XX əsr ədəbiyyatımız yeni ədəbi-tarixi düşüncə kontekstində

Professor Bədirxan Əhmədlinin üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərslik-monoqrafiyasının I cildi üzərinə

 

XX əsr artıq arxada qalsa da, hələ ki bu dövrün ədəbiyyatına vahid ədəbi prizmadan baxılmamış, ədəbi hadisələr, ədəbi proses indiyədək yerində oturdulmamışdır. Müstəqillikdən keçən 30 il bizim bu dövrü, ədəbi hadisələri yenidən qiymətləndirməmizi şərtləndirsə də, xüsusilə, yeni dərsliklərin yazılmaması gənc nəslin formalaşmasında ləngimələrə səbəb olur. Yeri gəlmişkən, ədəbiyyat sahəsində hələ də sovet ideologiyası təsiri  ilə yazılan dərsliklərdən istifadə edilməsi bu mənzərəni aydın şəkildə ifadə edir. Yüksək səviyyəli auditoriyalar üçün dərslik, monoqrafiya və dərslik-monoqrafiyaların yazılması dərin və əhatəli elmi biliklərə yiyələnməklə yanaşı, həm də yüksək peşəkarlıq, uzun illər ərzində əldə edilmiş zəngin mühazirəçi təcrübəsi və tədqiqatçı bacarığı tələb edir. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin 2010-2011-ci illərdə üç cildlik  "Azərbaycan ədəbiyyatı tarixi" dərsliyinin 1 və 2-ci cildlərinin çapı bu sahədə olan böyük boşluğu müəyyən mənada aradan qaldırırdı. Lakin bu tendensiya davam etmədi; məsələn, XIX əsr Azərbaycan ədəbiyyatını hələ də tələbələrimiz 50-60 il əvvəl yazılan akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyindən oxuyurlar. Baxmayaraq ki, bu keçən müddətdə XIX əsrlə bağlı onlarla tədqiqatlar üzə çıxmış, hadisələrə münasibət dəyişmiş, ədəbiyyat tarixçiliyinin özündə yeni meyarlar formalaşmışdır. Burada bir məsələni də qeyd etməyi vacib hesab edirəm; o da ali məktəblərdə dərsliklərin yazılmasına və çapına dəstəyin olmamasıdır. Bu cür dərslikləri nə universitetlər, nə də Elm və Təhsil Nazirliyi üzərinə götürür. Ona görə də bu sahədə görülən hər bir işə, dərslik və araşdırmaya qiymət vermək, dəyərləndirmək lazım gəlir. Əslində bu məqalənin yazılmasına səbəb də məhz budur... Professor Bədirxan Əhmədli 25 ildən çoxdur ki, Bakı Slavyan Universitetində XX əsr ədəbiyyatından tələbələrə mühazirələr oxuyur, eyni zamanda XX əsrlə bağlı ciddi elmi monoqrafiyaların müəllifidir. Bu əsrin elə bir ədəbi hadisəsi, şəxsiyyəti, cərəyanı yoxdur ki, tədqiqatçının onunla bağlı araşdırması olmasın. Tədqiqatçı bütöv bir əsrin ədəbi hadisə və şəxsiyyətlərinin yaradıcılığını sistemli şəkildə işləyərək bakalavr və magistrlər üçün üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərslik-monoqrafiyasını (Bakı, "Qanun", 2024, I-II cildlər) yenidən çap etdirmişdir. Deyim ki, bu, fundamental və son dərəcə əhəmiyyətli bir işdir; hələ ədəbiyyat tarixçiliyi istiqamətində tək müəllifin üç cildlik dərsliyi nəşr edilməyib. Əlbəttə, məsələ təkcə müəllifin bir əsrin ədəbiyyatını təkbaşına yazmasında deyil, onun fundamentallığında, problemləri çağdaş elmi-nəzəri kontekstdə yazmasında, ədəbiyyat tarixçiliyinin dünyəvi prinsiplərinə əməl etməsindədir. Yuxarıda sadaladığım keyfiyyətlərlə yanaşı, ənənəvi stereotiplər buxovundan azad olub, geniş oxucu auditoriyası üçün dərslik-monoqrafiya yaratmaq müəllifdən ziyalı vətəndaş təəssübkeşliyi, ciddi məsuliyyət tələb edir. Müəllif haqlı olaraq qeyd etdiyi kimi, müstəqillik illərində ədəbiyyatımızın keçdiyi inkişaf yoluna bir daha nəzər salmağı özünə borc bilmişdir, ədəbi-ictimai həyatımızın ayrı-ayrı hadisələrinə ümumi nəzəri-ədəbi-estetik baxışlar sistemi dəyişmiş, onun müxtəlif yönlərini yenidən dəyərləndirmək üçün yeni imkanlar yaratmışdır. Belə ki, XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin həyatında baş vermiş müxtəlifyönlü ictimai-siyasi-ədəbi keyfiyyət dəyişmələri (bunu intibah səviyyəli kimi qiymətləndirmək olardı) xeyli zəngin olmaqla mürəkkəbliyi ilə seçilir. Problemin əhəmiyyətliliyini nəzərə alaraq, mən də hər cildə bir məqalə həsr edərək, onun elmi, metodiki mahiyyətini üzə çıxarmağa çalışacam. 

