Azər TURAN
22 yaşı vardı. Min illik poeziyanın keçmişinə aid olan hər şeydən, hər şeydən əvvəl də şerin şairanə ədasından - ənənəvi və kübar geyimindən - vəznindən, qafiyəsindən, təşbehindən vaz keçdi. Əhməd Haşimin "Akşam, yine akşam, yine akşam… Göllerde bu dem bir kamış olsam!" - deyə klassik divan ənənəsinə modern ruh daşıyan simvolizminə yaradıcılığının ilk aşamasında heç də biganə olmayan Orxan Vəlinin "... Eskiler verip musikiler alıyorum. Bir de rakı şişesinde balık olsam" kimi daha modern misraları göz vurdu.
Orxan Vəli yaradıcılığının Qərib dönəmində ənənədən gələn hər nə varsa hamısından imtina etdi. Mədəniyyət böhranının içindən keçən məmləkətin poeziyasında yeni paradiqmalar yaratdı. Göylərə yönəlmədi, keçmişə baxmadı. İndidə və indinin ümidsizliyində qaldı.
Handan, hamamdan geçtik,
Gün ışığında hissemize razıydık;
Saadetinden geçtik,
Ümidine razıydık;
Hiçbirini bulamadık;
Kendimize hüzünler icadettik,
Avunamadık
Yoksa biz...
Bu dünyadan değil miydik?
“Çağdaş türk ədəbiyyatı mədəniyyət böhranının yetirməsidir” deyən Tanpınar haqlıydı. Amma təkcə çağdaş türk ədəbiyyatı deyil ki... Çağdaş dünya ədəbiyyatı bütövlükdə qlobal kültür krizindən qaynaqlanır. Türkiyədə bu, Tənzimatla başlanır. Bu aşamanın estetik şəkli modernizmdir və onun da türk poeziyasında böyük yaradıcılarından biri Orxan Vəlidir:
Mektup alır, efkarlanırım;
Rakı içer,
efkarlanırım;
Yola çıkar, efkarlanırım.
Ne olacak bunun sonu, bilmem.
"Kazımın" türküsünü söylerler,
Üsküdarda;
Efkarlanırım.
"Ədəbiyyat tarixində hər yeni cərəyan şerə yeni bir hüdud gətirdi. Bu sərhədi maksimum dərəcədə genişlətmək, daha doğrusu, şeri hüduddan qurtarmaq bizə nəsib oldu" (Orxan Vəli). Sonralar isə heyranı olduğu, önəm verdiyi sürrealist fransız şairlərinin təsirindən də qurtuldu: "O sırada gavur şairlərini oxuyurduq... daha çox modern şairlərin kitablarını. Bir də sürrealistləri. İştə hər kəsin əcaiblik hesab etdiyi şeirləri o zaman yazdıq…Bir həmlə yapa bilmək üçün, əskilikdən silkinə bilmək üçün o şeirləri də yazmaq lazımdı".
Şeir hüduddan, sərhəddən, sınırdan, darlıqdan qurtulurdu. Təkcə bu deyil. Həm də darlıqdan sıxılan, şerin heç bir mərhələsində etinaya alınmayan adi, sadə, tənha və çarəsiz insan poeziyanın ərazilərinə daxil olurdu.
Həyatın girdablarında zillət çəkən bu ümidsiz insanların haqqı ilk dəfə "hər şey kimi, şeir də onların haqqıdır, onların zövqünə xitab edəcəkdir" deyə öz ədəbi manifestasiyasını bəyan edən Orxan Vəli tərəfindən tanındı. Türk şeri gecələr göyüzünü mavi boyayan, cırılmış dənizləri tikən Mahmuda tərəf baxdı. Quş dilini bilən Süleymandan kimsəsiz, yazıq, amma həm də ədəbiyyata yeni bir iqlim qurşağı gətirən Süleyman əfəndiyə, onun barmağındakı nasıra və onun danışdığı dilə dönüş etdi. Orxan Vəli "Kitabeyi səngi-məzar"la türk şerini "xəstə bir duyğusallıqdan" (M. C. Anday) təmizləmək üçün misilsiz bir həmlə yapdı.
Qərib hərəkatının timsalında ədəbiyyat səhnəsinə ümidsiz, idealsızlıqdan əziyyət çəkən insan çıxırdı. Orxan Vəlinin müəllimi Tanpınarın "Saatları ayarlama institutu" romanında fərqli bir anlamda "Edip komleksi"ndən əziyyət çəkən Hayri İrdal obrazı var və yazara görə, Edip kompleksi türk cəmiyyətinə Tənzimatdan sonra sirayət etmişdi. Məncə, elə Orxan Vəlinin də tənhalığına, ümidsizliyinə səbəb olan başlıca amil budur. Bünövrədəki bütün ədəbi dəyərlərdən imtina. Və sonra da məchul bir idealın axtarışı. Ümidsizlik... Tənhalıq... Ümidsiz və tənha insan... Orxan Vəlinin poeziyası Əhməd Haşimin simvolizmindən, Mehmet Akifin Çanaqqalada şəhid olmuş xınalı əsgərindən, Yahya Kamalın Vyana qapılarında at qoşduran akınçısından, Nəcib Fazilin mistisizmindən... sərf-nəzər edib həmin insana dönüş edirdi. "Qərib" dalğasına qədər Tofiq Fikrətdə, Əhməd Haşimdə, hətta Nəcib Fazildə qımıldanan modernizm Orxan Vəlidə məcrasından çıxdı, başqa səmtə yönəldi. Hüdudlardan imtina etsə də, Orxan Vəli özü yeni bir hüdud, yol, yeni bir cərəyan yaratdı. Sanki ekzistensiyasız, bəlkə də xəyal kimi görünən yeni insan - İkinci Dünya müharibəsindən sonra özünü daha çox da Orxan Vəlinin şerində izhar edə bildi. Yalnızlıq, tənhalıq, melanxoli mübaliğəsiz demək olar ki, türk şerinə heç vaxt bu miqyasda və bu ölçüdə yansımamışdı.
