Uşaq ədəbiyyatında tənqidçinin göstərdiyi yola müəllim baxışı - Nurlana İŞIQ

Məndən soruşsalar ki, bir müəllim kimi hal-hazırda öz doğma yurdunu hansı estetika ilə əlaqələndirirsən, - düşünmədən: "Azərbaycan uşaq ədəbiyyatı", - deyərəm. 

 

"Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim..."

 

Abbas Səhhət

 

Ədəbiyyatşünas alim Elnarə Akimovanın bu kitabı (Azərbaycan uşaq ədəbiyyatı:tarixi təcrübəsi və müasir istiqamətləri. Bakı, "Elm və təhsil" nəşriyyatı, 2024) biz pedaqoqlar üçün də bir tapıntıdır. Lap əvvəldən başlayıb tənqidçimiz: təbiətin özündən və daima inkişafda olan estetikasından:

"Təbiəti öyrənməyin ən gözəl vasitəsi uşaq ədəbiyyatıdır". Kitabda ən zövqlü şairlərdən nümunələr gətirilir; "...mənə ilham verir o yaşıl çəmən, üstümə quşbaşı yağan yasəmən..." 

Balaca uşaqlar hələ ki qarın adını və rəngini tanıyırlar, formalarını isə qar dənələrini müşahidə etdikcə öyrənəcəklər: "quşbaşı" sözünü şeirdən eşidəndə heyrətlənəcəklər, qar dənələrinin müxtəlif formalarını kəşf edəcəklər, şeirdə isə onun poetik mənasına varacaqlar. Baxaq kitabdakı Tofiq Mahmud yaradıcılığına:

"...Günəşli Naxçıvanda/ Günəşli bir məqbərə...Bunu yaradan kimdir?/ Böyük Memar Əcəmi"... 

Burada da uşaqlar faktların təsvirini poeziyadan öyrənirlər. Müəllif bizi, bəlkə də, heç yerdə görmədiyimiz qeyri-adi nümunələrlə tanış edir. Məsələn, "...deyirəm ki, utanma/ Keç içəri, ay budaq/ Evdə tək darıxıram/ Gəl birlikdə oynayaq..." (Rafiq Yusifoğlu). İbtidai siniflər üçün gözəl bir nümunə deyilmi?!

Elnarə Akimova bizə bu cür sanballı nümunələr təqdim etməklə açıqgözlü olmağımızı istəyir. Çünki indi dərsliklərdəki mövzularda ciddi problemlər var. Xanımana Əlibəyli haqqındakı məqaləyə nəzər yetirirəm: "O, şeir yazarkən onların uşaqlar üçün tərbiyəedici, öyrədici funksiya daşımasının qeydinə qalır, uşaqlarda möhkəm xarakter tərbiyə etməyə çalışırdı..." 

Bu gün bir müəllim kimi dərsliyi izləyəndə belə əsərlərin əhəmiyyətli dərəcədə azaldığının şahidi oluram. Bir vaxtlar şagirdlərin dillər əzbəri olan son dərəcə estetik nümunələri yenidən bu kitabda xatırlanır: " ...Ay ana, böyüyəndə / Günəş olaram mən də. (Xanımana Əlibəyli), "O gün ki, fəsli-yaz olur/ Gecə-gündüz taraz olur..." və ya " Yay səhəri" (Abbas Səhhət), "Qız məktəbində" (Hüseyn Cavid) və s... 

Kitabda "kainatın sevgiyə və qayğıya ehtiyacı var" mesajı tez-tez xatırlanır. Kitabı oxuyan müəllimlər, məncə, bu incə məqamların fərqinə vararaq öz təlimlərində pedaqoji ustalıq göstərəcəklər. Bunu təkcə uşaq yazarları etmir axı.

