İsa HƏBİBBƏYLİ
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında satirik ədəbiyyatın əsas yaradıcılarından biri olan yazıçı-publisist Xeyrəddin Qoca artıq ölkəmizdə bu sahənin ən aparıcı simaları sırasındadır. Çətin və məsuliyyətli yaradıcılıq sahəsi olan satirik ədəbiyyatın böyük ənənələrinin yaşadılması və yeni tarixi dövrə uyğun olaraq yaradıcı şəkildə inkişaf etdirilməsi Xeyrəddin Qocanın ədəbiyyat sahəsindəki əsas uğurudur. O, əvvəlcə tənqidi xarakterli publisist məqalələr yazıb çap etdirməkdən tədricən satirik nəşrə keçmiş və bu istiqamətdə özünü tapmışdır. Artıq Azərbaycan ədəbi-elmi ictimaiyyəti Xeyrəddin Qocanı ciddi satirik yazıçı kimi yaxından tanıyır və onun satira yaradıcılığı sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir.
Çoxcəhətli fəaliyyətə malik olan Xeyrəddin Qocanın keçdiyi yol maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən rəsmi diplomatik işə, qəzetçilikdən satirik nəsrə qədər geniş bir dairəni özündə cəmləşdirir. Keçilən yolun təhlili göstərir ki, maarifçilik onun çoxcəhətli fəaliyyətinin möhkəm bünövrəsini təşkil edir. Yazıçı üçün zəruri olan cəmiyyət həyatının, ictimai gedişatın, insanlararası münasibətlərin dərindən dərk olunub ələkdən keçirilməsi maarifçi düşüncənin səviyyəsi ilə müəyyən olunur. Müəllim ailəsində böyüyüb boya-başa çatması, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alması Xeyrəddin Qocanın dünyagörüşünün formalaşmasında maarifçi baxışların mühüm yer tutduğunu göstərir. Həyatını bütövlükdə maarifçiliyin təməl prinsiplərindən biri olan mətbuata bağlaması da onun maarifçi baxışlarının yetkinləşməsində və zənginləşməsində rol oynamışdır. Xeyrəddin Qocanın dünyagörüşü müəllim ailəsi, məktəb, mətbuat, ədəbiyyat və teatr mühitində mərhələ-mərhələ inkişaf edərək, nəhayətdə, cəmiyyət hadisələrinə münasibətdə müəyyən baxış bucağının yaranması ilə nəticələnmişdir. Fikrimizcə, onun yaradıcılığında əsas yer tutan həqiqət axtarıcılığı amili də milli maarifçilik zəminində ərsəyə gəlmiş həyat və sənət prinsipidir.
Mətbuat sahəsində keçdiyi yol Xeyrəddin Qoca üçün ilk növbədə, həyatı və insanları daha yaxından tanımaq, habelə qələm vərdişləri qazanmaq baxımından böyük məktəbə çevrilmişdir. "Politexnik" qəzetinin müxbirliyindən, ayrı-ayrı qəzet redaksiyalarında daşıdığı baş redaktor müavini vəzifələrindən, "Dan ulduzu" və "Yeni Azərbaycan" qəzetlərinin baş redaktorluğunadək keçilən çətin və məsuliyyətli yolun təcrübəsi onun üçün təkcə qəzet materiallarını geniş oxucu kütləsinə çatdırmaqdan ötrü yox, həm də həyat materialını dərindən öyrənmək və təqdim etmək baxımından ciddi zəmin hazırlamışdır. Beləliklə, maarifçi dünyagörüş və zəngin həyat təcrübəsi və mətbuat dünyası Xeyrəddin Qocanı yaradıcılığa və ictimai fəaliyyətə gətirən başlıca amil olmuşdur.
XX əsrin sonlarında Xeyrəddin Qoca artıq mətbuatda və həyatın burulğanlarında bişib möhkəmlənmiş yetkin qələm ustası və əsl əqidə sahibi idi. Cəmiyyət həyatında baş verən mürəkkəb ictimai-siyasi proseslərin alt qatlarını, dərinliklərini görə bilmək, əsas inkişaf meyillərini düzgün dəyərləndirmək bacarığı sayəsində o, xalqımızın nicatı yolları barədə düşünərkən, Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutmağın zərurətini hamıdan tez hiss edənlərdən, gün kimi aydın olan bu gerçəkliyi birmənalı şəkildə qəbul edənlərdən biri kimi, yeni Azərbaycan uğrunda fəal mübarizəyə ilk qoşulanlardan olmuşdu. Xeyrəddin Qoca Heydər Əliyevçilik - yeni azərbaycançılıq hərəkatına ürəklə bağlı olan, bu hərəkatın reallığına və gələcəyinə dərindən inanan vətənpərvər Azərbaycan ziyalısıdır. Yeni Azərbaycan Partiyasında və eyniadlı qəzetdəki səmərəli fəaliyyəti onun həyatının mühüm əhəmiyyətə malik olan tarixi səhifələridir: "Yeni Azərbaycan" qəzetindəki məqalələri geniş mənada yeni azərbaycançılığa xidmətin yaddaqalan publisist səhifələridir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi də Xeyrəddin Qoca Yeni Azərbaycançı mövqeyinə mübariz təmsilçisi və dönməz müdafiəçisi kimi fəaliyyət göstərmişdir. Nəhayət, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində çalışmış Xeyrəddin Qoca müstəqil dövlətimizin maraqlarının ölkəmizdən kənarlarda da qorunub möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarında mühüm xidmətlər göstərmişdir.