 

Əvvəlcə "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildinə nəzər salaq. Bu cild Azərbaycan ədəbiyyatı tarixinin çox az tədqiq olunmuş bir mərhələsini (1890-1920-ci illər) əhatə edir. Tədqiqatçı ilk dəfə olaraq bu dövrü "Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü" kimi xarakterizə edir, milli hərəkatın mənbə və qaynaqlarını, onun xüsusiyyətlərini təhlil edir. Bu ədəbiyyat tarixinin bir xüsusiyyəti də dövrün ictimai-siyasi, ədəbi, mədəni hadisələrinin icmal yolu ilə araşdırılmasıdır. Qətiyyətlə deyə bilərəm ki, bu icmallarda dövrün mahiyyəti, xarakteri bütün gerçəkliyi ilə üzə çıxır. Bu icmaldan xalqın siyasi potensialının üzə çıxmasında ədəbi düşüncə komponentlərinin yaxından iştirakını görürük. Azərbaycan ədəbiyyatının bir çox məsələlərini dövrün ictimai kontekstində təhlilə cəlb edən tədqiqatçı bu zaman Cəmaləddin Əfqani yaradıcılığının təsirini də nəzərdən qaçırmır. B.Əhmədli milli ideal axtarışlarında C.Əfqaninin siyasi-fəlsəfi görüşlərini önə çəkərək yazır ki, "səyyah filosof" cəmiyyətin inkişafı üçün azadlıq, bərabərlik, qardaşlıq prinsiplərini önə çəkərək, "milli vəhdət" problemini (kök, dil və din) irəli sürürdü: Onun fikrincə, Azərbaycan türklərinin milli oyanış və inkişafını Qərb modelini qəbul etməklə təmin etmək olar... Onun ideyalarından bəhrələnən Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və Ə.Hüseynzadə bu ideyaları inkişaf etdirmişlər. B.Əhmədli C.Əfqaninin ideyalarını şərh edərkən yazır: "Bütün bunlar Azərbaycan ictimai mühitində C.Əfqani ideyalarının yayılmasına şərait yaradır... Onları dərindən öyrənən Əhməd bəy Ağaoğlu, Ə.Hüseynzadə "İttihadi-islam"ı müsəlman aləminin nicatı hesab edirdilər". C.Əfqaninin həyat və fəaliyyəti keçən əsrin 90-cı illərinin sonuna qədər Azərbaycan oxucusu üçün qaranlıq idi. Milli şüurun formalaşması yolunda M.F.Axundzadənin başlatdığı yolun H.Zərdabi tərəfindən davam etdirilməsi, Cəmaləddin Əfqani əsərlərində milli və dini ideyanın tərəqqi problemləri, "Milli vəhdət fəlsəfəsi və dil birliyinin mahiyyəti" ideyası verilir. Azərbaycançılıq ideyasının təşəkkülündə mətbuatın rolu, Azərbaycan sözünün xalq, millət və coğrafi ərazini ifadə etməsinin bədii düşüncədəki inikası kimi məsələlər də öz həllini tapır. "Əkinçi", "Kəşkül", "Ziya", "Ziyayi Qafqaziyyə" və daha sonra İ.Qaspıralının redaktoru olduğu "Tərcüman" qəzetlərinin xalqın milli özünüdərk prosesindəki rolu artır. Bu dövrü Azərbaycan ədəbiyyatının qaynaqlarını araşdırarkən Ə.Hüseynzadə, M.Hadi, H.Cavid, Ə.Cavad, C.Cabbarlı əsərlərindəki milli vəhdət və məfkurə fəlsəfəsinin qaynaqlarına baş vuraraq, millətçilik, türkçülük, islamçılıq düşüncəsinin formalaşma yollarını aydınlaşdırır. 

