Rəşad Məcidin "Şuşa dəftəri" - Şirxan ARANLI

Qarabağ mövzusu öz aktuallığı ilə həmişə ədəbiyyatımızın aparıcı mövzularından olub. Ötən otuzillikdə Qarabağ erməni qəsbkarları tərəfindən işğal altında olduğundan bu mövzuda yazılan əsərlərdə Qarabağ nisgili, Qarabağın həsrət ağrısı diqqət çəkir, qəlb göynədir. Min şükür ki, qeyrətli Azərbaycan oğullarının şücaəti, Ali Baş Komandanımızın rəhbərliyi ilə Milli Ordumuzun doğma Qarabağı düşmən əsarətindən azad etməsi həyatda olduğu kimi, ədəbiyyatımızda da Qarabağa münasibəti tamam dəyişdi. Qarabağ mövzusundan yaradılan ədəbi nümunələrdə Qarabağda və onun tacı olan Şuşada gedən abadlıq-quruculuq işləri, Qarabağın, xüsusilə, onun muğam beşiyi və mədəniyyət mərkəzi Şuşanın gözəllikləri tərənnüm olundu. Bu baxımdan müasir ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan şair, publisist, mətbuat xadimi Rəşad Məcidin son günlər mətbuatda, hətta qardaş Türkiyədə çap olunan "Şuşa dəftəri" şeirlər silsiləsi öz poetik orijinallığı, fikir yeniliyi, ədəbi müşahidə zənginliyi ilə diqqət cəlb edir. Toplu cəmi on üç şeirdən ibarətdir. Ancaq bu kiçik şeirlər toplusu bədii-estetik dəyəri ilə Şuşanın tarixi yaddaşı - dünəni və bu günü, gözəllikləri haqqında kiçik bir dastanı xatırladır. Şeirlərin hər birində təbii gözəlliklər çələngi olan Şuşanın gözəllik çalarları tərənnüm olunur. Onlardan Şuşa torpağının şirin qoxusu, əsrarəngiz Şuşa təbiətinin min bir ətri gəlir. Uşaqlıq və ilk gənclik illərinin şirin xatirəsi qoynunda qərar tutan Şuşa torpağına vurğunluq, bağlılıq, bu torpağa ehtiram şeirlərin ana xəttini təşkil edir. Əsərdən görünür ki, şair Şuşada keçirdiyi günləri ilham pərisiz, duyğusuz keçirməyib. Bəzən ilk baxışdan adi görünən, diqqət çəkməyən hər hansı bir əlamətə Rəşad Məcid yaradıcı şair düşüncəsi, müşahidəsi ilə qeyri-adi yanaşmış, dəyərli bir ədəbi nümunə yarada bilmişdir. Xüsusilə şairin yüksək müşahidə qabiliyyəti və bu müşahidələrə poetik can verib poeziyaya gətirməsi oxucunu heyran edir. Hətta bəzən poetik fikir, tapıntı poetik tərənnümü üstələyir. Bu baxımdan şeirləri məzmun və ifadə baxımından bir neçə çalarda təsnifləşdirmək olar. 

"Şuşa dəftəri", hər şeydən əvvəl, vətən torpağına, doğma Şuşaya məhəbbətdən, ehtiramdan yaranıb. Müqəddəs Şuşa torpağı şair qəlbinin, şair ilhamının səcdəgahıdır. Hər qarışı şəhid qanına boyanan, şəhidlərin şəhəri olan Şuşaya getmək, sadəcə, Şuşanı gəzmək, gözəlliklərini görmək deyil. 

Şairə görə:

 

Şəhid düşən ərənliyin, məğrur qeyrətin

pak ruhuna ziyarətdi Şuşaya getmək.

 

Ziyarətin qəbul olunması üçün gərək o torpağa, o, səcdəgaha əməlin müstəcəb ola; torpağını, daşını, min qovğalar görən tarixi yaddaşını iç dünyanda yaşaya biləsən; səhərinin sübh mehini, gündüzünün həlimliyini, gecəsinin sərinliyini ruhuna çəkə biləsən. Cıdır düzünün çınqılı ayağını əzəndə baldırğanı, qantəpəri məlhəmin ola, bu ülfətdən, məhəbbətdən gözlərin dola. Şıdırğı yağan yağışında yuyunasan, pak olasan, Şuşanın cənnət məkanında günlərlə yox, aylarla, illərlə qalasan:

 

Min dəfə, milyon dəfə

Ötsəm diki, dolayı,

Vaxtı sayaram nəfə...

