Azərbaycan ədəbiyyatı (elə dünya ədəbiyyatı da) çox az şair tanıyır ki, sağlığında bədii ədəbiyyatın təsvir-tərənnüm obyektinə çevrilsin, həm nümunəvi parlaq şəxsiyyəti, həm böyük ictimai-siyasi fəaliyyəti, həm də çoxşaxəli yaradıcılıq qüdrəti bədii obraz səviyyəsinə qaldırılsın. Bu, əlbəttə, sevindiricidir, ürəkaçandır və obrazlaşdırılan şairə məhəbbət və sayğıdır. Bu, həm də şairin sağ ikən ikinci "mən"i ilə görüşüdür, real şəxsiyyətin bədii obraz səviyyəsində cəmiyyətə transferidir - ötürülməsidir, real obrazın bədii obrazla qarşılaşması - görüşüdür.
Müstəqillik dövrü ədəbiyyatımızda: istər poeziyada, istər nəsrdə, istərsə də publisistikada Sabir Rüstəmxanlı obrazının yaradılmasında ciddi addımlar atılmış və bir sıra əsərlərdə bu, əsasən, uğurla nəticələnmişdir.
Xalq şairi Xəlil Rza Ulutürk, şairlərdən Musa Yaqub, Məhəmməd Rza Xəlilbəyli, yazıçı Yusif Həsənbəy və başqaları Sabir Rüstəmxanlı obrazını yaratmaqda daha davamlı mövqe sərgiləmiş, müxtəlif zamanlarda Sabir Rüstəmxanlı şəxsiyyətinə, ictimai-siyasi fəallığına diqqət çəkmiş, bu və digər əsərlərində Sabir Rüstəmxanlı obrazını reallaşdırmağa çabalar göstərmiş və bu istəklərini, əsasən, yetərincə gerçəkləşdirmişlər. Belə ki, X.R.Ulutürk bir çox əsərlərində ("Gərək o yerlərə səninlə gedəm", "Natəvan klubunda", "Yardımlı şəlaləsi", "Ömür kitabı"nı yazan şairə", "Şairimiz", şair M.R. Xəlilbəyli "Danışır Azərbaycan" poemasında, yazıçı Y.Həsənbəy "Next" romanında Sabir Rüstəmxanlı obrazını, şəxsiyyətini, çoxmiqyaslı fəaliyyət dairəsini, əxlaqi-mənəvi keyfiyyətlərini, ədəbi-bədii çarpışmalarda ardıcıllığını, prinsipiallığını, dilimizin qorunmasında, saflaşmasında, cilalanmasında güzəştsiz mübarizəsini böyük məhəbbətlə qələmə almışlar.
Sabir Rüstəmxanlının yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən, ədəbi-bədii proseslərə yorulmaz müdaxiləsindən, ədəbiyyatımızın ölgün-durğun, süst-statik nöqtədən dəbərdilməsindəki yazıçı cəsarətindən, ədəbiyyatımızın ideya-məzmunca döyüşkən mövqeyə çıxarılmasındakı ardıcıl çabalarından daha çox yazan, həm də ehtiras və qaynarlıqla yazan, heç şübhəsiz, unudulmaz xalq şairi Xəlil Rza Ulutürkdür. Niyə? Çünki X.R.Ulutürk təbiətinə, xarakterinə, yaradıcılıq üslubuna, ehtiras-pafos coşqunluğuna Sabir Rüstəmxanlını özünə daha yaxın, daha doğma görürdü. İkincisi, türkçülük, turançılıq X.R. Ulutürkün ən yaxın, ən uzaq amacı idi və bu, eyni zamanda, Sabir Rüstəmxanlının da amacı, uğrunda çarpışdığı hədəfdir. Üçüncüsü, hər iki şair millidən milli, xəlqidən xəlqidir, parçalanmış - bölünmüş Vətənin birləşməsinə, vahidləşməsinə ömür qoyan, can əridən bütöv şəxsiyyətlərdir.
