"Bilməz idim..." - Xuraman HÜSEYN

Təranə Musayevanın "Bir qış günü və ya "qu quşu"lu saat" hekayəsi haqqında

 

Bu qışın sonlarına yaxın torpağın üstünü bəyaz yorğan kimi örtən qar daha çox yadımızda qalacaq. Soyuq olsa da, təmizlik simvolu olan qar, sanki neçə ildir bu qışın sonlarına yaxın yağdığı kimi yorulmadan yağmaq üçün darıxmışdı. Torpağa bol ruzi, bərəkət bəxş etməkdə israrlı olan bu soyuq gözəlliyə bahara qədəm qoymadan öncə bir az da ədəbi rakursdan nəzər yetirək...

Adi günlərdən biri ilə başlayan hekayədə qış lövhələrinin təsvirinə geniş yer verilir. Müəllif qarın yağmasını sanki rəssam nəzərlərilə seyr edir. Hekayənin qəhrəmanı pəncərədən içəri süzülən işıq selinə günlərdir, dayanmadan yağan qarın bəyazlığının, şəfəqlərinin birini yer üzünə göndərən Günəşin sarımtıl rənginin qarışdığını deyir. Pəncərə şüşələrinə əsrarəngiz naxışlar cızan şaxta o qədər təmiz olur ki, insan ağzını geniş açıb onu udmaq istəyir. O, bu mənzərəni təsvir edərkən insanın onu həm də elə udmaq istədiyindən söz açır ki, həmin vaxt onun içindəki bütün üzvlər bu təmizlikdən nəsibini ala bilsin. Qar dənələri bir-biri ilə oynaşaraq göydən yerə ələnir. 

Səssizlik hökm sürən şəhərdə ara-sıra küçələrdən keçən maşınların, evlərin bacalarından yüksələn, gözlə görünən tüstü ilğım təəssüratı yaradır. Sakitliyi pozan təkcə şəhərdə yalnız qalan, qışda da doğma şəhərini tərk etməyən etibarlı sərçələrin səsi olur. Mənzərə gözəl olduğundan onun nəzərləri dəqiqələrlə bir nöqtəyə dikilib qalır. Fikri bəzən gözləri ilə gördükləri ilə deyil, beyni ilə "gördükləri" ilə məşğul olur, Daldığı xəyallardan onu aşağı düşüb qar basan yolu süpürməsini istəyən anasının səsi ayırır. Kiçik qardaşı əlində papaqla geri qayıdıb anasına onun da süpürəcəyini, papağı geyindiyini də deyir.

O, dönüb atasına baxır. Anasının verdiyi qərarlara atası da qol qoymasaydı, həyata keçməzdi. Buna qışın tən ortasında həyətə düşmək də daxil idi. Müəllif, burada ailənin həmfikir olmasını göstərir.

Atası baxışlarını oxuduğu kitabdan ayırıb əvvəlcə oturduğu yerdən pəncərədən görünən bir hissəyə, daha sonra qardaşı ilə ona baxaraq sərt səslə qalın geyinmələrini istədiyini deyir. Ata kitab oxuya-oxuya siqaret çəkməyi də sevdiyi üçün stollarının üstündən alüminium külqabı əskik olmur. Oxuduğu kitabdan ayrılmadan çəkdiyi siqaretin külünü külqabına tökmək istərkən köz qarışıq kül bəzən kənara düşür, stolun üstündəki müşəmbə örtükdəki mavi, sarı rəngli çiçəkləri yandırır. 

Anasının verdiyi qərarı yerinə yetirmək üçün əlindəki çay fincanını və beynindəki xəyalları - hərəsini öz yerinə qoyduqdan sonra oturduğu yerdən qalxıb əynini qalın geyinir, başına nənəsinin şalını bağlayır. Nənəsinin qoxusunu özündə yaşadan bu geyimlərin qoxusu burunlarına necə hopursa, onları qoxulayanda eyni ətri alırlar. O qoxunun yayda onları istidən, qışda soyuqdan qoruması fikrinə o qədər inanırlar ki, şaxtalı günlərdə kim bayıra çıxsa, nənəsinin Dərbənddən alıb gətirdiyi qəhvəyi şala bürünüb çıxır.   

