Azərbaycan ədəbiyyatında lirik və modern səs - Ənvər AYKOL

Yazıçı-dramaturq Pərvinin Türkiyənin "Ketebe" nəşriyyatında "Ağlama, qar yağacaq" adlı nəsr kitabı işıq üzü görüb. Kitabda müəllifin bir neçə 

hekayəsi və "Balerina" povesti yazıçı-tərcüməçi İmdat Avşarın çevirisində yer alıb. Türk Ədəbiyyatı dərgisinin əməkdaşı, gənc tərcüməçi, ədəbiyyatşünas Ənvər Aykolun kitab haqqında məqaləsini oxucularımıza təqdim edirik.

 

 

 

Azərbaycan ədəbiyyatı tarix boyu qadın yazıçıların zərif toxunuşları ilə formalaşmış zəngin ədəbi ənənəyə malikdir. Xüsusilə, 20-ci əsrdə bu ənənəni formalaşdıran qadın yazıçılar baş verən sosial və mədəni çevrilişlərdə daha aydın görünməyə başladılar. Onlar əsərlərində sosial-ictimai mühiti əks etdirməklə yanaşı, insanın daxili dünyasını da özünəməxsus lirik üslubda oxucuya təqdim edə biliblər. Bu ənənənin ilk nümayəndəsi olan Ayna Sultanova ("Şərq qadını" dərgisinin redaktoru kimi) və onun ardınca gələn yazıçılar qadının cəmiyyətdəki yerini, şəxsiyyət böhranlarını, azadlıq mübarizəsini ümumbəşəri dildə tərənnüm ediblər. Bu ədəbi ənənədən gələn Pərvin Nurəliyeva özündən əvvəlki qadın yazarların qoyub getdiyi irsi fərqli baxış bucağı ilə birləşdirərək yeni mətn yaratmağı bacarıb. Onun əsərlərində klassik Azərbaycan ədəbiyyatının izləri ilə müasir insanın qeyri-adi, mürəkkəb əhval-ruhiyyəsi birləşib. P.Nurəliyeva bizim mənsub olduğumuz, ənənə ilə modernizmin kəsişdiyi, hətta toqquşduğu coğrafiyada yeni səs kimi diqqət çəkir.

 

 

Onun "Hava limanı" və "Balerina" adlı nəsr kitabları bir qədər əvvəl türk dilinə tərcümə olunub. Bu yaxınlarda isə "Ağlama, qar yağacaq" adlı hekayə kitabı işıq üzü görüb. Qeyd edim ki, bu kitab çağdaş Azərbaycan hekayəçiliyini təmsil etmək baxımından son dərəcə əhəmiyyətlidir.

 

Kitabdakı xoşbəxtlik axtaran bir qadından bəhs edən "Qar yağacaq" adlı hekayə kifayət qədər sosial problemi özündə əks etdirir. Həkim müayinəsi zamanı verilən monoloqlar oxucuda baş qəhrəmanın tənhalığını, cəmiyyətdən uzaqlaşmasını hiss etdirir. Həkimin tez-tez personajın gözəlliyinə işarə etməsi müasir gənc qızların daha çox gözəllik qayğıları ilə əhatə olunduğunun göstəricisidir. "Yaxşı bilirdi ki, bizim yaşda olan qızların "gözəl" olmaqdan başqa heç bir problemi yoxdur. Ona görə də qısa görüşümüzdə səksən səkkiz dəfə "gözəl" olduğumu vurğuladı". Bundan başqa, Pərvin xanımın insanın iç dünyası və psixologiyası ilə bağlı dəqiq müşahidələri insan şəxsiyyətinin vəzifə və rütbə naminə necə dəyişdiyini ortaya qoyur.

"Samir üçün" hekayəsində gənclərin təhsillə əldə edə bilmədiyi nüfuzu müxtəlif coğrafiyalarda axtarmağa çalışdıqları təsvir olunub. Universitetlərin əhəmiyyətsizləşdiyi, diplomların dəyərsizləşdiyi bir dövrü əks etdirən bu hekayə təkcə Azərbaycanın deyil, həmçinin Türkiyə panoramasını da oxucuya təqdim edir. Samirin dəyərsizlik duyğuları, real həyatdan gecikmək hissi, nicatının qürbətdə olduğuna inanması gəncliyin güzgüsü kimi verilib.

