Vətənin Nəbisi - Anar MƏMMƏDOV

"Nə qədər dünyada sevən ürək var,

Mənim ürəyimdir, mənim ürəyim".

 

Nəbi Xəzri

 

 

...2004-cü il idi. BDU-da aspirant idim. Amma artıq ilk şeirlər kitabım görkəmli alim, professor Vidadi Xəlilovun redaktəsi və Ön sözü ilə çap olunmuşdu. Sözlərimə yazılan və efirlərdə səslənən mahnıları xalq artistləri - Məmmədbağır Bağırzadə, Yalçın Rzazadə, Elmira Rəhimova; əməkdar artistlər - Yaşar Səfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, Ədalət Şükürov kimi görkəmli sənətkarlar, müğənnilər ifa edirdilər. Növbəti şeir kitabını çapa hazırlayırdım. İsti ocağında, doğma qucağında böyüdüyüm nənəm Sona xanım təzəcə dünyasını dəyişmişdi. Xatirəsinə silsilə şeirlər yazırdım. Digər şeirlər də artıq yığılırdı. Odur ki, kitabı da nənəmin adıyla "Sonalar sonası" adlandırmaq fikrindəydim. Şeirlərə qiymət vermək üçün Nəbi Xəzriyə müraciət etməyimi məsləhət gördülər. O vaxtlar o, "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti idi. "Bakı Soveti" (indiki "İçərişəhər") metrostansiyası ilə üzbəüz binada əyləşirdi. Şeirlərimi yığdım və özümdə cürət toplayıb görüşünə getdim. İri, yaraşıqlı, işıqlı otağı vardı. Məni hörmətlə qarşıladı. Utana-utana şeirlərimi təqdim etdim, baxıb, qiymətləndirməsini xahiş etdim. Bir az zəhmlə: "Qoy qalsın, baxaram", - dedi. Amma otaqdan çıxanda bir az yumşaq tərzdə: "Telefon nömrənizi katibəyə verərsiz", - dedi. Katibə heç nə demədən nömrəmi aldı. Beləliklə, gözləməyə başladım. Günlər uzandıqca artıq nə boğazımdan çörək keçir, nə də gözümə yuxu gəlirdi. Çünki xasiyyətinə bələd olanlar yaxşı bilirdilər və mənə deyirdilər ki, "Nəbi Xəzri sənə xoş rəy yazsa, sənə zaval yoxdur, lakin mənfi söz desə, gərək o gündən qələmi qoyasan yerə və bir də şeirdən, şairlikdən söz açmayasan". Beləliklə, günlərdə saatları, saatlarda dəqiqələri, dəqiqələrdə də anları saya-saya "qədərim"i gözləyirdim...

Düz iki həftənin tamamında telefona zəng gəldi. Katibəsi idi. "Nəbi müəllim sizinlə görüşmək istəyir", - dedi. Azərbaycan Radiosunda növbəti verilişin üzərində çalışırdım. AzTV-dən "İçərişəhər" metrostansiyasına qədər yolu piyada necə getdim, özüm də bilmədim... Otağına daxil olanda rastlaşdığım münasibəti heç zaman unuda bilmərəm. Böyük otağı qonaqlarla dolu idi, nəsə tədbir keçirirdilər. 

Gəlişimi bildirdilər. Nəbi müəllim içəriyə dəvət etdi. Ayağa qalxaraq məni qucaqlayıb, bağrına basdı və mənə: "Anar, sən mən yaşda Nəbi Xəzrini kövrəltdin. Allah nənənə rəhmət eləsin. Nənənə yazdığın şeirlər isə xüsusilə təsirli şeirlərdir", - dedi. O, daha sonra üzünü qonaqlara tutaraq: "Mən bu oğlana poeziyada pasport (özü dediyi kimi) verirəm", - söylədi. Və yenidən üzünü mənə tutaraq: "Get yaz, yarat, amma şeirin, sözün müqəddəsliyini heç zaman unutma, hər an, hər yazında, hər mahnı mətnində, hər sətrində onu düşün, onu qoru. Sənin parlaq gələcəyinə böyük ümidlərim var. Uğur olsun", - dedi. 

