İlyas Əfəndiyevin ədəbiyyata gəldiyi dövr - 1930-cu illərin ikinci yarısı sovet ideologiyasının mədəniyyət üzərində hökmranlığının kəskin hiss olunduğu bir dövr idi. SSRİ yazıçılarının Birinci qurultayı təzəcə keçirilmişdi və Cəfər Cabbarlı qurultayda çıxış edib, həmin çıxışın əsasında "Pravda" qəzetində sosrealizmin tələblərinə aydınlıq gətirən "Sosialist realizmi ilə yoğrulmuş dramaturgiya" adlı məqalə çap etdirmişdi. Məqalədə sosrealizmlə bağlı belə bir fikir irəli sürülürdü: "Bu üslub... proletar sosialist dövlətinin hər bir adi qurucusunun görünməmiş qəhrəmanlığını düzgün təsvir etməyi tələb edir". Əlbəttə, Cəfər Cabbarlı Sovet İttifaqının ən yüksək tribunalarından sosrealizm barədə danışmağa haqqı çatan sənətkarlardan biri idi. Çünki o, qurultaya qədər "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar", "Dönüş" kimi pyeslərlə sosrealizm metodunda sənət əsəri yaratmağın parlaq nümunələrini göstərmişdi. Nümunələrin sosrealizm tələblərinə cavab verən başlıca cəhətlərindən biri baş qəhrəmanların timsalında yeni cəmiyyət quruculuğunu qabarıq şəkildə əks etdirməkdən ibarət idi. Cəfər Cabbarlı qələminin qüdrəti onda idi ki, bu quruculuq prosesində Azərbaycan qadınının kişilərdən geri qalmadığını inandırıcı lövhələrlə teatr səhnəsinə gətirə bilmişdi. Cəfər Cabbarlı qurub-yaradan Azərbaycan qadınlarının silsilə obrazlarını səhnəyə gətirməklə dramaturgiyamızda, bütövlükdə çağdaş ədəbiyyatımızda dövrün estetik tələblərinə uyğun bir ənənənin əsasını qoymuşdu. Bu ənənəni davam etdirən yazıçılar az deyildi və İlyas Əfəndiyevin də bir nasir və dramaturq kimi özünəməxsusluğu həmin ənənəyə - silsilə qadın obrazlarının yaradılması məsələsinə münasibətdə özünü daha qabarıq şəkildə göstərirdi.
Yalnız otuzuncu illərdə yox, sonrakı mərhələlərdə də qəhrəmanın ictimai fəallığı, sosrealizmin prinsipləri sırasında aparıcı yer tutmaqda idi. İlyas Əfəndiyevin müxtəlif illərdə yazdığı məqalələri nəzərdən keçirmək kifayətdir inanasan ki, qəhrəman və ictimai mühit, qəhrəman və istehsalat məsələləri qələm sahibləri qarşısında nə qədər ciddi tələb, siyasi sifariş kimi qoyulurmuş. İlyas Əfəndiyev istehsalatdan yazmağı qəbahət saymır. İlyas Əfəndiyevin qəbahət saydığı cəhət istehsalatdan necə, hansı şəkildə yazmaq məsələsi ilə, əmək prosesinin insan hiss-həyəcanını kölgədə qoyub-qoymaması problemi ilə bağlıdır: "...biz istehsalat məsələlərinə çox zaman adi təsərrüfatçı kimi yanaşmaqdan irəli gedə bilməmişik. Biz onları insan taleyi ilə üzvi surətdə bağlaya bilməmişik! Onlar bizim əsərlərimizdə insan ehtiraslarının alovlanmasına, xarakterlərin tutaşmalarına səbəb olmamışdır... Əlamətdar istehsalat məsələsi pyeslərimizin əsasına qoyula bilər. Bir şərtlə ki, həmin məsələ sərrast tapılsın, dramatik yüksəkliyə qaldırılsın, müxtəlif xarakterlərin duyğu və düşüncələrinin, ehtiraslarının təbiiliklə meydana çıxmasına səbəb olsun". Bu sözləri İlyas Əfəndiyevin "Müasir dramaturgiyamız" adlı məqaləsindən götürmüşəm. Bir çox başqa tənqidi yazıları kimi çox prinsipial mövqedən qələmə alınması və adlı-sanlı sənətkarların belə ünvanına ciddi iradların bildirilməsi ilə seçilən bu məqalədə də İlyas Əfəndiyev istehsalata insanşünas kimi yox, təsərrüfatşünas kimi yanaşmağın konkret fəsadlarını, acınacaqlı