Uşaq şeirlərində mövzu və mətn oxşarlığı - Turan KƏRİMLİ

Bu bir həqiqətdir ki, uşaqlar hələ məktəbə getməmişdən əvvəl saymağı öyrənirlər. İkincisi isə, uşaqların birdən onacan tez saymağı öyrənməkdə ədəbiyyatda çox məşhur olan "sanamalar"ın, yaxud "sanama şeirlər"in də rolu böyükdür. "Sanamalar" bir qayda olaraq uşaq oyunlarının müəyyən növlərində istifadə olunur. Oyunlarda uşaqları seçməkdə həmin sanamalardan biri də aşağıdakı kimidir:

 

One, two, three, four, five, six, seven.

All good children go to heaven,

Penny on the water,

Two pence on the sea.

Three pence on the railway,

Out goes she.

 

Misraların poetik söz düzümünə Şahin Xəlillinin orijinaldan etdiyi tərcüməyə diqqət yetirək:

 

Bu bir, iki, bu üç, dörd,

Bu beş, altı, bu yeddi.

Bütün yaxşı uşaqlar

Dırmaşıblar, göydədi.

Bir penni su üstdədi,

İki pens dənizdədi.

Üç pens dəmir yolunda

O qız da bax, bizdədi.

 

İngiltərədə məşhur olan bu sanamanı söyləyən uşaq üzünü dostlarına tutub onu bədahətən söyləyəndə uşaqlar həyəcanlanır, bu şeirlə saymağın sirrinə bələd olur.

Azərbaycan uşaq folklorunda da uşaqlar üçün sanamaların məxsusi yeri vardır. Həmin sanamalardan biri dillər əzbəridir:

 

Baş barmaq,

Başala barmaq,

Uzun hacı,

Qılturacı,

Xırdaca bacı,

Bu vurdu,

Bu tutdu,

Bu bişirdi,

Bu yedi,

Vay, bəbəyə qalmadı.

 

Təbii ki, bütün dünya uşaqlarının dillərinin əzbərinə çevrilən bu və ya bunabənzər sanamalar zaman-zaman müxtəlif biçimdə sadə, anlaşıqlı kiçik nəğmələr, şeirlər vasitəsi ilə uşaq dünyasının ən gözəl bələdçilərindən biri olmuşdur.

Bəzi mənbələrdə yuxarıda bəhs etdiyimiz ingilis sanamasının Amerika versiyasına diqqət yetirək:

 

One, two, three, four, five, six, seven.

All good children go to heaven,

Some fly east,

Som fly west

Some fly over the cuckoo's nest.

 

Sanamanın amerikan versiyasının Azərbaycan dilinə tərcüməsi isə aşağıdakı kimidir:

 

Bu bir, iki, bu üç, dörd,

Bu beş, altı, bu yeddi.

Bütün yaxşı uşaqlar

Dırmaşıblar, göydədi.

Kimisi Şərqə uçur,

Kimisi Qərbə uçur,

Kimisi də tullanıb

Odur, ququ quşunun

Yuvasının üstündən

Heç bilmir hara uçur.

 

Sanamanın ilk misralarının ingilis dilindəki adekvatlığı sonrakı misralarda fərqli məzmun kəsb edir. Bu sanamanın daha çox uşaqlara 1-dən 7-yəcən saymağın öyrənilməsi və öyrədilməsinə kömək edir. Şeirin səs, intonasiya və ritmi məxsusi məzmunda maraqlı və çevik tərzdə uşaqların yaddaşına köçür.

...Təxminən, 1843-cü ildə nəşr olunmuş "Yalnız Ana Qazın əsl melodiyaları" ("Only True Mother Goose Melodies") kitabında təqdim edilmiş aşağıdakı şeir Ana Qazın nəğmələrinin uşaqlar üçün həmişəyaşıl küknar kimi solmayan, unudulmayan poetik cilası, melodiyası, intonasiyası və ritmi ilə könüllərdə yaşayacağına əminlik yaradır. Həmin şeirin orijinal mətni poetik strukturu və məzmunu ilə aşağıdakı kimidir:

 

No, no, my melodies will never die,

While nurses sing and babies cry.