 

Təbəssüm yuvası gözlərin sevinci

 

O, İlqarın təbəssüm yuvası gözlərinin sevinclə parladığını bildirir. Əyninə geyindiyi atasının köhnə paltosunun qolları əllərindən xeyli aşağı sallanan İlqar həyətdə paltonun qollarını çətinliklə çırmayıb təzə süpürgəyə əlini atanda o, tez onu alıb kötüyü qalmış köhnə süpürgəni ona verir. Ağzını açıb etiraz etmək istəyəndə isə süpürgəni götürüb başını qatmasını istədiyini bildirir. Və əgər belə etməsə, evə deyəcəyini və onu evə çağıracaqlarını da deyir.

İlqarın sözəbaxan, üzüyola uşaq olduğunu, mübahisə etmədiyini, deyilən sözə sakitcə əməl etdiyini və qarşısındakını incitmək istəmədiyindən danışan hekayənin qəhrəmanı bunun, kim olur-olsun, fərq etmədiyini deyir. O özü isə incidiyi insanı nəinki incitmək, onu darmadağın belə etmək istəyərmiş.

Onlar dərsdən, ataları işdən gələndən sonra evlərinin qapısından həyət qapısına qədər kimsə ayaq basmadığından qar yolu tamam bağlanır. Gündə neçə dəfə anaları ilə söhbətə gələn qonşuları "Ulduz xala" dediyi qadın kənddə yaşayan qardaşıgilə getdiyindən yollarına bir iz düşmür. 

Anasının aldığı təzə həyət süpürgəsini hardan qara batıracağını bilmir. Evin qarşısındakı damaltında dayanıb ətrafa göz gəzdirir. Üç addımlıqda evin divarına söykədilmiş beli görəndə əlindəki süpürgəni kənara qoyub ayaqları qara bata-bata gedib onu götürür və necə gəldi ətrafındakı qarları təmizləməyə başlayır. Hündürlüyü dizlərindən yuxarı olan qar dənələri bir-birinin üzərinə elə səliqə ilə yığılır ki, bu səliqəni pozmağa heyfi gəlir. 

Ananın göstərişi yerinə yetirilir, evin qapısından həyət qapısına qədər olan yol əvvəl bellə təmizlənib açılır, sonra İlqarın təzə rezin uzunboğaz çəkmələri ilə tapdanır.          

Yumşaq olduğu qədər də sürüşkən olan qarın üzərində istədikləri qədər sürüşür, bu müddət ərzində pəncərədən arada-sırada onlara baxan analarının gözündən yayınaraq həyət qapısından küçəyə çıxıb ana eşitməsin deyə səssiz filmlərdəki kimi sakitcə qartopu da oynayırlar. Gülüşləri içlərində qəhqəhə çəkərək oynadıqları zaman ikisinə də eyni anda dəyən zərbədən özlərinə gəlməmiş eşitdikləri gülüş səsi yeri, göyü titrədir.

 

Pərvanə kimi...

 

Evə gəlib isti otağa girəndə İlqarın yanaqları "qızıləhmədi" almasına bənzəyir. Sobanın yanında otururlar. Onun əlindəki dərs kitabı bir kənara, özü də "Bilməz idim, ayrılıq var, itkinlik var, ölüm var" deyən Rübabə Muradovanın səsinin sehrinə düşür.    

O illərdə havanın təmizliyindənmiydi, insanların sağlamlığından və ya içlərinin saflığındanmıydı, bilmirdi, şaxta, soyuq, əsən külək insanlarda əlacsız xəstəliklərə səbəb olmurmuş.

Atası onu qucağına götürüb qonşu otaqdakı yatağına aparıb qoyanda dodaqlarında "Bilməz idim, ayrılıq var, itkinlik var, ölüm var" pıçıltısının gözlərinin qarşısında İlqarın "qızıləhmədi" almasına bənzər yanaqlarının, qulaqlarında tut ağacındakı sərçələrin cikkiltisininin olduğunu hiss edir.