nəticələrini açıb ortaya qoyur. Bu acınacaqlı nəticələrdən biri, İlyas Əfəndiyevin fikrincə, konfliktsizlikdir, "xarakter tutaşmaları"nın kasadlığı və yox dərəcəsinə enməsidir. Konfliktsizlik nəzəriyyəsinin, vulqar sosiologiya faktı kimi, yuxarıdan gəldiyini, "proletariatın istismarçılar üzərində mütləq qələbəsindən sonra cəmiyyətdə sinfi mübarizəyə və kəskin münaqişələrə yer yoxdur" kimi ideoloji təlimə əsaslandığını çox yaxşı bilən İlyas Əfəndiyev ona da qəti şəkildə əmin idi ki, duyğu və düşüncələr təbəddülatı, ehtiraslar toqquşması olmadan əsl ədəbiyyat nümunəsi, xüsusən də, baxımlı səhnə əsəri yaratmaq müşkül işdir. Əgər yazıçı əmək prosesindən bir təsərrüfatçı kimi söhbət açırsa, bu halda hər hansı bədii konfliktdən, bütövlükdə əsl sənət əsəri ortaya qoymaqdan söhbət gedə bilməz. İlyas Əfəndiyev yazır: "Bir çox pyeslərimizdə konfliktin zəif olmasına, bəzən də heç olmamasına ... mühüm səbəblərdən biri insanın, insan fəaliyyətinin ikinci plana keçməsi olmuşdur... Cansız konfliktə bir az "hərarət" vermək üçün səhnədə musiqi musiqi dalınca, rəqs rəqs dalınca düzülür. Halbuki "Hacı Qara" və ya "Dağılan tifaq" əsərlərindəki konfliktin belə kənardan verilmə hərarətə, necə deyərlər, "qrelkalara" ehtiyacı yoxdur. Çünki əsl həyatdan götürülmüş həqiqi konfliktlər odsuz-alovsuz ola bilməzlər! Atəşsiz həyat yoxdur. Atəşsiz konflikt də yoxdur, sənət də yoxdur". Od-alovlu konflikt qələmə alıb əsərə hərarət gətirməyin başlıca yolunu İlyas Əfəndiyev rəngarəng insan xarakterləri yaratmaqda görür: "Konfliktin dərin və kəsərli çıxması xarakterlərin canlı və kamil olmasından asılıdır... Biz qələmə aldığımız qəhrəmanın səciyyəsini yaratmaq işində ən zərif rəngləri duyan bir rəssam, ən incə cizgiləri kəşf edən bir memar, ən dərin hissləri tərənnüm edən bir şair kimi hərəkət etmirik". Müharibədən bəhs edərkən İlyas Əfəndiyev döyüş səhnələrini yox, bir bülbülü ön plana çıxarır. O bülbül ki, düşmən gülləsindən ölümcül yaralanmış əsgərin son nəfəsdə həmsöhbətinə, həmdərdinə çevrilir ("Qəhrəman ilə bülbülün nağılı"). Evlər üstünə qır tökmək kimi "qara" bir işdən bəhs edərkən İlyas Əfəndiyev qırmızı bir çiçəyi diqqət mərkəzinə çəkir. O çiçək ki, məşəqqətli işlə məşğul olan bir adamı bizə tanıtmaqda mühüm bədii vasitə rolu oynayır ("Qırçı və qırmızı çiçək"). Hadisələrə və insan obrazlarına şairanə yanaşmaq "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" kimi romanlarda daha qabarıq şəkildədir. Bu əsərlərdə istehsalatın, əmək prosesinin təsviri yoxdurmu? Əlbəttə, var. Belə olmasaydı, Yaşar Qarayev ictimai fəallığa İlyas Əfəndiyevin qadın qəhrəmanlarını Cəfər Cabbarlı qəhrəmanlarına yaxınlaşdıran cəhətlərdən biri kimi baxmazdı: "Nə vəzifədə olursa-olsun, düşdüyü mühitin adamları ilə, ictimai həyatla qaynayıb-qarışmaq fikri bir ehtiyac kimi ona Almazdan irs qalmışdır". "Dağlar arxasında üç dost" əsərinin baş qəhrəmanı Səlimə barədə deyilmiş bu sözləri İlyas Əfəndiyevin qadın qəhrəmanlarından bir çoxuna aid etmək olar. Bu öz yerində. Amma onu da unutmaq olmaz ki, İlyas Əfəndiyevin qadın qəhrəmanları, Yaşar Qarayevin də qeyd etdiyi kimi, əməkdə şeiriyyət və gözəllik axtaran qəhrəmanlardır. Bu, İlyas Əfəndiyevin qadın qəhrəmanlarını xüsusi olaraq fərqləndirən cəhətlərdəndir.
