NARGİS
Xalq yazıçısı Kamal Abdullanın "Seçmələrin seçməsi - qranulalar" əsərini oxuyuram. Ustadın əsərlərini oxuyarkən hər zaman özümü labirintdəymiş kimi hiss edirəm.
Kitab barədə yazarın fikirləri maraqlıdır: "Günlərin bir günü illərdən bəri yazdığım şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, elmi-publisistik məqalələrin hər birinin içində yer almış və bu gün də öz məzmunu ilə diqqətimi çəkən cümlələr, sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy. Bizi bir-birimizin yanında yerləşdir. Onda biz tamamilə yeni bir cazibədə zühur edəcəyik".
Bu əsərlər gizli qapılarla zəngindir. Hansı ki, bu qapıları sadəcə, onu sevən oxucular görə bilər. "Aça bilər" demədim ha, sadəcə görə bilər. Çünki Kamal Abdulla intellektualdır. O əslində oxucusunu seçir. Bu oxucu nümunəvidir, dərin təfəkkürə malikdir. Onun beyni sirr ilə hörülüb. Ustadın zehnində parlaq ulduzlarla dolu qalaktika mövcuddur. Beləliklə, zehnindəki paralel dünyalar mövcud dünyalarla labirintlər vasitəsilə kəsişir. Kamal Abdulla təsvir etdiyi bütün dünyalara inanır və düşünür ki, "Nə yazırsan, yaz. Yazdığın zaman yazdığına inanmalısan. Oxuyanda inanmaya bilərsən"...
Kamal Abdulla oxucusunu seçir... o nümunəvi oxucunun dərk edib qəbul edəcəyi gələcəyin mətnini təqdim edir. Nümunəvi olmayan oxucular Kamal Abdulla mətnini, ya sadəcə bədii mətn kimi oxuyur, qəbul edir, yaxud bəziləri onu ədəbiyyatın gerçəkliyini dekonstruksiya etdiyi üçün qeyri-professional şərhlərlə tənqid edir.
Umberto Eko "gənc romançının etirafları" kitabında bu barədə yazır: "Ampirik oxucu nümunəvi oxucu deyildir. Ampirik oxucu bir mətni oxuyan şəxsdir. Sizsiniz, mənəm, hər kəsdir. İllərdir görmədiyim bir dostum "Fukonun rəqqası" əsərindən sonra mənə belə yazdı: "Sevgili Umberto, əmim arvadı ilə əmimin kədərli hekayəsini sənə danışdığımı xatırlamıram, amma bu məlumatları romanında istifadə etməyin tam bir boşboğazlıqdır. Dostuma nə olmuşdu? Mənim yazdıqlarımda görünür, şəxsi yaddaşında olan nələrisə axtarmışdı. Nümunəvi oxucu bütün bu növ oyunları oynamağa həvəsli oxucudur. Ampirik oxucu isə əsəri bir çox şəkildə oxuya bilər, necə oxuyacağını ona öyrədən qayda-qanun yoxdur, çünki o tez-tez mətni, mətnin xaricindən gələ biləcək, ya da mətnin təsadüfən yol açacağı öz şəxsi arzuları üçün bir vasitə olaraq istifadə edir.
Postmodern yazarın təqdim etdiyi oyunu nümunəvi oxucu məmnuniyyətlə oynayır, ampirik oxucuda isə bu oyun aqressiya yaradır. Son vaxtlar müəlliflə bağlı sosial mediada yazılan aqressiv fikirlər bunu sübut edir. Bu, əslində postmodern yazarın qələbəsidir.
Gələk Xalq yazıçısı Kamal Abdullanın "Seçmələrin seçməsi - qranulalar" əsərinə. Qranulalar həm nəsri, həm nəzmi özündə birləşdirir. Burada çox fərqli düşüncələr, hisslər toplanır. Bəzən dünyada bizimlə eyni dövrdə yaşayan insanı düzgün qiymətləndirmirik. Ona görə ki, onun təfəkkürü, baxışbucağı bizdən fərqlidir. Fərqlilik qorxulu deyil, qorxulu olan qeyri-obyektivlikdir. Bir şey obyektivdirsə, doğru odur. Lazımlı olan da əslində odur.
Bəli, Ekonun da dediyi kimi, Kamal Abdullanın əsərləri plyajda oxumaq üçün deyil, bu, ağır ədəbiyyatdır. Bu mətnlərlə tanış olan oxucu onu həzm etmədən öncə, dərk etməlidir. Bu mətnlər populyar deyil, "sənət sənət üçündür" nəzəriyyəsinə cavab axtaranlar üçün yazılıb. Qranulalarda müəllifin indiyədək yazdığı əsərlərdən seçmələr toplanıb. Bəziləri tam fikri ehtiva etsə də, elə hissələr var ki, anlamaq üçün mütləq tam mətni oxumalısan. Bu qısa fikirlər Kamal Abdulla yaradıcılığına gedən yolda işartılardır, ləpirlərdir, onun yaradıcılığı ilə dərindən tanış olmaq istəyənlər üçün bələdçidir.
Kamal Abdulla yazır ki, "Ədəbiyyatın mayasında qan durur. Troya müharibəsini yada salmaq kifayətdir".
Burda yazar nə demək istəyir?
Beləliklə, ədəbiyyatın mayasının estetika olduğu gerçəyi dekonstruksiya olunur.
Postmodern təfəkkürün tək, doğru analizi yoxdur, oxucu sayı qədər rəyi mövcuddur.
Yaxud "Ədəbiyyat həmişə nəyinsə qırıldığı yerdən başlayır. Düz yerdən ədəbiyyat başlaya bilməz".
Postmodern dünyagörüşünə görə qəhrəman qəliblərdən, sərhədlərdən uzaqdır. O, qarşılaşdığı maneələri keçməkdə sərbəstdir. Postmodernist əsərin dili, mətn qurğusu onun qəhrəmanından daha öndədir; mərkəzi qəhrəman yoxdur. Əsas mətndir, mətn hər şeydir. Mətn tək gerçəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!