İctimai fikrin başqa sahələri kimi, ədəbiyyatın da öz bəşəri qayəsi insan mənəviyyatını gözəlləşdirmək, Qorkinin sözlərilə desək, "insana özünü dərk etməkdə kömək etməkdir". Müasir qadın nəsrinin mərkəzində qadın durur. Onun problemləri, yaşadığı çətinliklər, fəlakətlərlə üzləşən zaman həyata yenidən adaptasiyası kimi mövzular bu nəsri formalaşdıran, ona yön verən əsas amillərdir.
Zemfira Məhərrəmlinin mövzusu daha çox qadının cəmiyyətdəki vəziyyəti məsələsi üzərində qurulan əsərlərində müəllif insanı bütün zəif və güclü tərəflərilə təsvir etmişdir. Yazıçının qadınların həyatına dair qələmə aldığı həm bədii, həm də publisistik əsərlər onların təkcə məişətdəki rolunu deyil, həm də bir çox ictimai mövzulardakı mövqeyini əks etdirir. Müəllifin yaradıcılıq refleksi bədii ədəbiyyat və publisistikada sosial inflyasiyanın zonalarını görməyə də imkan yaradır.
Yazıçının hekayələri nəqletmə dili sadə olmaqla bərabər, eyni zamanda qadınların həyatına dair bir çox problemləri özündə ehtiva edir. Bu əsərlərdə qadın obrazlarını daha çox ağıllı, cəsur qadın, öz ərlərinə sadiq həyat yoldaşı, saf duyğularla sevən gənc qız, qayğıkeş ana olmaqla bərabər, bəzən də başqasının xoşbəxtliyinə göz dikən, ona qənim olmağa çalışan mənfi qadın obrazı olaraq da görə bilirik. Yazıçının hekayələri müasir dünyanın rəngli qadın palitrasını ən müxtəlif rakurslardan oxucuya təqdim edir, hər dəqiqənin əhval-ruhiyyəsini özündə əks etdirir.
S.Vasilenko qadın nəsrində obyekt seçimini izah edərkən qeyd edir ki, müasir dünyanın bütün ağrı-acısını özündən keçirən tragik fiqur qadını hesab edir. Bir qadın nasir kimi Zemfira Məhərrəmlinin də hekayələrində məkan olaraq xəstəxananın seçilməsi də təsadüfi deyildir. Özünü dünyanın sərt reallığında görərkən, xəstəxana elə bir yer olur ki, orada qadın özü kimiləri ilə ağrılı dərdlərini müzakirə edə bilir. Bu, bəzən də şüuraltı hisslərin təkidi ilə də baş verə bilir. "Anam niyə gəlmədi?" hekayəsində hadisələrə məkan olaraq məhz xəstəxana seçilmişdir. Əsər dünyanı çulğamış virusdan dolayı həkimlərin həyatının necə məşəqqətli yollardan keçməli olduğunu təsvir edir. Xüsusən də, bu həkim ailəsinə, övladına da vaxt ayırmaq, maraqlanmaq, qayğısına qalıb nəvaziş göstərməli olan anadırsa, vəziyyət daha da dramatikləşir. Hər gün virus yoluxması nəticəsində dünyasını dəyişən insanları görmək qadını mənəvi cəhətdən daha da zəiflətmişdi. Azyaşlı qızına məktub yazıb işinin çətinliyini, ancaq bu məşəqqətli günlərin geridə qalması üçün həkimlərin səylə çalışdığını anladaraq az da olsa, vicdan əzabından xilas olmağa çalışırdı. Bir müddət sonra o özü də bu amansız virusun cənginə düşsə də, qəlbindəki inam və övladına duyduğu sonsuz sevgi, qızının ona olan ehtiyacını hiss etməsinin verdiyi güclə xəstəlikdən yaxa qurtarıb yenidən ailəsinə qovuşur.
