Azərbaycan poeziyasının Firuzəsi - Vaqif YUSİFLİ

Çatdım sözün sahilinə,

Baxıb gördüm, dəryadı söz.

Fikrin, hissin, həyəcanın

Laylası söz, fəryadı söz.

 

Çətininə çiyin verdim,

Asanında sındım sözün.

Yandım, bişdim ocağında

Əhdim sözün, andım sözün.

 

Nə sirr var, açdı, tökdü,

Mənə saldı mehrini də.

Əziz tutdu, mənə qızdı

İmzasını, möhrünü də.

 

Saydım, seçdim, incələdim,

Öpdüm əlin halal sözün.

Durdum elə qulluğunda

Anam sözün, balam sözün.

 
 

"Söz" adlı bu şeirin müəllifi "Azərbaycan poeziyasının Firuzəsi" adlandırdığım Firuzə Məmmədlidir. İlk şeiri - "Ay həkim" 1963-cü ildə doğulduğu Xaçmaz rayonunun "Dostluq" qəzetində dərc edilib. Və 63 ildir ki, Firuzə Məmmədlinin şeirləri neçə nəsil Azərbaycan oxucuları ilə dostluq edir, onların sevincinə şərik, kədərinə ortaq olur. Onun poeziyası müasir Azərbaycan ədəbiyyatının heç vaxt solmayan, daim yaşıl qalan budaqlarından biridir. Xalq yazıçısı Anar yazır: "Firuzə Məmmədli Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davam və inkişaf etdirən şairlərimizdəndir: bir az kövrəkdi, bir az həzindi, yeri gələndə bir az da sərtdi... Sözə həssaslıqla və məsuliyyətlə yanaşması, dilinin sadəliyi, gündəlik həyatın ən adi və ən müxtəlif faktlarında, hətta dərddə, ölümdə şeiriyyət tapmaq cəhdi də Firuzə Məmmədli imzasını imzalar içində fərqləndirir". 

Mərhum ədəbiyyatşünas Şamil Salmanov isə yazırdı: "Min, min beş yüz illik poeziyamızın mövcudluğu dövründə 3-4 şairə tapmaq olar ki, onların yazdıqları kişi nəhənglərinin yazdıqlarından heç də geri qalmayıb. ... Uzun illər məktəbdə bizə iki şairə tanıtmışdılar: Nigar Rəfibəyli və Mirvarid Dilbazi. İndi şeirə çox istedadlı qadın şairlər gəlib. Onlardan biri də mən deyərdim, klassiki Firuzə Məmmədlidir". 

 

Filologiya elmləri doktoru Akif Hüseynli görün nə deyib: "Bir anlığa poeziyamızı Füzulisiz təsəvvür edin. Mümkün deyil. Çünki Füzuli poeziyamızın sütunu, bünövrəsidir. Mən Firuzə xanımı Füzuli ilə müqayisə etmirəm. Söhbət həqiqi poeziyaya aid olmaqdan gedir. Füzulu bulağının hələ də qaynamasından gedir. Şeir var, onu ürəklə oxuyursan, şeir də var ki, gözlə oxuyursan. Firuzə xanımın şeirləri ürəklə oxuduğum şeirlərdir".

Firuzə Məmmədli... Müasir Azərbaycan poeziyasının aparıcı nümayəndələrindən biri. Şeirlərində gözəlliyin, həyat həqiqətlərinin, Vətən məhəbbətinin, incə və zərif duyğuların tərənnümçüsü. Təkcə şair kimi deyil, nasir və dilçi-alim kimi də tanınan, ədəbi gəncliyin dostu, yol göstərəni; fəal ictimaiyyətçi. Uzun illər təhsil aldığı Azərbaycan Pedaqoji Universitetinin müəllimi olmuş. 

 

Firuzə xanımın istedadı çoxcəhətlidir, universaldır. Əvvəla, o, bir insan kimi, bir qadın kimi istedadlıdır, intellektual səviyyəsinə görə seçilir. İkincisi, Firuzə xanımın bu insanlıq istedadı onun məşğul olduğu sahələrin hər birində sənət istedadı şəklində təcəssüm olunur. Şair Firuzə Məmmədli, nasir Firuzə Məmmədli və dilçi-ədəbiyyatşünas Firuzə Məmmədliləri birləşdirən bütün cəhətlərin ortaq mərkəzi İnsan Firuzə Məmmədlidir. Ancaq mən Firuzə Məmmədli haqqında düşünəndə o insanlığın ən çox təcəssüm olunduğu Şair Firuzə Məmmədlini xatırlayıram.

