Çox zaman mübahisə obyektinə çevrilən rəsm-şeir əlaqəsi haqqında indiyədək bir çox fikirlər irəli sürülmüş, birbaşa rəsm-şeir əlaqəsindən yaranan şeirlər üçün "vizual şeir", "tablo şeir", "portret şeir" kimi ədəbi termindən istifadə olunmuşdur. "Vizual" və ya "tablo şeir" adlandırılanı, oxucusunun gözü önündə bir insanın görüntüsü canlandırılan portret şeirlərdə, insanların fiziki, ya da ruhsal portretləri çəkilir. Bu, yalnız insana aid edilmir, bəzən də kədərin, küləyin, payızın, əzabın və s. sözlə şəkli çəkilir.
Sözlər şairlərin, rənglər rəssamların sənət ləvazimatlarıdır. Bəzi şairlər bunu məqsəd üçün istifadə edir, bəziləri vasitə olaraq. Şahnaz xanım bunu həm vasitə, həm də məqsəd olaraq istifadə edir. Özünün təbirincə desək, Şahnaz Şahin də "bu cürə şairdir". Şeir yazmır, sözlə şəkil çəkir, sevgisinin, həsrətinin, kədərinin şəklini çəkir. Bu zaman vasitə olaraq müxtəlif obrazlardan istifadə edir. Bəhs etdiyimiz şeirdə özünün fərqliliyini etiraf edən şairə şəkli "ah"la çəkir:
Mən də bir cürə şairəm,
"Ah"la şəkil çəkirəm.
İnanmırsan, gəl otur
Yoxla, şəkil çəkirəm.
Bir az rəng qoy saçına,
Həmrəng olsun acına.
Bir söz qoy bəxt ucuna
Yolla, şəkil çəkirəm...
Sözlə çəkilən şəkildə "Öd yalaya-yalaya, odla şəkil çəkən" şairənin əzabkeş obrazı, şeiri hansı mənəvi iztirabla yazdığı oxucunun gözündə canlanır. Şeirin digər bəndində şairənin vasitəsi, qələmi "od" olur. "Od" və "öd". Bu sözləri yazanda "Öd yalaya-yalaya" şeir yazmağın və bunu "odla" yazmağın ağrısını, acısını hiss edirəm, sanki.
Çıx işıqlı talaya,
Bax o müdrik qalaya.
Öd yalaya-yalaya
Odla şəkil çəkirəm!
Əslində şairənin sözlə rəsmini çəkdiyi yaşanmış, yaddaşından silə bilmədiyi, hələ də yaşatdığı xatirələrdir. Edilən etiraflar da müxtəlifdir, bəzən etiraflar olunur, bəzən xatırlatmalar. Bəzən də ritorik suallar ünvanlanır. Bütövlükdə şairənin bir çox şeirlərində "O"nun, ömründən getmiş, ancaq xatirələrində yaşayan adamın obrazı boylanır. Müraciətlər, "o adam"a olunur. Bu yazılan və ya çəkilən tablo şeirlərdə -"od"la "ah"la şeir yazan, "Havaya, davaya oynayan" qadının obrazı ilə yanaşı, ömründən çıxıb getmiş "o" adamın obrazı oxucunun qarşısına çıxır. Şairənin "lirik mən"i sanki möcüzə gözləyir, gecələrin onu gətirməsini istəyir. Təəssüf ki, möcüzə gerçəkləşmir. "Gecələr ona gözlədiyini gətirmir". "Lirik mən" məyusluğunu, hətta bu məyusluğun ölçüsünü "hirsindən it kimi ulayan küləyin" vasitəsilə ifadə edir:
Bu gecə də gətirmədi səni.
Hirsindən it kimi
uladı küləklər.
Dəyişmədi əynini
Otağım...
O, qəsdinə duran gecələri yöndəmsiz bəstəyə bənzədir.
Dolanıb qayıdır üstümə gecə,
Dayanıb elə bil qəsdimə gecə.
Nəfəsim havada quş tək uçuşur,
Bənzəyir yöndəmsiz bəstəyə gecə...
Şairə ümidini göyərtməyən, gümanını həqiqətə çevirməyən, "Onu gətirməyən gecənin" - "əynini dəyişməyən otağın" nisgil, həsrət dolu rəsmini çəkir. Gecələr xatirələrin qucağında yaşayan şairənin unudulmaz hissləri misralarda təzahür edir:
Ən böyük şairlərin də
ən gözəl şeirləri
elə sevgidən yaranır...
Sevməmişəm desələr,
İnanmayın...
Hər gecə bir ulduz
sevgisi doğulur
onların.
İnsanı yaşadan sevgidir, deyirlər. Şahnaz Şahini də yaşadan "o adam"la yaşadıqları, yaddaşına həkk olunan xatirələrdir. Təklikdə, tənhalıqda, xüsusən də, gecələr xatırlanır, "o adam". Onunla danışır, onsuz yaşadıqlarını, daha doğrusu, onsuz yaşamadığını etiraf edir:
Üzündən şəkli sürüşüb,
Ayaqlarından yerişi.
