Şair Qorxmaz Kadusinin 55 illiyinə
Məşhur ingilis yazıçısı Qilbert Kit Çesterton yazır ki, "Yaxşı roman öz qəhrəmanı haqqında, pis roman isə öz müəllifi haqqında həqiqəti söyləyir". Bu fikri poetik nümunələrə də şamil etmək olar. Doğrudan da, hər bir bədii əsərin arxasından müəllifi boy verir. Adətən işıqlı fikirlər işıqlı insanlardan, işıqlı ürək sahiblərindən dünyaya göz açar. Sənətin şəxsiyyətlə vəhdəti isə hər yazara qismət olmur.
Bu yazım sözün dəyərini bilən, onu əzizi kimi qoruyan və uca tutan, məsuliyyətini hiss edən, şəxsiyyəti ilə sənəti bir-birini tamamlayan bir şair, bir söz adamı haqqındadır.
Qorxmaz Kadusinin imzasını bir neçə on il əvvəldən tanısam da, şəxsi tanışlığımızın yaşı təxminən, on iki il olar. AYB-nin Lənkəran Bölməsində baş tutan tədbirlərdə canlı tanış olduq, aramızda səmimi münasibətlər yarandı. Mən Bölmədə sədr olandan sonra isə görüşlərimiz mütəmadi xarakter daşıdı. Şair kimi sözünə bələdliyim olsa da, həyatı ilə bağlı bəzi məlumatları sonradan öyrənə bildim.
Qoxmaz Kadusi (Qorxmaz Kamil oğlu Məmmədov) 13 mart 1970-cı ildə Lənkəranın Separadi kəndində dünyaya göz açıb. Doqquzuşaqlı ailənin səkkizinci uşağı olub. Kənd məktəbini bitirib. Hələ məktəbə getməmiş əlifbanı, hesabı, yazmağı öyrəndiyindən məktəbdə seçilən şagirdlərdən olub. Doqquz yaşında olarkən evlərinin yanından keçən Ulum çayına "Çay" şeirini yazıb. Həmin şeir rayonda nəşr olunan "Leninçi" qəzetində çap olunub. Artıq 6-cı sinifdən məktəbdə onu "şair" deyə çağırmağa başlayıblar.
Qorxmaz danışır:
- Sinif otağımız məktəbin ədəbiyyat kabinetində yerləşirdi. Kabineti bəzəyən portretlərin içində Səməd Vurğuna tamaşa etməkdən yorulmurdum. Ağ saçını arxaya darayan şairə çox oxşamaq istəyirdim. Həmin vaxtlardan başlayaraq saçımı arxaya daramağa başladım və bu günə kimi də davam edirəm. Bəlkə də şeirə, sənətə olan sevgimin üzə çıxmasında bu amil əsas rol oynadı.
Qorxmaz orta məktəbdən sonra mühasib uçotu kursunu bitirib. Sovet Ordusunda, Macarıstanın paytaxtı Budapeşt şəhərində xidmət edib. Xidmətdən sonra kəndlərindəki heyvandarlıq fermasında kiçik mühasib işləyib. Bakı Yeyinti Sənaye Texnikumunda qiyabi təhsil alıb.