Ucalıqla baş-başa

Yaşasam ili, ayı,

Tənha da darıxmaram,

Qoşa da darıxmaram.

 

İnsan təkcə cismani varlığı ilə deyil, ruhu ilə qəlbən bağlı olduğu məkandan ayrılmaq istəmir. Necə ki şair Şuşada darıxmır, orada keçirdiyi vaxtı ömrün nəfinə sayır.

Şair Şuşanın erməni əsarətindən azad olmasında Azərbaycan əsgərinin cəsarətini, dəyanətini yüksək dəyərləndirir:

 

Yollar ağır, cığırlar dik, sıldırım, çətin,

Qaya-qaya igidlərin tək adı - MƏTİN!

Bu çətinliklərə sinə gərən:

Azərbaycan əskəri...

borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib

bayrağı vicdanıyla.

 

Yaxud:

 

İslanıb hər qarışı şəhidlərin qanı ilə

Dönüb yalçın qayaya, tunca Şuşa sevgisi.

 

Öz qanıyla, canıyla Şuşanı bizə ərməğan edən şəhidlərimizin, Azərbaycan əsgərinin qalibiyyət marşıdır "Şuşa dəftəri".

Gözəllik öz gözəlliyi ilə əvvəl insanı heyrətləndirir. Sonra ovsunlayıb öz təsiri altına alır. İnsan özünü unudur, gözəlliyə heyran kəsilir, heyrətdən ayağı yerdən üzülür. 

 

Ayağını yer üzündən qoparar,

Şuşa səni göy üzünə qaldırar,

...Şuşa səni bulaq kimi duruldar,

Körpəliyin gül çağına dönərsən.

 

Yaxud:

 

Dörd yanına çəkər sehr səddini,

Başın üstdə dumanı dam eyləyər.

Sevə-sevə cilalayar qəddini,

Şuşa səni təzə adam eyləyər.

 

Bu məqamdan Şuşanın sirli-sehrli gözəlliklərinə heyrətdir "Şuşa dəftəri".

Yuxarıda qeyd etdiyimiz kimi, "Şuşa dəftəri"ndə də poetik fikir, bənzətmə, aforist kəlamlar səviyyəsinə ucalan şah beytlər üstünlük təşkil edir. Bu cəhət ümumiyyətlə Rəşad Məcidin bütövlükdə şeir yaradıcılığına xas olan müsbət haldır. Belə deyimlərdə şablonçuluq, mücərrədçilik yoxdur, fikir aydındır, təzədir. 

 

"Meşə yollarına gül tutsun çıraq,

Cığırı belimə dolayıb gedim".

 

***

İsa bulağının suyu ovcumda

Nurda göz, sərində əlim dincəlir.

 

***

Məlhəmdi çiçəkləri, bulaqları loğmanıdır,

Heyrət çəkən dərələr ucalıq heyranıdır.

 

Yaxud:

 

Şehdə sərinlənər, içər gün suyu,

Qaya tavasında bişər kəkotu.

 

***

Dan yeri həyalı qız,

Yanağına qan çıxıb.

 

Belə beytləri artırmaq da olar. Deməli, seçilmiş, zərgər dəqiqliyi ilə çilalanmış şah misraların çələngidir "Şuşa dəftəri".

Şuşanın adı çəkiləndə, ilk növbədə, onun təbiət gözəllikləri göz önündə canlanır. Buz kimi soyuq suyu, sərin havası, uca dağları, sıldırım, vahiməli qayaları, minbir dərdin dərmanı - gül-çiçəkli, kəkotulu, yarpızlı, qantəpərli, baldırğanlı yaşıl ormanları yada düşür. Cıdır düzü, İsa bulağı, Çarıq bulağı, Saxsı bulağı, Ceyran bulağı, Turşsuyu, Güllü bulağı diqqət çəkir. İnsan bu gözəlliklərin təkcə bəhrəsindən bəhrələnmir, həm də ondan mənəvi zövq alır, ruhu qidalanır.