Ovcundan tikəsi düşüb,
Bəbəklərindən baxışı...
Soruş, adını da bilmir,
Soruş, gör haçandan gülmür.
Soruş, gör kim öldürüb axı,
Qadınlar ölümlə ölmür!..
"Cavanlıq hikkəsini çoxdan unudan qadın" böyük bir metamarfoz keçirib. Adını unudub, gülməyi unudub, ölməyib, amma ölü kimidir. Nə üzündəki şəkil əvvəlki deyil, nə yerişi, nə də baxışı. Ayrılığın yaratdığı bu qorxunc tablonu yaxşılığa doğru ancaq sevdiyinin "Bəyaz tellərini oxşaması" dəyişə bilər. "Tapdığı səadətlə yenidən doğular."
Oxşa bəyaz tellərini,
Bəlkə dərdi dağılar.
Bir gün tapıb səadəti
O yenidən doğular...
Və ya
...Səni,
sonuncu gülləm kimi sıxdım ozünə...
çıxdın
dişlərim arasından can kimi...
qan fışqırdı üzümə!..
...Boyat yuxuların əsiriydin...
yenəmi ağrıyır qolun,
ürəyinin yerinə...?!
Bir başqa şeirdə şairənin "lirik mən"i bir az əvvəl bəhs etdiyimiz qadın obrazının tam əksidir. Hərdən boş küçələr ona sevdiyini xatırladır. "Boş küçələrdən keçib gedən lirik qəhrəman gecələrin ütüsünü pozur". "Quş lələyi bildiyi saçının bir telini yandırıb üfürür gecəyə / Dartıb qırır teleqraf tellərini /atır dənizə səsini/ Küləklərin qoluna girib asılır Yer kürəsindən..."
Aşağıda kimsə şar uçurur havaya,
kimsə dənizə görüş təyin edir.
Kimsə neçənci dəfə tövbə deyir sevgiyə,
boş küçələrdən keçib gedirəm,
ütüsü pozulur gecələrin.
Sevginin və sevgi duyğusunun şəklini çəkən Şahnaz xanımda rəsmlə sözün bir nöqtədə birləşməsi möhtəşəmdir.
Sevgi bəzən
boşluğa yağan yağışdı,
Bəzən yalan, aldanış...
Bəzən də
gözlərin altına düşən qırışdı.
Başqa bir şeirində sevgi sözünü sevda əvəzləyir. Məna etibarı ilə hər iki söz eyni mahiyyət kəsb etsə də, sevda sözü dahi məhəbbət şairi Füzulini yada salır: "Sorun ki bu nə sevdadır, bu sevdadan usanmazmı?!" Bu sözləri şairənin sevdadan usanmayan, yuxularında belə onunla bir xəyal quran "lirik mən"inə də ünvanlamaq olar.
...Bir sevda keçdi önümdən...
bir az gözləri qıyıqdı,
Bir az ayağını çəkir,
azca da kefi yox idi.
Düşüb arxamca gəlmişdi,
deyirdi, yaman darıxıb.
Deyirdi, həyatı puçdu,
amma nəfsinə tox idi....
Hətta icazə istədi,
tutum əllərindən, - dedi.
Bura ayrılıqdı - gedək,
utandım, çəkdim əlimi...
...Allah, nə gözəl yuxuydu!..
Şahnaz Şahinin poeziyasında yalnız "o adam"ın və sevən qadının obrazı yoxdur. Duyğularını, düşüncələrini poetik şəkildə ifadə etməsində ona yardımçı olan digər obrazlar da var: külək, payız və s.
Fikrimizcə, fəsillər arasında ən çox insan təbiətinə bənzəyəni payızdır. Bəzən ağlayan, bəzən buludların arasından gülümsəyən, bəzən dumanlı, bəzən küləkli, çovğunlu havasıyla. Şairənin payızı obraz olaraq seçməsi təsadüf deyil. O, bəzən payızın bu xüsusiyyətlərini insana, bəzən də insana məxsus xüsusiyyətləri payıza "köçürür".
Özünü qapımdan
asıb getdi payız.
Qış dəfn edəcək, heyif,
nəm tutan yarpaqları.
Boz sərçələr ağlayacaq,
bumbuz əllər dikəldəcək
başdaşlarını.
"Özünü qapısından asıb gedən payızı qış dəfn edəcək". Özünü asan varsa, yas da, ağlayan da olmalı. Özünü asan payızı öz doğma yurd yerini tərk etməyən vəfalı sərçələr ağlayacaq". Gözəl bir tablo şeir nümunəsi. Bu tablodakı salxım söyüdlər bir zamanlar kölgəsində görüşən sevgililər kimi qocalıb. Xatirələr boyatlaşıb:
Salxım söyüdlər də qocaldı,
Kölgəsində görüşən
sevgililər kimi.
