Zəfər müjdəsini çatdıran şeirlər - Zemfira MƏHƏRRƏMLİ

"Givinin Qarabağnaməsi" üzərinə

 

Giya Paçxataşvili (ədəbi təxəllüsü Givi) deyəndə, ilk növbədə, Azərbaycanın gürcü oğlu, şair, tərcüməçi, publisist, çoxsaylı kitablar ərsəyə gətirən, Azərbaycan, Rusiya, Gürcüstan Yazıçılar Birliklərinin üzvü, 60-dək müəllifi rus və gürcü dillərinə tərcümə etmiş dəyərli qələm adamı göz önünə gəlir. Füsunkar təbiətli Qaxda gürcü ailəsində dünyaya göz açan, kiçik yaşlarından Azərbaycan dilini mükəmməl öyrənən, ədəbiyyatımıza, folklorumuza sevgi ilə yanaşan gənc Givinin söz, qələm adamı olacağı şəksiz idi. Jurnalistikaya həvəsi onu bu məsuliyyətli peşəyə yiyələnməyə sövq edir. Sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış seçim qrupunun tərkibində Moskva Dövlət Universitetində təhsil alır. Poeziyaya gəlişi və tərcüməçilik fəaliyyəti Givinin həyatı, çoxşaxəli yaradıcılığı haqqında söz açmağa dəyən ayrı-ayrı mərhələlərdir.

Ədəbi cameənin yaxşı tanıdığı G.Paçxataşvili "Sükutun rəngləri", "Oğul ata itirdi", "Hə" dedim", "Son - əvvələ gedən yol", "Tut ağacı", "Doğum şəhadətnaməsi" və s. kitablarının müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi mükafatı, habelə Şahmar Əkbərzadə adına ödülün, "Səməd Vurğun" qızıl medalının sahibidir. İngilisdilli toplularda, habelə Özbəkistanda nəşr olunmuş "Müasir Azərbaycan poeziyası antologiyası"nda şeirləri yer alıb.

Ədəbiyyatşünas alimlər, araşdırmaçı yazarlar, qələm dostları G.Paçxataşvili yaradıcılığı, onun tərcümə fəaliyyəti, dilimizi mükəmməl bilməsi ilə bağlı maraqlı fikirlər söyləyiblər. Akademik Nizami Cəfərov bu barədə yazır: "Mən şairlərimizin çox kitabını oxumuşam. Bəzilərinin bir şeirində neçə səhv tapıramsa, Givinin hər hansı bir kitabında bir səhvə belə rast gəlmirəm. Azərbaycan dilini öyrənmək istəyənlər qoy Givinin əsərlərini oxusunlar." Filologiya elmləri doktoru, professor Nizami Tağısoyun fikrincə, "Givi söz aləminə öz açarıyla gələnlərdəndir. O, çoxsaylı əsərlərində öz vətəndaş mövqeyini ortaya qoymaqla, əsl millət təəssübkeşi olduğunu nümayiş etdirib".

Şairin şeirlərinin əsas poetik ünvanı Vətəndir və bu yazıda həmin bədii nümunələrdən söz açacağıq. Givinin çoxsaylı şeirlərinin toplandığı "Qarabağnamə"si xalqımızın otuz ildən bəri üzləşdiyi müsibətlərin nəzm diliylə izharıdır. Həmin şeirlərdə azğın düşmənin işğal etdiyi əzəli-əbədi yurd yerlərimizin həsrəti, acı göynəyi var. Şair bədnam erməni quldurlarının torpaqlarımıza təcavüzündən sonra - 90-lardan üzü bəri yaradıcılığını bu ağrılı mövzuya yönəldib. Müəllifin 2021-ci ildə "Təhsil" nəşriyyatında işıq üzü görmüş "Givinin Qarabağnaməsi" kitabında toplanan bədii nümunələrdə hədəf seçilən məramlardan ən əsası mənfur düşmənlərin torpaqlarımızdan təmizlənəcəyi günü yaxınlaşdırmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Bu qanlı münaqişənin nə qədər soydaşımızın ömrünə balta çaldığını, körpələri ata-anasız qoyduğunu vurğulayan şair fəryad qoparırdı.

Yurd sevdalı şair torpaqlarımızın işğala məruz qalmasından dolayı ağrılarını yana-yana dilə gətirir, xalqımızın dərdinə biganə qalan, kar, kor, susqun dünyanın yalanlarını ifşa edir. Hələ 1989-cu ildə yazdığı "Ayağa qalxın!" adlı şeirində həyəcan təbili çalaraq, xalqını, millətini ayıq-sayıq olmağa, "el gücü-sel gücü" deyib birləşməyə, torpaqlarımıza diş qıcayan düşmənin cəzasını verməyə çağırır:

 

Qarabağ - xalqımın qeyrət damarı,

Qoymayın damara balta çalınsın.

Vətən oğulları, Vətən qızları,

İmkan verməyin ki, torpaq alınsın.

 

"Haydı, igidlərim, düz Qarabağa, qeyrət məqamıdır, ayağa qalxın!" deyən söz adamı qlobal gücləri, erməni şovinistlərinə züy tutan, bədnam qonşularımızın yalanlarına göz yumanları yamanlayır:

 

Qarabağ tuş olub qan sellərinə,

Camaat haçandır imdad istəyir.

Hayastan rəng verib əməllərinə,

Torpaq qamarlayıb, xalqı pisləyir.