Bu qeydlərimi qələmə alanda mən Firuzə xanımın çapdan çıxan əsərlərinin neçə cildini qarşıma qoydum. Amma söhbətimə o cildlərdən başlamaq istəmədim. Şairin "Sənin ömrün" və "Yetkinlik" adlı iki kitabını qarşıma qoydum. Bunlar səksəninci illərdə işıq üzü görüb. Həmin illərdə Firuzə xanım öz yaşıdları arasında seçilirdi. Amma səksəninci illərin Firuzəsi poeziyada cavan nəsillə orta nəslin birgə nümayəndəsi idi, 1982-ci ildə çapdan çıxan kitabında Firuzə xanım hələ cavan nəslin nümayəndəsi sayılırdı, "Yetkinlik" kitabında isə o, artıq orta nəslin nümayəndəsi idi. Amma hər iki kitabda F.Məmmədlinin poetik yaşı dəyişməmişdi. Onun şeirlərindən nikbinlik aşıb-daşırdı və bu, elə nikbinlik idi ki, səni də optimist olmağa, dünyada ancaq işığın ardına yüyürməyə çağırırdı.

 

Bu bağçanın mehi sərin,

şehi durudu.

Əyildim bir gülün dərim -

əlim qurudu.

     

Bu bağçanın gülü qönçə,

tülü zərifdi.

Örpəyini səhər öncə

bura səribdi.

 

Bu bağçanın barı şirin,

narı məzədi.

Elə gəzdin - qədəmlərin

bağı bəzədi.

 

Bu bağçanın gülü incə,

dili şirindi.

Dönüb baxdım - gül içində

yerin göründü.

 

Bu şeir Firuzənin 70-80-ci illərdə yazdığı ən gözəl şeirlərdən deyil, amma onun ruhunu ifadə edən şeirlərdən idi. O ruh yanaşdığı hər şeydə bir işıq, bir gözəllik arayırdı. Elə düşünməyin ki, Firuzə xanım sovet dövrünün romantikasından təsirlənirdi və "dəstədən geridə qalmamaq üçün" işıqlı şeirlər yazırdı. Belə deyil. Bunun səbəbi Firuzə xanımın öz içindəki işığın - poetik işığın rəngindəydi, o rəng dünyanın gözəlliyini özündə əks etdirirdi. Bir başqa misal:

 

Bu gözəlin sevinc tutub gözünü,

Gül açıbdır yanağında gülüşü.

Yer bu qızın ayağından üzülüb,

Bu qız göyün sinəsində sürüşür.

 

Qollarından qanad açıb bu gözəl,

Hara süzür, hara uçur istəyir.

Çöhrəyə bax, Ayla, Günlə çəkişər,

Saçlara bax, Ayı, Günü gizləyir.

 

O buludlar topa-topa yundumu? -

Bu qız uçur - buludları daraya.

Alça gülü kəpənəyə döndümü? -

Uçub getdi oba-oba haraya.

 

Yazın günü çaşıb qaldı qaranquş,

Göyərçinlər heyrətindən ağardı:

Uçuşa bax! Elə bircə bu qalmış,

Heç olmasa, bizdən qanad alardı.

 

Bu şeirdəki nikbinlik, gözəlliyə, ülviliyə çağırış bir yana... onun bir şeir kimi gözəlliyinə nə söz... Mən zəriflərin poeziyasında çox zaman qəmin, kədərin ayaq tutub yeridiyini görmüşəm, göz yaşlarının səbəbli-səbəbsiz sel olub çaya axdığını izləmişəm, amma sevincin poeziyasını demək olar ki, hiss eləməmişəm. Firuzə xanımın o illərdəki şeirlərində dünya insanın üzünə gülümsəyir, gözəllik bütün cilvələriylə qarşında canlanır, sən bu səadətdən az qala başını itirirsən. Əgər o illərdə Firuzə xanım ancaq sevincdən yazsaydı, deyərdik ki, bu necə şairdi, ancaq işıqdan yazır, bəs həyatın, gerçəkliyin başqa rəngləri yoxmu? İnsan ancaq işığa bələnə bilməz, insan ancaq uça bilməz, qanadlana bilməz, axı, kədər də var, qüssə də var, qəm də var. Və mən həmin illərin şeirlərində işığın başqa rənglərini də gördüm, tutqun rəngini, öləziyən rəngini. Mən qəlbin kədərdən alışıb-yandığını da gördüm. Deməli, poeziya da insan ürəyinə bənzəyir və daha doğrusu, poeziya elə ürəkdir, baharı da var, qışı da... Amma ümidsizliyin içində də bir ümid çağlayır, qəmdə də gizli bir sevincə çağırış varmış...