Ara-sıra boyat
xatirələr tökülür
vitrindən indi.
Şairənin "Xatirə axtarışı" şeiri bu şeirin davamı kimidir.
Bu dünyada heç nə təzə qalmır,
Köhnəlir, əyin-başın kimi
görkəmin də...
İşıqlarını söndürüb
enir yerə xəyalların,
Dua kimi qalxır göyə ahın.
İçindən qurd tapırsan
Bakirə arzuların.
Tıxanır boğazına
Bircə parça ümidin,
nə uda, nə də tüpürə bilirsən.
Yoldan keçənlər baxıb
elə köksünü ötürür.
Yanır dəli qürurun.
Eşib kül topasını xatirə axtarırsan...
Bir başqa şeirində Şahnaz xanım sevgi kimi, "Qapısının açar yerində iki barmağını qoşalayıb, kənd uşaqları kimi həvəslə fit çalan küləyin rəsmini çəkir.
Bu rəsmdə külək əsəbindən şahə qalxıb.
Zivədən paltarlarımı qaçırır,
Başımdan saçlarımı uçurur.
ağacların qol-qabırğasını vurub sındırır,
meyvələrini çəkib qoparır.
Əsəbindən
şahə qalxır, deyinir, bağırır.
Kimə, nəyə hirslənib, bilmirəm.
İsterik çırpıntılarda sənin də,
elə mənim də adını çəkir.
Pəncərə çərçivələrindən
yer tapıb içəri soxulur,
Axtardığını tapmayıb qaçır küçəyə.
Gözünə görünən, əlinə keçən,
gücü yetən nə var,
hər şeyi alıb önünə qovur uzaqlara.
Uzaqlarda kimi var küləyin,
bilmirəm.
Şahnaz Şahin külək obrazı vasitəsilə "lirik mən"in içindəki duyğuları canlandırır. Eyni zamanda insana aid xüsusiyyətləri küləyə yükləyir. Külək hirslənib, deyinir, bağırır, isterika yaşayır. Bir zamanlar söyüdlərin kölgəsində görüşən iki insanın adını çəkir, içəri soxulur, axtardığını tapa bilməyəndə küçəyə qaçır, gözünə görünən, əlinə keçən, gücü yetən nə varsa, qovur uzaqlara.
Bütövlükdə küləyin yaratdığı bütün xüsusiyyətlərinin sözlə şəkli çəkilən bu misraları oxuyanda küləyin yaratdığı mənzərəni görmək və çəkmək o qədər də çətin deyil. Şairə, "Yığılıb odama şeir yazıram", - desə də, yalnız şeir yazmır, şairliklə rəssamlığı bir araya gətirir və bunun öhdəsindən mükəmməl bir şəkildə gəlməyi bacarır. Çünki onun üçün hər şey: "solğun bənizli gecə, / dibçəkdəki güllər.../pəncərə şüşəsində çiliklənən yağış dənələri.../yolların qırağında soyuqdan büzüşüb titrəyən köməksiz otlar / masa üstündəki büllur güldan, güldandakı boynubükük çiçəklər" və s. şeirdir. Eyni zamanda hər şeiri bir rəsmdir. Bu baxımdan, "Fraqmentlər" adlı şeiri çox diqqətçəkicidir.
Hara baxsan, şeirdi...
Elə bu solğun bənizli gecə,
dibçəkdəki güllər...
pəncərə şüşəsində çiliklənən
yağış dənələri...
yolların qırağında
soyuqdan büzüşüb titrəyən,
köməksiz otlar...
hər şey...
bircə,
geniş masa üstündəki büllur güldanda
boynubükük çiçəklərə yazıq...
Şahnaz xanım özünü "şeir qadın" adlandırır. Ancaq yalnız "şeir qadın" deyil, "bir az çöl qadın", "bir az orman qadın", "bir az roman" qadındır. Bütövlükdə, Tanrının möcüzəsi olan qadındır, anadır.
Mən bir az çöl qadınam,
bir az da orman qadın.
Bir az şeir qadınam,
Bir az da roman qadın.
Tala-tala ələfəm,
Çiçək-çiçək dağam mən.
Sahibini gözləyən,
Soyumuş ocağam mən.
Qadınam, qadın... ana,
Hər dərdə sipər qadın.
Bətnimdə böyüyübdü,
O Həcər, Nigar qadın.
Leyli mənəm, Şirin mən,
Ocaq qadın, Pir qadın.
Tanrının yaratdığı
Ən gözəl əsər... Qadın!
Fikrimizcə, Şahnaz Şahinin realizmlə naturalizmin, şeirlə rəsmin sintezindən yaranan poeziyası daha çox Evterpa (lirik poeziya) və Erato (sevgi poeziyası) ilahələrinin himayəsi altındadır. Və Şahnaz Şahin Azərbaycanda pitoreks - tablo şeir yazmaqda və yaratmaqda önəmli bir imzadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!