İlyas Əfəndiyev yaradıcılığındakı şeiriyyət və gözəlliyin başlıca əlamət və göstəricilərini, hər şeydən qabaq, təbiətlə bağlı detal və lövhələrdə axtarmaq lazım gəlir. Təsadüfi deyil ki, bir az əvvəl, ötəri də olsa, xatırlatdığım hekayə və romanların adlarında təbiətə işarə var: bülbül, qırmızı çiçək, söyüd, dağlar. Təbiət işarəli adlara İlyas Əfəndiyevin başqa nəsr əsərlərindən də misallar çəkmək olar: "Qarı dağı", "Su dəyirmanı", "Bahar buludları", "Yaylaq qonşumuz", "Ceyran ovu", "Qoruqlarda", "Yasəmən ağacı", "Zəmidə bir turac səslənirdi". Əsər adlarında təbiətə işarənin təsadüfi olmadığını, bu cür ad seçiminin müəllif mövqeyindən, onun hadisələri seçib qiymətləndirmə meyarlarından xəbər verdiyini yalnız nəsr əsərləri yox, həm də səhnə əsərləri açıq-aydın göstərməkdədir: "Bahar suları", "Mahnı dağlarda qaldı", "Sən həmişə mənimləsən, yaxud Boy çiçəyi", "Tənha iydə ağacı".
"Su dəyirmanı" hekayəsindəki dəyirman arxı və arx boyu sıralanmış salxım söyüdlər bağçılıq işi ilə məşğul olan qəhrəmanları oxucuya tanıtmaqda heç də az əhəmiyyət daşımır: "Mən təzətər söyüd yarpaqlarının pıçıltısında sanki qızın qəlbinin döyüntüsünü eşidirdim. Mən onun gəncliyi ilə üçgünlük Ayın işıqlandırdığı bu körpə söyüd yarpaqları arasında qəribə bir ahəng duyurdum. Mənə elə gəlirdi ki, onun aramla aldığı nəfəs bu bahar gecəsinin canı, ruhudur". Təbiətə müraciət etməyin şeiriyyət və gözəlliyi əks etdirmək vasitəsi olduğunu daha iri planda "Söyüdlü arx" və "Körpüsalanlar" romanlarında görürük. Hər iki romanda baş qəhrəmanlar ictimai fəallıqları ilə yetərincə seçilən qəhrəmanlardır. Amma bu ictimai fəallığın, həmin fəallıqla bağlı süjetin hansısa mühüm tərəfi gedib əvvəl-axır təbiət lövhələrinə bağlanır. Təbiət "Söyüdlü arx"da qismən, "Körpüsalanlar"da isə əsasən, hadisələrin baş verdiyi məkan kimi götürülür və bu, həmin əsərlərdə şairanəliyə rəvac verən amillərdən biri kimi müəllifə gərək olur.