Professor Bədirxan Əhmədli doğru qeyd edir ki, məhz bu dövrdən Azərbaycanda ədəbi proses canlanır və yeni mərhələyə daxil olur. Siyasi hadisələr ədəbi prosesə təsir etdiyi kimi, ədəbi düşüncə də siyasi proseslərin dərkində xalqın formalaşmasını şərtləndirən amillərdən olur.  Bu dövrdə publisistikanın sürətli inkişafı, ictimai-siyasi idealların mətbuatda geniş əksi, milli ideya axtarışları, azadlıq, hürriyyət və müstəqil dövlət quruculuğu idealları, milli dövlət quruculuğu mətbuatda başlıca mövzuya çevrilir. Realizm, tənqidi realizm və romantizm metodları ədəbi yaradıcılıq üfüqlərini daha da genişləndirir, Avropa mənəvi dəyərləri, elm, təhsil və mədəniyyəti bu dövrün ədəbi prosesinə, ədəbi-estetik düşüncəyə güclü təsir göstərir. H.Zərdabi, İ.Qaspıralı, Ə.Hüseynzadə, Cəlil Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, A.Səhhət, H.Cavid, A.Şaiq, M.Hadi, Ə.Ağayev, N.Nərimanov, Ə.Nəzmi, Abdulla Divanbəyoğlu, S.S.Axundov, S.M.Qənizadə, Ö.F.Nemanzadə, İ.Musabəyov,  M.Ə.Möcüz və başqalarının ədəbi prosesə qoşulması onun mövzu və ideya istiqamətlərinin sərhədlərini daha da genişləndirdi. Haqlı qeyd olunduğu kimi, bu vaxta qədər yazılmış dərsliklərdə sovet ədəbiyyatşünaslığının dövrün ədəbi proseslərinə ancaq proletar diktaturası, sinfi mənafe mövqelərindən yanaşma və  dəyərləndirmə prinsiplərini əsas götürməklə obyektiv qiymətləndirməyə imkan verməmişdir. Odur ki, müəllif bütöv bir epoxanın ədəbi prosesinə yeni yanaşma sərgiləməyi qarşısına məqsəd qoymuş, uzun illərin gərgin axtarışları sayəsində "hər şeyi" öz yerinə qoya bilmişdir. "Mətbuat və publisistika", "Füyuzat və füyuzatçılar", "Molla Nəsrəddin jurnalı və ədəbi hərəkatı", "Azərbaycan satirik mətbuatı", "Proletar mətbuatı" kimi başlıqlarda publisistikanın araşdırılması dövrün mənzərəsini aydınlaşdırmağa xidmət edir. İlk dəfə olaraq ədəbiyyat tarixi dərsliyində "Füyuzat" jurnalının yeri və mövqeyi araşdırılır. Füyuzatçılığın tarixi əhəmiyyəti uzun müddət qiymətini ala bilməsə də, zaman keçdikcə mahiyyəti daha aydın görünməyə başlayır. Müəllifin yazdığı kimi: "Füyuzatçılıq çarizmin dayaqlarının sarsıdılmasında əvəzsiz rol oynadı, çarizmin əsarəti altında olan türk xalqlarının mənəvi birliyi ideyasının tribunasına çevrildi. Füyuzatçılıq Turançılıq ideyasının əsasını qoydu, Turançılıq isə türk xalqlarının bir məqsəd uğrunda mübarizəsinin stimullaşdırılmasında bir halqadır. Füyuzatçılıq türk xalqlarının milli özünüdərkini reallaşdırdı, milli şüurunu bir yerə topladı" (s. 60-61). "Molla Nəsrəddin" jurnalı və ədəbi hərəkatına yeni baxış onun ədəbiyyat tariximizdəki yerini və mövqeyini qiymətləndirməyə imkan verir. Azərbaycan publisistikası kontekstində M.Şahtaxtlı, Ə.Ağaoğlu, Ö.F.Nemanzadə, H.Vəzirov kimi ədəbi-ictimai fikir tariximizdəki yeri və rolu da düzgün müəyyənləşdirilir. 

