Səlim BABULLAOĞLU
Şərq şairlərinin, şeirşünaslarının bir təyini var, böyük şairlərin, həqiqi şeirlərin haqqında danışanda, bəzən "səhli-mümtənə" ifadəsini işlədirlər, yəni asan görünən, ancaq az qala mümkünsüz... Vyerunun şeirlərinin ilk mütaliəsindən doğan təəssüratım məhz beləydi. Sonrakı mütaliə - tərcümə prosesindəki oxunu nəzərdə tuturam ki, bu da, bilənlər bilir, bir qayda olaraq, ən dəqiq mütaliə sayılır - ilk təəssüratımı dəfələrlə təsdiqlədi. Boris Pasternak şeirlərinin birində yazırdı: "Böyük şairlərin təcrübəsində / Elə nişanəsi var sadəliyin, / Mümkün deyil dadıb onu bir kimsə / Dili tutulmasın susub əbədi". Həmin şeirin sonu şairin tövsiyyəsi ilə bitir, o yazır ki, bu şeirləri oxuyandan sonra küfrə yuvarlanantəkin mümkünsüz sadəliyə yoluxmamaq mümkün deyil; və biz bunu qorumasaq, bizi bağışlamazlar; adamlara daha çox lazım olan bu şey başa düşülməsi ən çətin keyfiyyətdir... Bəli, Qriqore Vyeru adi görünən kiçik detallarda böyük mətləbləri nişan verməyin, göstərməyin ustasıdır; hər adi detal böyük mətləbə, bəzən metafizik ənginliyə çıxış tapır və şair bunu mümkünsüz sadəliklə eləyir. Bəs, görəsən, bu ustalıq, bu bacarıq necə əldə olunur? Ümumiyyətlə, əldə olunurmu? Bəlkə verilir (bilirəm ki, çağdaş ədəbiyyatşünaslıq bu "verilir" məsələsinə skeptik yanaşır)? Və verilirsə, nə üçün, kimə verilir?
"Ana" sözü yeganə sözdür ki, onunla "dil" sözünün arasında bərabərlik işarəsi qoymaq olar.
Düşünürəm, anasına sevgisi, iztirab dolu sevgisi onun dilə, dilin də ona münasibətini formalaşdırıb, bu münasibəti az-az şairlərin yaradıcılığında rast gəlinəcək qədər doğmalaşdırıb, dil ona, o da dilə ana-oğul kimi isinişib. Sirr burdadı, məncə. Dil ona, ana oğluna rəva bildiyi qədər etibar edib.
Çoxları hesab edir ki, dil şairin, yazıçının aləti, yaxud materialıdır. Əlbəttə, səhv edirlər. İnsanın fizikasından daha qədim olan söz/dil insanın deyil, insan sözün/dilin alətidir. Yeri gəlmişkən, mən əksər şeirləri sətri tərcümələr əsasında çevirmişəm və prosesdə bəzən rumın dostlarımdan xahiş edirdim ki, onlar mənim üçün "Köynəklər", "İntizar", "Bağışla", "Vəsiyyət" şeirlərini qiraət etsinlər; dəfələrlə həm onların qiraətinə, həm də Vyerunun "Eminesku" rədifli uzun şeirinin müəllif qiraətinə, audioyazıya qulaq kəsilirdim, şeirlərə dalırdım, şeirlərin səs sırasına ki, bəlkə hansısa gözdən qaçmış sirr mənim üçün açıla. Görəsən, nə cür belə yazmaq olardı: "- Valideynləriniz..? / - Anam, təkcə anam var indi. // - Adı nədir..?/ - Ana. // - Bir işi varmı..? / - Yol çəkir gözləri. // Məhkum olunubmu? / - Bəli, bir neçə il təkadamlıq kamerada, öz içində." ("Sorğu vərəqəsi"). Yaxud Emineskuya ithaf etdiyi "Vəsiyyət" şeiri necə belə bitə bilərdi: "Əgər nəğmələri - nəcib və yorğun - / eşitməz olsalar, eybi yox, neynək. / Siz onu başdaşı yerinə qoyun, / oxusun ağaclar, külək, kəpənək".
Bəli, Qriqore Vyeru sözün aləti, rumın dilinin gələcək dövrlər üçün ruporu, rumın dilinin canişiniydi. Əvvəlki, XIX yüzildə bu canişinliyi rumın dilində Vyerunun da ustadı Eminesku eləmişdi.
Mən "iztirab dolu sevgi" ifadəsini işlətdim az əvvəl. Qəlb evinin odunu, oduncağı iztirabdı, onun atəşi ilə əriyir qəlb evində qalaqlanmış faninin buzu, gözyaşları da nişanı olar bunun, və məhz gözyaşları təmizləyir qəlb evinin dünyaya açılan bəsirət aynasını, ondan sonra insanın, şairin uzun onillər, bəzən yüzillər və minillər üçün yolçuluğu, uçuşu başlayır.
Eynən Vyerunun uçuşu kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!