Təbiətlə paralellik İlyas Əfəndiyev qəhrəmanlarının ictimai fəallıq arxasnda görünməz olan mübhəm cəhətlərini üzə çıxarmağa yaxından kömək edir: "... mən bu dəniz kimi dərin və mavi dərədən axıb gələn səssiz simfoniyanı dinlədikcə, taleyimin həm də fərəhli olmadığını acı-acı hiss edirdim. Mənə elə gəlirdi ki, kim tərəfindənsə təhqir olunmuşam, alçalmışam. Halbuki uçurumun üzərində hərlənən, sərt qayaları hakim nəzərləri ilə süzən bu ağ qartal kimi yaşamaq mümkündür! Kim deyir ki, mən acizəm? Kim deyir ki, koramal kimi güneylərdə sürünmək üçün yaranmışam?! Təbiətin bu təntənəsinə qovuşmaqda kim mənə mane ola bilər?!" Bu sözləri "Körpüsalanlar"ın baş qəhrəmanı Səriyyəyə dedizdirən hansı hiss-həyəcandır? Səriyyəni narazı salan, onun daxili qiyamına səbəb olan nədir? Axı o, yenicə ailə qurduğu Adilin ağıl-kamalından, yar-yaraşığından razıdır. Axı o (yol texnikumunu yenicə bitirmiş Səriyyə) Adillə (yol mühəndisi olan və öz sənətini incəliyinə qədər bilən ömür-gün yoldaşı ilə) dağlar qoynunda çalışmaq, dərələr və çaylar üstündən körpülər salıb, yollar çəkmək kimi son dərəcə ağır bir işə məcburən yox, könüllü şəkildə qoşulub. Bəli, bütün bunlar əsərin lap əvvəlindən bəllidir. Amma əsərdə məqsəd heç də bəlli olanı bədii cəhətdən əsaslandırmaqdan ibarət deyil. Əsərdə başlıca məqsəd bəlli olandan bəlli olmayana doğru gedən tədrici psixoloji prosesi qələmə almaqdır. Elə proses ki, oxucu üçün gözlənilməz olduğu kimi, Səriyyənin özü üçün də gözlənilməzdir. Gözlənilməzlik get-gedə şairanə ovqatın prozaik və tragik notlarla əvəzlənməsində, ilk vaxtlar özünü qartalla müqayisə edən, qanadlanıb uçmaq istədiyini bildirən Səriyyənin bir müddət sonra ruhdan düşməsində, yerlərdə sürünən koramalla özü arasında tutuşdurma aparmasındadır. Səriyyəni ruhdan salan iş prosesinin ağırlığıdırmı? Əlbəttə, yox! Bəs nədir? Səriyyəni ruhdan salan yol çəkmək, körpü salmaq kimi ağır bir işlə deyə-gülə məşğul olan adi adamlara (Səriyyənin açıqürəkli, ünsiyyətcil və mərdanə iş yoldaşlarına) Adilin yuxarıdan aşağı baxması, atdığı hər addımı yüksək vəzifə tutmaq naminə atması və onun səmimiyyətdən uzaq olmasıdır. Bəs ictimai fəallığı, zəhmətə qatlaşmaqda kişilərdən geri qalmamağı Səriyyənin qəti qərar qəbul edib Adildən - yenicə ailə qurduğu qapalı bir adamdan ayrılmasında həlledici amil saymaq olarmı? Bu suala doğru-düzgün cavab vermək üçün mövzuca "Körpüsalanlar"la yaxından səsləşən "Daş hasar" hekayəsinə, ötəri də olsa, nəzər salmaq ehtiyacı yaranır. O hekayədə də baş qəhrəman (Firəngiz) ailə həyatının ilk vaxtlarında xoşbəxtlər xoşbəxtidir, çox sevdiyi dənizkənarı bağda rəssam əri ilə birlikdə olmaq, Firəngizə görə, sevinc üstünə sevinc qatmaqdır. Amma çox keçmir, hadisələr Firəngizin düşündüyünün əksinə cərəyan edir. Ərindəki daxili miskinliyi və xudpəsəndliyi hiss edib dərindən duyduqca hər şey Firəngizin gözündən düşür, çox sevdiyi dənizkənarı bağ Firəngizin nəzərində bir dustaqxanaya dönür.
"Körpüsalanlar"da göz oxşayan yaşıl meşələr, yalçın qayalar, gur şəlalələr Səriyyənin daxili gərginliyini aradan qaldıra bilmədiyi kimi, misal çəkdiyim hekayədə də "Abşeron gecəsinin sərinliyindən ləzzət alan" əncir, alma, nar ağacları, qumlu sahillər və uzanıb gedən dəniz, Firəngizi heç cür ovuda bilmir. Səriyyədən fərqli olaraq Firəngizdə heç bir ictimai fəallıq yoxdur, onu hansısa bir quruculuq sahəsində kişilərlə çiyin-çiyinə çalışan obraz timsalında görmürük. Amma fakt faktlığında qalır. Fakt bundan ibarətdir ki, Firəngiz də Səriyyə kimi qəlbən, ruhən qəbul etmədiklərini açıq-aşkar büruzə verməkdən, onu daxilən əzən, onun mənəvi rahatlığını əlindən alan mənfiliyə etiraz etməkdən çəkinmir. İstər göz oxşayan təbiət qoynunda, istərsə də daş hasar içindəki bağ evində Səriyyələrin və Firəngizlərin mənəvi rahatlığını əlindən alan o mənfiliyin adı daxili köləlikdir - ülfət bağlayıb hər gün ünsiyyətdə olduğun adamda gördüyün daxili köləlik. Bir yastığa baş qoyduğun adamın daxili miskinliyini hər gün, hər saat görüb, bir qaramat kimi canına hopdurub ruhən azad olmaq baş tutan işdirmi? Bu suala bir kəlmə ilə "yox" cavabını verib keçmək, əlbəttə, mümkündür. Amma bir şərtlə ki, həmin cavabın bağlı olduğu bir məsələyə - konfliktin necə həll olunması kimi ciddi bədii-estetik məsələyə də az-çox aydınlıq gətirilsin.