 

Dərslik-tədqiqatda dövrün mətbuatı, onun geniş təhlili, hər bir mətbuat orqanının başlıca ideya istiqamətləri, naşirləri (hətta yeri gəldikcə mətbəə sahibləri) haqqında geniş elmi təsəvvür yaradır ki, bu barədə nəşr olunmuş dərsliklərdə çox az məlumata təsadüf edirdik. Həmin məlumat orqanlarının milli birliyi, milli mənlik şüurunun yaranmasında tarixi rolu xüsusi qeyd olunur. "Füyuzat", "Molla Nəsrəddin", "Həyat", "İrşad", "Tazə həyat", "Tərəqqi", "Dəbistan", "Şəlalə", "Təkamül", "Bəhlul", "İttifaq", "Zənbur", "Rəhbər", "Həqiqət", "Yeni həqiqət", "Günəş", "Məluman", "Yeni irşad", "İqbal", "Yeni İqbal", "Açıq söz", "İşıq", "Haqq yolu", "Kəlniyyət", "Məktəb", "Bakı həyatı", "Yoldaş", "Səda", "Sədayi-Vətən", "Sədayi-Qafqaz", "Hilal", "Şəhabi-saqib", "Yeni  Füyuzat", "Nicat", "Dirilik", "Bəsirət", "Babayi-əmir", "Doğru söz", "Qurtuluş", "Hümmət" və s. qəzet və jurnalların tarixi rolu və əhəmiyyəti aydınlaşdırılır. Bu, həm də dövrün mətbuat mənzərəsini öyrənməyə imkan verir. 

Kitabın "Azərbaycan ədəbiyyatının romantizm mərhələsi və onun nümayəndələri", "Azərbaycan ədəbiyyatının tənqidi realizm mərhələsi və onun nümayəndələri", "Maarifçi realist ədəbiyyatı və onun nümayəndələri" başlıqları ənənəvi görünsə də, ədəbiyyat tarixçiliyi baxımından olduqca yenidir. Tədqiqatçı burada milli romantizmi önə çəkməklə qalmamış, onun maarifçilik ideyalarının təşəkkülündəki rolunu, milli romantizmin özünəməxsusluğu və onu şərtləndirən amilləri, milli romantizmin proqram və məramnaməsini, bədii düşüncədəki milli şüur, ictimai və milli azadlıqlar, türkçülük, vətənçilik problemlərini yeni ədəbi-tarixi düşüncə kontekstində dəyərləndirir. Azərbaycan romantizminin meydana gəlməsi, mərhələləri barədə müəllifin ortaya qoyduğu yeni yanaşmalar milli romantizmi dərk etməyə tamamilə imkan verir. Milli romantiklər sırasında H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiqlə yanaşı, ilk dəfə olaraq Ə.Hüseynzadə, Ə.Müznib, S.Mənsur, Ə.Səbur, Ə.Cənnəti kimi romantiklərə də ayrıca oçerklərin verilməsi onların ədəbiyyat tarixindəki yerini qaytarmağa xidmət edir. Əslində bu romantiklərin yaradıcılığı ilə tanış olduqda, onların nədən sovet dövründə "mürtəce romantiklər" adı ilə damğalandığının səbəbini başa düşmək çətin olmur. 