Etiraf edim ki, o gün həyatımın ən xoşbəxt, ən unudulmaz günü kimi xatirimdə ömürlük iz buraxdı. Nəbi müəllimin rəyindəki: "Mən, Anarın şeirlərində iki xüsusiyyəti xüsusi qeyd etmək istəyirəm (bunları rəyimdə də göstərmişəm ki, qoy ruhlansın):birincisi, bu, gənc şairin vətənpərvərliyi, doğma elə, doğma torpağa bağlılığıdır. İkincisi isə, xalqımıza xas olan böyüyə hörmət, valideynlərin, yaşlı nəslin qədrini bilməsidir..." sözləri məni daha da ruhlandırmışdı. Çox keçmədi ki, həmin kitab işıq üzü gördü, adını da Nəbi müəllimin tövsiyəsi ilə "Sonalar sonası" qoydum. Və o gündən bu günə böyük şairimizin xeyir-duasıdır ki, bu çətin yolda inamla addımlamağa davam edirəm.

O zaman Nəbi müəllimin səhhətində problem olsa da, prezidenti olduğu "Beynəlxalq Əlaqələr Mərkəzi"ndə vaxtaşırı tədbirlər keçirir, məni də dəvət edirdi. Görüşlərimizin birində əziz ustadım mənə yarıciddi, yarızarafatla: "Anar, o rəyi itirmə, ha. Bu yaşdayam, dünyaya da etibar yoxdur...", söyləmişdi. Mən isə cavabımda: "Allah qismət eləsin, növbəti kitablarımıza da rəy yazasınız", - demişdim.

...Bir müddət keçdi. Tale elə gətirdi ki, 2006-cı ildə görkəmli təbiətşünas alim, biologiya elmləri doktoru, professor, elm sahəsində elmi rəhbərim və əziz ustadım olan Qara Mustafayevlə "Həyat və Poeziya" adlı kitab üzərində çalışırdıq. Kitab bəşəriyyətin sivilləşmə yoluna həsr edilmişdi. Sivilləşmənin uzun əsrlik yolunda əsas uğurları və uğursuzluqları göstərilib, onların səbəbləri açılırdı. Bu məqsədlə müasir insanın çoxşaxəli fəaliyyəti onun keçmişi ilə kompleks parametrlərə əsasən müqayisəli təhlil edilirdi. İnsanın davranışını idarə edən irsi və fizioloji mexanizmlərinin rolu, sosioloji şəraitin, təlim-tərbiyənin və ətraf mühitin əhəmiyyəti əsas götürülürdü. İnsanlarda müasir ekoloji dünyagörüşü və zəngin insanlıq yaratmaq məqsədilə kitabda Qurani-Kərim ayələrindən, dünya elminin nailiyyətlərindən, müasir təbiətşünaslığın materiallarından geniş istifadə olunmuşdu. Kitab artıq hazır idi. Kitabın redaktorları akademiklər Fuad Qasımzadə və Vasim Məmmədəliyev kimi qüdrətli alimlər idilər. Lakin kitabda müxtəlif mövzularda yetərincə şeirlər verildiyindən yenə Nəbi müəllimə müraciət etmək qərarına gəldik... "Hüsü Hacıyev"də yerləşən evlərinə getdim (yenə həyəcanla, yenə çəkinə-çəkinə...). Yay ayı idi. Səhhətində, ayaqlarında narahatlıq olduğundan çarpayıda uzanmışdı. Çox böyük mehribanlıqla qarşıladı. Xeyli söhbətləşdik. Utana-utana kitaba rəyçi olmasını xahiş etdim. Böyük məmnuniyyətlə razılıq verdi. Yenə qovluğu uzatdım. Onu da deyim ki, birinci dəfə qovluğu təqdim edəndə nə qədər həyəcan bürümüşdüsə məni, bu dəfə isə bir o qədər xəcalət bürümüşdü. Birinci, ona görə ki, yayın ən dəhşətli, isti günlərini yaşayırdıq, ikincisi, səhhəti son vaxtlar çox incidirdi onu. Kitabın əlyazması isə 700 səhifəni keçmişdi. Amma bütün bunlara rəğmən Nəbi müəllimin təkidi məni daha da ürəkləndirmişdi və o elə yanımdaca əlyazmanı vərəqləməyə başladı...