6 avqust 1986-cı ildə yazıb X.R.Ulutürk "Natəvan klubunda" şerini. Həmin ilin 25 aprelində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Sabir Rüstəmxanlı ədəbiyyatımız, xüsusən ədəbiyyatşünaslıq və tənqid haqqında dərin məzmunlu, elmi-nəzəri baxımdan sanballı bir məruzədə bulunur. Bu, zalı silkələyən, zalı içdən çalxalayan, zalı düşündürən-daşındıran məruzə idi-ciddi, qərəzsiz, obyektiv, prinsipial, əyalətçilikdən uzaq, zəka nuruna bürünən, qəlb atəşində qızınan bir məruzə. Zal gurultulu, sürəkli alqışlarla yola salır Sabir Rüstəmxanlını.
X.R.Ulutürk "Natəvan klubunda" şerində məhz Sabir Rüstəmxanlının həmin məruzəsindən aldığı təəssüratı poetikləşdirir, bədiiləşdirir, bu məruzənin onda oyatdığı dəruni hiss-duyğuları, sevinc-fəxarət təlatümlərini oxucuları ilə bölüşür.
Natəvan klubunda bir çıxışı dinlədik,
Qəfildən Yer kürəsi silkələndi elə bil.
Əyləşsə də, elə bil qalxdı ayağa dimdik
Yeknəsəq natiqləri dinlərkən yatan Xəlil.
Ədəbi tənqidin inqilabilik, kəskinlik, döyüşkənlik, mübarizlik ruhunu itirdiyini var-gur səsilə ədəbi elitaya çatdırır bu məruzə.
X.R.Ulutürk göstərir ki, Sabir Rüstəmxanlı bu məruzədə faktlarla sübutlayır ki, sovet ədəbiyyatı (bəzi romanları, poemaları, dramatik əsərləri istisna etməklə) antixalq ruhlu, antiestetik mahiyyətli ədəbiyyat olub. Bu ədəbiyyat imperiya ideologiyasının əsas xidmətçisi, züy tutanı, təbliğatçısı-təşviqatçısı olub.
Böyük M.Ə. Sabir kimi dahi sələflərinin elmi-ədəbi bünövrəsi üstündə boy atan, bu bünövrəni bütün varlığı ilə qoruyan keşikçidir və həm də gələcək nəsillərə əmanət kimi ötürən layiqli - ləyaqətli varisdir Sabir Rüstəmxanlı Xəlil Rza Ulutürkün tərənnümündə.
Kürsüdə bir gül qomu, yoxsa Vətən gülzarı,
Nura dözməyib qaçan, bəlkə, bir yarasaydı.
Tahirzadə Sabirin od tutardı məzarı,
Yeni kişi Sabirlər əgər yaranmasaydı.
X.R.Ulutürkün təqdimatından bəlli olur ki, Sabir Rüstəmxanlı nifrətli-qəzəblidir kommunist diktaturasına. Çünki o, yaxşı bilir ki, diktatura gücə-zora, cəbrə-şiddətə söykənir. Baş əyməyənləri susdurur.
X.R.Ulutürkün yaratdığı Sabir Rüstəmxanlı obrazı mənən də, cismən də azmandır, qüdrətlidir, Savalan çiyinlidir, dəmirağacı gövdəlidir. Çölü də, içi də nurdur - işıqdır. Elinə- obasına yar - yaraşıqdır. Gözləri hiylə - kələkdən uzaqdır. Oxucularının da, qələm sahiblərinin də, Azərbaycan insanının da yanında alnıaçıq, üzüağdır.
Ağ köynəyi ağappaq, qalstuku miləmil,
Bir aləmdir gözümdə adi mahud kostyumu.
Şəxsiyyəti ucaldan məgər geyimmi, qafil,
Öyrən nədir yüksəldən sənin qələm dostunu.
