Azər Qismətin "İlbizlər" romanında qadının tarixi və sosial roluna baxış - İlahə SƏFƏRZADƏ

Qadın obrazlarının cəmiyyətlə əlaqəsi ədəbiyyatda və digər sənət sahələrində tez-tez rast gəlinən mövzudur. Bu əlaqə qadınların sosial rolları, mübarizələri, nailiyyətləri kimi müxtəlif amillərlə formalaşır və onların yaşadıqları təcrübələri, çətinlikləri anlamaq və sosial dəyişikliklər üçün şərait yaratmaq baxımından önəmlidir. Məhz bu səbəblərdən tez-tez müzakirə olunan mövzulardan biri olmuşdur. Xüsusən, dünya ədəbiyyatında bu mövzuya daim müraciət edilmiş, müxtəlif nəsr nümunələri çağdaş dövrdə mütaliə olunan klassik əsərlərə çevrilmişdir.

Azər Qismət müasir dövr Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu və təhkiyə tərzi olan yazıçıdır. İstər hekayələrində, istərsə də romanlarında qadın obrazlarının cəmiyyətdəki yeri və rolu ilə bağlı maraqlı baxış bucağı təqdim etmiş, hadisələri gerçəklik payı ilə bərabər, şəxsi interpretasiyasının harmoniyası ilə zənginləşdirmişdir. Təbii ki, bunların fonunda qadın obrazları da daha dolğun təsvir olunmuş, onların cəmiyyətdəki mövqeyi sözün gücü ilə şüurlara yol tapmışdır.

"İlbizlər" romanındakı qadın obrazlarının mövcud vəziyyəti ilə müəyyən oxşarlıq təşkil edən dünya ədəbiyyatı nümunələrindən biri Marqaret Etvudun "Damazlıq qızın hekayəti" əsəridir. Romanda ölkədəki mövcud rejimin təsiri ilə qadınlar çox çətin vəziyyətlərdə qalırlar.

Yazıçının "İlbizlər" əsərində də mövzu Azərbaycanın dağ kəndlərindən birində baş verən siyasi və iqtisadi böhranların girdabında mənəvi və fiziki cəhətdən məhvə doğru sürüklənən əhalinin problemləri olsa da, hadisələrin mərkəzində qadın və onun taleyi məsələsi də durur. Yəni, müəllif öz romanında həmin dövr qadınının keşməkeşli həyat yolunu da təsvir etmiş, onların psixologiyasını incəliklərinə qədər aça bilmişdir. Roman canavarın meşədə qadını parçalaması xəbəri ilə başlayır. Daha sonra müəllif hadisələri iyirmi il öncəyə qaytarır - bütün əhvalatı əvvəlindən anlatmağa başlayır. Hadisələr SSRİ dağıldıqdan sonra Azərbaycanın dağ kəndində cərəyan edir. Burada işsizlik və savadsızlıq baş alıb gedir. İnsanlarda gələcəyə ümid qalmamışdır.

Müəllif onların ümidsizliklə dolu güzəranlarını ən kiçik detallarına qədər təsvir edir, qadının maddi və mənəvi vəziyyətinin hansı mərhələdə olduğunu, onun şüur axınındakı qaragüruh fikirləri oxucunun nəzərinə çatdıraraq ifadə etməyə çalışır. Pəricahan Həşimin həyat yoldaşıdır. Həşim əxlaqın, mənəviyyatın, ailə dəyərlərinin nə olduğundan tamamilə xəbərsiz, yaramaz bir obraz olaraq təsvir olunur: "...həyat yoldaşı Həşim də üstlərinə yeriyən fəlakətli günlərdən çıxış yolu tapmaqdansa, təsərrüfatçılıq missiyasını arvadına ötürüb rahatlanmış və onun varlığını unutmuşdu". Bu cümlələrlə müəllif qadın obrazının mövqeyini, ərinin baxış bucağından onun həyatdakı yerini müəyyənləşdirir.