 

Poetik mətnin strukturunda dəyişiklik aparan mütərcim Şahin Xəlilli Azərbaycan dilinə tərcümədə adekvat məzmunu qorumağa çalışmışdır:

 

Nə qədər ki, dayələr

Beləcə oxuyacaq,

Nə qədər ki, bəbələr

Qışqırıb ağlayacaq,

Nəğməm dil-dil ötəcək,

Heç zaman ölməyəcək.

 

Topluya daxil edilmiş nəğmələr sırasında yuxarıda qeyd etdiyimiz Amerika sanama şeirləri kimi "On balaca hindu" çox məşhurdur. Mahnı yazarı Septimus Uinter 1860-cı illərdə onun müasir ingilis dilində yeni versiyasını aşağıdakı şəkildə təqdim etmişdir:

 

Ten little Injuns standin' in a line,

One toddled home and then there were nine;

Nine little Injuns swing' on a gate,

One tumbled off and then there were eight.

One little, two little, three little, four little,

five little Injun boys,

Six little, seven little, eight little, nine little,

ten little Injun boys.

Eight little Injuns gayest under heav'n.

One went to sleep and then there were seven;

Seven little Injuns cuttin' up their tricks,

One broke his neck and then there were six.

Six little Injuns all alive,

One kicked the bucket and then there were five;

Five little Injuns on a cellar door,

One tumbled in and then there were four.

Four little Injuns up on a spree,

One got fuddled and then there were three;

Three little Injuns out on on a canoe,

One tumbled overboard and then there were two.

Two little Injuns follin' with a gun,

One shot t'other and then there was one;

One little Injun livin' all alone,

He got married and then there were none.

 

Həmin mahnının poetik tərcüməsində sanamaya xas səciyyəvi xüsusiyyətlər əksini tapmışdır. Tərcümə mətnini diqqətlə izləyək:

 

Cərgədə on uşaqdı,

Kiçiyi evdə qaldı.

Sayı düşdü doqquza,

Qalan getdi doqqaza.

Biri aşdı mayallaq,

Oldular səkkiz uşaq.

Əvvəl bir, iki, üç, dörd,

Beş, altı, yeddi, səkkiz,

Doqquz, on uşaq idi.

İndi səkkiz hindudan

Getdi biri mürgüyə,

Düşdü sayı yeddiyə.

Çox atılıb düşdülər,

Çıxdılar min oyundan.

Uşaqların biri də

Zərbə aldı boynundan

Qaldı yerdə altısı.

Biri yoldan keçəndə

Təpik vurdu vedrəyə

Az qalmışdı büdrəyə

Başladı hönkürməyə.

Beş oldular bu dəfə

Çatanda zirzəmiyə

Bərk yıxıldı biri də,

Qaldı indi dörd nəfər.

Yaman oyun çıxardı

Hinduların dördü də.

Ağlı qaçdı birinin

Üç oldular indi də.

Üzdü onlar qayıqda,

Biri də düşdü suya

Qaldı cəmi ikisi.

İki hindu əlində

Tapançayla oynadı.

Birinə dəydi güllə,

Yıxılıb ayılmadı.

Bir hindli qaldı indi,

Heç vecinə almadı.

Bax, o da arvad aldı,

Daha heç kim qalmadı.

 

(İngilis dilindən tərcümə 

Şahin Xəlillinindir)

 

Bu sanamanın yerli hinduların, eləcə də, ingilis dilini öyrənən uşaqların daha çox xoşuna gələn Amerika variantı olduğu isə təkzibedilməzdir.

1620-ci ilin 13 noyabrında bazar ertəsi "Mayflower" gəmisi ilə Yeni Dünyaya pənah gətirən kişilərdən iki gün sonra okean sularının sahilinə qədəm basan xanımlar haqqında belə bir hekayəti xatırladırlar. Söyləyirlər ki, suların qoynunda 68 gün qalan, böyük və üzüntülü yol keçən xanımların ayaqları sahilə dəyəndə ilk gördükləri iş həftənin günləri ilə elə o vaxtdan dillər əzbəri olmuşdur. Həmin günlər aşağıdakı kimi misralarda poetik əksini tapmışdır:

 

Wash on Monday,

Iron on Tuesday,

Bake on Wednesday,

Brew on Thursday,

Churn on Friday,

Mend on Saturday,

Go to meeting on Sunday.