 

Yarım əsrə qədər yol gələrək, tənqidi realizm adı ilə təsbitlənən realizmin poetikası, problemləri, ədəbi-estetik prinsipləri də eyni dərəcədə araşdırma obyekti olur. Realist ədəbiyyatın da ədəbi fikrin formalaşmasındakı rolunu aydınlaşdırmağa çalışan müəllif onların yaradıcılığındakı vətəndaşlıq qayəsini, xalq və vətən taleyi ilə bağlı mövqeləri dərindən araşdırır. Onu da görürük ki, indiyədək XX əsrin əvvəllərində ədəbi cərəyanların sıralamasında B.Əhmədlinin ilk dəfə olaraq romantizmi önə keçirməsində müəyyən bir qanunauyğunluq görürəm. 

 

Prof.B.Əhmədlinin maarifçi realist ədəbiyyatının yeni mərhələsində romantizm və tənqidi realizmlə paralel inkişafı (tədqiqatçı XX əsrin əvvəllərinin maarifçi realizmini məhz bu cür dəyərləndirir və XIX əsr maarifçiliyindən ayırır), janr və formalarda təşəkkül problemləri və böyük bir hərəkat halını alması, maarifçi realistlərin ədəbi baxış və dünyagörüşlərində vətən sevgisi və vətəndaşlıq motivləri kimi məsələlər yeni tendensiyada təqdim olunur. 

Prof.B.Əhmədlinin "Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı" fəsli məsələnin qoyuluşu, ədəbi, bədii materialının zənginliyi və yeniliyi ilə diqqəti cəlb edir. Bu problemi də tədqiqatçı ilk dəfə olaraq dərslikdə ədəbi dövriyyəyə daxil edir. Məsələ heç də ilk dəfə elmi dövriyyəyə daxil olmasında deyil, ümumən Cümhuriyyət dövrünün ədəbi-estetik düşüncədə yerinin müəyyənləşdirilməsində, ədəbi düşüncənin milli, siyasi, tarixi hadisələrlə yaşaması və özündə əks etdirməsini bütün detalları ilə təhlilindədir. Ayrı-ayrı bədii, publisistik nümunələrlə tədqiqatçı milli mənlik və dövlətçilik şüurunun formalaşmasında ədəbiyyatın rolunu ön plana çəkir. Tədqiqatçı bu illərdə türkçülük, müasirlik, islamçılıq düşüncəsinin siyasi düşüncə ilə yanaşı, ədəbi düşüncədə də təsbit olunması fikrində haqlı görünür. Əslində bu illərdə həm də tərənnüm ədəbiyyatı yaradılır. Tədqiqatçı bu illərdə Ə.Cavad, A.Şaiq, Ə.Müznib, M.Hadi, C.Cabbarlı, Davud, Umgülsüm, Ə.Rai kimi şairlərin marş və milli vətənpərvərlik ruhlu şeirlərinin milli özünüdərk prosesindəki rolunu aydınlaşdırmağa nail olur. Cümhuriyyət dövründə poeziya önə keçsə də, bədii nəsr və publisistika, dramaturgiya nümunələrinə də müraciət edilir. Əhməd Cavad haqqında oçerkin Cümhuriyyət bölümündə  verilməsini də tədqiqatçının uğurlarından biri hesab etmək olar. Ona görə ki, Ə.Cavad sovet dövründə yaşasa da, çox yazmadı və yaradıcılığı mahiyyət etibarilə Cümhuriyyət ideyalarının təsviri ilə yadda qaldı.

Prof.Bədirxan Əhmədlinin dərsliyinin son bölümü həmin dövrün Cənubi Azərbaycanda yaranan ədəbiyyatının icmalı və "Marağalı Zeynalabdin" və "Mirzə Əli Möcüz Şəbüstəri" oçerkləri ilə tamamlanır. Bu, olduqca doğrudur və tədqiqatçı bu tendensiyanı 2 və 3-cü cildlərdə də davam etdirir. Cənubi Azərbaycan ədəbiyyatının bu mərhələsinin xüsusiyyətləri, milli düşüncə azadlığının ədəbiyyatda əks olunması, Sabir satirik ənənəsinin davam etdirilməsi, Səttarxan hərəkatının tərənnümü və s. məsələlər Azərbaycan ədəbiyyatını bütöv görməyə imkan verir. 

