Mif və reallığın sintezində dünyanı dərk etməyin metaforası - Elman QULİYEV

Qırğızıstanın xalq yazıçısı Sultan Rayevin "Daşqın" romanı əsasında

XX əsrin əvvəllərində yaranan və əhəmiyyətli inkişaf yolu keçən qırğız yazılı ədəbiyyatı qısa zaman kəsiyində yeni forma, məzmun, üslub və ideya keyfiyyətlərinə yiyələnməklə yanaşı, paralel olaraq zəngin mifik və şifahi xalq ənənələrinə bağlılığını da qoruyub saxlaya bilmişdir. Bu mənada, Çingiz Aytmatov, Mukan Elebayev, Coomart Bokonbayev, Cusup Turusbayev, Toqoloq Moldo, Toktoqul Satılqanov, Aalı Tokonbayev, Qasıməli Jontaşev, Sultan Rayev və s. kimi korifey sənətkarların yeni məzmun və yeni ideya dəyərləri aşılayan yaradıcılıqlarının "Manas" ruhunu, mif və reallığın sintezində həyatı dərk etməyin metaforasını izləmək o qədər də çətin deyil.

Təbii ki, Qırğızıstanın xalq yazıçısı Sultan Rayevin həm forma və üslub rəngarəngliyi, həm də milli-tarixi maraq səviyyəsinin və milli ideallara sədaqətinin yüksəkliyi, o cümlədən, vətəndaş-yazıçı mövqeyinin üstünlüyü ilə fərqlənən bədii yaradıcılığı bu sırada önəmli yerlərdən birini tutur. Özünəməxsus üslubu, mövzu aktuallığı, məzmun dərinliyi, mifik-real düşüncə sistemləri daxilində hadisələrin dəyərləndirilməsi baxımından oxucu marağını cəlb edən Sultan Rayev yaradıcılığında "Daşqın" romanının xüsusi yeri vardır. "Daşqın" romanında hadisələr reallıqla mifizmin qarşılıqlı bağlılığı şəraitində cərəyan etdirilir.

Kxe romanın mərkəzi obrazıdır. Bütün hadisə və əhvalatlar onun ətrafında cərəyan edir. O, möhkəm əqidəli dindardır. Kxe özünü Yaradanın qulu hesab edir. Onun qəlbində iman işığı parlayır. Onun düşüncəsinə görə dünyada Allahın iradəsindən kənarda heç nə yoxdur. O necə istəsə, kainatda hər şey o cür olar. Bu iman, bu əqidə Kxeni yaşadığı cəmiyyətdə hamıdan fərqləndirirdi. Yaşadığı cəmiyyətdə isə Tanrı imanından uzaq olan embrionlar vasitəsilə dünyaya gələn insanlar çoxluq təşkil edir və bu insanlar Allahın iradəsindən kənar işlər görə bilirlər. Bu cəmiyyətin prezidenti də, meri də, kütləvi informasiya vasitələri də süni insan ixtiraçısı professor Yan Helmutun nəzəriyyəsi ətrafında birləşərək insanları Allahı tanımaqdan imtinaya səsləyirlər. Bu cəmiyyətdə kişi kişi ilə, qadın qadınla evlənə bilərdi, əxlaqlar unudulmuşdu, bəşəriyyət pozğunluğa bulaşmışdı, insanlar üçün müqəddəs olan heç nə qalmamışdı, insanlıq anlayışı yad bir məfhuma çevrilmişdı. Lakin Allah sevgisi ilə yaşayan, Allahın sözünü xalqa çatdırmaq istəyən insanlar isə təqib olunur, barələrində ölüm hökmü çıxarılırdı. Kxenin ölüm hökmünə məruz qalmasının səbəbi də bu idi. Kxe ölüm ayağında ölüm qorxusu ilə yox, Allah sevgisi ilə yaşayır. Əsas hadisələr də bundan sonra baş verir. Allah yer üzünü Böyük Fəlakətə - Böyük su daşqınına məruz qoyur. Yer üzündə Nuh tufanından sonra ikinci su daşqını baş verir. Yer kürəsi suya qərq olur, bütün canlılar məhv olur. Yalnız Allah sevgisi ilə yaşayan Kxe ailəsi ilə birlikdə sağ qalır. Kxenin qəlbindəki Allah sevgisinə cavab olaraq, Tanrıya olan imanına görə Allah okeanlar ortasında su altında qalmayan bir parça torpaq saxladı. Kxe arvadı Man, oğlu Etix və qızı Duna ilə burada yaşamalı oldular.

Romanda bundan sonra bütün hadisələr həmin dörd nəfər ətrafında cərəyan edir.