Yenə iki həftədən sonra zəng gəldi. Bu dəfə xadiməsi idi. Nəbi müəllimin mənimlə görüşmək istədiyini bildirdi. Evlərinə getdim. Yenə böyük mehribanlıqla qarşıladı. Süfrənin üzərində əncir, üzüm var idi. Nəbi müəllim də gülə-gülə: "Çəkinmə, Abşeronumuzun əncir, üzümüdür, bağdandır", - dedi. O ki var söhbətləşdik - canından artıq sevdiyi Azərbaycanımızdan, hər səhərindən ilham aldığı Bakımızdan, xəzrili Abşeronumuzdan, həyatdan, poeziyadan, mahnılardan. O vaxtlar Azərbaycan Radiosunda sözlərimə yazılmış mahnıları ara-sıra səsləndirirdilər. Nəbi müəllimin peşəkar tele-radioçu olduğunu bilirdim. Amma bu yaşda radionun bütün veriliş və konsertlərini müntəzəm dinləməsini ağlıma gətirə bilməzdim. Odur ki, o mənə: "Mahnılarına qulaq asıram. Məmmədbağırın oxuduğu "Azərbaycanım mənim" mahnısı lap xoşuma gəlir. Nədənsə hər onu dinləyəndə Müslümlə işlədiyim "Azərbaycan" yadıma düşür", deyəndə sevincim yerə-göyə sığmırdı.

Söhbətin məqamı kitaba gələndə çarpayının yanındakı rəyi mənə uzatdı və: "Anar, neçə vaxtdır kitab oxumurdum. Amma sizin bu kitabınız çox xoşuma gəldi. Bu elə-belə kitab deyil, çox əziyyət tələb edən kitabdır. Şeirləri də, yazıları da bir-bir oxumuşam. Xahiş edirəm, təbriklərimi gənclik dostum, vaxtilə təbiətə dair verilişlərinə həvəslə baxdığımız əziz Qara müəllimə də çatdırasan", - dedi. Rəyə baxdım, əlyazması ilə 9 səhifə idi (o əlyazmanı ən əziz yadigar kimi bu günə qədər qoruyub, saxlayıram). Və etiraf edim ki, Nəbi müəllimin o yaşda yaradıcılıq həvəsi məni sonsuz həvəsləndirmişdi. 

Doğrusu, bu hadisədən sonra da Nəbi müəllimlə vaxtaşırı zəngləşir, ara-sıra görüşürdük. Görüşməyə imkan olmayanda isə mütləq telefonla danışırdıq. Bəzən yeni şeirlərimlə maraqlanırdı. Odur ki, hər görüşə əvvəlcədən bir-iki şeir hazırlayırdım. Çox kövrəkləşmişdi axır zamanlar. Tez-tez duyğulanar, səsi kövrəkləşər, gözləri dolardı. Bir dəfə yazdığı son şeirlərindən olan "Ayaqlarım" şeirini oxuyanda isə özü də, mən də bərk kövrəldik. Təəssüf ki, bu bizim onunla son ünsiyyətimiz oldu.

...Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan dünyasını dəyişdi. Lakin mənim fikrimcə, o gün dünyadan sadəcə bir şair köçmədi, o gün, ömrü büsbütün sınaqlardan keçən, lakin hər bir sınaqla daha da mətinləşən, mərdləşən və sona qədər mərdliyini, dəyanətini, kişiliyini qoruyub saxlamağı bacaran, ömrü boyu yaradıcılığında şeiriyyatı qanqallardan qoruyaraq daha da ətirli edən, kimsəyə ziyan vurmayan, əksinə, hamıya əl tutmağa çalışan, verdiyi sözün ağası olan, Vətənini, yurdunu, ailəsini, balalarını canından çox sevən və ən nəhayət, illərdir sevimli Gülarəsi üçün darıxan bir kişi köçdü dünyadan. Və 16 yanvar tarixində Nəbi Xəzrinin I Fəxri Xiyabanda dəfni böyük izdihama çevrildi. O izdihamda onu tanıyanlar da var idi, şəxsən tanımayanlar da, illərlə məclislərdə çörək kəsənlər də var idi, kəsməyənlər də, vaxtilə əlini sıxanlar da var idi, buna heç vaxt imkan tapmayanlar da. Hamı sevimli şairə son ehtiramını bildirməyə gəlmişdi.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!