İlyas Əfəndiyev yaradıcılığında konflikt bir çox hallarda gərgin vəziyyətə düşən qəhrəmanın həm ətrafdakılarla, həm də öz-özü ilə toqquşması üzərində qurulur. Aydınlaşdırılması vacib məqam bu toqquşmadan qəhrəmanın qalib çıxıb-çıxmamasıdır. Axı, söhbətin əvvəlində dediyim kimi, qalib qəhrəman Cəfər Cabbarlının Sevil və Almazlarından üzübəri ədəbiyyatımız üçün səciyyəvi idi. Təsadüfi deyil ki, İlyas Əfəndiyev öz məqalələrində yaradıcılığından bəhs etdiyi bir çox yazıçıların (məsələn, Əli Vəliyevin) qalib qəhrəman obrazları yaratmasını xüsusi olaraq xatırladır. İlyas Əfəndiyev nəsr və dramaturgiyasını araşdıran ədəbiyyatşünaslar İlyas Əfəndiyevi də qalib qəhrəman obrazları yaradan sənətkar kimi təqdim edirlər: "Təklik bu qəhrəmanların dostudur. Nargilə fərəclərə, suriklər mühitinə qarşı mübarizədə təkliyi bir qələbə kimi qazanmışdır. Həsənzadənin təkliyi mənəvi bir qəhrəmanlığı və qələbəni mümkün edən yeganə səbəb olmuşdur. Odur ki, mən nə Nargilə, nə də Həsənzadə xəttində məhv olan təkliyin məğlubiyyətini görmürəm... Odur ki, tamaşa bitir, lakin biz "təklik müsibətdir!"-demirik, "təklik gözəldir", "təklik qəhrəmanlıqdır!" - deyirik". Görkəmli tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayevin bu sözlərində "Sən həmişə mənimləsən" pyesinin baş qəhrəmanları ilə bağlı bir qeyd - həmin qəhrəmanların əzmkar olmaları barədəki fikir heç bir mübahisə doğurmur. Düşünüb-daşınılası və bir daha götür-qoy ediləsi məsələ Nargilə və Həsənzadə təkliyinin bir qələbə göstəricisi olub-olmamasıdır. Məsələ burasındadır ki, İlyas Əfəndiyev qəhrəmanlarının əzmkarlığında və danılmaz fədakarlığında qələbə sevincindən qat-qat artıq bir nisgil var. Heç bir ictimai fəallıq bu nisgili ört-basdır edə bilmir.
