“Qırx qəzəl-qırx şərh” kitabından (Məhəmməd Füzuli qəzəlinin şərhi) - Arif BUZOVNALI

Kargər düşməz xədəngi-təneyi-düşmən mana, 

Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana.

 

Eymənəm səngi-məlamətdən ki, alıb çevrəmi, 

Oldu zənciri-cünun bir qəleyi-ahən mana.

 

Ondanam rüsva ki seylabi-sirişkim çak edər,

Zəxmi-tiğim qanı geydirdikcə pirahən mana.

 

Dəmbədəm şəmi-cəmalindan münəvvər olmasa,

Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana.

 

Hiç məskəndə qərarım yoxdurur ol zövqdən,

Kim, qaçam xaki-səri-kuyin ola məskən mana.

 

Başda bir sərvi-səmənbər vəslinin sevdası var,

Sud qılmaz, bağban, nəzzareyi-gülşən mana.

 

Ey Füzuli, odlara yansın büsati-səltənət,

Yeydir ondan, həq bilir, bir guşeyi-külxən mana.

 

Qəzəlin şərhi

 

1) Kargər düşməz xədəngi-təneyi-düşmən mana, 

Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana.

 

Peykanlarının çoxluğu mənə dəmirdən yeni bir bədən düzəltmişdir, daha düşmənin tənə oxları mənə təsir etməz.

Şərh: Məşuqun aşiqinə göstərdiyi etinasızlıq, diqqətsizlik və ya görməzdəngəlmə aşiqi oxun bədənə batdığında verdiyi ağrı qədər incidir. Ox o qədər çoxdur ki, peykanları(dəmir ucluqları) bütünlüklə bədəni örtüb və onu zirehli bir bədənə çevirib. Aşiqə bu hal xoşdur ki, daha düşmənlərin tənə oxu ona təsir edə bilməyəcək.

İrfan: Aşiq eşq dəryasına elə qərq olub ki, düşmənlərindən gələn məzəmmətləri belə duymur.

Hikmət: Bədən dünyəvi istəklərə meyillidir və nəfsin hücumuna açıqdır. İnsan təcrübələrlə ruhunu kamilləşdirməklə bərabər bədənini də nəfsə qarşı maneəyə çevirə bilməlidir.

 

2) Eymənəm səngi-məlamətdən ki, alıb çevrəmi, 

Oldu zənciri-cünun bir qəleyi-ahən mana.

 

Dəlilik zənciri mənim üçün dəmir qalaya çevrilib məzəmmət və tənə daşlarından məni qoruyur.

Şərh: İnsanlar mənim bədənimi zəncirə vurmaqla (qarşımı kəsməklə, süni maneələr yaratmaqla) məni ram etdiklərini düşündülər, ələ salıb gülən də oldu, nəsihət atəşinə tutan da. Məni onlardan qoruyan öz vurduqları dəmir zəncirlər və öz atdıqları məzəmmət daşları oldu. Dəmir daşdan möhkəm olduğu üçün daşlar dəmirə dəyib parçalandı, üst-üstə yığıldı və qala kimi məni qorudu. 

İrfan: Aşiqin eşq yolunda aldığı zərbələr əlavə stimuldur, onun daha böyük istəklə irəliləməsinə güc verir.

Hikmət: Cahil insanlar aqil insanın bədənini zəncirdə saxladıqca aqil ruhən azadlığa daha çox həvəs edər, bədəni ram etməyə başı qarışan cahil ruhun kamilləşməsinə mane ola bilməz. Dustağın düşünmək və nəticə çıxarmaq üçün vaxtı çoxdur, ruhu kamilləşdikcə zamanla bədənini də azad edə biləcək.

 

3) Ondanam rüsva ki seylabi-sirişkim çak edər,

Zəxmi-tiğim qanı geydirdikcə pirahən mana.

Qılıncının yaralarından axan qanlar bədənimə köynək geydirdikcə göz yaşımın seli onu parça-parça edir.

Şərh: Məni aləmə rüsva edən sinəmə vurduğun yaralar deyil, həmin yaralardan axan qanlarla əynimə geydirdiyin köynəyin yırtılmasıdır. Bu cür bəxşişi mənə layiq gördüyün üçün sevincimdən gözlərimdə sular sel olur, nəticədə həmin qanı sinəmdən yuyaraq bəxşiş verdiyin köynəyi parça-parça edir. El içində həm bəxşişi saxlaya bilməməyim, həm də çılpaq qalmağım məni rüsvay edər.

İrfan: Aşiq məşuqun imtəhanından keçə bilməməkdən qorxar, öz zəifliyindən utanar.

Hikmət: İnsan bəzən xoş niyyəti ilə də ətrafına və özünə zərər verir, yaxşılığın ifratı da ziyandır. 

