Bazar günü Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı əsasında hazırlanmış eyniadlı tamaşasının premyerasında oldum.
Lap əvvəldən, ən əvvəldən onu deyim ki, Kamal Abdulla sevdiyim yazıçıdır, "Sehrbazlar dərəsi" də, mənə görə ədəbiyyatımızın ən gözəl romanlarından biridir. "Cin dərəsi" hekayəmi də bu romandan təsirlənib yazmışam.
Əsərin özünü sevdiyimə görə tamaşaya həm həvəs, həm də böyük tərəddüdlə getmişdim. Çünki xeyli əsərin uğursuz səhnələşdirilməsini dəfələrlə öz gözlərimlə görmüşəm, məyus olmuşam. Bu tamaşanı da içimdə səksəkə ilə izlədim.
"Az qala, bir balaca dartınıb əlini atsaydı, toxunacaqdı. Karvanbaşı başının düz üstündə dən-dən, duz-duz olmuş bu şıltaq və yorğun ulduzları yenə də heyran-heyran seyr eləməyində idi" - Kamal Abdullanın romanı bu cümlələrlə başlayır.
Nə gözəl ki, rejissor Bəhram Osmanovun tamaşası da belə başladı. Xacə İbrahimlə Karvanbaşı həmin Sehrbazlar dərəsinə çatırlar. Elə nə olursa, nə olmuşsa və nə olacaqsa buradan başlayır.
"Sehrbazlar dərəsi" romanı müasir Azərbaycan ədəbiyyatında ən maraqlı mistik-fəlsəfi mətnlərdən biridir. Bəli, məhz mistik-fəlsəfi! Hər mistikada fəlsəfə axtarmağın adı yoxdur. İçində fəlsəfə olmayan mistika çevrilib olur alt qatı olmayan fantaziyaya, yazıçı təxəyyülünə. Bu romanda müəllif təxəyyülünün dərin alt qatları var.
Nədir o alt qatlar?
Atalar və oğullar münasibəti...
Atalar və oğullar mövzusu bəşəriyyətin ən köklü mövzularından biridir və qədimdən müasir dövrə qədər bir çox ədəbiyyat nümunələrində işlənmişdir: "Gilqameş dastanı"ndan tutmuş, Homerin "İlliada" və "Odisseya"sına kimi, "Mahabharata" dastanından Firdovsinin "Şahnamə"sinə kimi. Turgenevin "Atalar və oğullar"ı, Dostoyevskinin "Karamazov qardaşları", elə Kafkanın "Atama məktub"u... Dini mətnlərdə də bu mövzuyla dəfələrlə rastlaşırıq. Uzandıqca uzana biləcək bu siyahıya əlavə edilməli əsərlərdən biri də "Sehrbazlar dərəsi"dir.
Karma
Atalar və oğullar münasibəti fonunda müəllif karmaya da işarə edir. Cəllad Məmmədqulunun oğlu Karvanbaşının iztirabları, Şah və oğlunun taleyi və elə Səyyah ilə Ağ Dərvişin münasibətlərinin karması. Bütün bu münasibətlər fonunda müəllif karmaya, insanın bütün əməllərinin özünün, ya da doğmalarının üstünə bumeranq kimi qayıtdığına işarə edir.
Axtarış
Roman Sehrbazlar dərəsinin axtarışı ilə başlayır, sonra bu axtarış lay-lay, qat-qat digər axtarışlara bölünür, haçalanır. Təkcə Karvanbaşının atasının ruhunu axtarışı yox, həm də Ağ Dərvişin həqiqət axtarışı, elə cəllad Məmmədqulunun sevgi axtarışları da bir dərənin sirri içində yox olur.
Müəllif heç bir suala tam cavab vermir, cavablar əvəzinə qapıları, pəncərələri taybatay açıb oxucuya görmək fürsəti yaradır. Həqiqət və mistika arasında incə xətti sezmək də olmur. Bəlkə, heç bu incə xətt əzəldən bəri olmayıb?! Axı həqiqətlə mistikanı ayıra bildiyimizi bizə kim deyib? Həqiqətin həqiqət, mistikanın isə uydurma olduğunu bizə kim öyrədib?
"Gecə vaxtı göy üzünə nəzər salın. Yaxşı baxın. Allaha gedən yol ulduz adlandırdığımız deşiklərdən işığın görükən yoludur. Bu yol əvvəl-əvvəl qaranlıqdan keçir".