Pəricahanın şəxsiyyət olaraq diqqət çəkən tərəflərindən biri də odur ki, o, aciz və müti xarakter olmağı təbliğ etmir. Hər nə qədər çətin olsa da, o özü öz həyatına sahib çıxan, həyata qarşı mübarizə aparmağı bacaran qadın obrazıdır. Bu qədər bədbəxtliyin içində, nəhayət, maddi vəziyyətini yaxşılaşdırmaq üçün ona iş tapşırılır, bununla da "qadın gülümsədi ki, deyəsən, xoş günlər başlayır". Bir milyonçuya həmişə gənc qalmaq üçün ilbiz seliyi lazım olur. Bunun üçün də ilbiz yığma işi Pəricahana həvalə edilir. O həmin gündən etibarən yaşadığı bütün çətinliklərə rəğmən meşəyə yollanır ki, ilbiz yığıb əvəzində pul əldə eləsin.

Əsərdə qorxulu məkan olaraq təsvir olunan meşə qadınların son ümid yeri kimi mənalandırılır. Pəricahan öz qızına hər gün atasına yuxu dərmanı verib tez yatırtmağı tapşıraraq meşəyə ilbiz yığmağa gedir. Onun meşəyə bu müəmmalı gedişləri bir müddət sonra kənd əhalisi arasında şübhələrə səbəb olur. Onlar bu "meşə səfərləri"nin səbəbini anlamadıqları üçün Pəricahanın oraya qeyri-əxlaqi məqsədlərlə getdiyini düşünməyə başlamışdılar. Kişilər bu söhbəti öz həyat yoldaşlarının yanında danışır. Nəticədə, qadınlar Pəricahanı gizlicə izləmək qərarına gəlirlər. Pəricahan isə çətin günlərdə tapdığı bu pullu işi itirməmək üçün əvvəlcə onların yanında meşəyə nə üçün getdiyini göstərməməyə səy etsə də, buna nail ola bilmir. Hətta bir növ, qadınların öz beynində qurduqları qeybətləri - onun haqqındakı əsassız şübhələri də qəbul etmiş olur.

Qadınlar bir tərəfdən, uşaq dünyaya gətirmək, onu böyütmək, ev idarə etmək məcburiyyətindəydisə, eyni zamanda ailəni maddi olaraq təmin etmək də onların üzərinə düşmüşdü. İlbizyığan qadınlar artıq o həddə çatmışdılar ki, onlarda qadınlıq əlamətləri qalmamışdı. "Unudulan həm də qadınlıq əlamətlərini itirib kişiləşmələri olmuşdu. Təkcə səslərindən və qadın orqanlarından savayı. Onu da itirsəydilər, canları dincələrdi ki, kişidirlər, ölənə qədər işləyib evə qazanc gətirmək bellərinin yükü, alınlarının yazısıdır. Ürəklər eyni döyünür, yeriyəndə biri digərinin xətrinə dəyməmək üçün nəfəsini ahənglə, bərabər füləyirdi..."

İlbizyığan qadınlar yaşayışlarını təmin etmək, pul qazanmaq üçün dəridən-qabıqdan çıxsalar da, namuslu və vicdanlı olmaq kimi keyfiyyətlər onlar üçün çox önəmlidir. "...qadınlar bu evə uşaqların gələcəyini necə qurmaq fəlsəfəsini - pulun ən vacib, ən gərəkli dəyər ölçüsünün sübutunu gətirmişdilər. Yaşamaq istəyirsənsə, kənardan hürənlərə fikir verməyib sağlamlığından keçməlisən, yalnız namusunu itirməmək şərtilə. Ən ağır vaxtlarda belə namusunuzu itirməyin, o sizə əmanətdir"

