Tanınmış yazıçı Şövkət Zərin Horovlunun "Apostrof-A" nəşriyyatı tərəfindən nəşr edilən "Axırıncı gediş" kitabına müəllifin eyniadlı romanı daxil edilib. Bu, Şövkət xanımın "Tale yolu", "Oxunmamış zərf", "Arazdan gələn səs", "Əbədiyyətə qədər" və s. əsərlərindən sonra qələmə aldığı olduqca mükəmməl və irihəcmli ədəbi nümunədir. Eyni zamanda, "Axırıncı gediş" bütün məziyətləri ilə, hər şeydən əvvəl, bir vətənpərvərlik, yenilməzlik, əhdə vəfa, sədaqət dərsliyidir. Tarixi anladır, əsrin (və əsrlərin) o başını bu başına tikir. Yazıçı-sənətkar mövqeyinin aydınlığını, hər cür azadlıq mücadiləsinin, özgürlük çabasının yanında olmaq, ola bilmək istəyini, qərarlılığını özündə ehtiva edir. Və əsərlə tanışlıq, ünsiyyət boyunca Şövkət Zərin Horovlunun tarixə hədsiz bələdliyinin, aşinalığının heyranı olmaya bilmirsən. Əslində "Tale yolu" romanı bütün yönləri ilə bütöv bir tarix - etnoqrafiya vəqfinin illər boyu öz fəaliyyətində əldə edə biləcəyi bilgiləri tam olaraq özündə ehtiva edir. Müəllif bu bilgiləri yetərincə mənimsəyib. Baş vermiş hadisələrin çoxuna şahidlik edib. Müşahidələrini bədii sözün ölümsüz materialına, ədəbi faktına məharətlə, yüksək peşəkarlıqla çevirə bilib.
Söhbət vaxtın-vədənin, zamanın o çağından gedir ki, sovetlər ölkəsində istehsal edilən bolşevik "zəhəri" əfqan xalqının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq istəyən kəslərin qanına işləməyə başlamışdı. Bu, ölkənin səlahiyyət sahibi Osman xana da gün kimi aydın idi. Amma nə yazıq ki, ətrafında baş verənlərin cikindən-bikinə qədər xəbərdar olan Osman xan bu barədə düşündüklərini sir yeri Cəlaləddin Mirzəyə də deyə bilmirdi. "Başa düşürdü ki, gözünün ağı-qarası yeganə oğlunun şübhəli adamlarla oturub-durmasına yaşı yetmişi keçmiş Mirzə Cəlaləddin dözə bilməz".
Üstəlik, doğmaca oğlu Mahmudu tutduğu yoldan geri qaytarmağın belə acizinə dönmüşdü Osman xan. Ölkənin baş vəziri Məhəmmədin çox hiyləgər olduğunu bilirdi. Ciyərparası Rüstəmin bir gavur qızını Sovetlər ölkəsindən yanına salıb məmləkətinə gətirməsini heç vəchlə sinirə bilmirdi. Artıq Rüstəmə güvənmirdi. Osman xan atası Əbülqədir Rəştinin İranın şimalında monarxiyaya qarşı apardığı mübarizəni və onun nəticələrini də az-çox görmüşdü. Odur ki, yeganə güvənc yeri olan oğlu Mahmudu düşdüyü qorxulu yoldan çəkindirmək üçün dəridən-qabıqdan çıxır, "oğlum, ehtiyatlı ol - deyirdi. - Məmləkətdə səndən qeyri heç kimim yoxdur".
Amma bu dediklərinin heç bir fayda vermədiyini görüncə dərin sıxıntı içində atasının otağına çəkilirdi. Atasının otağın baş tərəfində asılmış şəklinin qabağında kirimişcə dayanırdı. Onun vaxtilə dincəldiyi divanda otururdu. Uşaq kimi kövrəlirdi. Qarlı aşırımlardan, bozaraq çöllərdən, meşələrdən onu keçirib Əfqanıstana gətirən, Rza şah irticasından xilas eləyən atasının nəhəng cüssəsi gözlərinin qabağına gəlirdi. Qəhər daş kimi boğazına tıxanırdı...