Qorxmazın kövrələrək mənə danışdığı başqa bir xatirə:
- Əlimə aldığım ilk əməkhaqqı 120 manat - on iki ədəd qırmızı onluq sovet pulu oldu. Pulu alıb düz evə gəldim. Anam həmin vaxt evdə xəstə yatırdı. Sevincək anam olan otağa keçdim. Məni görən kimi dikəlib yerində oturdu. Üzündən öpüb pulu onun ovcuna qoydum. İşlədiyimdən, bu günlərdə ilk maaşımı alacağımdan anam xəbərdar idi. Odur ki, bir söz demədi. Gözləri yaşardı. Bütün deyəcəklərini yanaqlarına süzülən göz yaşlarından oxudum. Amma bu sevinc göz yaşları idi. Məni də kədərləndirə biləcəyindən ehtiyatlanıb tez başındakı ləçəklə gözlərini, yanaqlarını sildi. Boynumu qucaqlayıb üzümdən öpdü. O istiliyi, o hənirtini indi də hiss edirəm. O zaman dediyi sözləri hər dəfə xatırlayanda ürəyim ağzımdan çıxmaq istəyir. Taqətsiz halda: "Ölmədim, bu günü gördüm", - dedi və biz bir neçə dəqiqə qol-boyun qaldıq. Ağrıdan nəfəsi çətinliklə aldığını görüb uzanmağını xahiş etdim. Digər uşaqlardan fərqli olaraq biz bir-birimizə çox bağlı idik. Anamın öz əziz-girami oğluna necə fəxrlə, sonsuz sevgi ilə baxdığını görüb gözlərim yaşardı və otaqdan çıxdım. Amansız fələk anama bu sevinci çox gördü. İki aya yaxın ölümlə çarpışdı və sonda təslim oldu. Hüzr məclisindən sonra bacım anamın balışının altından tapdığı həmin 120 manat pulu ağlaya-ağlaya mənə qaytardı. Həyatımın ən ağır, heç vaxt, heç kimə arzulamadığım anları yaşadım. Həmin pulu evimi bəzəyən anamın portretinin arxasında 35 ildir ki, əziz xatirə kimi saxlayıram.
Qorxmaz Kadusi onunla əkiz dünyaya gələn ədəbiyyat sevgisindən bir an belə aralı düşmədi. 2000-ci illərin əvvəlindən başlayaraq artıq ciddi ədəbiyyata qədəm qoydu. Mütəmadi olaraq ədəbi dərgilərdə, qəzet və jurnallarda çap olundu. 2006-cı ildən AYB-nin üzvü oldu. "Bir gün dönəcəyəm" (2005), "Məni zirvələrə qaldıran əllər" (2008), "Ruhum göyə dönən gün" (2010), "Mənim Akademiyam"(2013), "Özünü tapan adam" (2021),"Xısrof iyən Şirin" - talış dilinə tərcümə (2023), "Düşüncə" (2023) və "Sən elə sev ki..." (2024) adlı kitabları işıq üzü görüb.
Bu yazımda Qorxmaz Kadusinin 55 illiyi münasibəti ilə nəşr etdirdiyi son illərdə yazdığı poetik nümunələrin cəmləndiyi "Sən elə sev ki..." kitabı ilə bağlı fikir və düşüncələrimi sizlərlə bölüşəcəyəm.
Qarşımda qalın cildli, 390 səhifəlik bir kitab var. Kitab 2024-cü ilin dekabr ayında "Apostrof-A" nəşriyyatında nəşr olunub. Kitabın redaktoru gənc şair Ziya Dilsuz, Ön sözün müəllifi isə tanınmış tənqidçi, AMEA-nın Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflidir.
İlk öncə onu deyim ki, Qorxmaz Kadusi artıq çağdaş ədəbiyyatımızda imzası təsdiq olunan şairlərdəndir. Əsasən, heca vəzninin əksər ölçülərində yazan - təbii ki, sərbəst vəzndə də şeirləri çoxdur, - şairin özünəməxsus üslubu, fərdi şeir dünyası var. Bu səbəbdəndir ki, onun şeirləri səmimiliyi, obrazlılığı, yaşadığımız həyatın reallıqlarını özünəməxsus şirin bir poetik dillə ifadə etmək baxımından oxucu rəğbəti qazanır. Oxucu onun şeirlərində özünü, həyatını və yaşadıqlarını görə bilir və bütün bunlar barədə düşünməyə məcbur olur.
Kitabda toplanmış şeirlərdə şairin nəzmin əsas əlamətləri olan ölçü, rədif, qafiyə, bölgü və s. şərtlərinə ciddi əməl etdiyi məlum olur. Şeirlərdəki məcazlar, epitetlər, təşbehlər, metaforalar şairin ustalığından, sözdən istifadə etmək bacarığından xəbər verir.
Qorxmaz Kadusi sözün dəyərini bilən, sözü doğma balası kimi əzizləyən, oxşayan və lazım olanda ələyib dürlüsünü üzə çıxara bilən şairdir. "Sözü" şeirində özü demişkən:
...Olmasam da, yenə var söz,
Kimə əğyar, kimə var söz.
