Əziz Kərim imzası özündə 92 illik bir ömrün sonsuz sıxıntı və qəzavü-qədərlərlə izlənən həyat hekayətlərini ehtiva edir. 1933-cü ildə Lənkəran rayonunun Türkəkəran kəndində dünyaya göz açıb. İkinci Dünya savaşının aclıq və səfalətlərini görüb. 9 yaşı tamam olmamış ailəsinə kömək etmək üçün kolxoza məxsus 120 başdan ibarət qaz sürüsünü bəsləməyə məcbur olub. Bu məcburiyyət sağ gözünü itirməsilə sonuclanıb. Nəticədə böyük əzab-əziyyət bahasına qəbul olunduğu Azərbaycan Dövlət Tibb İnstitutunda ona məsləhət görürlər ki, təhsilini davam etdirməsin. Belə bir vəziyyətdə kitab-dəftərə nəzər yetirməsi onun sol gözünü də gücdən sala biləcəyini deyirlər. Əlacsız qalıb sənədlərini Yeyinti Sənaye Texnikumuna verir. Çörək mexanikası ixtisasına yiyələnir. 1960-cı ildə Bakı 1 saylı çörək zavodunda briqadir kimi əmək fəaliyyətinə başlayır. 1969-cu ildə siyasi partiya məktəbini, 1972-də göndərişlə hərbi kəşfiyyat məktəbini bitirir. 1981-ci ildə Leninqrad Kinematoqrafiya İnstitutuna daxil olur. Lakin sol gözünün də işığı tükənməyə başlaması səbəbindən təhsilini dayandırmalı olur... Belə bir məqamda bədii yaradıcılıq işi onun sığındığı, təsəlli tapdığı ümid yerinə dönür. Xilasını yaradıcılıq işində görür. Ömrün 92-ci baharına doğru yol açır qələmiylə. İndiyə qədər yazıb çap etdirdiyi 25-dən artıq kitab şahidlik edir bu dediklərimizə.
Görkəmli tənqidçi Vaqif Yusifli Ə.Kərimin "Qurd yuvası" mənzum romanından bəhs edərkən, dərin səmimiyyətlə yazır ki, bu mənzum roman mənəvi-əxlaqi mövzuda qələmə alınıb və burada qocaman sənətkar insan talelərini geniş panoram lövhələrdə əks etdirməyi bacarıb: "Əsər saf bir sevginin faciəsini əks etdirir. Müəllif demək istəyir ki, sevgi insan həyatının mənasıdır, bunu anlamayan kəs kordur, insani keyfiyyətlərdən məhrumdur. Əziz Kərimin sevgi şeirlərinə gəldikdə isə, bu şeirlərdə yaşanılan, duyulan bir sevginin fərəhi və həm də iztirabları duyulur... Əziz Kərim duyğulu şairdir. Onun sevgisi sınaqlardan, cəfalardan keçir, amma heç bir qüvvə bu sevginin odunu söndürə bilmir".
Görkəmli şair Musa Ələkbərlinin qeyd etdiyi kimi, "Əziz Kərimin şeirlərindəki poetik bitkinlik bədiiliyin, çox hallarda lirizmin bütün şərtlərini özündə ehtiva edir".
Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli yazır ki, "Əziz Kərim nə yazır-yazsın, kimin üçün yazır-yazsın, öz yaradıcılığında həddən artıq səmimidir, bu səmimiyyətinə inanır və oxucunu da inandırmaq istəyir".
Filologiya elmləri doktoru, professor Akif Hüseynov Ə.Kərimin "Kömür kürəsi" hekayəsindən bəhs edərkən yazır: "Əziz Kərim hekayədə kömür kürəsini elə maraqlı təsvir edir ki, oxucu özünü kürə sahibi kimi görür... Onun "Balıqçı evi" hekayəsində isə hamımız dənizdə tikilmiş balıqçıların dəmir komalarını görürük..." "Bütün bunlar ondan irəli gəlir ki, Əziz Kərim özü təbiət adamıdır, daha doğrusu, o, təbiətin içindədir".
Unudulmaz şair Tofiq Bayram Əziz Kərimin "Gənclik" nəşriyyatında çap olunan "Gilas" kitabına yazdığı maraqlı Ön sözdə də bu deyilən fikirlərlə səsləşən müşahidələrini diqqətə çatdırır.
Onun "İnam" adlı romanı isə ilk növbədə, halallıq, əhdə vəfa, milli dəyərlərə sayğı duyğuları aşılayır. Əsərdə İkinci Cahan savaşından sonra dirçəlməyə başlayan təsərrüfat həyatının mənzərələri, ocağı söndürülmüş yurd-yuvaların külü, ömrünə qıyılmış köklər üzərində təzədən közərən, boy atan yeni həyatın şaxlanışı, dirçəlişi real boyalarla əks olunub. Əsəri oxuduqca o unudulmaz illərin həyat səhnələri kino lenti kimi keçir oxucu gözləri önündən.
