Rüstəm KAMAL
Görkəmli şairimiz Firuzə Məmmədlinin yubileyi (bunu mənə əziz dostum Azər Turan xatırlatdı) elə yerdə məni yaxaladı ki, həmin məqamda şairin kitabları əlimin altında deyildi. Yaxşı ki, "Azərbaycan" jurnalının 9-cu sayında (2024) Firuzə xanımın silsilə şeirləri çıxmışdı - dadıma çatdı. Bu kiçik qeydlər həmin mətnlər, bir də yaddaşının küncündə qalmış bir neçə misra əsasında yazılıb.
Şübhəsiz, hər bir şairin ədəbiyyatda yerini Zaman müəyyənləşdirir. Amma mənim içimdə artıq çoxdan Firuzə xanımın bir şair obrazı formalaşıb. Bir-birimizi yaxından tanısaq da, aramızda ciddi elmi mükalimə yaradıcılıq təması, müzakirə-filan olmayıb. Ona görə də bu yazıda Firuzə Məmmədli obrazı subyektiv müşahidələrimə əsaslanır. Bəzən mənə elə gəlib ki, Firuzə xanım zamanədən, ömürdən-gündən, taleyindən şikayətlənəndə, giley-güzar edəndə susaraq söyləyib, sadəcə özünə danışıb yazı (şeirlər) sadəcə bunun dəlil-sübut işarələridir - "dərdin heroqlifləridir".
Yadlara meyli yoxdu,
Doğmalara həniri.
Daha yol da gözlənir,
Öz ömrünü gəmirir...
Susmağı bacaran şair heç vaxt yersiz pafosa yol verməz. Hətta vətənpərvərlik mövzusunda, çağırış ruhlu şeirlərində belə sakit, həzin intonasiyanı eşidirsən. Azərbaycan poeziyasında qadın şairlərimizin (Məhsəti, Natəvan, Ağabəyim, Aşıq Pəri, M.Dilbazi, N.Rəfibəyli, M.Gülgün...) hər biri dərdini bir cür söyləyib. Yalnız deyim tərzi, intonasiyası ilə deyil, dərdin miqyası ilə fərqləniblər. Və "dərd" sözü F.Məmmədlinin ömür və şeir məkanını elə zəbt edir ki, daha "dərd"in təzadına - "sevinc"ə qətiyyən yer qalmır...
İçində sevinc adda
Qığılcım da yoxdu ta.
Söz adında qalxanı,
Qılıncı da yoxdu ta.
Amma hardasa, ömür döngəsinin sonunda bir ümid şamının da yanacağına inamını itirmir.
Mən aza bilməzdim vaxt itkisində,
Açılar baxtıma qapım yenidən.
Firuzə xanımın ömür fəlsəfəsində və poetik lüğətində "bəxt" sözü işlək sözlərdən biridir. "Bəxt" sözü özündə "zaman", "ömür", "dəyər", "sevinc", "uğur" mənalarını ehtiva edə bilir.
Yazılan bəxt deyil, vaxta ölçüdür,
Yazılır-pozulur məndən uzaqda.
Yaxud:
Göynəyir ömrünün qubarı daha,
Bəxtinin göyündən enənin yoxmu?
Ya da:
Bəxt məni görməyə meyl etmir, meynim?
Dərdimi bölməyə meyl etmir, neynim?
Məni qadın şairlərin ata obrazına münasibəti həmişə maraqlandırır (bu, ayrıca araşdırma mövzusu da ola bilər). Klassik şairlərdə (Natəvan, Kəminə, Heyran xanım...) bu obrazın olmamasının ədəbi-estetik səbəbləri məlumdur. M.Dilbazidə ana obrazı daha üstündür. M.Gülgünün poetik xatirələrində ata obrazına inanmışam.
Firuzə Məmmədlinin bir gözəl şeiri var, atasının papağı haqqında. Papaq, sadəcə, etnoqrafik detal deyil. "Ata papağı" ömür hekayətinin baş personajı, mənəvi təkamülünün simvoludur.
Çəkildiyim küncdə
mən oturmuşdum,
bir də atamın papağı.
Mən yerdə oturmuşdum,
papaq döşəkçənin üstündə.
İstəyirdim, durub qaçam.
bağda tut çırpırdılar.
Həyətdə doşab bişirmək üçün
qazanlar asılmışdı
İstəyirdim, durum qaçam, -
papaq gözünü ağardırdı. ...
Onda məni
atamın papağı
qoruyurdu.
sonra mən
atamın papağını
qorudum.
Firuzə xanımın şeirlərini "diri" saxlayan "metaforik damarıdır". Cəsarətlə deyə bilərəm: Firuzə Məmmədli qadın şairlər arasında güclü metaforik hissiyyata malik azsaylı şairlərimizdən biridir. Metafora varsa, üslub da var. Onun metaforik həssaslığı mifoloji təfəkküründən gəlir. 85 yaşında yazdığı şeirlərində də metafora onun düşüncə tipi, poetik duyumunun "qrammatikası" kimi təzahür edir: "Yenə öz dərdimin izinə çıxdım";
Yaxud:
Hər xatirə döngədə
Diz çökür ki, ağlasın...
O, sanki sevincin mahiyyətini özündə deyil, başqasında arayıb dərk edir. Onda "güzgü effekti" işləyir. Başqasının sevincində öz sevincini təsəvvür edir və yaşayır.
Təbəssüm gücünə, sevgi gücünə,
Tutaram özümü dost sevincinə.
Firuzə xanım öz ömrünü zaman hadisəsi kimi deyil, məkan kimi dərk edir. Ömür dost-düşmənin, yaxın-doğmaların, dərdin və sevincin, sözün məskunlaşdığı metaforik bir məkan kimi qavranılır. Doğma kəndin taleyi haqqında metaforik ümumiləşdirməyə diqqət yetirin. Təəssüf ki, yadımda bir bəndi qalıb:
Günəş tarlasında al günün altda
Yanırdı barmağı əl boyda kəndin.
Cəhənnəm saçırdı sünbül sığalı,
Xırmanı ac idi vəl boyda kəndin.
Şairin tənhalığı nəinki bütöv şeirini, hətta misralarının havasını, rüzgarını dəyişir - bunu onun şüuraltı məkan obrazlarından da görmək olar - "künc" obrazında. Ünlü fransız filosofu Q.Başlyar yazırdı ki, künc tənhalığın obrazıdır. Şeirlərindən örnəklər: "Küncdə qalıb təknə - tabaq kiflənib"; "Künc bucağı - əl havası". Son şeirində də künc obrazı tənhalığını bizə işarə verir:
Düşüb bir gecənin rahat küncünə,
Qalxaram səhəri dadım yenidən.
Və biz də dua edirik: Firuzə xanım, yeni-yeni sabahlar üzünüzə açılsın!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!