 

Müəllif kitabında ən zövqlü əsərlərdən nümunələr gətirib. Özü də klassik çağdan bu günümüzə qədər işıq tutub. Bu kitab ona görə müəllimlərin də stolüstü kitabı olmalıdır ki, onlar keçəcəkləri mətnlərin dəyərini bilsin. Və kökün haradan gəldiyini, özəyin necə yetişdiyini izləyə bilsinlər.

Məsələn, müəllif intibah dövründən başlayır: o dövrlə bu dövrün yaş psixologiyasına toxunur. Və haqlı olaraq Nizami irsinin dünya uşaq ədəbiyyatındakı yerindən danışır, onu Azərbaycan uşaq ədəbiyyatının memarı adlandırır. Axı nəsihətamiz fikirlərin, ibrətamiz hekayələrin, ailə münasibətlərinin, Tanrı sevgisinin uşaq psixologiyası ilə birbaşa əlaqəsi var. Bir müəllim və uşaq yazıçısı kimi, fikrimcə, bütün ədəbiyyat bir gün yoxa çıxsa, təkcə filosof Nizaminin yaradıcılığı ilə onbirillik məktəbi ən keyfiyyətli şəkildə başa vurmaq olar. Müəllif bizə N.Gəncəvinin əsərləri əsasında yaranan digər nümunələri və onları yaradan ziyalıları təqdim edir, daha sonra Firudin bəy Köçərli, Seyid Əzim Şirvani, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi maarifçilərin uşaq ədəbiyyatı yolundakı sonsuz sevgisindən, əzmindən, təmənnasız fədakarlıqlarından danışaraq bizə həqiqət yolunu göstərir. 

Mənim diqqətimi bir məqam da çəkdi; Elnarə xanım qeyd edir ki, nağıllar aləmində böyüyən uşaqların təfəkkür üfüqləri geniş olur: Y.V.Çəmənzəminlidən sitat gətirir: "Bu mədəniyyətin əsrarını bilmək üçün nağıl və əfsanələri unutmamaq lazımdır". Mən, istər-istəməz öz uşaqlığıma qayıdıram ( təvazökarlıqdan uzaq qəbul edilməsin). İbtidai məktəbə yenicə qədəm qoymuşdum. Axşamlar səbirsizliklə atamın işdən gəlməyini gözləyirdim. Çünki şam yeməyindən sonra nağıl saatım başlayırdı. O, yorğun-yorğun divana uzanır, mən də nağılı danışmağını istəyirdim. Bir xalq nağılı ilə tanışlığım ömrü boyu dünya və insanlıq haqqındakı düşüncələrimi idarə etdi, - deyə bilərəm; bu nağılın ən maraqlı yerində atamı yuxu apardı. O yerində ki Məlikməmməd barmağını kəsib yarasına duz basmışdı ki, oyaq qalıb, divi tuta bilsin. Mən, təəssüflə, atamın asta xorultusunun zümzüməsində yuxuya getdim. Sonralar necə oldusa, bu nağılın ardını nə atamdan eşitdim, nə kitabdan oxudum, başım böyüməyə qarışdı. Ancaq zaman-zaman alma bağındakı barmağı yaralı oğlanın aqibətini düşünürdüm. Qəribə olsa da, illər sonra - müəllim olandan sonra oxudum bu nağılı. Ancaq onu oxuyana qədər bir neçə dəfə oğlanın sonrakı həyatının süjet xəttini qurmuşdum düşüncələrimdə. Və bəlkə də, onun nəticəsidir ki, çox sonralar xoşbəxtliyi axtaran uşaq haqqında uğurlu bir nağıl yazdım, uşaq yazıçısı kimi müqəddəs missiyanın davamçısı oldum. İndi Elnarə Akimovanın fikri ilə razılaşmamaq olmur:

"Bəlkə, yazıçı heç uşaq mətni yazmır, amma içindəki uşağın, uşaqlığının əlindən tutub çıxır yaradıcılığın çətin yolçuluğuna"...