Əziz Kərimin yaxın günlərdə nəşr etdirdiyi "Qumru bulağı" adlı kitabında yer alan hekayə və povestlərdə də həyatın özündən (və dibindən) gələn müşahidələr diqqəti cəlb etməkdədir. Kitaba daxil edilən hekayə və povestlərdə dostluq və sədaqətin, insanların ən çətin məqamlarda bir-birinə dayaq olmağının, ailənin, insanlığın önəmini müxtəlif cür təsvir və tərənnüm edir, oxuduqca sadə, oxunaqlı bir dillə oxucuya çatdırır. Bu baxımdan, "Aclığın hökmü" əsərində təsvir edilən hadisələr yaddaqalandır. Belə ki, ata-ana tərəfindən tərk edilmiş, atılmış ümidi fabrikin həyətindən yığdığı üzərlik bitkisini satmaqla bacısının və özünün gündəlik tələbatını ödəyən yeniyetmə bir gün mühafizəçi tərəfindən yaxalanır. Onu oğurluq etməkdə suçlayırlar. Amma uzun-uzadı sorğu-sual nəticəsində məsələnin əsli ortaya çıxır. Polis rəisi göstəriş verir ki, yeniyetməyə lazımi köməklik edilsin. Adətən bu sahədə çalışan rəhbər işçilər əzazil, zəhmli təqdim olunur. Əziz Kərimin təsvirində isə oxucu olduqca qayğıkeş, humanist polis işçisi obrazıyla tanış oluruq. Müəllif dünyanı yaxşılıq hissinin xilas edəcəyi ideyasını səmimi cizgilərlə oxucu yaddaşına həkk edir. Cəmiyyətə yaxşılıq duyğusunun əbədi ehtiyac olduğunu aşılayır. Kövrəldir. Duyğulandırır. Nümunə göstərməyə sövq edir. Əslində çağdaş həyatımızın ən çox ehtiyac duyduğu münasibət yaxşılıq duyğusunun daha da inkişaf etdirilməsi zərurətini qabardır.
Ata-oğul münasibətinin olduqca doğma, həssas, xüsusi qayğıkeşliklə izlənən mənzərəsi Ə.Kərimin "Xalid" povestində də dolğun ifadəsini tapıb... Amma ekskavatorçudur. İllərlə bar gətirməyən boz çöllərə su kanalı çəkir. Bu səbəbdən aylarla doğma ev-eşiyindən kənar düşür. Balaca oğlu Xalidsə atasından ötrü darıxır. Təkidlə atasını görmək istədiyini bildirir. Əlacı kəsilən ana idarə rəisindən xahiş edir ki, Xalidi atasının yanına göndərməyə şərait yaratsın. Razılaşırlar. Xalid atasının çalışdığı əraziyə ərzaq aparan sürücüyə tapşırılır. Yola düşürlər. Ata oğlunun onu deyib gəlməsindən məmnun olur. Bu münasibətlə süfrə açır. Hesab edir ki, təkcə oğlu yox, bütün doğmaları, kəndi-kəsəyi, eli-obası onun görüşünə gəlib. Oğlunun gəlişi onun yorğunluğuna son qoyur. İşləri daha da sürətlənir. Daha əzmkarlıqla çalışmağa başlayır. İllərdi halal əmək sərf etdiyi böyük çölün xoş aurası, təması ata-oğul münasibətlərinə yeni yön verir. Qarşılaşdıqları çətinliklər onların ata-oğul mehrini, münasibətini eyni köynəyin yaxasından keçirir. Şoran, boz çöllüklərin acı suyunu belə bala, şərbətə döndərir. Bu epizodlar insanın işə, əməyə olan doyumsuz münasibətinin atadan övlada miras olaraq ötürülməsinin bitkin təsviri kimi yadda qalır.
"İki qonşu" hekayəsində isə illər boyu bir kibritlə iki ocaq qalayan qonşulardan bəhs olunur. Amma illərin qayğıları bu iki qonşunun - Almazla Solmazın həyatında fərqli yaşam tərziylə sıralanır. Doğma övladlarının adını belə bir-birinə yaraşdırıb qoyan Almazla Solmaz bu münasibəti qoruyub-saxlamaq üçün sonacan çaba göstərirlər. Birinin sevinci o birisininkinə dönür, eyni qayğıları bölüşürlər. Müəllif bütün halıyla mehribanlıq, səmimiyyət və vəfa anlayışlarını insan həyatının cövhəri, dəyəri kimi önə çəkir.
"Elektrik qatarında olmuş hadisə" hekayəsində isə dunyagörmüş yazıçı, bir növ, özünün təvazökar, sadə və səmimi obrazını təqdim edir. Onun ədəbi qəhrəmanı yaş ötdükcə gənclərdən uzaq düşməsinin təəssüfünü yaşayır. Eyni qatarda rast gəldiyi cavanlara həyatın xeyirxahlıq, yaxşılıq dəyərlərini, fəlsəfəsini anlatmaqla dinclik tapır. Kitabı, müdrik nəsihətləri dərk etməyə, öyrənməyə səsləyir gəncləri.
Bütövlükdə, Əziz Kərimin qələmə aldığı əsərlər tam bir müəllim əxlaqının, düşüncəsinin hasilə gətirdiyi ədəbi nümunələr kimi yadda qalır. Bu əsərlər həyatı anladır, vacib nümunələr kimi yaddaşa ismarlanır. "Axın", "Beş qız atası", "Yaylıq", "Səni gözlərəm", "Cəza", "Cənnətin nuru" və s. əsərlər də eyni ideya, eyni düşüncə tərzini aşılayır, milli-mənəvi, əxlaqi dəyərləri təbliğ edir. Eyni zamanda kənd həyatının, orda ömür sürən insanların pak həyat tərzi, qəlb genişliyi real boyalarla əks olunub Əziz Kərimin əsərlərində. Onun əsərlərində tam bir əsr ömür sürmüş müdrik, zəhmətkeş, vəfalı insanın hafizəsində yurd salmış xatirələr, nostalji yaşantılar, taleyindən keçən nəsnələr tərbiyə vasitəsi kimi bir araya gəlib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!