 

G.Paçxataşvili poetik sanbalı ilə fərqlənən ictimai məzmunlu şeirlərində sözün yeni məna çalarlarının gücü ilə bənzərsiz lövhələr yaradır; bu dəfə 20 Yanvar faciəsi ilə bağlı silsilə şeirlərində. Həmin hüznlü şeirlər Sovet imperiyasının "Qara Şənbə" günündə xalqımızın başına gətirdiyi, ürəyimizi dağlayan müsibətlərə şairin sərt etirazıdır. Şairin "Bakım" şeiri 20 Yanvar faciəsi, ümumən şəhidlik mövzusunda yazılmış mükəmməl bədii nümunələrdəndir. Söz adamı o məşum gecənin dəhşətlərini yana-yana nəql edir, haqq işimiz uğrunda mücadiləyə qalxan, zəhmli tankların amansız mərmilərindən qorxmayıb ölümün üstünə gedən mərd oğulların hünərini dilə gətirir.

20 Yanvar faciəsindən yazan şairin bu şeirində onun qəlb yarasına çevrilmiş dərd-səri, iç dünyasındakı kədəri elə ifadə edilib ki, bu poetik duyğular bizim də dərdimizə çevrilir. Əsl sənətkarlıq da elə bundadır:

 

Bir fağır kimi təkləndin,

Qızarıb qərənfilləndin.

Şəhidlər üstə inlədin -

Sayını bilmədin, Bakım.

 

İnformasiya blokadasına salınan, yolları-rizləri bağlı Bakıdan o gecə dünya xəbərsiz idi. Səsimizin içimizdə boğulduğu, ünümüzün kimsəyə yetmədiyi bir qaranlıq gecəydi o gecə. Şair bu qüssə-kədər yüklənmiş misralarında sözlə dərdin rəsmini çəkib, istedadlı rəssam kimi həyat lövhələri yaradıb:

 

Gecənin bağrını yardı güllələr,

Torpağın səsindən Bakı diksindi.

Qaldı tank altında qadın, körpələr,

Şəhər ah-vayların diliylə dindi.

 

Əsl sənətkarlar ən çətin məqamlarda xalqının, soydaşlarının yanında olmalı, onun sözünü deməlidi. Müəllifin torpaqlarımızın uzun illər işğal altında qalması ilə bağlı mücadiləyə çağıran şeirləri bu qəbildəndir. "Qarabağ deyə qalxmışıq, qeyrət donunu taxmışıq" deyən şair "Şəhidlərin ağıları" adlı şeirində müqəddəs şəhadətə yüksələnlərin dili ilə Vətən oğullarını mübarizəyə səsləyir. Bu dəfə onun səsi daha qətiyyətlidir:

 

Azadlıq deyə-deyə

Ruh olub qalxdıq göyə.

Yetər göz yaşı tökmək -

Haydı, millət, cəbhəyə!

 

Givinin vətəndaş yanğısı və qeyrəti ilə qələmə aldığı mübariz ruhlu şeirlərini hiss-həyəcansız oxumaq mümkünsüzdür. Müəllifin fikrincə, "Zəfər yürüşündə şəhid də olarlar, axı, hər şey Vətən adına, Vətən naminədir":

Yurdları azad edin,

Yağını bərbad edin.

Torpaqları qaytarıb

Ruhumuzu şad edin!

 

Bu nisgil dolu şeirlərdə Xocalı müsibətini yaşayanların dərdi-kədəri, üzüntüləri real boyalarla çatdırılır, şeirlərin hər bəndi ürək göynədən hekayət təsiri bağışlayır. Körpə arzuları qan gölündə boğulmuş balaca Zəhranın müqəddəs ruhuna ithaf etdiyi şeirində Givi azğın, vəhşi dünyanı, qaniçən qatilləri lənətləyir:

 

Çocuqluq qana bələnib,

Sağlam şüur xəstələnib,

Humanistlik güllələnib...

Qətliamlar qocalır -

Davam edir Xocalı.

 

Bütün dünyaya səs salan möhtəşəm Zəfərimizin ünvanı - 44 gün çəkən Vətən müharibəmiz haqq işimizi bir daha təsdiqlədi. Vətən savaşımıza qatılan oğullar qanlı cəbhələrə yüksək ruh və döyüş əzmi ilə yollanırdılar:

 

İnanırıq, gün gələr,

Azad Xocalı gülər.

Əsgər şücaətiylə

Düşmən beli bükülər.

 

Şükürlər olsun ki, işğal altında qalmış yurd yerlərimiz indi xoş günlərinə qayıdıb, kol-kos basmış yollar nəfəsimizlə isinir, azad torpaqlarımızda həyatın nəbzi duyulur. İndi qələm dostumuz Giya Paçxataşvili daha çox Zəfər şeirləri yazır:

 

Öyün ki, ön cəbhədə vuruşan övladın var,

Onun igidliyində sənin şanlı adın var.

Yağıları həmlənlə yurdundan atasısan -

Sən əsgər atasısan!

 

Əsrlərdən bəri dost və qonşu olduğumuz gürcü xalqının nümayəndəsi G.Paçxataşvilinin Qarabağ mövzusunda bu qədər ürəklə və davamlı yazması, ürək ağrılarımızı, əsl gerçəyi söyləməsi onun dünyaya göz açdığı Azərbaycana sonsuz sevgisinin göstəricisidir:

 

Dünya şahid olur möhtəşəm ana,

Muştuluq verərək Azərbaycana...

Şair misrasının coşqusu gəlir -

Havadan Qələbə qoxusu gəlir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!