İnsanlıq mesajı hekayətlər biçimində - Adil CƏMİL

İnsan yer üzünün tək vətəndaşıdır - irqindən, genindən, qanından, milli mənşəyindən, dilindən və dinindən asılı olmayaraq. Dünyamız insandan çox insanlığın hesabına formalaşıb, yaşayıb və yaşamaqdadır. Ədəbiyyat bu insanlığı sözün ruhuna çəkərək bəşəriyyətə təqdim edib. İstər poeziyada, istərsə də prozada, dramaturgiyada insana insani münasibət ədəbi düşüncənin, bədii təfəkkürün leytmotivi kimi yer alıb.

Qloballaşan dünya düşüncəsindəki mültikultural dəyərlər əslində ayrı-ayrı xalqların zaman-zaman söz sənətində ifadə olunmuş milli-mental şüurundan qaynaqlanır. Azərbaycan xalqının yaratdığı çoxəsrlik ədəbiyyat bu baxımdan dünya ədəbiyyatının ayrılmaz bir hissəsidir.

Hekayələrini dövri mətbuatda ara-sıra oxuduğum Nəriman Fərman da öz yaradıcılığını əsasən bayaq dediyim humanizm ritminə "kökləyib". Yazıçının "Qonaq otağı", "Vicdanla üz-üzə", "İrsi kövrəklik", "İtmiş çamadan", "Qəmər arvad", "Qulaqlı papaq", "Ürək adamı" kimi hekayələrində bəzən həsrətində olduğumuz, bizə yuxu kimi gələn insanlığın şahidi oluruq. Və öz-özünə düşünürsən ki, mümkün olanları niyə mümkün etməyəsən? Nədir qarşımızı kəsən? Lovğalıqmı, xudpəsəndlikmi, laqeydlikmi, yoxsa içimizdəki eqo?!

Ya zəlzələdən. Ya da vəlvələdən  beləyik...

Nəriman Fərmanın obrazları əsasən, ətrafındakı dost-tanışı, qohum-əqrəbası, həmkəndliləri və həmşəhərliləridir. Heç uzağa getməyən yazıçı onların şəxsində insan ünsiyyətinin həssas tərəfinə sözün sehri ilə bir işıq salır, bu münasibətlərə bir aydınlıq gətirir.

 

"Tənhalığın utanc yeri" hekayəsində Gülsüm nənə tay-tuşlarını itirdiyinə görə yaşamağından utanır. Oğlunun dostu bu qadına baş çəkəndə o, hər şeyin yaxşı olduğunu söyləsə də, bir nigarançılığını da gizlətmir:

- Tay-tuşlarım ölüb, tək qalmışam, ona görə utanıram...

Baxın, insani münasibətlərin, doğmalığın, abır-həyanın bundan canlı tablosunu yaratmaq olarmı?

"İrsi kövrəklik" hekayəsindəki Vaqifdən öz dostu soruşanda ki, niyə bu qədər kövrəksən? O, deyir ki, "neyləyim, bu bizdə irsidir. Atam rəhmətlik də belə idi. Süfrə arxasında yemək yeyəndə bir də baxırdım ki, dayandı, gözlərindən yaş gəlir. Deyirdim, ay ata, nə oldu, niyə ağlayırsan? Cavab verirdi ki, görəsən Nurəddinin qızlarını alan olacaqmı?"

Əslində Nurəddin bu kişinin yaxın qohumu, filan deyil, dostudur. Ancaq, illərlə çörək kəsdiyi, dost deyib ürəyini, ruhunu verdiyi, hər ovqatını bölüşdüyü Nurəddinə bu canıyananlıq insanlıq atributu deyilmi? (Baxmayaraq ki, onun qızları hələ uşaqdırlar...)

Hekayə belə bitir: "Allah qismət elədi, atam o qızların üçünün də toylarını gördü. Həmin günlər kişi yenə də kövrəlmişdi. Ancaq onun bu dəfə titrəyən xəfif dodaqlarında təbəssüm, gözlərində sevinc vardı. Çöhrəsindən nur tökülürdü".