 

O mən idim - zirvə yolu daşlı-tikanlı,

O mən idim - gələcəyi qarda, boranda.

Mən idimsə, aşacaqdım onu təkəlli,

Mən idimsə, ötəcəkdim onu bir anda.   

Tale özü öz hökmünü möhürləmişdi,

Yolum üstdə sərtlikləri çapmalı idim.

Bu yol məni cadulamış, sehrləmişdi,

bir baş ola,

yüz daş ola -

çırmalı idim.

Hər gecəmdə bir dünyalıq işığım vardı,

Fikirlərim, xəyallarım arzuya çapar.

Qismətimə dördayaqlı yonca çıxardı,

O mən idim, kor-koranə ümidə çapan.

 

Heç bir şair bu dünyada tək deyil, çünki mühit var, cəmiyyət var. Amma hər bir şair tənhadır. Mən heç bir zaman Firuzə Məmmədlini tək görməmişəm, amma şeirlərində onun tənhalığını hiss etmişəm. Əslində onun şeirlərini tənhalıq poeziyası da adlandırmaq olar. Xüsusilə, səksəninci illərin sonlarından başlayaraq bu tənhalıq onun şeirlərində boy atdı, ucaldı. Amma Əli Kərim demişkən, "tənhalıq boşluq deyil, əgər gözləyənin varsa", onu işıqla, gözəlliklə doldura bilərsən. Firuzə xanımın şeirləri işıqlı tənhalığın poeziyasıdır. Elə Azərbaycan da doxsanıncı illərin əvvəllərində öz dərdləriynən, başına gələn müsibətlərnən tənha qalmışdı. Vaxtilə Azərbaycan işıq içindəydi, Firuzə xanımın şeirləri də işıqda üzürdü, indi bu işıqlar sönmüş kimiydi, indi Azərbaycan da böyük, gur işığa möhtac idi və Firuzə xanım şeirlərinin birində yazmışdı:

 

Üzümdə-gözümdə kölgələr dönük,

Torpaqda, havada bölgülər dönük.

Uluslar, obalar, ələr dönük,

Bu işıq hayandan sızır, görəsən?

 

Doğrudan da, 90-cı illərdən başlayaraq F.Məmmədlinin şeirlərində minor motivlər çoxalır. Şair həm öz dərdini, həm də Azərbaycanın, Qarabağın, soydaşlarının dərdini qələmə alır. Elə bil ki, bir dərd o biri dərdin içindədi. Xalq şairi Fikrət Qocanın bu fikirlərinə şərik olmamaq mümkündümü?

"Əsl şairlərin içində bir didərgin yaşayır. Özünün cənnət deyib vəsf etdiyi dünyada da o didərgindir, cəhənnəm deyib lənətlədiyi dünyada da didərgindi. Cəmiyyətdə, dostlarının arasında da ögeydir, tənhadır. Öz doğma evində, ailəsinin, övladlarının arasında da tənhadı, qəribdi, ögeydi.

Yox! Yox! Yaxşı şairlər tək deyil, onların da yaxın qohumları var; o da şairlər və şairanə oxuculardır. Qədirbilən, şairanə oxucuların hesabına Nizami, Füzuli yaşayır. Böyük şairlər belə qohumlarının hesabına əsrlərdən-əsrlərə yaşayır, ucalır. Sağlığında tənhaların, qəriblərin zaman keçdikcə doğmaları, qohumları tapılır, şairlər və tənhalar mərtəbəsində. Firuzə Məmmədli də bu mərtəbədə yaşayır, şairlər və tənhalar mərtəbəsində".

Bax, bütün bu söylədiklərim Firuzə Məmmədlinin şair səciyyəsini təqdim etmək üçündü. İşıq, tənhalıq, gözəllik və kədər dünyası - bu dörd söz zənnimcə, Firuzə Məmmədlinin şair dünyasının əbədi sakinləridir.

