İlıq bir su kimidir içimdə yalnızlığım -
Yalnızlığım ruhumda uzaq bir səs kimidir.
Hər sabah üfüqlərdən mavi şərqilər gələr,
Və hər sabah ürpərər içimdə yalnızlığım.
İyirminci yüzilliyin türk poeziyasının, deyərdim ki, az qala, yeganə uzmanı olaraq tanıdığımız professor Tofiq Məlikli görkəmli türk şairi, çağdaş türk ədəbiyyatının klassiklərindən olan Fazil Hüsnü Dağlarcanın həyatına və yaradıcılıq yoluna həsr etdiyi kitabını hələ əlyazmasında redaktə üçün mənə təqdim edəndə çox məmnun olmuşdum. Alimin məncə, "kəşfi" hesab olunacaq türk milli ədəbiyyat nümayəndələri - Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Yaşar Kamal, Orxan Pamuk, Fakir Baykurt, Əziz Nesin və Türkiyənin başqa şair və yazıçılarının əsərlərini rus və Azərbaycan türkcəsinə çevirməsini, bir çoxu haqqında monoqrafik əsər, xatirələr, portret əsərləri yazdığı məlum idi. İndi isə ustad şair Dağlarca. Uzun illər saxlanan dostluğun sədaqəti, bu dostluğun bal kimi şirin ülfəti hopmuş kitab (Tofiq Məlikli. "Dahinin tənhalığı: Fazil Hüsnü Dağlarca" Bakı, Avrasiya PRESS nəşriyyatı, 2024). Əlbəttə, mənim də, mənim kimi oxucularımızın da şair haqqında müəyyən bildiklərimiz vardı. İndi isə bu nəşr vasitəsilə, şübhəsiz, o bilgilər genişlənəcəkdi, zənginləşəcəkdi. Bir də bu araşdırmalara müəllifin şəxsi tanışlığı, tanışlıq nədir, dostluğu da qarışarsa, artıq əsər bir də memuar dəyəri qazanacaqdı. Memuar təkcə xatirə yox - o, sənəddir, etibarlı, mühüm sənəd. İndi isə şəxsi dostluğun da çox şirin duyğu qatdığı, unudulmaz detallarla bəzənən bu kitab elə bilirəm, təkcə Azərbaycan oxucularının deyil, eyni zamanda türkiyəli oxucular üçün də tapıntı mənbə olacaqdır. Həqiqətən, Dağlarcanın anadan olmasının 110 illiyinə həsr olunmuş bu araşdırma-roman dost vəfasının rəmzi, parlaq ifadəsi kimi də qarşılandı; kitabın Yazıçılar Birliyinin Natəvan klubunda yaddaqalan təqdimatında bu özünü göstərirdi.
Bütün yaradıcı fəaliyyətini türk xalqları ədəbiyyatına, mədəniyyətinə həsr edən şərqşünas, filologiya elmləri doktoru, Azərbaycanın Əməkdar elm xadimi (2011), Moskva Dövlət Linqvistika Universitetinin professoru, Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidenti Tofiq Məlikli bu vaxta qədər Moskvada və Bakıda nəşr olunmuş "60-cı və 70-ci illərin əvvəllərində türk poeziyası", "Nazim Hikmət və yeni Türkiyə şeiri", "Türkiyə ədəbiyyatı: köklər və budaqlar", "Türkiyə ədəbiyyatı tarixi", "Suyu axtaran adam", "Türkoloji və filoloji problemlər" və s. kimi elmi monoqrafiyanın, xatirə-romanların və türk ədəbiyyatı, qarşılaşdırılmalı ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı, türkoloji və filoloji problemlərə həsr olunmuş 200-ə yaxın məqalənin yazarıdır. Onu da qeyd edim ki, bu əsərlər həm də bir çox xarici dillərə tərcümə edilmişdir.
Sovet məkanında çağdaş türk poeziyasının yeganə uzmanı olan Tofiq Məlikli (bu fəxri ünvanı ona vaxtilə birgə çalışdıqları şərqşünas akademiklər Yevgeni Çelışev, Ədhəm Tenişev vermişdi) Türkiyə ədəbiyyatındakı yeni bir cərəyanın - Yeni poeziyanın ideya-estetik prinsiplərini uzun illər araşdıraraq və kompleksli tarixi-ədəbiyyatşünaslıq incələmələrinə, bu cərəyanın aparıcı şairlərinin yaradıcılıqlarının sistemli analizinə dayanmış, türkologiya elmində ilk dəfə olaraq bədii birliyin orjinal tipinin mükəmməl sistemini yaratmışdır. Bu sistem dərin kökləri və dəyərli tarixi ənənələri olan çağdaş türk ədəbiyyatında baş verən proseslərin anlaşılmasında və incələnməsində önəmli rol oynamaqdadır.