Belə bir tarixi yaşamın, gərginliyin bədii təsvirini təqdim edir tanınmış yazıçı Şövkət Zərin Horovlu "Axırıncı gediş" romanında. Ədəbiyyatşünas alim Azər Turanın redaktorluğu ilə çap edilən kitabın annatosiyasında vurğulandığı kimi, əsərdə Səttarxan məşrutə inqilabının süqutundan sonra rus - fars xəyanəti nəticəsində doğma torpaqlarından didərgin düşən soydaşlarımızın qaçqın və məcburi köçkün həyatından bəhs olunur. Bu, bir ağrı, bir tale romanıdır; zaman-zaman "ayır-buyur, parçala-hökm sür" siyasətinin qurbanı olan uca könüllü, azadlıq təşnəsi bir xalqın, bir məmləkətin ağrılı tale romanı... Feodal Əfqanıstanında adi insan hüquqlarından məhrum olan Səriyyə, Şiringül, Xumrana kimi xanıməfəndilərin yaşamı bu taledən keçir. Ruslar Gəncəni işğal edəndən sonra dədə-baba torpaqları alınıb ermənilərə verilən, bu haqsızlığa dözə bilməyib rus zabitini qətlə yetirən, sonra da oğlunu və nəvəsini götürüb Əfqanıstana üz tutan Alməmməd xanın faciəli həyat hekayəsi bu taledən keçir. Hadisələrin gedişi fonunda "yırğalandıqca, çalxalandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur". "Axırıncı gediş"i oxuduqca ölkənin baş vəziri Məhəmməd Davud xanın üstüörtülü, hədələyici eyhamları oxucu yaddaşında qanlı 37-ci illərin məlum sızıltısını oyadır: "Sizlərdən bəziləri "Ərki-Şahi"də rahatca oturub, son vaxtlar demokratiya, hüquq bərabərliyi deyə baş qaldıran qüvvələrə qarşı sayıqlığını itirib. Bəhram hava limanında və Qəndəhar hərbi hissəsində aparılan işlər qənaətbəxş deyil..."
Nəticədə, zaman hər şeyi yerbəyer edir. Gün o gün olur ki, Rüstəm naz-qəmzəsinə uyduğu, uğrunda atasını belə basıb-keçdiyi kafir qızı Nataşanın əslində bir casus olduğunu anlayır. Casusluğunu etiraf etdirmək üçün tapançaya əl atır. Amma imanlı türk xanımı Sənəm arvad ona mane olur, "belə birisi üçün cani olmağa, əl qana batırmağa, həbsxanaya düşməyə dəyməz" - deyir.
Nataşanın əksinə, illərin əzab-əziyyətini görən Səriyyə isə bütün məşəqqətlərə baxmayaraq öz paklığını qoruyur. Mahmud onu ilk dəfə babası Mir Saleh ağanın çardağında necə görmüşdüsə, elə o cür də qalır. İllər yalnız gənclik titrəyişini, şövqünü əlindən alıb; səssizdi, "əl vurma, qan ağlaram, yaman çağımdı mənim" ovqatı düşüb araya.
"Axırıncı gediş" tab gətirməyə, dözümə səfərbər edir oxucunu. Tarixin ibrət dərsi kimi oxunur. Yaddaşı oyadır.
Romanda təsvir edilən yurd-vətən sevdalı obrazların hər birinin faciəli həyatı ağrılı bir dillə təsvir olunur. Səlis, aydın dil, uyarlı təhkiyə, üslub zənginliyi, müəllifin tarixə mükəmməl bələdliyi (və yüksək vətəndaşlıq duyğusu) bütün hallarda əsərin oxunaqlığını, ustün ədəbi-bədii məziyyətlərini təmin edir. Bütün hallarda iradə, yenilməzlik əzminin tərənnümü önə çıxır. Sədaqət, vəfadarlıq duyğusunun zərif, kövrək təsviri oxucu düşüncəsini bətləyib-bələyir. Qaçqın-köçkün həyatının bütün məşəqqətlərini yaşayan, amma sevgisinə sadiq, ümidinə sığınıb yaşayan Şiringül obrazı qadın sədaqətinə, vəfasına qoyulmuş bədii söz abidəsi kimi canlanır göz önündə. Bu gənc qız sevimli Rzasının qətlə yetirilməsi reallığını heç cür qəbul etmir. Ən çətin günlərdə ona həyan olmuş, bütün təhlükələri dəf etmiş polkovnik Şahvələd nəhayətdə ürəyini Şiringülə açır. Onunla ailə həyatı qurmaq, çəkdiyi acıları unutdurmaq istədiyini dilə gətirir. Oxşar taleləri olduğunu bildirir.