Bilmezler yalnız yaşamayanlar,
Nasıl korku verir sessizlik insana;
İnsan nasıl konuşur kendisiyle;
Nasıl koşar aynalara,
Bir cana hasret,
Bilmezler.
***
1924-cü ildə poeziya professoru Pol Valeri Bodlersayağı vəziyyəti və Bodlerin "yaşamaq haqqını" belə şərh etmişdi: "Böyük şair olmaq, lakin nə Lamartinə, nə Hüqoya, nə də Müsseyə bənzəmək". "Şər çiçəkləri"nin yazarı bilirdi və bəyan edirdi ki, "məşhur şairlər artıq çoxdandır ki, poetik səltənətin ən çiçəklənən ərazilərini öz aralarında bölüşüblər.." Buna görə də Bodler poeziyanın başqa, bilinməyən ərazisini icad etməliydi. "Nəticədə o, özünün psixi vəziyyəti və göstəriciləri ilə açıq-aşkar romantizm adlandırılan sistemə qarşı çıxmağa məcbur" qaldı.
Orxan Vəli isə poetik səltənətə, onun çiçəklənən ərazilərindəki toxunulmazlara etinasız olmasa da, hər halda, "təşbeh, istiarə, mübaliğə və bunların bir araya gəlməsindən meydana çıxacaq bir xəyal zənginliyi, ümid edirəm ki, tarixin ac gözünü artıq doyurmuşdur" - dedi və 1941-ci ildə qos-qoca bir ədəbiyyatın dövriyyəsinə buraxılan "Qərib" kitabı neçə minillik poeziya və ədəbiyyat zövqünə və yaddaşına sahib bir toplumu "alışılmış şeylərdən şübhələnməyə dəvət etdi".
Orxan Vəli sürrealist olmasa da ruhuna "ən çox yaxınlaşan sənət cərəyanı sürrealizm" oldu. Çünki o da sürrealistlər kimi ruhi ehtizazları "fikir sisteminin və sənət anlayışının çıxış nöqtəsi halına" gətirən bir şair idi. Vəzndən və qafiyədən imtinası da sürrealistcəsinə baş vermişdi. "Qərib"in ön sözündə sürrealist Apollineri, Elüarı xatırlatsa da, bu, sadəcə bir xatırlatma idi. Çünki şeirdə hətta vizual olaraq rəssamlığı ("Kalliqramlar") tətbiq edən Apollinerdən fərqli olaraq, bəzən sürrealist içərikli şeirlər yazsa da, Apollineri, Pol Elüarı türkcəyə tərcümə etsə də, Orxan Vəli poeziyada təkcə ahəngdən deyil, eyni dərəcədə rəsmdən də imtina etmişdi.
***
Orxan Vəli şairanədən, musiqidən, rəsmdən imtina edib. Dəqiq olan isə budur ki, o, "əskisinin yerinə yumşaq bir ironiya və hüznlə qarışıq yeni bir şairanəni gətirirdi" (Behcət Necatigil). Məncə, Orxan Vəlini yaşadan, fərqli qılan da həmin şairanədir. Məsələn, gözlərini qapayıb dinlədiyi İstanbuldan "İstanbulu dinliyorum, gözlerim kapalı" misrasının təkriri ilə şerinin ruhuna dalğa-dalğa axan, yansıyan musiqi, rəsm (hətta fotoqrafik dəqiqliklə rəsm) və şairanə...
***
Yayha Kamaldan, hətta Nazim Hikmətdən fərqli olaraq, Orxan Vəli İstanbulun şairi ola bilmədi. Onun poeziyası Əhməd Həmdi Tanpınarın təbirincə, "daha ziyadə İstanbul külhanbəyi ilə Anadolu əfəndisinin arxasında bir xalq çocuğuna bənzəyən insan"ın poeziyasıdır və yenə də Tanpınara görə: "Milli savaşdan sonra Ankaranın hökumət mərkəzi olması ədəbiyyatımızın gərək dil, gərək zehniyyət baxımından dəyişməsinə səbəb oldu. Ədəbiyyatımıza bu gün hakim olan Anadoluçu realizmi və xalqçılıq mistikasının başlıca amillərindən biri bu hadisədir."
***
Orxan Vəli 36 il yaşayıb. Yazdığı kimi yaşayıb və yaşadığı kimi yazıb. Əvvəl şeirlərində, sonra isə həyatda ölüb:
Ne çıkar karşıma çıksa ecel,
Bu boşluk ondan daha mı iyi?
Başka bir alemden beklediği
Olmıyan kula zeval ne güzel!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!