Heç şübhəsiz ki, Xeyrəddin Qoca, hər şeydən əvvəl, tanınmış qəzetçi-publisistdir. Fəal vətəndaşlıq mövqeyi, cəmiyyət hadisələrinə aydın və cəsarətli münasibət, habelə qələm vərdişlərinin yetkinliyi onun publisistikasının səciyyəvi xüsusiyyətləridir. Azərbaycan mətbuatının mübariz ənənələri üstündə köklənmiş Xeyrəddin Qoca ölkəmizdə yeni tarixi mərhələnin publisistikasının əsas yaradıcılarından biridir. Ümumiyyətlə, o, müstəqillik dövrü yeni azərbaycançı publisistikasının tanınmış nümayəndəsidir. Publisistikasındakı ictimai kəsər, aydın vətəndaşlıq mövqeyi, cəsarətli münasibət onun yazıçı kimi daha da inkişaf edib ədəbiyyatın ön cəbhəsinə çıxmasına müsbət təsir göstərmişdir.
Artıq Azərbaycan oxucusu Xeyrəddin Qocanı daha çox satirik yazıçı kimi tanıyır. Tərəddüd etmədən demək olar ki, Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan satirik nəsrinin görkəmli yaradıcılarından biridir. O, hələ tələbəlik illərində satirik nəsr sahəsində ilk addımlarını atmış, sonralar həyatının bütün mərhələlərində satiraya sadiq qalaraq, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirmişdir. Vaxtilə "Kirpi" jurnalında çap edilən satirik hekayələri və felyetonları ilə o, geniş oxucu auditoriyasının və ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Bütün bunlarla bərabər, Xeyrəddin Qoca satirik yazıçı kimi müstəqillik dövründə parlamış, böyük nüfuz qazanmışdır. Xeyrəddin Qoca satirik ədəbiyyatda qüdrətli yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır. Özünün də etiraf etdiyi kimi, onun satira yaradıcılığına ardıcıl münasibətlərin mahiyyətində "mollanəsrəddinçilik işini davam etdirənlərdən biri olmaq arzusu" əsas yer tutmuşdur. Hazırda Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı-publisistdir. Məlum olduğu ki, hazırkı ədəbi prosesdə satirik şeir yazmaq istiqamətində müəyyən canlanma müşahidə olunsa da, satirik nəsr və publisistika üzrə böyük bir boşluq nəzərə çarpmaqdadır. Xeyrəddin Qoca müasir mərhələdə satirik nəsrin və vətəndaşlıq publisistikasının fədakar yaradıcısıdır. Məhz onun yorulmaz satirik yazıçı kimi ardıcıl yaradıcı fəaliyyəti ilə ədəbiyyatımızda həmin boşluq hiss olunmur. Xeyrəddin Qoca neçə illərdir ki, "Molla Nəsrəddin" məktəbi ənənələrini davam və inkişaf etdirmək yollarında ardıcıl olaraq çalışmaqla yeni tarixi dövrün görkəmli mollanəsrəddinçisi miqyasına gəlib çıxmışdır.
Müşahidələr göstərir ki, Xeyrəddin Qocanın satirası mövzu və ideya etibarilə onun siyasi əqidəsi olan azərbaycançılıq dünyagörüşünün təzahürlərindən ibarətdir. O, müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi yollarında əl-ayağa dolaşan nə varsa, hamısının satirik gülüşün tənqid hədəfinə çevrilməsi cəbhəsində mübariz keşikdədir. Bununla yanaşı, Xeyrəddin Qocanın satirik nəsri janr baxımından da zəngin və rəngarəngdir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında miniatür satirik nəsrin əsas yaradıcısıdır. Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq, bədii ümumiləşdirmə qabiliyyəti Xeyrəddin Qocanın satirik nəsrinin ana xətləridir. Qələmə aldığı miniatür hekayələrində o, cəmiyyətin inkişafına mane olan meyilləri ciddi yazıçı sərrastlığı ilə seçib ayırmış, görüb göstərmişdir. O, Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın "maralları"nın bədii obrazını yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin Qocanın "maralları" Molla Nəsrəddin "maralları"nın davamçıları, xələfləridir. O, tənqid hədəfi, obyekt kimi seçdiyi mövzunu və ya obrazı konkret həyat hadisələrinin axarında göstərməklə, nəticə olaraq "hərə öz payını götürsün" prinsipinə əməl edir. Bu baxımdan Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatının yeni dövrünün Əbdürrəhim bəy Haqverdiyevi olmaq adına sədaqətlə xidmət edir.