Əsl adı Mehmet Fazıl olan, müəllifin dediyi kimi, "anadan şair doğulan" Fazil Hüsnü Dağlarca 1914-cü ildə İstanbulda bu qədim və möhtəşəm şəhərin Ortaköy səmtindəki Taş Məktəb məhəlləsində anadan olmuşdur. Anası Qədriyə xanım konyalı bir ailənin qızı idi, atası şair ruhlu, evini istirahət saatlarında şeir məclisinə çevirən Həsən Hüsnü bəy isə ərzurumlu ailədən çıxmışdı. Süvari polkovnik-leytenantı olan atasının xidməti ilə əlaqədar gələcək şair təhsil illərində daim məktəb dəyişməli olmuş, nəticədə ibtidai və orta təhsilini Türkiyənin müxtəlif yerlərində almalı olmuşdu. Dədə-babalarının yolu ilə getməli olan gələcək şair Qülləli Hərbi Liseyini və Hərbi Akademiyanı bitirib, orduda 15 il xidmət etmiş, Şərqi və Orta Anadolu və Trakya ərazilərini gəzmişdir. Hərb təhsili alarkən də, xidmət apararkən də, Fazil Hüsnü şeir dəftəri tutur, bu dəftərdən ayrılmaz, həmişə özü ilə gəzdirərdi.
Mənim heç rəsmim olmasa,
Olmasa
və görünsəm yalnız
düşüncələrdə, yazılarda yalnız...
Yol artıq müəyyən edilmiş, seçilmişdi. Yazıçılıq, qələm onu necə çəkirsə, bundan ötrü o, məsləkindən ayrılmalı olur - kapitan rütbəsində ikən könüllü olaraq ordudan tərxis olunur. O vaxtlar yeni yazdığı şeirləri kitab mağazasının vitrininə yapışdırar, oxucular Dağlarcanın şeirini elə ilk əldən - əlyazısında oxuyar, tanış olardı. Bu şeirlər sonra yığılıb kitaba çevrilərdi. Onun bir şair kimi meydana çıxması ilə şeirləri kimi, özü də yaddaqalan hadisə olur; tezliklə hamının nəzərini, diqqətini məşğul edir. Arı türkcədə yazılan, bir "əsgəri" ritmlə ahəng qazanan və doğma motivlərlə, koloritlə naxışlanan bu şeirlər ürəklərə asanlıqla yol tapırdı; özü isə təkliyi, tənhalığı tərcih eləmişdi. Bizcə, bu, heç nə yox, qəlbin tənhalığı idi; insanı, insanlığı nə qədər sevsə də, onun məsuliyyətinə çiyinlərini versə də... daim onunla idi, onu tək buraxmırdı:
İlıq meh əsir -
Yalnızlığın mehi.
Əbədi yalnızlıq bir gəmi,
Mənsə yelkəni.