Romanda nə varsa, metoforik olaraq həyatın nişanə və əlamətləridir. Əsərdəki proseslərin hamısı yaşadığımız dünyanın reallıqlarını əks etdirmək baxımından xarakterikdir. Müəllif haqlı olaraq dünyanın və insanlığın qarşılaşdığı faciələrin elementlərini elmi tərəqqinin insanlığa hesablanmayan son nailiyyətləri və mənəviyyat sərhədlərini aşan sivilizasiyaların son həddində axtarır. Əslində bu "axtarışlar"ın pafosunu elm qanadlarında uçaraq insanlığın təməl prinsiplərindən uzaqlaşmalarının faciəsi və Azərbaycanın dahi şairi M. Şəhriyarın təbirincə desək, "kökdən qopmağ"ın fəlakətləri təşkil edir.

 

Təməddünün gözü görüm kor olsun,

Ağzındakı şirin, şərbət şor olsun,

Bal da yesə, zəhər olsun, çor olsun,

Ağzımızın dadın qapıb apardı,

Ürəkləri çəkib kökdən qopardı.

 

Sultan Rayev süni intellektin doğurduqlarını (qəlbi, ruhu, vicdanı və əxlaqı olmayan süni insan) tərəddüd etmədən insanlığın tənəzzülü kimi dəyərləndirir. Əsərdə süni intellektin doğurduqları ilə təbii insan intellektinin qarşılaşdırılma səhnələri kifayət qədər maraq doğurur.

Yazıçı tərəfindən sərgilənən bu mövqe XIX əsr Türkiyə türk ədəbiyyatının nəhəng şəxsiyyəti Ziya Paşanın "Tərcibənd" əsərinin mahiyyətində oturan klassik İslam və modern Qərb fəlsəfəsinin, o cümlədən, Kopernik düşüncə sisteminin müəyyən məqamları ilə üst-üstə düşür. Ziya Paşanın bu əsərində əski türk ədəbiyyatında kainat və həyat haqqında sistemli mənzumə kimi dünyanın ədalətsiz, əcaib, sirli suallarına cavab tapılmayan bir məkana bənzədilməsi və s. haqqında fikirlər geniş yer alır:

 

Yarəb, neçün bu arsada hər şəxsi arifin

Miqdari fəzlinə görə dərdi olur füzun?

 

və yaxud,

 

Subhanə mən tahayyare fi sunihil-ukül,

Subhanə mən bi kudretihi ya cüzül-fuhül

(Uca qüdrəti ilə Allahı təsbih edərəm. Onun hər cür qüsur, eyib və nöqsanlardan uzaq olduğunu qəbul edər və söyləyərəm.)

 

Bu tipli münasibətlər və düşüncələr daxilində Sultan Rayev öz qəhrəmanını məqsədli olaraq okeanın ortasındakı bir parça torpaqda qəlbindəki əzabları ilə baş-başa saxlayır. O, bu torpaqda əxlaq və düşüncə baxımından özündən kəskin fərqlənən arvadı, oğlu və qızı ilə bərabər yaşamağa məhkumdur. Arvadı Man süni gen mühəndisi olmuşdu, oğlu Etix embirion hüceyrədən əmələ gəlmişdi, qızı Duna isə onların təsirində formalaşan yeniyetmə idi. Ailəsinin mənəvi-psixoloji o cümlədən, əxlaqi qüsurları səbəbindən Kxe Allahdan başqa dərdini deməyə, fikir bölüşməyə, ən nəhayət, şikayət etməyə kimsə tapa bilmirdi. Lakin mövcud və əbədi dünyada insanın yeri, rolu və mövqeyi barədə insanlıq ölçülərini müəyyənləşdirən bir yığın suala cavab axtarılması Kxeni dərindən düşündürürdü. Sultan Rayev bir növ, Kxenin timsalında cənnəti, cəhənnəmi, sevinci, kədəri, həyatı, ölümü və s. yalnız yaşadığımız torpaqda axtaran insanın özü və insanlığın əbədi mahiyyəti barədə fikirlər formalaşdırır. Bu məqamda onu "Süni intellektin bəşəriyyəti xilas edə bilərmi?" sualı ilə üz-üzə saxlayır. Böyük su daşqını zamanı Allahın qəzəbindəki süni intellekt faktorunun mövcudluğu qoyulan sualın ritorikasını müəyyənləşdirir.

Müəllif qloballaşan dünya üçün aktual hesab etdiyi "İnsan nə etməlidir, necə yaşamalıdır?" və s. suallara cavab tapmaqla insanı tərki-dünyalıqdan uzaqlaşdırır, real dünyamıza bağlılığını gücləndirir.

Kxe dindar olmaqla yanaşı, həm də mütərəqqi fikirli insandır. O, günahları lənətləyir, paklığı alqışlayır, bəşəri tərəqqini də qəbul edir. Lakin süni insanı bəşəri tərəqqinin yeni mərhələsi hesab etsə də, onu lənətləyir. Çünki Kxeyə görə süni insan pisliklərin simvoludur.