Uzaqlardan qulağına anasının ən əziz üç qardaşından biri, həm də qonşuları olan ortancıl dayısının səsi gəlir. O, əslində, ən əziz ifadəsini dayılarının üçü üçün də deyə biləcəyini bildirir. Eşitdiyinə görə, dayısı birdən-birə anasıgilin evlərinin divarındakı qu quşu təsviri olan saatı çox sevdiyini xatırlamış, gecə ilə bunu bacısının çox istədiyini, bu saatı niyə ona vermədiklərini düşünərək onu qoltuğuna, arvadını isə yanına alıb gecənin bəyaz qaranlığında yola düzəlib onlara gəlir. Dayısı evlərindən onlara qədər olan yolu hirsindən ağzını açmayan arvadına "Paxıllıq edir, saatı bacım üçün gətirdiyimə görə əsəbindən zəncir gəmirir", - deyərək ona sataşır. Kefi kök olan dayısına anası minnətdarlıq edərək çay tədarükü görəndə o, çayın lazım olmadığını, əvəzində saatı divara vurmaq üçün bir mismar gətirməsini istəyən zaman İlqarla qəhrəman yataqlarından qalxıb qapının kənarından qonaq otağına baxmağa başlayırlar. O, qızdırmadan ayaq üstə güclə dayanır. Amma nə vaxtsa babasının aldığı, dayısıgildəki divardan hər saatbaşı boylanan "qu quşu"lu divar saatı o qədər maraqlı olur ki, bu möcüzənin indi onların divarına "qonacağını" gözləri ilə görmək istəyir.

Atası divardakı mənzərə şəklini çıxarıb saatı ora asır. Kəfkiri yellədir, saat işləmir. Dayısı atasını kənara çəkib onu tanımadığını, bacısı gəlib yellətsə, işləyəcəyini deyəndə anası irəli gəlib kəfkiri ehmalca yellədir, saat işləmir. Dayısı, arvadına üz tutub saatın niyə işləmədiyini soruşanda arvadı o saatın bir də cəhənnəmdə işləyəcəyini deyir və onun dəfələrlə qoltuğundan yerə düşdüyünü bildirir. Yuxulu-yuxulu bacısı üçün saatı gətirən dayısının ayağı qarın üzərində hər dəfə sürüşəndə "qu quşu" da qoltuğundan sürüşüb neçə addım irəli gedir və yuvasından bayıra çıxaraq oxuyur. Bu, dəfələrlə təkrar olunanda artıq "qu quşu" aldandığını anlayır, küsür, bir daha yuvasından bayıra çıxmır və oxumur.

Evlərinin pəncərəsindən dördü də aşağıdakı ağappaq yolla kor-peşman gedən iki qaraltıya baxırlar. Bəmbəyaz qış gecəsi onları udana qədər baxırlar. Anasının könlündə bir daha taxt quran və onun ömür-gün yoldaşının ardınca... Sonralar anası o "qu quşu"nun - saatın başına pərvanə kimi dolansa da, aldanmış "qu quşu" bir daha oxumur.

 

Gizli məsumluq

 

O gecə o da səhərə qədər qızdırma içində qovrularaq "Ayrılıq var, itkinlik var, ölüm var" deyib qəhərlənir və İlqarın yanaqlarının "qızıləhmədi"yə oxşamasından, pərdədəki kuklaların ona gülməsindən danışıb qəhqəhə çəkir, "qu quşu" oxusaydı, sərçələrin də tək qalmayacağını da deyib səhərə qədər sayıqlayır.

Bunu isə çox sonralar "qu quşu" yuvasına çəkilərək bir daha bayıra çıxmayıb susandan, həyətlərindəki tut ağacı kəsiləndən sonra sərçələr pərən-pərən düşəndən, Rübabə Muradova cismən yer üzündən ayrılandan və İlqarın yanaqlarındakı "qızıləhmədi" almasının rəngi torpağın rənginə qarışandan sonra anası deyir: "Bilməz idim, ayrılıq var, itkinlik var, ölüm var"...