 

"Poeziyada vətən"

 

Bu bölmə bizim dərsliklərimizin ayrılmaz hissəsidir. Uşaqlarda ali hissləri oyatmaq birbaşa məktəbin - müəllimin öhdəsinə düşür. Müəllimlər Vətən haqqında bir hekayə, şeir oxuyanda onu şagirdlərə bütün saf emosiyaları ilə ötürürlər. Biz müəllimlər onlara demirik: "Vətəni sevməlisiniz!" Biz onların qəlbini titrədən mövzular zamanı gözlərinin içinə baxır və birlikdə bütöv Azərbaycan yaradırıq. Elnarə Akimova elə bu kitabda böyük hissəni azərbaycançılığa həsr edib.

O deyir: "Düşüncədə, ovqatda, fəlsəfədə vahid məkanı yarada bilmək mənasında mənəviyyat adamlarının üzərinə hər zaman həlledici rol düşüb..." Əlbəttə, müəllifin də qeyd etdiyi kimi, bu mövzuda müxtəlif dövr yazıçı, şairləri ən gözəl nümunələri - əsərləri ortaya qoyurlar. Onların qəlblərə yol açması isə ən çox məktəbin - müəllimlərin öhdəsinə düşür. Müəllif yazır: "Bütün böyük əməllərin əsasında azad, böyük fikirlər dayanır. XX əsrin əvvəllərində maarifçilik dalğasının formalaşmasında xidməti (hekayəti!) olan insanların - M.F.Axundzadə, S.Ə.Şirvani, S.Vəlibəyov, A.Şaiq, A.Səhhət, M.Ə.Sabir və digərlərinin qüdrəti sayəsində uşaqlarımıza "Vətən dili"ndə xitab olundu. 1898-ci ildə hazırlanan "Vətən dili"ndən Abbas Səhhətin "Vətən" şeirinə qədər çevrələnən bu estetik ərazidə milli uşaq ədəbiyyatının öz hərəkət trayektoriyası cızılırdı..."

Dəyərli tənqidçinin adlarını çəkdiyi bu insanlar böyük pedaqoqlar olublar. Biz bu maarifçiləri xatırladıqca həmişə peşəmizin də dərin və müqəddəs yolunu işıqlı tutacağıq.

Mən elə bu kitabda müəllifin qeyri-adi uşaq yazıçısı Xanımana Əlibəyli haqqındakı məqaləsindən möhtəşəm (uşaq vaxtı dərslikdən də oxuduğum) şeiri bir daha xatırlamaq istəyirəm:

Yollar dünyada çoxdur,

Sayı-hesabı yoxdur.

Bostan yolu, bağ yolu,

Aran yolu, dağ yolu.

Bir yol var ki, dünyada

Onu getmirsən hədər.

Həmişə düşür yada, -

Qoca olana qədər. 

Bax, uşaqla doludur,

O, məktəbin yoludur.

 

Kitabın 288-ci səhifəsi "Uşaq ədəbiyyatı problemləri" ilə başlayır. Təfsilatlı və təlatümlü çıxışlar dinləyirəm. Buradakı müzakirə ciddidir. Əlbəttə ki, təəssübkeş insanların fikrini oxumaq, onları dinləmək bizə çox lazımdır. Yaxşı ki, müəllif kitabında belə bir məqaləyə yer verib, çünki maraqlı və lazımlı yenilikdir. Burada uşaqların sevimli yazıçısı Sevinc Nuruqızının söhbəti diqqətimi çəkdi: "...bəsit uşaq şeirləri baş alıb gedir... indiki uşaqlar o səviyyədə düşünmür, primitiv düşüncəli mövzulara yer verilir... əslində, bu gün uşaq mətni necə olmalıdır?"... sualını da ortaya qoyur dəyərli yazıçımız. Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova yeniyetmələr üçün material kasadlığından danışır. Hörmətli Azər Turan da yol axtarır, faktları gündəmdə saxlamağı, açıq tənqidlər yazmağın vacibliyini qeyd edir. Bizim sevimli yazıçımız Zahid Xəlil də senzuranı dəstəkləyir (elə mən də) və "nəsil yenilənməsi" fikrinə aydınlıq gətirməyə çalışır. Dəyərli alim Aygün Bağırlı da uşaqların gözəl nümunələrə tamarzı qaldıqlarını vurğulayır və vahid mexanizmin zəruriliyini qeyd edir. 