 

Prof.B.Əhmədli olduqca əhatəli elmi axtarışlar aparır və bu axtarışları sayəsində belə nəticəyə gəlir ki, bu dövrə qədərki elmi təhlillər ancaq ideoloji mövqelərdən, kommunist ideologiyası prinsiplərinə uyğun aparıldığından millətin gələcəyi naminə mübarizə aparan, mərd, qeyrətli oğullarının ədəbi yaradıcılığına biganə, laqeyd yanaşılmış, əksərən onlar dövrün ədəbi prosesindən "kənarlaşdırılmış", burjua-millətçi platformanın nümayəndələri kimi gözdən salınmışdır. Birbaşa qeyd edək ki, dərslik-monoqrafiyanın yazılmasında bu amilləri əsas götürmüş müəllif gərgin, çoxillik zəhməti bahasına öz məqsədinə çatmışdır. Bu cəhətdən bu araşdırmada həm də ədəbiyyatşünaslığımızı zənginləşdirən problemlər vardır. Bu problemlərin varlığı bizə gələcəkdə hansı istiqamətdə və mövzularda yeni araşdırmalar aparmamıza da yol göstərir. 

 

Dərslik-tədqiqatda xoşa gələn cəhətlərdən biri də məhz bu vaxta qədər həyatı, yaradıcılıqları kölgədə qalan ədəbi, ictimai şəxsiyyətlərin yaradıcılığının işıqlandırılması, onların milli auditoriyaya təqdim olunmasıdır. Millətin istiqlalı uğrunda mübarizə aparan C.Əfqani, İ.Qaspıralı, Ə.Hüseynzadə, O.F.Nemanzadə, Ə.Ağaoğlu, Ə.Müznib, Ə.Səbur, H.Vəzirov, Ö.F.Nemanzadə, Ə.Cənnəti, S.Mənsur, M.Zeynalabdin və başqa şəxsiyyətlərin ədəbiyyat tarixçiliyimizə gətirilməsi, onların həyat və yaradıcılıqlarının geniş elmi panoramasının yaradılması, ictimai-siyasi görüşlərinin geniş elmi təhlili ilk dəfə fundamental şəkildə bu nəşrdə reallaşır. Genişmiqyaslı bu işi elmi-nəzəri sistemə salmaq oxucunu heyrətləndirir. "Onlar dövrün, zamanın görkəmli şəxsiyyətləri, fikir adamı kimi nəinki Azərbaycanda, Yaxın və Orta Şərqdə, hətta Avropada belə tanınırdılar", - deyə müəllif belə bir düzgün nəticə çıxarır.

Aydındır ki, XIX əsrin son illəri, XX əsrin əvvəlləri Azərbaycanın ictimai-siyasi həyatında ən zəngin, həmçinin ən mürəkkəb və ziddiyyətli bir dövr idi. Bu dövrün ədəbi-publisistik xronologiyasını araşdırmaq, sistemləşdirmək, güclu elmi təhlil və arqumentlərlə onun ümumi elmi mənzərəsini yaratmaq, doğrusu, xeyli çətin olsa da, müəllif bu işin öhdəsindən gələ bilmişdir.

 

Mütəfəkkir şəxsiyyət, filosof və ədib Əlibəy Hüseynzadənin bilavasitə təşəbbüsü ilə təsis olunan "Füyuzat" jurnalının Azərbaycanda ictimai-siyasi fikrin, milli ideyaların formalaşmasında oynadığı tarixi rol xüsusi vurğulanır. Qeyd olunur ki, Azərbaycan və Türkiyənin ziyalı elitasının tanınmış ictimai xadimlərini ətrafına toplamış jurnal redaksiyası qısa müddətdə milli şüurun inkişafına təkan verdi. H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, Abbas Səhhət, H.Cavid, M.Ə.Rəsulzadə, İ.B.Qasprinski, Abdulla Cövdət, Tofiq Fikrət, Həsən Səbri Ayvazov, Xalid Ziya Üşşaqzadə, Sirət Əfəndi, Mirzə Nəsib Qüdsi v.b. kimi insanları redaksiyasına toplayan jurnal milli şüurun yetkinləşməsində əvəzsiz rol oynamışdır.

