Yaddaş adamın ağlı kəsəndən onun ayrılmaz hissəsidir: yaşam yolunu kamera təki çəkir... Bu fərdi "çəkiliş"dən toplumun (ərəbcə "cəm" sözündən "şəkillənmiş cəmiyyət"in), ulusun, ölkənin tarixi yaranır.
Orxan Fikrətoğlu etkiləndiyim "Yaddaş" yazısında ("Ədəbiyyat qəzeti", 17.01.2025) göstərir ki, "qlobal siyasi düzənin yaddaşı yoxdur". Belə çıxır ki, son dönəmlərdə dünyada təbliğatı aparılan qloballaşmaya yön verənlər Adəm törəmələrinin yaddaşını silməyə çalışırlar. Yəni törəmizin min-min illərdir yaratdığı və artıq bitkin hala gəlmiş yaşam tərzini, kültürünü, dədə-babalarının, millətinin dilini, bilgisini, bir sözlə, nələri varsa, qloballaşma adını verdikləri öz qazanlarında qaynadıb yox etmək istəyirlər. Amma onların yön verməyə çalışdıqları bu qatqılı qloballaşmanın matrisi özlərinin quraması olacaqdır. Dünyadakı səbatsız millətlərin, ulusların, önəmsiz toplumların, tayfaların beyinlərini yuyacaq, təmizlədikləri ağ səhifələrə istədiklərini yazacaqlar. Beləliklə, öz keçmişindən, kimliyindən, dilindən, milli gələnəyindən qoparılmış insan toplumlarını istədikləri səmtə asanlıqla yönəldəcəklər.
Bu sətirləri yazarkən, ötən əsrin 20-30-cu illərində Rusiya şovinistlərinin milli dəyərlərimizi yox edib, kommunizm, bolşevizm olmayan proletar mədəniyyəti ideologiyası ilə başları doldurmaq cəhdlərini xatırladım. Bu olumsuz ideyaların arxasında çirkin siyasət dururdu. Amma qurbanlar versə də, millətimiz buna getmədi. Kəndlərimizə də işləmək adıyla göndərilmiş rus qızlarını millətimiz qəbul etmədi, assimilyasiya siyasətinə qarşı dirəşdi. İndisə qloballaşma şüarı arxasında gizlənən məlum güclər öz pazlarını çalmağa törəsiz, səbatsız, tarixsiz qurama toplumlar axtarırlar.
Bəs niyə bizlərə çox girişirlər? Birincisi, Qafqaz ölkələrinə, Türküstan dövlətlərinə yeni səlib yürüşlərində yol Azərbaycandan keçir. Zira, bu coğrafiya elləri, adamları üçün Azərbaycan bir örnəkdir. İkincisi, bizlər gizli-aşkar gedən bu davanın ön cəbhəsindəyik. Bizi yenmədən irəliləmək olumsuzdur. Müstəmləkələrini, xammal mənbələrini itirən katolik Avropası son onilliklərdə Rusiyanın zəifləməsindən istifadə edərək Qafqaz və Xəzər regionuna, oradan da Orta Asiyaya çıxmaq üçün yollar arayır. Ancaq ən münasib sandıqları bu marşrutun üstündəki ölkələrin insan və maddi resursları güclüdür. Qədim tarixə, kültürə, dilə malik Azərbaycanın qan yaddaşının ayaqda saxladığı döyüşkən əhalisi vardır. Onu yenmək üçün ilk öncə qan yaddaşını məhv etmək gərəkdir. Bunun üçünsə ən əlverişli üsul səmtinin dəyişdirilməsi gərəkən "Qloballaşma" ideyasıdır. Zira, öz milli dəyərlərini, dilini, tarixini, mədəniyyətini unudan millətin əsgərində Ana yurd anlayışı olmur.
Mən qloballaşmanın tam əleyhinə deyiləm, zira, bu, təbii prosesdir. Ta əski çağlardan Adəm törəmə-törükləri yaşamın bütün sahələrində qaynayıb qarışmışlar, seçim edib yaxşını götürmüş, bütövləşmişlər. Amma proseslər doğal axarla getmişdir. Dini, siyasi, hərbi güclər ondan bugünkütək qullanmamışlar. Mətbəxdən tutmuş, geyim mədəniyyətinə, tikintidə, texnologiyada yeniliklər götürüb özününküləşdirmişlər. Zəiflər, kökü olmayan qurama toplumlar güclülərin içində ərimişlər.
Qloballaşmanın indiki gedişində ona qarşı çıxmaq ağılsızlıqdır. Zira, qloballaşma günümüzdə iqtisadi, siyasi, texnologiya və mədəniyyət sahələrində gedir. Bizim üçün ən həssas nöqtə mədəniyyət sahəsidir. Biz millətimizin, ulusumuzun özəlliklərini, dilimizi, çox əskilərdən gələrək formalaşan kültürümüzü, törəmizi, mənliyimizi saxlamaqla öz axarımızla getməliyik. Ulu dədələrimiz Şumerlər "iti axan çayın əksinə üzməyi" ağılsızlıq saymışlar.
İgid oğullarımızın Vətən uğrunda tökdüyü qanlar, sərkərdələrimizin can qoyduqları müstəqillik dönəmində mən dünyada ad qazanmış Bakımızın küçələrində əcnəbi dillərdə yazılmış dükan, idarə adları olan lövhələri görəndə sinirlərim gərilir. Rusiya işğalı zamanı hər yerdə qurama rus dilinin işlənməsi məcburi idi. Bəs indi? Müstəqil dövlət olandan sonra necə? Öz dükanının, yeməkxanasının, şirkətinin adlarını əcnəbi dillərdə yazıb divara yapışdıran, kimsənin məcbur etmədiyi o adamlar kimlərdir? Biz özümüzük, Azərbaycan yurddaşlarıdır. Bunun bir nədəni anlamsızlıqdırsa, başqa səbəbi bir sıralarının özünü bu millətdən saymamasıdır.