Bədii təsir dairəsi geniş olan hekayədə obrazların hiss və həyəcanlarının, yaşantılarının da fərqli olmasına baxmayaraq, onları eyni mövzu haqda düşünməyə vadar edən bir məqam var: Zamanın dayanmasını göstərən, susan "qu quşu"lu saat! Müəllif, haqqında söz açdığı hadisələri, təsvir etdiyi obrazların xasiyyətini, hərəkət və rəftarını bir-birlərinə uyğunlaşdırır. Realist üslubda yazılan hekayənin aparıcı istiqaməti "qu quşu"lu saatın susmasına yönəlir - "qu quşu"nun yuvasına çəkilərək bir daha bayıra çıxmayıb susmasında, həyətlərindəki tut ağacı kəsiləndən sonra sərçələrin pərən-pərən düşməsində, yer üzündən cismən ayrılan Rübabə Muradovanın "Bilməz idim ayrılıq var, itkinlik var, ölüm var" deməsində, İlqarın yanaqlarındakı "qızıləhmədi" almasının rənginin torpağın rənginə qarışmasında bir gizli məsumluq yaşayır. Bu, vətənimizin işğal olunmasından, soydaşlarımızın ev-eşiyindən didərgin düşməsindən, şəhid olan oğulların torpağa tapşırılmasından sonra yaşadığımız ağrı-acıların məsumluğudur. Təranə Musayevanın qardaşı Musayev İlqar Novruzbəy oğlu da vətən yolunda canından keçib. Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində şəhid olan İlqar Musayev 02.02.1994-cü ildə Quba Şəhidlər xiyabanında dəfn olunub.  

 

"Belə təmizlikdən isinmək olar"

 

Bədii idrakda təbiət mövzusunun poetik, prozaik formada gerçəkləşməsinə aid çox misallar göstərə bilərik. Orhan Pamukun "Qar" romanı 12 il Almaniyada sürgün həyatı yaşayan şair Kanın Türkiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə getməsindən və həzin-həzin yağan qar altında tarix boyu dəfələrlə baş vermiş rus-türk müharibəsində əldən-ələ keçən Qars şəhərinin sakinləri ilə yaxından tanış olmasından bəhs edir.         

Mübariz Örənin "Kim aparacaq məni ora" hekayəsinin epiqrafı qarla başlayır: "Burda pul qar kimidir, nənə, adamın əlində qalmır". Onun "Qar tanrısı" hekayəsində isə çoban Kilar Elbrusun Şərq zirvəsini fəth edir. Yesaranın Yexiyaya bütün günahların qara daşlara çökməsini, onun da üstünü qarın örtməsini və ona qar gətirdiyini deməsi müəllifin qar haqqında prozaik düşüncəsinin əhatə dairəsinin genişliyindən xəbər verir. 

Qış fəsli haqqında da çox poetik nümunələr yazılıb və yazılacaq. Xalq şairi Musa Yaqub qar haqqında düşündüklərini poetik ovqatla ifadə edir:

 

Ulduztək üstümə səpələn, ey qar,

Geydirdin əynimə ağappaq donu.

Sənin ki bu qədər təmizliyin var,

Bağışlamaq olar soyuqluğunu.

 

"Qar eskizi" şeirində rənglərin harmoniyasından söz açan Adil Mirseyid onun estetik dəyərindən də danışır: 

 

Qar yağır,

Qar yağır,

Qar yağır,

Qar yağır,

...Qara çörək,

Bəyaz pendir,

Qırmızı çaxır...

 

O, qarın yağmasının poetik rəsmini çəkir. Qar yavaş-yavaş yağır, Adil Mirseyid də bu gözəlliyin eskizini cızır.

Təbiətin bu soyuq fəslinə uşaqlar da həmişə isti münasibət göstərir. Qış haqqında bədii nümunələr, təsvirlər, obrazlar bu fəsli onlara çox sevdirir. 

Təranə Musayevanın "Bir qış günü və ya "qu quşu"lu saat" hekayəsində təbiətin gözəlliklərinin bədii təsviri ilə yanaşı, insan taleyi, yaşadığımız həyatın enişli-yoxuşlu yolları da əks olunur...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!