Yaxşı cəhətlərdən biri də odur ki, Xeyrəddin Qocanın miniatür hekayələrində nəsihətçilik yoxdur. Bu hekayələrdən nəticəni oxucu özü çıxarmalı olduğu üçün Xeyrəddin Qocanın satirası düşündürücü gülüşün bədii ifadəsinə çevrilir. O, satira vasitəsilə həm güldürməyə və həm də düşündürməyə çalışır və buna nail ola bilir. Onun yaradıcılığındakı düşüncə ilə gülüşün vəhdəti nəticə etibarilə əsl satirik ədəbiyyat nümunələrinin meydana çıxması ilə nəticələnir. Hər iki amili kiçik həcmə malik olan miniatür nəsr nümunələri vasitəsilə həyata keçirmək isə Xeyrəddin Qocanın yaradıcılıq istedadının konkret əməli ifadəsidir.
Xeyrəddin Qoca Azərbaycan yazıçıları arasında həm də miniatür hekayə kitablarının da ilk yaradıcılarındandır. Yəni o, yığcam miniatür hekayələr yaratdığı kimi, miniatür hekayələrdən ibarət olan kiçikhəcmli miniatür kitabların da müəllifidir. Xeyrəddin Qocanın əl kitabı kimi meydana çıxan miniatür kitabları sadə və yığcam süjetinə, aşıladığı düşündürücü ictimai fikirlərə görə dərhal qəlb kitablarına çevrilir. Müəllifin satirik etüdləri xatırladan hekayələri həcm etibarilə miniatür kitabın cəmi bir səhifəsində, bəzən yarım vərəqində yerləşir. Bununla belə, həcm baxımından çox yığcam olan hekayəciklərdə təsirli və düşündürücü mətləblər öz əksini tapmışdır. Çox yığcam miniatür hekayə mətnində böyük mətləbləri əks etdirmək Xeyrəddin Qocanın yaradıcılıq özünəməxsusluğu hesab oluna bilər. Hətta cəmi bir cümlədən ibarət olan "Atalar sözləri" formatındakı satirik etüdləri vasitəsilə də Xeyrəddin Qoca hər hansı bir hekayənin ifadə edə biləcəyi mətləbi canlandırmağı bacarır: "Bir vəzifəyə sahib olar-olmaz, özünə qoruma tut ki, önəmli kişidir desinlər", "Yalandan gülümsə ki, qəlbindəki bəlli olmasın" - qəbilindən olan yazıçı təxəyyülü vasitəsilə yaradılmış atalar sözlərinin bətnində ciddi bir hekayənin mətni yaşayır. Yazıçının cəmi iki-üç sətirdən ibarət olan "satirik tövsiyələr"i də miniatür satirik nəsrin yaddaqalan örnəkləri kimi diqqəti cəlb edir. Məsələn, "Müdirin yanına getmək istədiyiniz zaman önsə katibədən bu gün onun əhvalı necədir, deyə soruşun; yardım etdiyiniz kişini minnət altında qoyun. Yoxsa, işin öz-özünə başa gəldiyini zənn edər, hörmətsiz olarsınız; Azərbaycan musiqisini çox dinləməyin, yoxsa, geri qalmışdır, deyərlər; səhnədə kim çox bağırırsa, onu alqışlayın. Bu, o deməkdir ki, o, çox yaxşı oxuyur." Bu satirik tərzdə deyilmiş bir cümləlik yumoristik tövsiyələr Xeyrəddin Qocanın yaradıcılığında ardıcıl olaraq davam etdiyi üçün miniatür janr təsiri bağışlayır.