Ağ Dərvişlə Seyid Sarının mübahisələri zamanı baş verən dialoqlar həm romanın özündə, həm də tamaşa zamanı adamı düşünməyə vadar edir. Bu dialoqlar mənə Tomasso Kampanellanın "Günəş şəhəri" əsərini də xatırlatdı. "Günəş şəhəri" utopik ədəbiyyatın ən parlaq nümunələrindən sayılır. Kampanella bu utopik traktatında fəlsəfi-didaktik dialoqlar ilə ideal cəmiyyətin axtarışına çıxır. Müəllif ideal, ədalətli və harmonik bir cəmiyyətin necə qurula biləcəyi haqqında mülahizələrini oxucuya təqdim edir. Düzdür, o əsərdə bərabərlik, sosial ədalət və kollektiv mülkiyyət ideyalarından da bəhs olunur, amma Kamal Abdullanın romanında müəllif daha çox göylə əlləşir, nəinki yerlə. Məzmun baxımından "Sehrbazlar dərəsi"nin bir başqa qardaşlığı da Tomas Morun "Utopiya"sıdır.
Əfvinizə sığınıb bu hissədə bir şeyi qeyd etməyi özümə borc bilirəm.
Bu izahatımın səbəbi də var: "Sehrbazlar dərəsi"nin "Günəş şəhəri" və "Utopiya" ilə qardaşlığı haradan yaranır?
Bu suala cavab vermək üçün, əvvəla, utopiyanın nə olduğunu aydınlaşdırmalıyıq.
Utopiya nədir?
"Utopiya" sözü qədim yunan dilində "ou" - "yox" və "topos" - "yer" sözlərindən ibarətdir və tərcümədə "heç bir yer" və ya "mövcud olmayan yer" mənasını verir.
"Mövcud olmayan bir yer" - Kamal Abdullanın əsərində bu yer "Sehrbazlar dərəsi" adlanır.
Kampanella və Tomas Mordan əvvəl isə bu yeri bizə Nizami Gəncəvi "İsgəndərnamə"sində göstərir. "Xoşbəxtlər ölkəsi"ni deyirəm. Yəni sosial bərabərlik, sülh, rifah, hər kəsin xoşbəxt olduğu cəmiyyət anlayışları bizim əsərlərimizə elə Nizami ilə ayaq açır.
Bu əsərləri xatırlatmağım, təbii ki, boşuna deyil. "Sehrbazlar dərəsi" haqqında danışanlar çox vaxt bu əsərin magik-realizm janrında yazılmağına vurğu edirlər. Amma bu əsər təkcə magik-realizm yox, həm də utopiya janrında yazılmış romandır. Hazırda Azərbaycan ədəbiyyatında utopiya ilə magik-realizmi özündə cəmləşdirən başqa əsər yadıma düşmür. Əgər varsa, mənə xatırladarsınız.
Hər halda, "Sehrbazlar dərəsi" mənim üçün yeni klassikadır. Klassika isə həmişə dəbdə olur, köhnəlmir.
Romanı oxuyanlara tamaşanın süjeti haqqında danışmağa gərək görmürəm, çünki rejissor tamaşa boyu əsərə sadiq qalır, amma romanı oxumayanlara tövsiyə edirəm ki, tamaşanı izləməzdən əvvəl mütləq və mütləq əsəri oxusunlar, həmin o Sehrbazlar dərəsini də, Səyyahı da, Karvanbaşının atası Məmmədqulunun ruhuyla dialoqunu da öz təxəyyüllərində canlandırsınlar.
Tamaşada keçmiş və indiki zaman arasındakı paralellər, keçidlər çox incəliklə işlənilmişdi, adamı incitmirdi, heç bir izahata ehtiyac duyulmurdu. Çox vacib məqamdır bu. Əsərin süjetinə, ruhuna xələl gətirmədən onu vizuallaşdırmaq ciddi məsələdir.
Məsələn, Markesin məşhur "Tənhalığın yüz ili" romanına serial çəkildi təzəlikcə. O serialı da qorxa-qorxa izlədim, çünki magik-realizm janrında yazılmış o əsərin də vizual həllini tapmaq, filmləşdirmək müşkül görünürdü mənə.