Bütün parametrləri ilə yanaşı, Sabir Rüstəmxanlını həm də gözəl natiq kimi təqdim edir oxuculara X.R.Ulutürk. O, hamının anlaya biləcəyi səviyyədə danışır - sadə, aydın, rəvan, səlis, dəqiq, yığcam. Fəqət bu sadəlikdə bir dərinlik, müdriklik, bir səmimiyyət, doğmalıq çalarları ehtiva olunmadadır. Səmimiyyət elə istedad deməkdir. Lakin hər istedad səmimi olmaya da bilər. Bu baxımdan səmimiyyət Sabir Rüstəmxanlının qanından-canından, ruhundan, od-ocağına isindiyi ata-baba yurdundan süzülüb gəlir.
"Gərək o yerlərə səninlə gedəm" şerində X.R. Ulutürk Sabir Rüstəmxanlının boya-başa çatdığı Yardımlı bölgəsinin tanrısal gözəlliklərini: yüz qollu, min qollu məşhur Yardımlı şəlaləsini, səmadan dərin dərələrini, qırovda üşüyən bənövşələrini, Atlant heykəlitək ucalan sal-çal qayalarını, bir gözəllik sərrafıtək poetik sözün işığında tərənnümə çəkir və haqlı olaraq qəhrəmanının sağlam-gümrah böyüməsində, əxlaqi-mənəvi kamilləşməsində, dünyaca sevilən-sayılan söz sahibi olmasında bu gözəllik komponentlərinin rolunu önəmli sayır.
X.R.Ulutürkün qəhrəmanı Sabir Rüstəmxanlı yoxsul həyatı, təmiz adı mənsəb və şöhrətdən uca tutan halallıqsevər bir ocaqda böyümüşdü... Belə bir zəngin-əngin mənəviyyat sferasında boy göstərən Sabir Rüstəmxanlı millət sevgisinə, xalq məhəbbətinə köklənməyə və vətənin müstəqillik və istiqlalı uğrunda döyüş-savaşlara özünü səfərbər etməyə bilməzdi:
Sağ ol, ana məktəb. Balan o nadinc
Heç bildinmi necə atıldı cəngə?!
Bu kotan zəng ilə çağırdığın gənc
Döndü xalqımızı oyadan zəngə.
Şah Xətainin ruhu dolaşan dağlarda gəzdirir Sabir Rüstəmxanlını X.R. Ulutürk. Hamarkənddən Təbrizə, Həmodvana, Zəncana uzanan həsrət yollardan keçirir Sabir Rüstəmxanlını X.R.Ulutürkün söz karvanı. Gilanda, Xoyda qardaş boyuna tamarzı qolların nisgilini, qəmini duydurur Sabir Rüstəmxanlıya X.R.Ulutürk qələmi, X.R.Ulutürk fəryad və inadı!
Burdan İsfəhana yollar görünər,
Doğma Həmodvana yollar görünər.
Yumsam gözlərimi Zəncanda, Xoyda
Boynuma dolanan qollar görünər.
...Zövqləri, ovqatları yeniliklərə köklədi Sabir Rüstəmxanlının "Ömür kitabı" ədəbi-bədii, elmi-publisist sənət nəhəngi, poetik nəsrin azmanı! Və bu günün özündə belə oxunaqlıdır. Cəzbedicidir. Valehedicidir. Yaddaş və ürəklərə hökmedicidir. Çünki bu əsər bizi bizlərə tanıdır. Bizi bizlərə sevdirir. Əcdad ruhu çırpınır bu əsərdə. Əcdad nəfəsi duyulur bu əsərdə. "Keçmişdən gələcəyə, gələcəkdən keçmişə gedən bütün yollar"ın qovuşaq nöqtəsidir bu əsər. Keçmişlə gələcək, gələcəklə keçmiş yan-yana addımlayır bu əsərdə. Milli ruh, əxlaq, mənəviyyat, etnoqrafiya, tarix, mədəniyyət, dil, ədəbiyyat… toplu haldadır bu əsərdə.