Müəllifin "Analıq haqqı" hekayəsində həyat yoldaşı vəfat etdiyi üçün iki övladı ilə tənha qalmış kişinin sonrakı evliliyindən bəhs edilir. Bu əsərdə də əsas motivi qadın və onun taleyi məsələsi təşkil edir. Başqasının uşaqlarına onların anası kimi davranmaq, qayğı və şəfqətlə böyütmək elə də asan deyil. "Bu savab işi görəcək, sığala, tumara möhtac nisgilli balaların qəlbini ovunduracaq qadın, görəsən, kim olacaqdı? Belə məsuliyyətli, çətin işə qol qoyan, razılıq verən kəs dünyanın ən əməlisaleh, nəcib bir insanı ola bilərdi." Xoşbəxtlikdən uşaqlar onları anaları qədər sevəcək qayğıkeş və mehriban qadına rast gəlirlər. Ailədə əmin-amanlıq yaranır və yenidən sevgi dolu yuvaya çevrilir. Bununla belə, qadının yenə də "- Görəsən, analıq haqqını qazana bilmişəm?" - düşüncəsi ilə özünü sorğulaması onun nəcib xarakterinin əsərdəki inikasıdır.
Xüsusən, qadınlar özlərini təhlükədən uzaq hiss etdikləri evdə xoşbəxt olduqlarını düşünürlər. Lakin rahat və dinc hiss etdikləri bu məkan bəzən də onlar üçün ən ağır işgəncələrə məruz qaldıqları yerə də çevrilə bilir. Hər insan sevdiyi şəxsdən sədaqət gözləyir. Qadınların ən böyük qorxularından biri də onların ailəni təmsil edən bu evdəki xoşbəxtliyinə xələl gətirə biləcək başqa bir qadının ortaya çıxmasıdır. "Qisas qiyamətə qalmaz" hekayəsində ömrünü həyat yoldaşına və övladlarına həsr etmiş qadının ailəsi başqa bir qadın tərəfindən dağılma təhlükəsi qarşısında qalır. O, yaşadığı emosional vəziyyət, keçirdiyi stress və ağrılı düşüncələrə görə digər qadına fiziki xəsarət yetirərək həbsə düşsə də, sonradan həyatı öz axarına düşür və ailəsi yenidən xoşbəxt günlərinə geri dönür. Müəllifin bu hekayədə məkan olaraq müraciət etdiyi əsas yer evdir ki, buradan qadının əbədi və sarsılmaz varlığının zaman və məkan koordinatları keçir. Hekayədə qadının ailəyə bağlılığı, onu qorumaq üçün hər şeyi edə biləcəyinə inam güclüdür.
Tamamilə qadına xas fiziki xüsusiyyətlərdən biri də hamilə olmaq və dünyaya uşaq gətirməkdir. Bu baxımdan ana ilə övlad arasında olan mənəvi duyğusal bağ daha güclü olur və analar çox vaxt öz övladının başına gəlmiş, ya da gələcək olan pis hadisələri də fəhmlə duyma qabiliyyətinə malik olurlar. "Yuxunu suya danış" hekayəsində Mədinənin qəlbindəki analıq duyğusunun gücündən və övladını gözləyən fəlakəti hiss etməsindən söz açılır. Ana hər şeydən əvvəl, instinkt olaraq öz balasını qorumalı olduğunu hiss edir və onun başına gəlmiş hər hansı təhlükə yuxuda da vaqe ola bilir. Bu motivə şifahi xalq ədəbiyyatı nümunələrində də rast gəlmək mümkündür.
Müəllifin "Bir qaranlıq gecədə" hekayəsi də əri vəfat etdikdən sonra başsız qalmış ailədəki qadının övladlarına həm ata, həm də ana olma yolundakı çətinliklərdən bəhs edir. Əsərdə Güldəstə balalarını bütün təhlükələrdən uzaq, yalnız öz himayəsində böyütməyə çalışan fədakar ana obrazıdır.