Bizlər 200 ildir Qafqazda yeni səlib davası aparan güclərin qloballaşmadan öz xeyirlərinə istifadə etmələrini daima izləməliyik, onların tələlərinə düşməməliyik. Nədir bu tələlər? Cinsi azlıqların hüquqlarının tanınması, gender bərabərliyi, yalançı demokratiya, uşaq hüquqları və s. adlar altında yeni nəsillərin min-min illər formalaşmış düşüncələrini dəyişdirməkdir. Son 25 ildə nə qədər gənc oğlan və qızlar cinslərini dəyişdirmişlər, nə qədər valideynin ürəyinə sağalmaz yara vurulmuşdur... Çox təəssüf ki, övladlarının bu hərəkətlərinə qarşı çıxan, onların psixoloji durumunu müalicə etdirmək istəyən valideynlər polis idarəsinə çağırılır, Avropadan maaş alan vəkillərin insan hüququnu pozma iddiaları ilə üzləşirlər.
Polisi də qınamaq olmur. Milli Məclis 2000-ci ilin əvvəllərində Avropa Şurasının tələbi ilə cinsi azlıqların hüququnun tanınması qanununu qəbul etmişdir. O zaman kəsiyində Azərbaycan buna məcbur idi. Hay - ermənilər hər tərəfdən, həmçinin AŞ tribunasından dövlətimizə qarşı iftiralar yağdırırdılar. Onlardan biri Azərbaycanda Avropa ölçüləri ilə insan hüquqlarının pozulması idi. Avropa Şurasına üzv olmaq istəyən Azərbaycanın qarşısına qoyulan tələblərdən biri Qərbin təşviq edib dəstəklədiyi cinsi azlıqların hüquqlarının tanınması idi. Yadımdadır, 90-cı illərdə yarıçılpaq cinsi azlıqların paytaxtın mərkəzi küçələrində toplaşmalarına polis mane olurdu. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına qəbul edilməsi iclasını müşahidə etmək üçün Strasburqa yollanan jurnalistlərin arasında mən də vardım. AŞ-nın məşhur binasında 2-ci qata qalxan qonaqları ilk qarşılayan sevgililər kimi bir-birinə qurşanmış iki gənc oğlanın böyük şəkli oldu... Avropa parlamentariləri qızğınlıqla homoseksualistlərin, lezbiyankaların hüquqlarını müdafiə edirdilər. Erkəklərini itirmiş "üçüncü cins" olan bu adamlarla söhbət zamanı əllə görüşməkdən iyrənirdim.
Bizim günlərdə başda Fransa olmaqla, bir sıra Avropa ölkələrində cinsi azlıqlara yaşıl işıq yandırılır. Bu yaxınlaradək Fransa hökumətinə Makronun təyinatı ilə başçılıq etmiş homoseksual baş nazir rəsmi izdivacda olduğu kişisini xarici işlər naziri vəzifəsinə gətirmişdi... Katoliklərin aparıcı dövləti Fransa bir sıra dünya ölkələrində onu dəstəkləyəcək, gərəkəndə küçələrə çıxara biləcəyi homoseksual və lezbiyankalardan ibarət 5-ci kolonunu yaratmaq istəyir. Bunun üçünsə yeniyetmə yaşından gənclərin beynini yumaq gərəkdir.
Orxan Fikrətoğlunun "Ədəbiyyat qəzeti"ndə qaldırdığı məsələ ilə - "Ruhsal sərhədlərimiz bu gün basqı altındadır. Biz özümüzü bu saxta beyin axınından qoruya bilirikmi? Bunun üçün təşkilatlanmışıqmı?" fikirləri ilə həmrəyəm. Bəli, biz təşkilatlanmalıyıq. Gecikmirikmi?
Yazımı bir neçə il öncə Quzey Afrikanın qədim Mərakeş şəhərində qatıldığım simpoziumda çıxış etmiş bilim adamının sözləri ilə bitirmək istəyirəm: "Bizim dəyərlərimizə qarşı aparılan təbliğat artıq evlərimizə girmişdir".
Bu tanınmış şeyx öz problemlərindən, internet vasitəsilə ərəb ölkələrində gənclər arasında aparılan təbliğatdan şikayətlənirdi. Onun çıxışındakı düşmənlərin təbliğat maşını "evlərimizə girmişdir" ifadəsi illər keçsə də, fikrimdən çıxmır. Zira, bu sözlərdə ibrət götürüləsi gerçəklik vardır. Biz ruhsal sərhədlərimizi aşıb evimizin içinə girmiş viruslarla üz-üzə qalmışıq. Bu virusları yox etməksə bizim özümüzdən asılıdır. Uşaqları, gəncləri milli ruhda yetişdirmək, özümüzü, dəyərlərimizi onlara tanıdıb sevdirmək tək qurtuluş yoludur. Bunun üçünsə milli ideologiyamızı yaratmalı, sıralarımızı gücləndirib addımlamalıyıq. Yüz illər boyu başqalarının yazıb-yazdırdığı tariximizi - Şumerlərdən üzü bəri gerçək tariximizi yeni, obyektiv redaktə ilə özümüz yazmalıyıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!