 

Bu şeir Azərbaycan dilinə də tərcümə olunmuşdur. Poetik misraların sayı orijinal mətndəki misralarla müqayisədə çoxluq təşkil etsə də, şeirin fikir yükünün adekvatlığının yaradılmasında bunu yeganə yol hesab etmək olar.

Şeirin tərcüməsinə diqqət yetirək:

 

Bu da Bazar ertəsi,

Yu indi əl-üzünü.

Çərşənbə axşamında

Çək paltara ütünü.

Çərşənbə bişir kökə,

Dəmlə qəşəng sən çayı,

Gəlsə Cümə axşamı.

Elə ki, Cümə oldu,

Çalarsan nehrə yağı.

Şalvarına vur yamaq,

Qapını döysə Şənbə,

Bazar günü unutma,

Çıxacaqsan görüşə.

 

(İngilis dilindən tərcümə 

Şahin Xəlillinindir)

 

Amerikada populyar olan uşaq nəğmələrinin çoxunun İngiltərədən köç etməsinin səbəbi barədə essenin əvvəlində qeydlər bir daha sübut edə bilər ki, bu nəğmələr daha çox ilk ingilis variantının eynisi yox, bir qədər yenilənmiş variantıdır. Məsələn, yağışlı günlərdə uşaqların dilinin əzbəri olan "Yağış yağır" şeirinə diqqət yetirək. İngilis variantının mətni aşağıdakı kimidir:

 

It's raining, it's raining,

There's pepper in the box,

And all the little ladies

Are holding up their frocks.

 

Şeirin Azərbaycan dilinə tərcüməsində mütərcim fikir, ideya və məzmun kontekstindən çıxış edərək misraların söz oyununu belə bir formada diqqətə çatdırmışdır:

 

Yağış yağır sel təki,

Acı bibər qutuda

Acı-acı deyinir.

Bapbalaca bacılar

Tez yuxarı çəkirlər

Donunun ətəyini.

 

(İngilis dilindən tərcümə 

Şahin Xəlillinindir)

 

Oxşar mövzulu şeirin Amerikada yayılan variantı isə belədir:

 

It's raining, it's pouring,

The old man is snoring;

He got into bed

And bumped his head

And couldn't get up in the morning.

 

Əslində bir çox mənbələrdə bu şeirin ingilis şeiri kimi verilməsinə də rast gəlmək mümkündür. 2018-ci ildə nəşr olunan "Britaniya uşaq ədəbiyyatı" kitabında da bu şeir ingilis şeiri kimi verilmişdir. Lakin aparılan dəqiqləşdirmələr "Yağış yağır" şeirinin Amerika variantı olduğunu söyləməyə əsas verir. Mütərcim Şahin Xəlilli şeirin tərcüməsini isə aşağıdakı kimi təqdim etmişdir:

 

Gör necə yağış yağır,

Hər yan dönüb sel-suya.

Qoca kişi xorhaxor

Gedib təzə yuxuya.

Çarpayıya çatanda

Başı dəyib dəmirə.

Qalxa bilmir yerindən,

Halı yoxdu yeriyə.

 

Anqlofon ölkələrində, eləcə də dünyanın çox-çox guşələrində yeni transformasiyalar, variantlarla yaranan şeirlərin oxşarlıq meyarlarından çıxış edərək, onların plagiat olduğunu söyləyənlər də ola bilər. Lakin seçilən-sevilən bu və ya digər şeirin yeni transformasiyaları, variantları daha çox "köç etdiyi" yeni regionlarda "yeni libas"da görünür və təbii ki, onların şəkildəyişmələri yeni mühitə, ekologiyaya adaptasiya olunur. Bu isə ölkələr, xalqlar arasında ədəbi, poetik təsir qaynaqlarının araşdırılmasına zəmin yaradır. Ədəbi əlaqələr, habelə müqayisəli ədəbiyyatda oxşarlıq, yaxud paralellərin öyrənilib araşdırılması tarixi-tipoloji metoda, meyarlara əsaslanmalıdır. Mürəkkəb yaradıcılıq məhsullarının əhatəli müqayisəsinin aparılması isə ciddi elmi yaradıcılıq axtarışlarının və müqayisəli ədəbiyyatın mühüm aktuallıq kəsb edən prioritet vəzifələrindən biridir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!