 

Yazıçının "Qonaq otağı" hekayəsi Azərbaycan insanına dədə-babadan yaxşı bəlli olan bir ənənəyə güzgü tutur. İkiotaqlı bir mənzildə yaşayan böyük ailə otağın birini "qonaq otağı" kimi toxunulmaz saxlayaraq qapısına qıfıl vurur. Azyaşlı uşaqlar bir otaqda yatıb-durmağa,  yeməyə, dərs hazırlamağa məhkum olurlar. Valideynlər isə bu otağın toxunulmazlıq statusunu pozmaq istəmirlər. Aylar, illər beləcə keçir, qapısı qıfıllı otağa baxa-baxa böyüyən uşaqlar ayrı-ayrı ev-eşik sahibləri olurlar, lakin qonağı gəlməyən "qonaq otağı" onların uşaq yaddaşından silinmir.

Müəllifin qənaətinə görə elə adətlər, ənənələr var ki, onlara çağdaş prizmadan, müasirlik mövqeyindən baxmaq lazımdır. Hər kəlmə kəlam olmadığı kimi, hər adət də qanun deyil...

Nəriman Fərmanın hekayələrində cəmiyyətə ötürülən insanlıq mesajının ideya-məzmun xüsusiyyətləri oxşar olsa da, baş verən olaylar və olacaqlar fərqli biçimdədir. Sadə insanların, sıravi zəhmət adamlarının vəzifə və mənsəb sahiblərinə münasibəti, yaxud əksinə, belə nüfuzlu kəslərin qapı-bacasında çalışan adamlara verdiyi dəyər (yaxud, dəyərsizlik!) bədii sözün süzgəcindən keçirilir. "Xozeyin" hekayəsi belə münasibətlərdən birinə aydınlıq gətirir.

İyirmi ildən artıq bir imkanlı adamın bağ evində bağban kimi çalışan, yeri gələndə hər işə əl atan Sahib öz "xozeynindən" niyə və nə zaman inciyir? Əslində bu inciklik maddiyyat sarıdan deyil, xozeyin onun pul-parasını həmişə artıqlaması ilə verib. Amma Sahibin başqa bir "dərdi" var. İllər boyu ailəsi ilə ailəsinin də qaynayıb-qarışdığı, bir yerdə yeyib-içib, çörək kəsdikləri "Xozeyin" onun anasının yasına gəlmir. Qırxına qədər gözü yolda qalır. Ancaq "xozeyin" gəlmir. Üstəlik, "xozeyinin" bağa qonaq gəlmiş dostu Təvəkküllə ucqar bir bölgəyə kiminsə qaynanasının yasına getməyi planlaşdırması Sahibin təpəsindən tüstü çıxarır. Müəllifin təhkiyəsi hər şeyə aydınlıq gətirir: "Görünür, Sahibin xozeyininin düşüncəsində hardasa bir boşluq var. Yoxsa 900 kilometr yolu qət edib, dostunun dostu komxoz müdirinin qaynanasının yasına gedir, amma 22 il ailəsinin, özünün qulluğunda canla-başla xidmət etdiyi işçisinin anasının yas yerinə getmir. Halbuki Bakıdan Sahibgilin kəndinə saat yarımlıq yoldur".

N.Fərmanın bəzi hekayələrində xalqdan, el-obadan gələn xəfif bir yumor var ki, bu da onun yazılarına məxsusi şirinlik qatır. "Kepkalı balıq", "Qılınmamış namaz borcu", "Adamı tanımağın sirri", "Sərt döngələrin sərgüzəşti", "Qara qoçun nağılı", "Əmioğlular" kimi hekayələrin qəhrəmanları sənin, mənim, daha geniş mənada - elin, obanın yaxşı tanıdığı insanlardır. Bu personajların  populyarlığına ona görə şübhə etmirik ki, məmləkətimizin hər yerində onlara rast gəlmək mümkündür.

At arabasını yedəkli motosikletlə əvəz edən və tez-tez qəza törədən solaxay Əbdül kişi, qara qoçu kəsəcəyini hər gələndə xalası oğlu Vəzirxana reklam edən və birində də məcbur olub kəsən Zalış, gecələr həyətinə çıxıb ucadan öskürməklə itə-qurda, qara-qorxuya sərvaxtlığını nümayiş etdirən Şərif əmi əslində tanış simalardır...

N.Fərmanın publisistik yazıları da, hekayələrindən məna, məzmun, mündəricə baxımından heç də geri qalmayan qələm məhsullarıdır. "Yol ayrıcında", "Tək övladlar", "Seçilmişlər", "Mələklərin fəryadı" və s. məqalələrində yazıçı hər kəsi, bütövlükdə cəmiyyətimizi düşündürən problemlərin həlli yollarını axtarır və bunu yenə də insani münasibətlərdə tapır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!