 

4) Dəmbədəm şəmi-cəmalindan münəvvər olmasa,

Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana.

 

Ey gözümün nuru, əgər anbaan gözüm cəmalının şəmindən işıqlanmırsa, o göz mənə gərək deyil.

Şərh: Səni görəndə işığın, xeyirin və mərhəmətin əhatəsində oluram, görməsəm, zülmət, şər və zülm ətrafımı sarır. Sənin üzünün nurundan işıqlanmayan göz mənə lazım deyil, gözümün öz işığı ilə baxsam, dünyadakı pisliklər və zülm məni həqiqətlər qarşısında kor edəcək, mən də bu zülmətin bir parçası olacağamsa, elə gözsüz qalsam yaxşıdır.

İrfan: Aşiqin gözündə məşuqun cəmalından başqa nəsə varsa, o aşiq deyil.

Hikmət: İnsan dostlarını böyük həqiqət naminə seçməlidir, insanlıq naminə çalışmalıdır.

 

5) Hiç məskəndə qərarım yoxdurur ol zövqdən,

Kim, qaçam xaki-səri-kuyin ola məskən mana.

 

Sən olduğun məkanın torpağının mənə məskən olacağı zövqü ilə heç yerdə qərar tapa bilmirəm.

Şərh: Dünyanın harasına getsəm, rahatlıq tapa bilmirəm, heç yerdə daimi məskən sala bilmirəm. Bildiyim odur ki, bir gün sənin olduğun torpaqda məskən sala biləcəyimin verdiyi zövq ilə yaşayıram. Müvəqqəti yaşadıqlarını bildikləri yerdə insanlar rahat ola bilməzlər, ələlxüsus da, daimi yaşayacaqları yerə bu gün-sabah köçməli olacaqlarını bilirlərsə. 

İrfan: Aşiqin rahatlıq tapacağı yeganə yer məşuqun yanıdır.

Hikmət: Müvəqqəti dünyada rahatlıq üçün toplayıb düzəltdiyi hər şey insanı onları tərk etmək həqiqəti ilə üz-üzə qaldıqda daha çox rahatsız edər.

 

6) Başda bir sərvi-səmənbər vəslinin sevdası var,

Sud qılmaz, bağban nəzzareyi-gülşən mana.

 

Ey bağban, başımda bir yasəmən üzlü sərvin vəslinin sevdası var, gülşənə tamaşa etməyin mənə faydası olmaz.

Şərh: Ey bağban, sənin bağında olan güllərə, ağaclara tamaşa etmək məni təsəlli etməz, bu baxıma möhtac və solmağa məhkum gözəlliklərdən mənə fayda yoxdur. Əksinə, onları gördüyümdə yasəmən üzlü, sərv boylu yarıma olan həsrətim bir az da alovlanar.

İrfan: Aşiq üçün dünyadakı heç bir gözəllik məşuqun gözəlliyindən üstün ola bilməz və yerini verməz. Dünyəvi gözəlliklər məşuqun ilahi gözəlliyinin yalnız sönük surətidir.

Hikmət: Yalan, əyri yollarla həqiqətə yetişmək mümkün deyil, yetişilən bir mənzil varsa da, o həqiqət deyil, onun süni oxşarıdır.

7) Ey Füzuli, odlara yansın büsati-səltənət,

Yeydir ondan, həq bilir, bir guşeyi-külxən mana.

 

Ey Füzuli, bu dünyanın cah-cəlalı odlara yansın. Allah bilir ki, küllüyün bir guşəsi mənimçün belə cah-cəlaldan üstündür.

Şərh: Ey Füzuli, bu dünyanın nəyi varsa fanidir, müvəqqətidir, məhv olandır. Bu dünyada əbədi heç nə yoxdur, sonu ölümlü həyatı küllük yerdə keçirməklə cah-cəlal içində yaşamaq arsında bir fərq yoxdur. Bir halda ki, burdan tezliklə gedəcəyimi bilirəm bu, sonda yanıb külə dönəcək dünyanın külləri içində yaşamaq daha doğru olar. Allah bilir ki, mən bütün bu cah-cəlalın necə külə döndüyünü indidən görürəm.

İrfan: Aşiq dünyada olduğu müddətdə həsrətlə məşuqun çağırışını gözləyir, bu müddəti harda keçirmək ona maraqlı deyil.

Hikmət: Bu dünyaya insan elə bağlanmalıdır ki, ayrılıq zamanı rahat can versin. Ölüm də bayramlar kimi hazırlıq istər, ölümə "bivaxt əcəl" deyənlər dünya ilə ruhu arasına məsafə qoya bilməyənlərdir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!