Müəllif Allahın yaratdıqları ilə insanın yaratdıqlarının müqayisəsində Allaha məxsus olanları daha vacib və daha əhəmiyyətli hesab edir. Yazıçının təqdimatında məkan olaraq Allahın yaratdığı yer üzü fəlakət çarxı ətrafında fırlanan dəyirman kimi görünür. Məkan Allahın olsa da, buradakı ədalətsizliklərin, fəlakətlərin, mənəm-mənəmliyin sahibləri insanlardır. Görünənlərin bugünkü dünyanın reallıqlarını əks etdirməsi heç kimdə şübhə doğurmur. Əslində müəllif məkan və zaman kontekstində hadisələri mifik məkandan yaşadığımız real məkana transfer edir. Sultan Rayev bu keçiddən yer üzünü bürüyən bugünkü fəlakətləri əks etdirmək, eyni zamanda dünya nizamı yaratmaq üçün bir vasitə kimi istifadə edir. Yazıçı bu məqamda insanlar üçün mifik məkanın sakini olan Kxenin həyat idealını səsləndirir: "İnsanların ruhunu təmizləmək, onlara həqiqi yolu göstərmək, Yaradanın nurunu onların qəlbinə qaytarmaq." Bu fikirləri dünyamızın xilası naminə qlobal düşüncələr ifadə etmək baxımından səciyyəvi hesab etmək olar.

Sultan Rayevin "Daşqın" romanı mifik-fantastik süjetlər əsasında yazılmış əsərdir. Romandakı mifizm elementlərindən həyatı daha dərindən dərk etmək üçün istifadə edilmişdir.

Müəllifin Nəhəng su daşqını zamanı baş verən hadisələrə münasibəti kifayət qədər maraq doğurur. Bildiyimiz kimi, türk mifologiyasında su kultu daha çox həyat mənbəyi kimi göstərilir. Su yeni həyat amili və keçmişlə gələcəyin əlaqələndiricisi rolunda türk mifik baxışlarında daha çox yer ala bilmişdir.

Türk dünyamızın bir çox klassiki kimi Azərbaycan ədəbiyyatının nəhəng siması Məhəmməd Füzuli yaradıcılığında su paklıq, saflıq, təmizlik rəmzi hesab edilmiş və Məhəmməd peyğəmbərin tərənnümü üçün bu əlamətlərdən lazımi formada istifadə edilmişdir.

 

Rövzeyi-kuyinə hərdən durmayıb eylər güzar,

Aşıq olmuş, qaliba, o sərvi-xoşrəftara su.

Su yolun ol kuydən torpaq olub tutsam gərək,

Çün rəqibimdir, dəxi ol kuyə qoymam varə su.

Tinəti-pakini rövşən qılmış əhli-aləmə,

İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su.

 

Sultan Rayevin "Daşqın" romanında da su irfani və real anlamlarda yeni həyatın, yeni nizamın yaradıcısı rolunda məna qazanır. Göründüyü kimi, romanın adı da su ilə bağlıdır. Su burada həm fəlakət, həm də həyat rəmzidir. Baxmayaraq ki, su daşqını bütün Yer kürəsini fəlakətə qərq etdi, amma sular içərisində Allahın mərhəmətindən yaranan bir parça torpaq yeni həyat məkanına çevrildi. Əslində müəllif sular içərisində yeni qurduğu dünyanın simvolikasında yaşama haqqının mümkünlüyünü pisliklərdən, dünyagirlikdən, mənəm-mənəmlikdən və saysız-hesabsız rəzalətlərdən uzaqlaşmaqda görür.

Müəllifin son qənaəti budur ki, insanlıq keyfiyyətləri yüksək olanlar təkcə Tanrının yox, həm də taleyin sınağından məharətlə çıxa bilirlər. Bu baxımdan Sultan Rayev öz qəhrəmanı (həm də idealı) olan Kxenin yeni dünyanın yeni sakini olmasının səbəbini həyata olan sevgisi ilə bağlayır. Bu həm də Allahın insanlara verdiyi haqdır. Demək, dünya nizamı qorxu yox, sevgi üzərində yarana bilir: Allaha, dünyaya və insanlara olan sevgi üzərində. Bunu, həm də dünyada nizamlı yaşamaq üçün (həm də dünya nizamı qurmaq üçün) müəllifin insanlara çağırışı kimi də qəbul etmək olar. İrland əsilli Böyük Britaniya yazıçısı, Nobel mükafatçısı Bernard Şounun bir fikrini xatırlatmaq istərdim: "Biz göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, lakin yer üzündə insan kimi yaşamağı öyrənə bilmədik". Mənə elə gəlir ki, Sultan Rayevin "Daşqın" romanını oxuduqdan və onun mahiyyətini dərk etdikdən sonra hər bir oxucunun fikirlərinə bu sözlər hakim kəsiləcəkdir: "Yer üzündə nəinki insan kimi yaşamağı bacarmaq, eyni zamanda bu məkanda dünya nizamı yaratmaq da mümkündür".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!