İlyas Əfəndiyev müasirliyinin Cəfər Cabbarlı ilə müqayisədə araşdırılması tamamilə təbiidir. Amma unutmaq olmaz ki, Hüseyn Cavid dramaturgiyası ilə tutuşdurmalar da İlyas Əfəndiyev yaradıcılığındakı bir çox səciyyəvi xətləri üzə çıxarmağa geniş imkan yaradır. Tragiklik belə xətlərdən biridir. Bu xətti İlyas Əfəndiyev qəhrəmanlarının çoxunda görə və izləyə bilirik. Bir ailənin dağılmaması, o ailədə böyüməkdə olan uşağın sıxıntılarla, ağrı-acılarla üzləşməməsi naminə Nuriyyənin fədakarlıq göstərib öz eşqini qurban verməsində ("Söyüdlü arx"); özünü bir dustaq sayan Firəngizin Mürşüdlə yaşamağa davam etməsində ("Daş hasar"); Saday bəylə əhd-peyman bağlayan Ağabəyim ağanın Qarabağı mümkün bəlalardan və fəlakətlərdən az-çox qorumaq üçün Fətəli şaha ərə getməsində ("Hökmdar və qızı") tragik notlar kifayət qədərdir. Misalların sayını artırmağa ehtiyac görmədən İlyas Əfəndiyev qəhrəmanlarında daxili sərbəstlik və azadlıq ehtirasının qabarıq hiss olunduğunu və bu ehtirasın keçilməz sədlərlə toqquşduğunu səciyyəvi bir xətt kimi qeyd edə bilərik. Bu xətt "Söyüdlü arx", "Körpüsalanlar", "Sən həmişə mənimləsən", "Məhv olmuş gündəliklər" kimi əsərlərdə ayrı-ayrı fərdlərin taleyi timsalında, "Geriyə baxma, qoca", "Xurşidbanu Natəvan", "Hökmdar və qızı", "Sevgililərin cəhənnəmdə vüsalı" kimi əsərlərdə isə həm fərdi talelər, həm də ictimai-siyasi hadisələr fonunda oxucu və tamaşaçıya çatdırılır. Hüseyn Caviddə də oxşar vəziyyətlə qarşılaşırıq. "Maral" və "Afət"də siyasi motiv yoxdur. Bu əsərlərdə diqqət mərkəzində duran əsas motiv ruhən azad qadınların - Maral və Afətin "qızıl qəfəs" içində çırpınması və məhv olmasıdır. İlyas Əfəndiyevin "qızıl qəfəs"də boğulmağa məhkum olan və bu qəfəsdən çıxmağa can atan neçə-neçə qəhrəmanını yada salmaq mümkündür: Səriyyə ("Körpüsalanlar"), Nargilə ("Sən həmişə mənimləsən"), Fəridə ("Məhv olmuş gündəliklər")...
Ruhi sərbəstlik və azadlığa can atan insanın siyasi hadisələr burulğanında məhv olması Hüseyn Cavidin "Şeyda", "Knyaz" kimi pyeslərində öz əksini tapır. Azadlıq marşı yazıb inqilabçıları mübarizəyə səsləyən gənc şair Şeyda siyasi qarşıdurmada qan tökülməsini görüb büsbütün sarsılır ("Şeyda"). Kiməsə tabe olmağı ağlına da gətirməyən Knyaz isə o vaxt sarsılır ki, oğulluğa götürüb boya-başa çatdırdığı Anton bolşevik qiyafətində peyda olub, onun nəinki mal-mülkünü əlindən alır, hətta cavan arvadını yoldan çıxarır. Mənliyi tapdanmış Knyazın intihar etməkdən başqa bir yolu qalmır. Siyasi hadisələri qalib qəhrəmandan daha çox, daxili təbəddülatlar içində qıvrılan qəhrəman mövqeyindən təsvir etmək İlyas Əfəndiyev yaradıcılığında da açıq-aşkar özünü göstərən bir xəttdir. Ölkəni əsarətdən qorumaq üçün siyasi yollar axtaran İbrahim xanın öz ailəsi ilə birlikdə mayor Lisaneviç tərəfindən amansızcasına qətlə yetirilməsi ("Hökmdar və qızı"); sovet ideologiyasının təbliğinə həsr edilmiş primitiv pyeslərə Şeyx Sənan rolunu ifa etməklə dolayı etiraz bildirən Ayaz Turanın repressiyaya məruz qalması və sevgilisi Xumarla birlikdə NKVD məhbəsində intihar etməsi İlyas Əfəndiyev dramaturgiyasında siyasi hadisələrin tragik təsvirindən xəbər verən səhnələrdir.
Nəsrimizdə və dramaturgiyamızda lirik-psixoloji üslubun yaradıcılarından biri kimi tanınan İlyas Əfəndiyev yeri gəldikcə cavidsayağı şərti-mistik detallardan da istifadə edir. "Sən həmişə mənimləsən" dramında Həsənzadənin əsər boyu mərhum ömür-gün yoldaşı ilə xəyali söhbət etməsi; "Məhv olmuş gündəliklər" dramında Fəridənin tez-tez Skeletəbənzər kişi ilə üz-üzə gəlməsi belə detallardandır. Bu cür detallar daxili təbəddülatı, qəhrəmanın ətraf mühit və öz-özü ilə toqquşmasını ifadə etməyin əlverişli vasitəsinə çevrilir.