 

Müəllif "Şərq Şirniyyatı" hekayəsində müxtəlif insan şəxsiyyətlərindən bəhs edir. Yer, vəziyyət və ya şəxsdən asılı olaraq bu personajların davranışlarında ani dəyişikliklər baş verir və onlar getdikcə maskalara çevrilir. Hekayədə təkcə maskalar arxasında həyatını keçirən insanlar tənqid edilmir. Xəyalpərəst insanların qarşısında həyatın nə qədər qəddar və sərt ola biləcəyi də vurğulanır. Müəllif hekayəsini qeyri-adi sonluqla bitirməklə həyatın monoton olmadığını da xatırladır. O.Henrinin üslubundakı gözlənilməz finala malik olan bu hekayə insan həvəslərinin nə qədər tez dəyişə biləcəyini göstərir.

 

"Qucci Fatoş" ironik povesti də oxucunun diqqətini çəkən əsərlərdən biridir. Fatoş üçün moda təkcə estetik görünüş deyil, həm də insanın şəxsiyyətini və sosial statusunu müəyyən edən bir elementdir. Fatoşun dəblə bağlılığı; içindəki boşluğu doldurmaq və çatışmazlıqları mükəmməl bir görünüşlə kompensasiya etmək səyinə işarə edir. Günəşin sarı rənginə nifrət etməsi, nizamsızlıqlara reaksiyası, evliliklə bağlı gözləntilərindəki xəyal qırıqlığı Fatoşun daxili aləmindəki ziddiyyətdən xəbər verir. Nəhayət, yazıçı Fatoşu pəncərə manikeninə çevirməklə mükəmməllik axtarışlarının mənasızlığına diqqət çəkir.

Pərvin xanım "Turbo Tima" hekayəsində fetişizm ilə sosial tənqidi bir araya gətirir. Amma onun burada seçdiyi obyekt tamam fərqli və ironikdir. Timanın bankomatla münasibəti əyləncədən kənara çıxır və onun həyatının bir hissəsinə çevrilir. Çünki Tima öz cəmiyyətində ancaq bankomat vasitəsilə iştirak edə bilər. Özünü lazımlı hiss etməsi üçün yeganə üsul, vasitə budur. 

 

"Çarəsiz yalan" hekayəsi başdan-başa vətən həsrətiylə yazılıb. Hekayə Qarabağ işğalından sonra vətənindən didərgin düşmüş bir ailənin həyatından bəhs edir. Yazıcı Qarabağ köçkünlərinin yaşadıqları çətinlikləri uşaq gözü ilə müşahidə edərək dilə gətirir: "Xatırlayıram, ibtidai sinifdə oxuyanda məktəbimizə qaçqın uşaqları üçün yardım verilirdi. Müəllim partamın üstünə kağız bağlamanı qoyanda hirsimdən ağlamsınıb:

- Müəllimə, biz qaçqın deyilik, evimiz var... - demişdim.

Müəllim sözümdən çaşıb eynəyinin altından diqqətlə mənə, sonra da qarşısındakı siyahıya baxdı:

- Rüfət, oğlum, sənin valideynlərin Şuşa işğal olunanda Bakıya köçməyiblərmi?

- Köçüblər. Amma biz qaçqın deyilik axı... Bizim evimiz var.

Müəllimin gözü doldu və sanki qəhər boğazını tıxadı, səsi çıxmadı. Dərsin sonuna kimi bağlama partamın üstündə qaldı, çantamı yığıb evə getməyə hazırlaşanda isə ona heç gözümün ucu ilə də baxmadım". 

 

 

Didərginliyin nə olduğunu hələ bilməyən Rüfət böyüyəcək və tez-tez Natəvan nənəsindən Şuşa haqqında danışmasını xahiş edəcək. Hekayənin əsas mövzusu Şuşa və yurd həsrəti olsa da, müəllif hekayə boyu Rüfətin xarakterini, daxili dünyasını  incəliklə oxucuya çatdırır. Qardaş Azərbaycanımızın Şuşa, Qarabağ zəfəri həm də sənətin, sözün qələbəsidir. Bu cür əsərlərin qələmə alınması yeni nəsillərə böyük itkini çatdırmaq, onlarda mübarizə əzmini tərbiyə etmək üçün son dərəcə mühüm məqam olub. 

"Balerina" kino-povesti yazı texnikası ilə o biri hekayələrdən fərqlənir. Əsərdə valideynlərin öz arzularını övladları vasitəsilə həyata keçirmək üçün göstərdikləri səylər və bu əbəs səy nəticəsində yaranan məyusluqlardan bəhs edilir. "Mənə qismət olmayan, qızıma qismət ola bilər; onu səhnədə görəndə elə bildim ki, öz uşaqlıq arzularıma çatacam. Keçmiş gözəlliyim onun üzünə qayıdacaq və səhnələri titrəyəcəkdi". Yazıcı bu hekayədə müasirlik və ənənə konfliktini də ehtiva edir.

