Övliya şairlərin bənzərsiz tədqiqatçısı Nəzakət Məmmədli - Səadət ŞIXIYEVA

Səadət ŞIXIYEVA

Təsəvvüf ədəbiyyatının, orta çağ bəlağət elminin tədqiqatçısı və təbliğatçısı Nəzakət Məmmədinin qəfil vəfatı nəinki onu yaxından, hətta uzaqdan tanıyan hər kəsin qəlbini göynətdi, içdən sızlatdı... Kim idi Nəzakət Məmmədi? Bu suala dolğun cavab vermək üçün gərək məqalələr toplusu, xatirələr kitabı yazıla. Yoxsa ki, kiçik bir yazıda bir elm fədaisinin, bir bədii söz sərrafının gerçək portretini yaratmaq olduqca çətindir. 

 

Rəsmi təqdimatlara baxılarsa, Nəzakət Məmmədli AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçisi, filologiya elmləri doktoru, dosent, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru idi. İlk baxışda o, həmin vəzifələrdə işləyən onlarla elmi əməkdaşdan biri kimi görünəcək. Amma Nəzakət xanımı bu rəsmi adları daşıyan digərlərindən - onlarla baş elmi işçi, filologiya elmləri doktoru, dosent, direktor və s.-dən fərqləndirən bir özəlliyi vardı ki, bu da onun elmi fəaliyyətinə təkcə əqli-məntiqi imkanları ilə deyil, ruhi-hissi varlığı ilə də bir rəng qata bilməsi idi. O, tədqiq etdiyi mətni öncə ruh gözüylə görüb daha sonra məntiqi ilə dəyərləndirərək təqdimi etməyi bacardığından özünün fərdi və fərqli üslubunu formalaşdıra bilmişdi. 

Təsəvvüf ədəbiyyatı nümayəndələrindən Mir Həmzə Seyid Nigarinin "Divan"ı (2010) və "Nigarnamə"sini (2012) əlyazmalar əsasında transfonoliterasiya və nəşr etdirməsi bu qarabağlı övliyanın bədii-irfani irsinin geniş dairələrdə tanınmasına, bu əsərlər əsasında çoxsaylı araşdırmaların yazılmasına şərait yaratdı.

Şeyx Fəridəddin Əttarın "Təzkirətül-övliya" (2011) əsərinin türkcəyə anonim müəllifli tərcüməsini çap etdirməsi onun mühüm mənbələrin üzə çıxarılması və əski əlyazma qaynaqlarının  nəşri sahəsində gördüyü uğurlu işlərdən biridir. 

 

O, Şərafəddin Rami Təbrizinin "Ənisül-üşşaq" (2012) əsərini farsca beş əlyazmasını tutuşduraraq tərcümə etmişdi. Bu əsər orta çağ poetika əsərləri içərisində mürəkkəb üslubu ilə seçildiyindən Nəzakət xanım onun üzərində illərlə işləmişdi. 

Nəzakət xanım hər biri elmi dəyəri və çəkisi ilə fərqlənən digər əsərləri də elmi ictimaiyyətin istifadəsinə vermişdi: "Füzulinin "Leyli və Məcnun" əsərində təsəvvüf və onun bədii ifadə sistemi" (2011), "Füzulinin "Leyli və Məcnun" əsəri-poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri" (2016), "Seyid Yəhya Bakuvi və xəlvətilik" (2016), "Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" (2022), "Hacıniyaz Kosıbay oğlu. Bəylər, tərif edim qalpaq yurdunu" (2024)... 

Nəsimi İlində (2019) şair haqqında ən yaxşı elmi məqalə müəllifi olaraq, gizli səsvermə ilə ən yüksək balı almış və birinci yeri qazanmışdı. Nizami İli (2021) və Füzulinin yubiley ilində (2024) də ona qədər araşdırılmayan və ya mübahisəli olan çeşidli mövzularda yazdığı tədqiqatları və fəallığı ilə seçildi, həmin sahələri elmi nəticələri ilə zənginləşdirdi. Doğrudur, bu fədakarlıq və uğurlu nəticələri, təəssüf ki, nə şifahi rəsmi təqdir, nə yazılı rəsmi təltiflə dəyərləndirilmədi. Amma o, ruhdan düşmədən elmi axtarışlarını davam etdirdi. Çünki elmə sevgi və işinə sədaqət onun təbiətində idi. Elm onun üçün dolanacaq yeri, vəzifə tramplini və s. kimi funksiyalar daşımırdı. Sufilər üçün təsəvvüf yalnız bir nəzəriyyə olmadığı, həm də bir həyat tərzi olduğu kimi, Nəzakət xanım üçün də elmi fəaliyyət bir həyat tərzi idi. Hələ tələbə ikən ən çox üz tutduğu məkanlardan biri Əlyazmalar İnstitutu idi. Onun üçün əlyazmasını əldə etmək, oxumaq, transfonoliterasiya etmək, sözlüyünün bədii dəyərini müəyyənləşdirmək bir zövq mənbəyi, bir ruhi qida qaynağı idi.  

Nəzakət Məmmədli Azərbaycandan başqa bir çox ölkələrdə (Türkiyə, İran, Yaponiya, Hindistan, Kıbrıs, Rusiya, Özbəkistan, Qazaxıstan və s.) təşkil olunan konfranslarda erudisiyası, elmi hazırlığı, gözəl nitqi, fitrətində olan yapışıq və nəzakəti ilə Azərbaycanı ləyaqətlə təmsil etmiş, həm özünə, həm də ölkəmizə çox sayda dostlar qazandırmışdı. Olduğu ölkələrdə türk, fars. ingilis və rus dillərində təqdim etdiyi çıxışlarının mətnini hər zəhmətə qatlaşaraq özü hazırlayar, gözəl qiraətlə oxuduğu şeir haşiyələri ilə elmi çıxışlarına canlılıq qatmağı və cazibə verməyi bacarırdı.

Nəzakət xanımın yorulmaq bilmədən iştirakçısı olduğu Füzuliyə həsr olunmuş neçə-neçə konfransın materialları, üç bölməsini yazdığı kollektiv monoqrafiya ("Məhəmməd Füzuli: həyatı və yaradıcılığı") hələ nəşriyyatdadır. İllərdən bəri üzərində işlədiyi, vaxtsız yetişən əcəlin natamam qoyduğu əsərləri də var: Mir Həmzə Seyid  Nigarinin farsca divanı və "Həştbehiştnamə"sinın tərcüməsi, Mövlananın "Məsnəvi"sinin farscadan tərcüməsi, Fəridəddin Əttarın farsca "Pəndnamə"sini eyniadlı əsərlərlə müqayisə etdiyi monoqrafiya... 

Geniş və çoxyönlü elmi fəaliyyətindən yalnız kiçik fraqmentləri təqdim edə bildiyim bu məhsuldar, zəhmətkeş və elm fədaisinin həyatdan qəfil gedişi təkcə doğmaları və onu sevənlər üçün böyük və yeri heç bir zaman doldurulmayacaq bir itki deyildir, bu həm də Azərbaycanın peşəkar əlyazmaçısı və mətnşünas aliminin itkisidir. 

Nəzakət Məmmədli indi olduğu Haqq dünyasına özüylə bərabər bir övliyalar aşiqini, bir səmimi insanı, bir etibarlı dostu, bir fədakar ananı, bir cəfakeş həyat yoldaşını da apardı.

Ruhun şad olsun, əvəzsiz dost! 

Əlvida, əziz insan!..

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!