İlyas Əfəndiyev yaradıcılığında bədii vasitə, üsul və üslub, təbii ki, seçilən mövzunun ümumi mahiyyəti ilə qırılmaz surətdə bağlı olar. Tez-tez müraciət edilən məhəbbət mövzusu İlyas Əfəndiyev yaradıcılığında bir tərəfdən, məzmun-mündəricə faktı kimi özünü göstərirsə, o biri tərəfdən də, üslub faktı kimi ortaya çıxır. Daş hasarlar, qızıl qəfəslər, dəmir sərhədlər içində çırpınan Ağabəyim ağalar, Nuriyyələr, Səriyyələr, Fəridələr, Nargilələr, Xumarlar... ən böyük səadəti sevib-sevilməkdə görürlər, amma yaşadıqları mühitdə, düşdükləri acınacaqlı şəraitdə onların sevgidən kam almağı xoş xəyal olaraq qalır. Əsasən, romantik təbiətli cavanlardan ibarət olan bu qəhrəmanların fikir-xəyalları, arzu-istəkləri lirik-psixoloji epizod və səhnələrin qələmə alınması üçün zəngin mənbəyə çevrilir.
Arzu-istək, fikir-xəyal, şəffaf bir güzgü kimi, yalnız sabahı yox, həm də yaşanmış dünəni əks etdirir və bu əksetdirmə ağrı-acılarla dolu olan bu günə (qəhrəmanların yaşadığı mühitə) qarşı qoyulur. Xəyala dalıb dünənə qayıtmağın İlyas Əfəndiyev yaradıcılığı üçün təsadüfi olmadığını "Sən həmişə mənimləsən" pyesində xatirələrin simvolu kimi Boy çiçəyi obrazının yaradılması da təsdiq edir. Kitab vərəqləri arasında qalıb qurusa da, öz ətrini saxlayan bu çiçək hər xatirənin yox, ən əziz, ən unudulmaz xatirənin simvoludur. Fərəclər, Fərəcovlar arasında özünə yer tapa bilməyən Nargilənin özündən yaşca böyük adama bağlanmasının mühüm bir səbəbi odur ki, Nargilə həmin adamda (Həsənzadədə) unuda bilmədiyi, hər gün xatırladığı mərhum atasının xasiyyətindən cizgilər tapır ("Sən həmişə mənimləsən, yaxud Boy çiçəyi"). "Geriyə baxma, qoca" romanında - başdan-başa müxtəlif xatirələr üstündə qurulan bu əsərdə kədərli-kədərli durub baxan dağları, dil açıb hansısa sirli mətləblərdən danışmaq istəyən yaylaqları, o dağlarda, o yaylaqlarda bir vaxtlar at çapıb, qılınc oynatmış əyilməz kişiləri yada salmaqla Murad yeni siyasi dönəmdəki bolşevik hərəkatının dərinliklərinə varmağa, bu hərəkatın zalımlıq və kəmfürsətliyə söykənən tərəflərini anlamağa bədii zəmin yaradır. Yeri gəlmişkən, xatırladım ki, romanda təsvir olunanlar xeyli dərəcədə müəllifin öz tərcümeyi-halı ilə bağlıdır: Bəy ailəsi olduğuna görə Əfəndiyevlər də bir çoxları kimi siyasi təzyiqlərə məruz qalıb. Bolşeviklər onların mülkünü əllərindən alıb beş ailə arasında bölüşdürüblər, özlərini isə bayıra töküblər. Doqquz nəfərdən ibarət ailə çadırda yaşamağa məcbur olub. Ata-ana səs hüququndan məhrum edilib. Dükandan onlara çörək, qənd, çay satmaq istəməyiblər. "Kulak" oğlu olduğuna görə İlyas Əfəndiyevi ali məktəbdən çıxarıblar. O, yalnız uzun fasilədən sonra ali təhsilini davam etdirə bilib... Şübhə yoxdur ki, bu cür bioqrafik faktlar İlyas Əfəndiyev yaradıcılığında dərin iz buraxıb və o, həyatın sərt üzünü açıb göstərməkdən, həssas və şairtəbiətli insanların keçilməz maneələrlə qarşılaşmasını qələmə almaqdan, "qalib qurucu qəhrəman" qəlibini imkan daxilində bir kənara qoymaqdan çəkinməyib. Ən başlıcası isə odur ki, İlyas Əfəndiyev bütün bunları lirik-psixoloji üslubun imkanlarını səfərbər edərək, yüksək bədiiliklə gerçəkləşdirə bilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!