 

Son söz sayıla biləcək son fəsildə Azərbaycan ədəbiyyatının Ustad sənətkarı olan Anar Rzayev Pərvin Nurəliyevanın hekayə dünyasını "işıqlı" sözü ilə səciyyələndirir. Onun sözlərinə görə, Pərvinin hekayə dünyası nurlu duyğularla dopdolu dünyadır. Anar bildirir ki, P.Nurəliyevanın hekayələrini oxuyanda ağlına Monenin "Duman və tüstüdəki mənzərə" tabloları gəlir. Anarın "işıqlı, nurlu" təşbehləri ilə razılaşsam da, qənaətim budur ki, Nurəliyevanın hekayə dünyası Monedən daha çox Renuarın tablolarına bənzəyir. Hər iki rəssam impressionizm cərəyanını mənimsədiklərindən işığa böyük əhəmiyyət vermiş, rəsmlərində canlı və parlaq rənglərdən daha çox istifadə etmişdir. Bununla belə, Renuarın istifadə etdiyi işıq Monedən daha isti və daha intim atmosfer yaradır ki, bu da onun rənglərdən daha yumşaq və ahəngdar şəkildə istifadə etməsi ilə bağlıdır. Bu yumşaqlığı, ahəngdarlığı Nurəliyevanın lirik üslubunda da görürük. Onun hekayələrini Monedən uzaqlaşdıran və Renuara yaxınlaşdıran digər element müəllifin mövzu seçimidir. Çünki Mone təcrid olunmuş fiqurlara və mənzərələrə üstünlük verdiyi halda, Renuar ümumiyyətlə qadın fiqurları, çiçəklər və orta təbəqənin gündəlik həyatını rəngləyirdi. Bundan əlavə, Renuarın rəsmlərində insanlar daha çox qrup halında və cəmiyyətlə ünsiyyətdə olurlar. P.Nurəliyeva hekayələrindəki qadın obrazlarını da mərkəzləşdirib və orta təbəqənin yaşadığı sosial-mədəni həyatı oxucuya təqdim edir. Onun obrazları həmişə cəmiyyətlə iç-içədir və o, hekayələrində fərddən cəmiyyətə doğru uzanan yolu süjet xəttinə çevirir. 

 

İmdat Avşarın fikrincə isə, Pərvin xanımın əsərlərinin təhkiyəsində iki əsas xətt diqqəti çəkir: "O, hekayələrində iki fərqli xətt yaradır. Birincisi, qəlibinə sığmayan şıltaq, şirin, cazibədar qızın xətti. İkincisi, həyatı dərindən dərk edən, təcrübəli ana və ya nənənin xətti". 

 

İmdat Avşarın qeyd etdiyi birinci xətt P.Nurəliyevanın hekayələrinin kövrək və mətndə oyun qurmaq tərəfini təmsil edir. Bu xüsusiyyət onun hekayələrindəki personajların emosional cəhətlərini əks etdirir. Bu personajların məsumluğu və saf sevinci yazıçının üslubunda lirik tonu gücləndirən elementdir. İ.Avşarın qeyd etdiyi ikinci xətt isə müəllifin dünyaya baxışını, həyatı dərk etmək səyini simvollaşdırır. Bu, təkcə fərdin deyil, həm də cəmiyyətin iztirablarını özündə cəmləşdirən dərin təfəkkürlə yazılan hekayələrdə özünü göstərir. Bu cəhət onun həyatın çətinliklərindən bəhs edən hekayələrində xüsusilə özünü büruzə verir. Belə ki, P.Nurəliyeva bugünkü insanların mürəkkəb əhval-ruhiyyəsini izah edərkən keçmişin təcrübələrindən, hikmətlərindən bələdçi kimi istifadə edir.

 

Nəticə olaraq, Pərvin Nurəliyevanın hekayələri Azərbaycan ədəbiyyatının ənənədən qidalanan müasir simasını estetik-lirik üslubla əks etdirməklə yanaşı, fərdin daxili aləmi ilə ictimai gerçəkliyi bir araya gətirir. Yazıçının yaratdığı ədəbi dünya onun hekayələrini bədii mətndən kənara çıxararaq, yaşadığı Azərbaycanın sosial-mədəni elementlərini əks etdirən panorama çevirir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!