Prof.Bədirxan Əhmədli jurnalın adının üstündən qara pərdəni götürüb onun xidmətlərini qeyd edərək yazır: "Göründüyü kimi, bu şəxsiyyətlər həm zamanında, həm də sonralar Azərbaycan ədəbi, bədii, elmi-publisistik və siyasi düşüncəsini yönləndirən şəxsiyyətlər idi və Ə.Hüseynzadənin onları bir mətbuat orqanı ətrafına toplaması ictimai-siyasi fikrin formalaşmasında mühüm rol oynamışdır".

 

Prof.B.Əhmədli "Füyuzat"ın Azərbaycan ictimai-siyasi fikir tarixində oynadığı rolunu belə qiymətləndirir: "Füyuzatçılıq bir ədəbi cərəyan, ideoloji baza kimi formalaşdı, çarizmin dayaqlarının sarsılmasında əvəzsiz rol oynadı, türk xalqlarının birliyi  ideyasının tribunasına çevrildi, Turançılıq ideologiyasının əsasını qoydu, vahid mübarizə platformasının yaranmasına kömək etdi, milli özünütəsdiq şüurunu bir yerə topladı, Qərb və Şərq mədəniyyətlərinin sintezi ideyasını yaratdı, "türkləşmək, islamlaşmaq, müasirləşmək" düsturunu yaratdı, islamdakı məzhəbləşməyə birdəfəlik son qoydu, ümumi dil konsepsiyasının əsasını qoydu, ədəbi düşüncədə romantizmin nəzəri və praktik əsasını qoydu".

Dərslikdə M.A.Şahtaxtlı, Ə.Hüseynzadə, H.Vəzirov, Əhməd bəy Ağaoğlu, Əlipaşa Səbur, Əbdülxaliq Cənnəti, S.Mənsur və başqaları haqqında yazılmış ədəbi-tarixi oçerklər oxucu auditoriyası üçün yeni və maraqlıdır. Əli bəy Hüseynzadə haqqında  yazılmış ədəbi oçerklər onun ədəbi, ictimai-siyasi görüşləri, şərəfli həyat yolu haqqında ətraflı təsəvvür yarada bilir.  Mütəfəkkir şəxsiyyət Ə. Ağaoğlunun Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rol, "Difai" təşkilatının yaradılmasında xidmətləri onun vətən, millət qeyrəti çəkən vətəndaş olduğunu bir daha təsdiqləyir.

 

XX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə çoxlu sayda araşdırmaların müəllifi professor Bədirxan Əhmədlinin bu araşdırması son otuz ildə ədəbiyyat tarixçiliyi ilə bağlı aparılan ən yeni tendensiyanı, təmayülləri özündə ehtiva edir. Haqqında danışdığımız bu cild monumentallığı, fundamentallığı və məsələyə kompleks yanaşması ilə diqqəti cəlb etməklə yanaşı, XX əsr Azərbaycan ədəbiyyatının həmin dövrü haqqında yazılmış sanballı bir mənbədir. Dərslik-monoqrafiyanın yüksək elmi auditoriya üçün yazılmasına baxmayaraq, çağdaş ədəbiyyatşünaslığımızın bütün problemlərini əhatə edir və tədqiqatçılar üçün zəngin mənbə rolunu oynayır. Bu, olduqca əhəmiyyətli işdir və ümumən ədəbiyyatşünaslığımızın uğurudur. Fikrimizcə, bu məsələyə ədəbiyyatşünaslar, təhsil işçiləri, universitet kafedraları, müəllimlər ciddi yanaşmalı, müzakirəsini keçirməlidirlər. Biz isə müəllifi təbrik edir və gələcək məqalələrimizdə sonrakı cildlərin də mahiyyətinin çatdırılmasına söz veririk.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!