Mənfi qadın obrazları hər nə qədər müəllifin yaradıcılığı üçün səciyyəvi olmasa da, "Heç kimi qınama" hekayəsində hadisələrin mərkəzində məhz bu tip qadın dayanır. Belə ki, başqasının başına gəlmiş bədbəxt hadisəyə görə onu xor görən, həmin ailə ilə qohum olmağa razı olmayıb gənclərin qəlbini qıran ana obrazı təsvir olunmuşdur: "Qardaşı "türemşik" olan qızı ala bilmərik. Anası alverçi olan qız da bizə heç gərək deyil" deyən "Anasının çılğın hərəkətindən qəlbi qırılmış, qarşısıalınmaz arzunun üstündən qara xətt çəkilmişdi." Fəqət, nə yazıq ki, o, yaşadığı həyatın bəzi mübhəm qanunlarından bixəbərdir. Müəllif bu kiçik hekayə ilə insanların qınadığı, yuxarıdan aşağı baxdığı, empatiya qurmağa çalışmadığı hadisələri oxucunun diqqətinə çatdırır. Sonda isə qadının qınadığı hadisənin öz başına gəlməsi ilə nəticələnir.
Yazıçının "Nöqtə boyda həyat işığı" hekayəsi Türkiyədəki dəhşətli zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuşdur. Yenicə övlad sahibi olmuş gənc ailənin sevinci çox davam etmir. Bir sübh çağı onlar amansız fəlakətə düçar olaraq, digər bütün qurbanlar kimi zəlzələ nəticəsində meydana gəlmiş dağıntıların altında qalırlar. Bu hekayədə də iradəli, öz canından daha çox, balasını qorumaq üçün sağ qalmağa çalışan ana obrazı təsvir olunmuşdur.
Müəllifin "Dünya gör necə dardır..." hekayəsində qayğıkeş və mehriban qadın olan Ağgülün Moskvada yaşayan ailəsi, onların vətən həsrəti, evlərinə usta kimi gəlmiş adamın da təsadüfən vətənlərində böyüməsi və xatirələrinin olduğunu biləndə səmimi bir qəlblə onu dinləmələrindən söz açılır.
Yazıçının "Oyuncaq" adlı povestində isə iki gəncin saf məhəbbətindən, onların bir-birinə qovuşma yolunda qarşılarına çıxan maneələrdən, sosial və ictimai problemlərin fonunda insanların bir-birinə olan hisslərinin necə dəyişilib korlana biləcəyindən bəhs edilir.
Povestdə əsas obrazlardan biri də qayğıkeş anadır. O, ərinin vəfat etməsinə baxmayaraq yenidən ailə qurmamış, ömrünü övladlarını böyüdüb "bir tərəfə çıxartmaq" üçün sərf etmişdi: "Adına güldən ağır söz deyilməyən, ağır oturub batman gələn Simuzərin evdarlığına, səliqə-sahmanına, necə deyərlər, bir göz lazım idi ki, tamaşa eləsin. Biş-düşünə, ev-eşiyi təmiz saxlamasına, yır-yığışına söz ola bilməzdi. Uşaqlarını da erkən yaşlarından zəhmətə, işə-gücə alışdırmışdı."
Əsərdə Nərgiz adlı saf qəlbli, sevdiyi oğlana bütün məhəbbəti ilə bağlı olan qızın əksinə, Səmayə deyə nalayiq, əxlaqi cəhətdən mənfi xüsusiyyətlərə sahib qızın da obrazı yaradılmışdır.
Nəticə olaraq qeyd etməliyəm ki, Zemfira Məhərrəmlinin əsərləri insan psixologiyasını, gündəlik həyatın incəliklərini və ictimai-sosial problemləri dərin müşahidə qabiliyyəti ilə əks etdirir və müasir Azərbaycan nəsrinin inkişafına töhfə verir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!