Ruhunuzu oxşayar söz,
Sizinçün ələdim sözü.
Sözə olan sevgidəndir ki, şair özündə yenilməz güc tapır, sözünün nuruna bələnərək zülməti dəlib keçə bilir. "Şairəm" şeirindən:
Ünvanı sənədir yazdıqlarımın,
Sözümün nuruna bələn, şairəm.
İşıqlı sabahlar qismətin olsun,
Nurumla zülməti dələn şairəm.
Vətəni sevmək imandandır, - deyirlər. Vətənini sevməyən, qorumayan, lazım gələndə həyatını belə qurban verməyə hazır olmayan şəxsin nəinki vətəndaşlığı, hətta insanlığı belə şübhəlidir. Əksər şairlərdə olduğu kimi Qorxmaz Kadusinin yaradıcılığında da vətənpərvərlik qırmızı xətt kimi keçir. "Vətən" şeirində:
Vətən - yerim, göyüm, evim,
İsti, əziz odam sənsən.
Şəxsiyyətim,varlığımsan,
Kimliyimdə adım sənsən,
- deyən şair Vətənin doğmalığını və müqəddəsliyini oxucuya çatdırmağı bacarır. Şair vaxtaşırı olaraq bu mövzuya müraciət edir, gənclərimizdə Vətən sevgisinin aşılanmasında xidmətini göstərməyə çalışır. Vətənin şad günündə sevinən şair çətin, ağır günündə də, necə deyərlər, qələmini silah edib qorxmadan düşmənin üstünə şığıyır. Şairin "Xocalı", "Azərbaycan əsgəri", "Bükün məni", Vətən müharibəsinin ilk günlərində yazdığı "Qibləm Şuşa olmalıdır", Şuşa alınandan sonra yazdığı "Şuşa alındı" şeirləri, antiterror əməliyyatından sonra yazdığı "23 saat 43 dəqiqə" şeiri, şəhidlər haqqında yazdığı "Şəhidim", "Qəbrin hardadır?" və sair çoxsaylı şeirləri vətənpərvərlik mövzusunda yazılan gözəl poetik nümunələrdir.
Qorxmaz Kadusinin yaradıcılığında sevgi notları, insanları sevib-sevilməyə çağırış, sevginin müqəddəs hiss olaraq tərənnümü, Vətən torpağındakı gözəlliklərin, əsrarəngiz təbiətimizin vəsfi, gəncliyin əzəmətini qoruyub saxlamaq, uşaqlara qayğının vacibliyini göstərmək və s. ən çox müraciət etdiyi mövzular sayıla bilər. Şairin ən kövrək, ən duyğulu hisslərini valideynlərə, uşaqlara həsr etdiyi şeirlərində görmək olar. Bu mövzuda onun ən gözəl şeirlərindən biri "Anamın qəbrində məni dəfn edin" şeiridir.
Məsum bir mələyə qanad mən idim,
Doqquz ay əynimə onu geyindim.
Bəlkə, öldüyümə belə sevindim,
Anamın qəbrində məni dəfn edin.
Və sonda. Yazıçı, şairlər, adətən kitablarını hər hansı bir bədii nümunənin adı ilə adlandırırlar. Qorxmaz Kadusi fərqli seçim edərək kitabına seçdiyi "Sən elə sev ki..." adı "Tapa biləsən" şeirinin son bəndindəki bir misranın son sözləridir. Diqqət edək:
İmandır, inamdır, həyatdır sevgi,
Sevənə yorulmaz qanaddır sevgi.
Sən elə sevil ki, sən elə sev ki,
Özünü özgədə tapa biləsən.
Qorxmaz Kadusi ömrünün 55-ci ilində gənclik ehtirası ilə yazıb-yaradır, tükənməz enerji ilə hiss və duyğularını, fikir və düşüncələrini gözəl poetik nümunələrlə xalqımıza, sevimli oxucularına ərməğan edir. Şair dostuma uğurlar diləməklə həmişə sevib sevilməyi arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!