"Sehrbazlar dərəsi" də bu janrda yazılmış romandır və bu əsərin məhdud imkanlar daxilində (söhbət teatrın filmə nisbətdə daha məhdud imkanlara sahib olmasından gedir) həllini vermək çətin olmalıydı. Bəhram Osmanov bu çətinliyin öhdəsindən gəlib.
Dialoqlar çox diri idi. Uzun dialoqlar məni yormadı, fikrim yayınmadı, çünki o dialoqlarda mətnin cövhərini saxlaya bilmişdilər. Məsələn, Ağ Dərvişlə Seyid Sarının dialoqundan hansı cümləni kəsib-atmaq olar? Ki, həmin dialoqda müəllifin fəlsəfi axtarışları bizə təqdim olunur.
Rejissor işini dedim, aktyor işini də mütləq vurğulamalıyam.
Aktyorların pafosdan, bəlağətdən arınmış nitqləri çox xoşuma gəldi. Məncə, teatrlarımıza, tamaşalarımıza ən lazım olan da budur. Hər nə qədər bu şikayətimiz birmənalı qarşılanmasa da, teatrlar, rejissorlar, aktyorlar bunu qəbullanmalıdır: artıq tamaşaçılar pafosa doyub, müasir insan bəlağətli nitqə gərək duymur və aldanmır. Dünya teatrları bu həqiqəti rahatca qəbullanıb, biz də bunu etməliyik.
Əməkdar artist Rövşən Kərimduxt (Cəllad Məmmədqulu), Xalq artisti Əli Nur (Seyid Sarı), Elnur Qədirov (Karvanbaşı), Elçin Əfəndi (Səyyah Sehrbaz), Xalq artisti Kazım Abdullayev (İbrahim Ağa), Əməkdar artist Kazım Həsənquliyev (Ağ dərviş)... Hər bir aktyorun oyunu xoşuma gəldi.
Bircə Səyyah obrazında (aktyorda yox, obrazda!) bir-iki məqam məni narahat etdi.
Nə idi o məqamlar?
Tamaşaya, bir çimdik də olsa, yumor qatmaq xətrinə Səyyahın bəzi hərəkətlərinə və sözlərinə komiklik əlavə olunmuşdu. Ki, əsərdən tanıdığım Səyyah obrazına bu komikliyi yad bildim. Səyyah obrazı mənə görə xeyli ciddi obrazdır. Həmçinin bu əsərə yumor qatmağa ehtiyacın olduğunu da düşünmürəm.
Səyyahın bəzi cümlələrdən sonra üzünü tamaşaçıya tutub danışmağı da məni narahat etdi. Bu sonuncu dediyimi, - aktyorun auditoriyaya tərəf çevrilib danışmağı (bunun teatrda adı nədir, bilmirəm) təkcə Səyyah obrazında yox, Pərnisə obrazında da oldu. Bu gedişləri yersiz bildim. Auditoriyanın diqqətini tamaşaya cəmləmək üçün (əgər bunun üçün edilirsə) nəsə etməyə ehtiyac yox idi. Onsuz da hamı nəfəsini tutub, diqqətlə tamaşanı izləyirdi.
Hə, qeyd etməliyəm ki, Pərnisə obrazını canlandıran aktrisa İlahə Həsənova, Qarı obrazını oynayan Əməkdar artist Mətanət Atakişiyevanın oyunları çox da ürəyimi açmadı. Aktrisalarımızın oyununda pafos daha çox idi. Deyəsən, aktyorlarımız pafosdan daha tez xilas olacaqlar, nəinki aktrisalarımız. Yenə deyirəm, mən teatrşünas deyiləm, bunlar mənim tamaşaçı kimi fikirlərimdir, bilmirəm, bəlkə də, pafosa hələ də gərək var...
Tamaşanın sonunda rejissor əsərə yüngülvari improvizələr etmişdi. Cəllad Məmmədqulunun ruhu ilə Pərnisənin ruhu yenidən qovuşurlar, dialoqa girirlər. Romanda bunun olmadığını xatırlayıram, amma bu improvizədə qüsur görmədim, teatral gediş idi və yersiz görünmürdü.
Ən nəhayətində, belə ciddi bir əsərin teatra ayaq açmasına, belə uğurla səhnələşdirilməsinə sevindim. Bütün yaradıcı heyəti təbrik edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!