Müzakirəni oxuduqca özümü orada hiss edirəm, ona görə də bir-iki kəlmə fikrimi çatdırmaq istəyirəm: müəllimlərin içində kifayət qədər istedadlıları var. Onlar maddi və mənəvi sıxıntılara görə yaradıcılığa yox, repetitorluğa və digər məsləklərə üstünlük verirlər. Belə olan halda şagirdin də, müəllimin də yaradıcı təfəkkürü arxa plana keçir. Sonra isə həvəssizlik... Bir dəfə Rafiq Yusifoğlu haqlı olaraq qeyd etdi ki, əslində pedaqoqlar, müəllimlər yazmalıdırlar. Mən yenə deyirəm, yaradıcı müəllimlər yazırlar, özü də uşaqların psixologiyasını bilərək, etik qaydaları, ədəbi dürüstlüyü gözləyərək. O müəllimləri görmək lazımdır sadəcə. Müasir şagird düşüncəsini ən yaxşı kim izləyir? - Müasir orta məktəb müəllimləri. Əgər o müəllimin yazan əli də, qəlbi də varsa, niyə uşaq ədəbiyyatına öz töhfəsini verməsin? Məhz həmin müəllimlər də dərsliklərin hazırlanmasında iştirak etməlidirlər. 

Lazımlı müzakirədə illüstratorlardan, uşaqlar üçün çəkən rəssamlardan da  danışıldı. Məktəbdə şagirdlər hər hansı bir əsərlə bağlı olan rəsmləri müşahidə etməyi çox sevirlər. Bu onların dünyasına rəng qatır, zövqlərinə təsir edir, uşaq dünyalarına yeni pəncərələr açılır. Yeri gəlmişkən, bu kitabın üz qabığındakı uşaq rəsmini araşdırmaq istəyirdim ki, hörmətli redaktor Azər Turanın maraqlı məqaləsinə rast gəldim. Əsər rəssam Sakit Məmmədovundur. Rəsmin adı "Küsmüş mələk"dir. Uşaq üzlü bu mələyə baxan müəllimin də, şagirdin də yaradıcılıq duyğuları işarmağa başlayacaqdır.

Müzakirədəki dəyərli söz adamlarının dərslik mətnlərinin çoxusunun tərcümə olduğundan xəbərləri var. Tənqidçimizin dərsliklərdəki yararsız nümunələrin də adlarını çəkməsi biz müəllimlərin də ürəyincədir. Şəhla xanım kitabxanadakı çatışmazlıqları qeyd edir. Mən işlədiyim məktəbin kitabxanası da kasaddır. Qərb ədəbiyyatının lazımsız, qaranlıq mətnləri üstünlük təşkil edir ki, bu cür mətnlər şagirdlərdə ancaq ruh düşkünlüyü yarada bilər. Dərsliklərdə şagirdlərin maraq dairəsinə uyğun bədii nümunələrin artırılması və klassiklərlə yanaşı, intellektual çağdaş müəlliflərin əsərlərinə yer verilməsi təhsilimizin keyfiyyətinə müsbət təsir göstərəcəkdir. 

Elnarə Akimovanın bu kitabını hansı vərəqindən açsan, yeni fikirlərlə üz-üzə gələcəksən. Yeni fikir yenidən böyüməkdir. Hansı yaşda olursaq-olaq, hər oxunan dəyərli kitab bizi böyüdəcəkdir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!