəy gəlinə damnan alma atanda,
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarında sözüm var.
Bu isə qazax şair-mütərcimlərinin tərcüməsidir:
Xaydarbaba, auıl toy qıp jatkanda,
Kız-kelinder kına, pilte satkanda,
Kuyeu kelinqe tamnan alma atkanda,
Menin de sol kızdarda edi közderim,
Akındardın əninde edi sözderim.
Göründüyü kimi, burada tərcüməçilər əsərdə ritm və melodikanı ustalıqla qoruyub saxlayaraq qazax oxucusuna Azərbaycan şairinin mənəvi dünyasının zənginliyini bütün rəngləri ilə çatdırmışlar. Şeirin tərcüməsi sanki qazax qardaşlarımıza Azərbaycan xalqının canatmalarını, ənənələrini, tarixini mahiyyətincə dərk etməyə imkan vermişdir. Əlbəttə, Şəhriyarın "Heydərbabaya salam" mənzuməsini onlara qazax dilində adekvat səsləndirməsi heç də asan başa gəlməmişdir. Çünki bu Azərbaycan müəllifinin poeziyası elə tarixi, etnik, etnoqrafik, folklor, psixoloji, epik spesifik konstruksiyalarla zəngindir ki, oradakı məna, ritm, məzmun və onların emosional təsirinin qazax dilində doğru-dürüst yaradılması imkanını oxucuya ötürmək məqsəd kimi ortada olmuşdur. Yəni demək istəyirik ki, Şəhriyarın yaradıcı dəst-xəttinin tərcüməsi üçün onun poemasındakı tarixi və mədəni kontekst qazax oxucularında doğru-dürüst poetik assosiasiyalar yarada bilməlidir. Bir də qeyd edək ki, əsərin orijinalındakı müxtəlif məqamlarda işlənən tarixi, folklor və etnoqrafik ifadələr mətn altında əlavə izahlarla oxuculara çatdırılmışdır. Bu tipli etnoqrafik örnəkləri qazax mütərcimləri birbaşa tərcümə mətninə daxil etmişlər. Orijinaldakı bu tipli ifadələrə "vərəndil", "girdəkan", "sövmək", "şəbçərə", "cünəmmək", "sövəndə", "kürək züvəndə", "cövcü", "yadeş bəxeyr", "Məlkamıl", "qəza", "vərzişkar", "bərq", "ücrət", "albaq, əblaq", "fınqılış", "İmamiyyə qəhvəsi", "vədiə", "məkəs" və s. aid edilir. Eyni zamanda onlardan başqa digər "Şengüli", "minəcat", "bozbaş", "Koroğlı", "Qırat", "Əvəz" kimi ifadələri isə onlar tərcümə mətninin içində əridirlər.
Mənzumənin ikinci hissəsindən bəzi məqamlara yenə də tərcümədə müqayisəli-qarşılaşdırıcı kontekstdə nəzər salmaq əyani sübut baxımından yaxşı olardı:
Ketkenderdin bos orını köriner,
Xanım tətem ak kebinqe oranar.
Jerlester bar, juzderinde surau bar.
"Kaydan keldin, neqe munşa keş keldin?
Saqındık koy, deydi olar, koş keldin".
İndi isə həmin bəndi orijinaldakı misralarla müqayisə edək:
Gedənlərin yeri burda görünür,
Xanım nənəm ağ kəfənin bürünür,
Dalımcadır, hara gedim, sürünür:
- Bala, gəldin? Niyə belə gec gəldin?
Səbrim sənnən güləşdi, sən güc gəldin.
Yaxşı məlumdur ki, poetik dilin ən mühüm göstəricisi səslərin yetərincə səliqə-sahmana salınması və təşkili ilə bağlıdır. Odur ki, mütərcimlər Azərbaycan poeziyasından qazax dilinə tərcümə zamanı mövcud qaydalara söykənərək müvafiq tərcümə üsullarından məqsədyönlü şəkildə istifadə etməklə, həm də hər iki - tərcümə edilən və tərcümə edən dillər arasındakı təbiət etibarı ilə fərqli məqamların olduğunu mahiyyətincə təsəvvür edirlər.
Buna görə qazax dilinə tərcümə zamanı mütərcimlər, bir tərəfdən, milli oxucuya istiqamət götürürlərsə, digər tərəfdən, milli spesifik elementləri nəzərə alır, üçüncü bir tərəfdən, orijinalla tərcümə arasında yaxınlığın zəruriliyini nəzərdə tuturlar və onu ortaya qoymağa çalışırlar. Başqa sözlə desək, mütərcimlər bütün tərcümə prosesində Şəhriyarın idioüslubunu daha dolğun verməyə çalışmaqla, mətnin məna və estetik informasiya yükünü, formal-linqivistik xarakterini yaratmağa müvəffəq olurlar.
Qazax mütərcimlərinin Şəhriyarın "Heydərbabaya salam" mənzuməsində orijinalda ustalıqla yaradılmış şeir misralarındakı qafiyə, strofika və ritmika elementləri tərcümədə də mütəmadi olaraq təkrarlanmaqla və poetik mətnin ritminin təşkilinə yardımçı olub, misraları bir-birinə birləşdirməklə strofanı uğurlu şəkildə formalaşdırdığını görürük. Leksik əlamət baxımından, demək olar ki, orijinalda olduğu kimi, tavtoloji qafiyə (yəni sözlərin eyni təkrarı), omonimik qafiyə (qafiyələnən sözlərin yazılışı və səslənişi yox, onların fərqli mənaları), kalambur qafiyələrin (müxtəlif sözlərin oxşar fonetik səslənişi), paronimik qafiyələr (səsləniş və yazılışa görə) yaxınlıqları fərqləndirmək olur. Akedil Touşanulı, Qədirbəy Kunipiyalı, Aynur Maemerova tərcüməsində orijinalda olduğu kimi qafiyə həm də şeir sətirlərinin ritm vahidlərinə bölgüsünə şərait yaradır. Belə yanaşma ritmin qavrayışını təmin etməklə ona zəruri məna-məzmun çalarları gətirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!