Şövkət Zərin Horovlu bu məqamları olduqca ağrılı, eyni zamanda da ibrətamiz bir şəkildə təsvir edir: "Şiringül ona qulaq asdıqca odlu göz yaşları axıb üzünü, yaxasını isladırdı. Rzanın taleyi indi ona gün kimi aydın idi. "Rza sağ olsaydı, Şahvələd bu sözləri ona deməzdi" - deyə onun yoxluğuna əmin olurdu, əlləri titrəyir, dodaqları səyriyirdi. Özünü böyük bir uçurum qarşısında dayanan adam kimi hiss eləyirdi. Kaş bu sözləri heç eşitməyəydi. Ömrünün sonuna qədər Rzanın yolunu gözləyəydi. Qayıdacağına ümidi olaydı..."
Gələn, eyni zamanda, ömürdün-gündən keçib gedən hər gün, udduğun hava, aldığın nəfəs belə öz diqtəsini edir, gerçəkləri anladır. Gerçək həqiqəti, başına gələn faciəni günlərcə kiminsə dilindən etişməyə özünü hazırlamasına, susa-susa özünü aldatmasına baxmayaraq Şiringül könül mehmanı Rzanın gedər-gəlməz bir yola çıxdığını ağıl gücüylə anlayır. Amma hissləri onu başqa duyğalara kökləyir. Duyğuları etiraz səsini ucaldır. Təmənnasız xeyirxahı olan polkovnik Şahvələdin təklifini rədd edir, "yox" cavabı verir: "Yox, mən sağdırsa-həyatda, yoxsa-məzarda Rzaya qovuşacam" - deyə qısaca cavab verir polkovnik Şahvələdə.
Amma yaşadılan zülmün, acı həyatın acığına taleyin açdığı işıqlı qapılar, xoş dəqiqələr də olur. Belə bir xoş gün əsərin aparıcı obrazlarından olan Səriyyə və Mahmudun uzun ayrılıqdan, əzab-əziyyətdən sonra bir-birinə qovuşması məqamında yaşanır. Şövkət xanım bu anları olduqca duyğusal bir qələmlə yazıya alır: "Mahmud başını qaldıranda maşının arxasında əlində bir dəstə gül dayanan Səriyyəni görüb özünü itirdi. Elə bil gözlərində həyat qığılcımları parladı... Səriyyəyə sarı bir-iki addım atıb dayandı. Nə edəcəyini, nə deyəcəyini kəsdirə bilmirdi. Səriyyəninsə gözləri dumanlı-çiskinli payız kimi dolmuşdu. Tərpətsən daşıb məcrasından çıxacaqdı. Səriyyə "Mahmud" - deyə qeyri-ixtiyari özünü ona sarı atdı... Baxışlar bir-birinə zilləndi... Bu dilsiz baxışlar, lal sükutlar nələr demirdi, İlahi!.. Sevgi, məhəbbət dolu gözlərində illərin əzabı, qayğısı yer almışdı Səriyyənin. Mahmud şaxtaya, borana düşmüş kimi titrədi"...
Bu titrəyişin səbəbi ömürdən keçib gedən illərin, yaşadığı məşəqqətlərin onların həyatında qalan acı, təəssüf dolu izləridi. Yaşlanmışdılar. Qara tellərə qar ələnmişdi. İllər hər ikisinin həyatında, cismani görünüşlərində belə öz izini qoymuşdu. Arada əzab, nisgil, ağrı dolu baxışlar dayanmışdı. Çox dəyişmişdilər. Amma vəfa, sədaqət, heyranlıq duyğuları öz məqamındadı. Bir də cavabsız suallar: "Onlar maşına oturanda tutqun payız günəşi gah görünür, gah da dörd yandan Kabilin üstünə əyilən dağların arxasında yox olurdu. Əsrlərlə həsrətini çəkdikləri bu Azadlıq günəşi Əfqanıstanın dumanlı göylərində bir də görünəcəkdimi? Kim bilir"...
Bu cavabsız sualla və bu duyğusal nigarançılıqla bitir "Axırıncı gediş". Kabulun 1978-2021-ci illərdə görünən, müşahidə edilən əhvalı belədi. "Axırıncı gediş" oxucu xəyalını Kabulun nigaranlıq doğuran, sual dolu yaşamına götürür. Upuzun illər boyunca Əfqanıstanın, Kabulun taleyindən keçənləri, məmləkətə sığınan qaçqın və köçkün soydaşlarımızın yaşantılarını Şövkət Zərin Horovlu peşəkarlıqla qələmə alıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!