Firuzə Məmmədli oxucunu düşüncələr aləminə səsləyən şairdir. Təbii ki, bu düşüncələr çılpaq və quru sillogizmlərlə müşayiət olunmur, emosional çalarlara bürünür. Onun 2024-cü ildə "Azərbaycan" jurnalında çap etdirdiyi şeirlərini oxudum və bu şeirlərin hər birində fikirlərin duyğularla necə qovuşduğunun şahidi oldum.

Firuzə xanım Azərbaycan şeirinin ənənədən gələn gözəlliyini, heç zaman öləziməyən işığını söndürməyə qoymayan şairlərdəndi. Onun üçün şeirin hansı vəzndə yazılması şərt deyil, necə yazılması, hansı poetik maneralarla fikrini oxucuya çatdırması əsasdır. Mən onu doğma Azərbaycan heca şeirinin ən yaxşı ifaçılarından biri sayıram. Xüsusilə, 90-cı illərdən üzü bu yana o, Azərbaycan qoşmasının, gəraylısının ən gözəl nümunələrini yaradan şairlərdən biri kimi diqqəti cəlb edir. Özü də bu qoşma və gəraylılarda XXI əsrin bədii təfəkkürü duyulmaqdadır. Yəni şair, xalq şeirinin formasını, poetexnik elementlərini olduğu kimi saxlayır, ancaq qoşması, gəraylısı "köhnə havalarda təzə avaz" kimi səslənir. Diqqət edin:

 

Gündə bir sözə əriyir,

Gündə bir daşa bu qələm.

Salıb məni dərdə-sərə,

Dönüb qarğışa bu qələm.

 

Nə gün gördü, nə gün verdi,

Məndən qırpdı, məndən dərdi.

Elə yudu, elə sərdi,

Gəlmədi xoşa bu qələm.

 

Sözdü mizan-tərəzisi,

Xeyirxahı, qərəzlisi.

Haqdan gəlibdi yazısı,

Bəladır başa bu qələm.

 

Gəraylıdır, amma bu günün gəraylısıdır...

"Bu gün" dedim, mən Firuzə xanımı həmişə bu günün şairi hesab etmişəm. Müasir düşüncəyə malik və müasir həqiqətlərdən söz açan şair. Ancaq bu günün həqiqətlərindən söz açan hər şairi müasir adlandırmaq olmaz. Müasirlik həm də fikrin, hissin, duyğunun müasir şeir mədəniyyətilə qaynayıb-qovuşması deməkdir. Bax, bu şeirdə olduğu kimi:

 

Hamımızın əzabı var, dərdi var,

Hamımızı cırmaqlayır dərdivar.

Gözləyirik, arada bir pərdə var,

Kim dartacaq, kim salacaq, bilmirik.

 

Çiyinlərdən baş ucalar, bəs hanı?

Ağıllılar, başıcalar bəs hanı?

Haqq yolunda aşıqçalar bəs hanı?

Bu zurnanı kim çalacaq, bilmirik.

 

Yaramıza duz tökənlər, hardasız?

Barmaq ilə göz tökənlər, hardasız?

"Biznesmenlər", "zadəganlar", hardasız?

Bu millətə kim qalacaq, bilmirik.

 

Mən əlbəttə, bu yazıda Firuzə xanımın şeir dilinin gözəlliyindən də söz aça bilərdim. Amma açmıram, çünki onun poeziyasından misal gətirdiyim nümunələr yetərincə bu şairin poetik dilinin özəlliklərini nümayiş etdirə bilər.

Firuzə Məmmədli orijinal, kimsəyə bənzəməyən şairdir. O, ənənəvi obrazlara müraciət edəndə özünün düşündüklərini qələmə alır. Məsələn, dünya obrazına müraciət edəndə... Dünya hər bir şair üçün yaşadığı, nəfəs aldığı, mövcud olduğu intəhasız, hüdudsuz, gəlimli, gedimli, son ucu ölümlü məkandır. Təbii ki, klassik poeziyadan üzü bəri dünya obrazının öz məlum modelləri var. Bu modelləri yan-yana düzsək, ümumi şəkildə Dünya şair üçün Allahdan sonra üz tutmalı, dərd bölüşməli, bəzən gözəllik kredosu, bəzən də qınaq, tənə obyekti kimi seçilir. Hansı şair dünyaya şeir həsr etməyib? Dünya, görən, hansı şairin həyat, ömür, tale, sevgi, bəxt haqqında düşüncələrinə stimul olmayıb? Budur, Firuzə Məmmədlinin poetik anlamındakı dünya:

 

Ölçülər, mizanlar pozulub gedir,

Namuslar hərraca düzülüb gedir.