 

***

Adı turşdu, dadı baldan da ötə,

Çəkəydim başıma "su qaymağını".

 

***

Burda torağayın, burda bülbülün,

Hər otun, çiçəyin öz nəğməsi var.

***

Bəlkə not yazılıb hər çiçək üçün,

Neyləyək, sirrini bilək torpağın?!

 

Yaxud:

 

Gözlər seyr etməkdən yorulan deyil,

yeri, "Güllü bağ"dan milyon dəfə keç.

Könül qanad çalır, uçur elə bil,

elə bil ayaqlar yerə dəymir heç.

Minbir gül-çiçəkdən ilmə vurulub naxışlanan nəhəng bir xalıya bənzəyən Şuşa təbiətinin gözəlliklərinin vəsfidir "Şuşa dəftəri".

Şairin Şuşa təbiətinin gözəlliyinin tərənnümündə gözəlliyin hər hansı bir çalarına münasibətdə adilikdə qeyri-adilik, üst qatın altında daxili bir alt qat da özünü göstərir. Məsələn, dağ çayının soyuq suyuna ayaq qoymaq sərinləmək kimi başa düşülür. Ancaq görün, burada şair buna həm də necə məna verir:

 

Dağ çayının suyuna 

qoymaq ayaqlarını

Sellərdən güc almaqdı,

qayalardan mətanət.

 

Daha sonra buna həm də başqa məna verir:

 

Enib sahil boyuna

ayaq sallamaq suya

sədaqətdi soyuna.

 

Şairin Şuşa sevgisi övladın anaya məhəbbəti qədər müqəddəsdi, əzizdi. Övlad ana qayğısı ilə qayğılandığı kimi, o da Şuşa qayğısı ilə qayğılanır, həmişə ona baş çəkib halını bilmək istəyir:

 

İntizar çəkməsin "Dolayı bulaq",

tutum kəsə yolu, dolayı gedim...

...Yox, gərək üz tutam Şuşa yoluna,

Zarıslı elindən bir xəbər bilim.

"Saxsı bulağı"nın girib qoluna,

Harası sızlayır... soruşum, bilim.

 

Beləliklə, Rəşad Məcidin duyğulu, vurğun qəlbinin, yazar qələminin misra-misra "Şuşa dəftəri"nə süzülən Şuşaya heyrəti, heyranlığı, sevgisi, qayğısıdır "Şuşa dəftəri". 

Müasir ədəbiyyatımızda, eləcə də Rəşad Məcidin poeziyasında xüsusi yer tutan və böyük əhəmiyyət kəsb edən "Şuşa dəftəri" göstərir ki, ömrünün altımışıncı, yaradıcılığının qırx üçüncü baharını yaşayan şair böyük yaradıcılıq yolundadır. Çoxşaxəli, geniş fəaliyyəti onun bu sahədə uğurlarına kölgə sala bilmir. Əksinə, akademik İsa Həbibbəyli demişkən, "Rəşad Məcidin şeirləri təpədən-dırnağa qədər həyat və insan haqqında lirik düşüncələrdən yoğrulmuş daxili poetik monoloqdur. Bu mənada, Rəşad Məcidin lirikası müasir Azərbaycan şeirinin inkişafında fərqli hadisədir."

Professor Bədirxan Əhmədov İsa Həbibbəylinin bu dəyərli fikirlərinə dəstək verərək yazır: "Akademik İsa Həbibbəylinin "Bütün yönləriylə yaradıcı" monoqrafik tədqiqatından sonra onun haqqında (Rəşad Məcidin - Ş.A.) artıq ədəbiyyatşünaslıq ciddi şəkildə məşğul olmağa başlayıb. Bu isə şairin, yazıçının, publisistin təkamül yolunun yeni bir mərhələyə çatmasından xəbər verir".

Şübhəsiz ki, bütün bu qeydlər hörmətli Rəşad Məcidin "Şuşa dəftəri" haqqında oxucu düşüncəm, oxucu təəssüratımdır. Əsər barədə mükəmməl ədəbi fikri, şübhəsiz ki, ədəbiyyatşünaslarımız, ədəbi tənqidimiz deyəcək.

 
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!