Xeyrəddin Qocanın satirik nəsrində publisistika əlamətləri güclüdür. Bu, bir tərəfdən, müəllifin qəzetçiliklə daha çox məşğul olmasından, digər cəhətdən isə, seçilmiş mövzuların xarakterindən irəli gəlir. Publisistikaya meyil yazıçının miniatür hekayələrinin aktuallığını, müasirliyini və kəsərini daha da artırır. Xeyrəddin Qocanın miniatür satirik nəsr nümunəsi olan bir çox kiçik hekayələri həyatda baş verən hadisələr təəssüratı oyadır. Bir çox hallarda isə o, özünün iştirakı ilə olmuş əhvalatları, yaxud şəxsən müşahidə etdiyi həyati məqamları qələmə almaqla satirik hekayələr yaratmağa müvəffəq olur. Satirik hekayələrində süjetin çoxşaxəliliyi onun həyatı və insanı daha geniş planda təsvir etməsinə şərait yaradır. Miniatür hekayələrində olduğu kimi, satirik hekayələrində də Xeyrəddin Qoca daha çox yumoristdir. Daha doğrusu, onun hekayələrində satira ilə yumor bir yerdə çıxış edir. Xeyrəddin Qoca cəmiyyət hadisələrinə münasibətdə yumorist, yaramaz tipə münasibətdə isə satirikdir. Onun hekayələri mənəvi mühitin islah olunmasına, başabəla tiplərin isə ifşa edilməsinə xidmət edir.
Satirik nəsrlə yanaşı, komediya janrında da Xeyrəddin Qoca özünəməxsus uğurlar qazanmışdır. Hekayələri kimi, onun komediyaları da yığcam, düşündürücü və ibrətamizdir. Bu pyesləri janrına görə şərti olaraq, satirik-yumoristik komediyalar adlandırmaq olar. "Hərənin öz payı" komediyası Xeyrəddin Qocanın hekayələrindən təşkil olunmuş orijinal dram əsəridir. Buna baxmayaraq, dram əsərlərində Xeyrəddin Qoca hekayələrindəki təhkiyəni, nağıletməni dramaturgiyaya xas olan dialoq və monoloqlara çevirməyi bacarmışdır. Bundan başqa, o, komediyalarında Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin ictimai idealları ilə müasir həyatın əlaqələndirilməsi əsasında yazılmış "Hərənin öz payı..." komediyasında həm də Mirzə Ələkbər Sabirin şeirlərindən istifadə etməklə klassik ədəbi irs və müasir həyat formatında orijinal bir dram əsərini meydana gətirmişdir. XX əsrin əvvəllərində bu formatda yazılmış Əbdürrəhim bəy Haqverdiyevin "Xəyalət" pyesində avtobioqrafik motivlər ön planda olduğu halda, Xeyrəddin Qocanın "Hərənin öz payı" əsərində şəxsiyyətlər deyil, mövzular və tiplər diqqət mərkəzinə çəkilmişdir. "Hərənin öz payı" pyesi yeni tarixi dövrün orijinal mollanəsrəddinçi dram əsəridir.
Bütün bunlara görədir ki, "Hərənin öz payı" komediyası Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmaq statusu qazana bilmiş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Müasir cəmiyyətin problemlərini əks etdirən "Qonşulaşma, qohumlaşma, kirvələşmə" komediyası Azərbaycan Dövlət Televiziyası ilə tamaşaçılara çatdırılmış və rəğbət qazanmışdır. "Bu, bizim zəmanədir", "Düzü-düz, əyrini-əyri", "Toy olacaq..." komediyalarında cəmiyyətdə gedən yeniləşmə proseslərinin işığında, həyati meyillərin axarında mənəvi-əxlaqi dəyərlərin qorunmasının aktual məsələsi gündəmə gətirilmişdir. Bu komediyalarda ilk növbədə, Xeyrəddin Qocanın cəmiyyət həyatına dərindən bələd olması və aydın yazıçı mövqeyi diqqəti cəlb edir. Eyni zamanda hekayələrində yaddaqalan satirik tiplər yaradan Xeyrəddin Qocanın komediyalarında bənzərsiz komik xarakterlər təqdim etməsi də diqqəti cəlb edən yaradıcılıq xüsusiyyətidir.
Ümumiyyətlə, Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı ölkəmizdə yeniləşmənin, mənəvi kamilliyin, əqidə bütövlüyünün, sabit ictimai mövqeyə malik olmağın möhkəmləndirilməsinə ünvanlanmışdır.
Azərbaycan ədəbi tənqidinin və tanınmış Türkiyə ziyalılarının Xeyrəddin Qocanın yaradıcılığına verdikləri yüksək qiymət həm də yeni dövr Azərbaycan ədəbiyyatında satiranın dəyərləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Xeyrəddin Qocanın yaradıcılığı Azərbaycan ədəbiyyatının satirik qolunu daha da zənginləşdirir və inkişaf etdirir.
Bu gün həyatının yetmiş beşinci ilini Xeyrəddin Qoca nikbin gülüşlə, xoş təbəssümlə qarşılayır. Xeyrəddin Qocanın yazıçı düşündürücü gülüşü xeyirə, yaxşılığa, halallığa, nikbinliyə, sabaha yol açır.
Xeyrəddin Qoca satirik qələmlə müstəqil dövlətçiliyimizin mübariz keşiyindədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!