Uranı, almazı, qızılı gedir,

Nə yaman qarışıb başı dünyanın?! 

 

Çəkib ətəyini, susur ədalət,

İnsafdan, mürvətdən qaçır ədalət.

Ay küncdə-bucaqda yesir ədalət,

Dolub daşmaqdadır döşü dünyanın.

 

...Bir gün ağladandı, bir gün güldürən,

Pəncərədən qaçır qapıdan girən.

Mizan-tərəziyə nə çəkir görən,

Gözünə döndüyüm kişi dünyanın?!

 

Firuzə xanım əsl ədəbiyyat adamıdır və mən bunu sözgəlişi demirəm. Əsl ədəbiyyat adamı olmaq o deməkdir ki, ədəbiyyatla, Sözlə nəfəs alasan. Şeir yazmaq istedadın bir parlaq yönümüdürsə, söz demək, sənət haqqında fikir yürütmək özü də ayrı bir istedaddır. Baxın:

"Həmişə bu fikirdə olmuşam ki, şair, söz adamı bağlı olduğu sənətin zənginləşməsinə, kamilləşməsinə, poetik səviyyə etibarilə daha yüksək zirvədə durmasına xidmət etməlidir. Yalnız belə şəxsiyyətlərin sənətdə yeri görünür və yalnız belə şəxsiyyətlər tarixin yaddaşına həkk olunub... Poeziya - şairin öz duyğuları ilə gizli görüşüdür. Əgər şair günün maddi ehtiyacları içərisində itib-batıbsa?

Poeziya - içimizdəki sakitliyin üsyanıdır. Əgər üsyan içərimizdən püskürüb bizi bürüyübsə və içimizdəki sakitlik daim narahatlıq və təlatümlə əvəz olunubsa?!

Poeziya - ruhumuzun fəryadıdır. İnanmıram ki, bu ümumi təlatümdən yayınan şeir olsun".

Yalnız Sözə vurğun, Sözün ağası və hakimi olan şair bu cür düşünə bilər.

Mən Firuzə xanımın "Ömrün axarı" kitabında toplanan nəsr əsərlərini də oxudum. Deyim ki, bunlar heç də "şairin nəsri" deyil, elə nəsr kimi doğulan yazılardır. Firuzə xanımı nəsr yazmağa vadar edən nə idi, deyə bilmərəm. Görünür, şeirdə ifadə edə bilmədiklərini nəsrdə ifadə edib. Mən deyərdim ki, o, bu yolda axtarışlarını davam etdirsin. "Sular sonası" kimi maraqlı miniatür povestlər yazsın, "Əbil", "Oğurluq", "Məhəbbət" kimi düşündürücü hekayələr qələmə alsın. Çünki nəsrə məxsus özəllikləri onun yazılarında da görürəm. Amma mənim üçün, bütün Azərbaycan oxucuları üçün şair Firuzə Məmmədli obrazı daha əzizdir, doğmadır.

Bir gün heç birimiz olmayacağıq. Nə Firuzə xanım, nə mən, nə bizim dostlarımız, həmkarlarımız (Seyid Əzim Şirvani demişkən: "Dünyaya gəlmək getmək üçündür, bu nə qəmdir?") ... Amma Söz qalacaq. Əlli ildən, bəlkə yüz ildən sonra, bəlkə də min ildən sonra inanıram ki, Firuzə Məmmədlinin bu misralarını oxuyacaqlar:

 

Mən də o gözəl dünyanın

Gözəl yükünə girmişəm.

Baxıb görmüşəm özüməm,

Adam kürkünə girmişəm.

 

Çıxmışam adam içindən,

Biri olmuşam üçündən.

Qalıb bir fikir köçündən,

Sözə sürgünə girmişəm.

 

Və lap yüz il sonra da Firuzə xanımın bu sevgi şeirini oxuyacaqlar:

 

Gəl ömrümə, gözəl sevgi,

Gəl ki, yanıb külün olum.

Gözəlliyin mənə gəlsin,

Gəl, gözəl sevgilin olum.

 

Dünyaya yürüşüm sevgi,

Ömürlə görüşüm sevgi,

Ayağına düşüm, sevgi,

Ürəklərə yolun olum.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!