Pəricahanın yaşadığı kənddə qadınlar özlərini ərlərinin sərxoşluğuna, ailəyə olan hörmətsizliyinə və hətta xəyanətinə belə susqunluqla cavab vermək məcburiyyətində hiss edirlər. Çünki onlar üçün tək gerçək var: "ailə kimi qalmağ"ı sonuna qədər bacarmaq və sədaqətli olmaq. Pəricahan ərinin onu aldatmasını gözləri ilə görsə də, Həşimin sevgili münasibətində olduğu qadının ərinin xəbər tutarsa, bunun çox pis nəticələnəcəyini düşündüyü üçün etiraz səsini ucalda bilmir. Onun mübarizəsi bu mənəvi işgəncəyə dözməklə şərtləndirilməmişdi. Əslində, ona səbir etmək üçün stimul verən də varlanmaq üçün dördəlli yapışdığı işi idi. Pəricahana elə gəlirdi ki, əgər ərini ifşa eləsə, o, cəzalandırılacaq və nəticədə şikəst qalarsa, ömrünün sonuna kimi onun yatağının kənarında oturub bulyon içirməli olacaqdı. Müəllif qadının təfəkküründə ona mənəvi və fiziki əzab verən ərindən ayrılmaq, müstəqil həyata başlamaq düşüncəsinin mövcud olmadığını ifadə edir. Bu evliliyi qoruyub saxlayan, qadını bütün məhrumiyyət və əzablara səbir göstərməyə məcbur edən tək səbəb cəmiyyətin qınağı deyildir. O həm də nə olursa-olsun, ərinə özünün bir parçası kimi baxır. Bu münasibətdən və öz həyat tərzindən usandığı zamanlarda belə onunla bir bütün olduğunun fərqindədir.

Yazıçı romanda qadının həyat və taleyi məsələsini qabartmış, Pəricahan ailə naminə hər şeyi sinəyə çəksə də, içindəki səssiz üsyanın, kor ümiddən yapışmağın əzabını real boyalarla təsvir etmişdir.

Pəricahan ilbiz yığımından əldə etdikləri pulu qadınlar arasında böləndə onlar özlərinə düşən məbləğlə razılaşmır. Nəticədə, ərləri meşəyə getmələrini qadağan etsə də, qadınların üsyanı nəticəsində fikirlərindən dönürlər. Qadınların dilindən yazılmış monoloqda onların əsərin əvvəlində Pəricahana olan münasibətləri ilə sonrakı düşüncələri arasındakı fərq açıq-aşkar görünür. Burada bir nüans da maraqlıdır ki, qadınlar artıq özlərinin bir növ, "kişiləşdiklərinin" fərqinə varıblar. Bunun da səbəbi ərlərinin işləməkdə və pul qazanmaqda olan səriştəsizliklərindən, başlarını boş söhbətlərə və qeybətlərə qatmaqlarından, tənbəlliklərindən əlavə, məhz onlara özlərini qadın kimi hiss etdirmək yerinə, bunu daha çox gedib əcnəbi qadınlar üçün etməkləri diqqətçəkəndir. Heç də təsadüfi deyil ki, Pəricahanın əri Həşimin sevgili münasibətində olduğu Klavdiya da əcnəbi qadındır. Əsərdə hər nə qədər ərinin Pəricahana xəyanəti və yaramaz bir adam olması vurğulansa da, qadını daim sadiq, qayğıkeş və qızına da atasına qarşı hörmətsizlik etməməyi dönə-dönə tövsiyə edən qadın - həyat yoldaşı obrazında görürük.

Romanın sonunda göstərilir ki, Pəricahan və xəstə əri sağdır, roman boyu sözügedən - əhalinin narahatlığına səbəb olan stansiya artıq bağlanmış, qızları evlənmiş, nəvələri ilə onu görməyə gələcək. Qonşular isə keçmişdə kəndi aclıqdan xilas elədiyi üçün qadına - Pəricahana minnətdardırlar. Pəricahan obrazı güclülük, hər vəziyyətdə özünü sübut etməyi bacaran, çıxış yolu tapan, ləyaqətli qadın obrazları sırasındadır. O, bütövlükdə mübariz qadın obrazı kimi dəyərləndirilə bilər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!