Özü də ruhən şair olan Tofiq Məlikli "Dahinin tənhalığı" kitabını yazdığı kimi də, tənhalığı bir aşiq cəhdi ilə arayan, tənhalıqda həyat bulan bu böyük sənətkara həsr etdi. Tənhalığı xasiyyəti, xarakteri, yaşam tərzi, həyati münasibətlərinə keçirən şair onun halına təəccüb edənlərə: mənim tənhalığım lüğətdəki sözlərin tənhalığına bənzəyir, deyirdi... Tofiq Məliklinin hələ ilk tədqiqat işi Nazim Hikmət və Fazil Hüsnü Dağlarcanın yaradıcılığına həsr etməklə başlayır bu ağır zəhmətli yol. Öz ifadəsincə desək, "orijinal düşüncə tərzi, dünyaya baxışı, özünəməxsus üslubu olan, fövqəladə dərəcədə yeni, fərqli bir ədəbi dünya yaratmış unikal şəxsiyyət və sənətkar" saydığı, yaradıcılığı türk ədəbiyyatı və mədəniyyətilə qırılmaz tellərlə bağlı olan Dağlarca hələ yolların, sərhədlərin kip bağlandığı illərdən onu məşğul etməkdəydi. Müəllif 40 illik dostluğun doğurduğu imkanlar əsasında - yəni şairin əsərlərinə, məktublarına, yaradıcılığı haqqında mövcud ədəbiyyata, bir də bunlardan heç də az əhəmiyyətli olmayan şairlə etdiyi söhbətlərə əsaslanmaqla ərsəyə gətirmişdi bu kitabı. Əsərin oxucunu özünə yaxınlaşdıracaq səmimiliyi də buradandır. Tofiq müəllimin özünün etiraf etdiyi kimi, şairin ölümünə kimi (2008) davam edən bu dostluq və təbii ki, müntəzəm görüşlər, çoxillik məktublaşmalar ona böyük material vermiş; şairin sənətə baxışı, şairin vətənində baş verən tarixi hadisələr, mədəni inkişaf fonunda şairin dolğun, mükəmməl obrazını yaratmağa, onun yaradıcılıq yolunu layiqincə işıqlandırmağa şərait yaratmışdı. Adi gözlə belə, bütün kitab boyu bu dostluğun, sədaqətin təsiri pozulmayacaq izlərini görmək heç də çətin görünmür.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filoloq alim Mariya Nikolayeva çox haqlı olaraq: "Tofiq Məliklinin bu kitabı Fazil Hüsnü Dağlarcanın yaradıcılıq portreti, bir növ poetik essedir", - deyə qiymətləndirir. Bu "poetik esse"nin Dağlarcanın Azərbaycana gəlişi və bu səfər boyunca müşahidələrinin nəticəsi olan şeirlərinə həsr olunan təsirli səhifələri var. Yenə Tofiq Məliklinin təşəbbüsü və göstərdiyi səylərin nəticəsində Dağlarca Moskvadan ölkəmizə gəlir, bir həftə Azərbaycanda olur; bu qısa vaxt ərzində yazıçılarımızla, ayrıca Həmid Araslı və Rəsul Rza ilə dostluğu yaranır. Şair bu qardaş ölkədə olarkən, sanki bu əziz, doğma mənzərələri gözündə çəkib saxlayır, Türkiyəyə qayıtdıqdan sonra bu səfər barədə kitab yazır. Və bu marağın və sevginin bəhrəsi olaraq, "Bakıda oyanmaq", "Nizami Gəncəvi türbəsi", "Göyçay", "Sabirin evində", "Gəncə", "Gəncə çinarları", "Kəpəzin zirvəsi haçadır" kimi ölkəmizə həsr edilmiş silsilə şeirləri bunu göstərir.
Bakıda oyanmaq
Türkcə səslər gəlir yollardan,
Qaranlığı yox edir türkcə işığı.
Bir az İzmirə bənzər,
Bir az İstanbula,
Dənizlə dağ qarışığı
Daha mavi, daha ağ
Bakıda oyanmaq.
Səslənir radiodan mahnılar,
Bir bulaqdan axar dilin.
Qovaqlarla, çinarlarla, ardıclarla
Təbiətin eşiyinə
Daşar yaşılın
Ta içindəki bir yapraq,
Bakıda oyanmaq.
Bu əziz qonağı gəzdirirlər, Şamaxıya, Göyçaya, Gəncəyə aparırlar. Axı, sıxıcı rejimin qadağalarından keçib Azərbaycan adıyla qoşalaşıb tənləşən Nizami, Füzuli, Sabir, Səməd Vurğun, Müşfiq yurdu ilə necə görüşmədən dönmək olardı?!
Kitabda vahid mövzu ətrafında toplanmış müxtəlif yazıların cəmləndiyi bu əsərə şairin Tofiq Məlikliyə "sevgili kardeşim Tevfik" deyə ünvanladığı və "gözlerinden öperim" vidası ilə vidalaşaraq göndərdiyi məktublar, habelə Dağlarcanın şeirlərindən seçmələr, müasiri olduğu elm, mədəniyyət xadimlərinin rəyləri də daxil edilmişdir.
Kitablara sığdırdığı türk şeirinə, şairin şəxsiyyətinə aid təfərrüatlı qeydlər bir yana, Tofiq Məliklinin bir cümlə ilə Fazil Hüsnü Dağlarca - "Türk dilinin ona qədər istifadə olunmamış ifadə imkanlarını ortaya qoyan, poetik obrazların zəngin dünyasını, insanların ağlına və qəlbinə hakim kəsilən fikirlər pəncərəsini şeir bilicilərinin üzünə taybatay açan görkəmli türk şairi" təqdiminə ürəklə qol qoyuruq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!