X.R.Ulutürk poema-dastançada Sabir Rüstəmxanlının türk xalqlarına, türk dillərinə, türk xalqlarının ədəbiyyat və tarixinə dərindən-dərin bələdliyini ürək alovu və yanğısı ilə poetikləşdirir. Beş-altı beytdə türklərin qədimliyini və böyüklüyünü, tarixən çox geniş bir ərazidə (Aral dənizi ilə Altay dağları arasında) məskunlaşdığını, türklərin şumerlərlə dil, mədəniyyət, ərazi yaxınlığını, Asiya, Afrika və Avropada türk mədəniyyəti izlərinin aşkarlandığını, dünyaya səpələnmiş türkdilli xalqların faciəsini və bu faciənin günümüzdə belə var olduğunu həm iftixar, həm də sonsuz nifrət hissilə qabardır Xəlil Rza Ulutürk.
...X.R.Ulutürk "Şairimiz" şerində Sabir Rüstəmxanlını, əsasən, 80-lərdəki ictimai-siyasi hadisələrin fırtınalı qucağında - ön cəbhədə oxuculara təqdim edir.
Ulutürkün Sabir Rüstəmxanlı obrazı birlik və həmrəylik carçısıdır.
Meydan hərəkatını yaxından izləyən X.R. Ulutürk (o həm də bu hərəkatın içində idi) xalqın birliyinə rəxnə salanları da, Sabir Rüstəmxanlını ləkələməyə can atanları da unutmur. Çünki xalq birliyi, Sabir Rüstəmxanlı vətənpərvərliyi və meydangərdliyi qorxudurdu, əndişələndirirdi azadlıq və müstəqilliyə düşmən kəsilənləri.
Ulutürk Sabir Rüstəmxanlıya xas ümdə keyfiyyətləri mümkün qədər, həm də inandırıcı şəkildə "Şairimiz" şeirində də parlaq poetik-obrazlı dildə ümumiləşdirir...
Xalq şairi Ulutürkün sevə-sevə yaratdığı Sabir Rüstəmxanlı obrazı haqqında dediklərimizi yekun olaraq aşağıdakı kimi ümumiləşdirmək olar:
Sabir Rüstəmxanlı respublikada milli şüuru, milli özünüdərki yaradanlardan, formalaşdıranlardandır; tarixi yaddaşımızın, istiqlal və suverenlik idealımızın keşikçilərindəndir; müstəmləkə Azərbaycanı rus istibdadına, rus əsarətinə dirənişə-protestoya qaldıranlardandır; XX yüzilliyin 80-lərində "əsrlərlə yatmış millətin və məmləkətin qulağına dirilik şeypuru" (M.Cəlil) çalanlardandır; "Azərbaycan" qəzeti ilə milli müdafiə cəbhəsinin təbliğat mərkəzini bina edənlərdəndir, bəlkə də, birincidir; kommunist Azərbaycanda türkçülük, turançılıq toxumlarını beyinlərə ilkin əkənlərdəndir; "Xalqı özünün qeydinə qalmağa, özünə sahib olmağa" (Asif Ata) çağıranlardandır; meydan hərəkatının öncüllərindən, ideoloqlarından və aparıcı simalarındandır; həm ədəbi-bədii fikrin, həm də milli-ictimai təfəkkürün yeniləşməsinə, xalqımızın milli-mənəvi intibahına əhəmiyyətli təsir göstərənlərdəndir; bir obraz və şəxsiyyət kimi bütövdür, zəngindir, yüksək humanist ideyaların daşıyıcısı-ötürücüsüdür. Bu gün də xalqın mənəvi gücü, istedadı, qələmi, söz-fikir-düşüncə adamıdır və s.
X.R.Ulutürk Sabir Rüstəmxanlının çeşidli hiss və düşüncələrini, müstəqillik və mənəvi suverenliyə çağırış və haraylarını lirik-romantik axarda poetikləşdirmişdir. Şübhəsiz, şair və yazıçılar gələcək illərdə X.R.Ulutürkün başlatdığı bu nəcib-xeyirxah işi davam etdirəcək və Sabir Rüstəmxanlının miqyaslı və şaxəli, parlaq və möhtəşəm nümunəvi obrazını yaratmaqda inamlı-inadlı addımlar atacaqlar.
Musa Xanbabazadə
Filoloq - ədəbiyyatşünas
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!