Ədəbi yaddaşımızın məhək daşı - Aynur XƏLİLOVA

Salman Mümtaz-140

Azərbaycan filoloji elminin bu günündən dünəninə nəzər saldıqda, onun var oluşu və inkişafı üçün böyük xidmətlər göstərmiş bir sıra görkəmli alimlərimizin adları yaddaşımızda canlanır. Onlardan biri də fədakar folklorşünas və ədəbiyyatşünas-alim, XX əsr Azərbaycan milli mətnşünaslığının banisi, kitabşünas-bibliofil və şair Salman Mümtazdır.

Salman Məhəmmədəmin oğlu Əsgərov (Mümtaz) - 1884-cü il mayın 20-də Azərbaycanın Nuxa (indiki Şəki) şəhərinin Gəncəli məhəlləsində tacir ailəsində dünyaya gəlmişdir. Salmanın babası və atası Şəkidə varlı və imkanlı şəxslər olmuşlar. Atası Məşədi Məhəmmədəmin Türkmənistanın Aşqabad şəhərində torpaq, mülk, karvansara və dükan sahibi olmuşdur. Məşədi Məhəmmədəmin 1887-ci ildə gənc yaşlarında vəfat etdiyindən ailəsinə qayını himayədarlıq etmişdir.

Salmanın 2 yaşı olarkən ailə Şəkidən Aşqabada köçdüyündən o, ibtidai təhsilini Aşqabadda - Mirzə Əsədullanın məktəbində almış, lakin ailə vəziyyətinə görə müəyyən müddətdən sonra məktəbi tərk etmək məcburiyyətində qalaraq erkən yaşlarından ticarətlə məşğul olmağa başlamışdır.

Məktəbdən ayrılmağına baxmayaraq, Salman təhsilini fərdi şəkildə davam etdirir, ərəb, fars, türk, urdu və rus dillərini öyrənir, müstəqil olaraq çoxlu mütaliələr edir.

1906-cı ildə Aşqabadda "Molla Nəsrəddin" jurnalı ilə tanış olan Salman Mümtaz jurnala kiçik yazılar və şeirlər göndərməyə başlayır, daha sonralar isə "Molla Nəsrəddin"də onun "Xortdan bəy", "Sərçəqulu bəy" və başqa imzalarla ardıcıl şəkildə şeir və felyetonları dərc olunur. Eyni zamanda "Zənbur", "Kəlniyyət", "Tuti", "Qardaş köməyi", "Səda", "Günəş", "Tərəqqi", "İqbal", "Yeni iqbal", "Açıq söz" kimi mətbu orqanlarında da çıxışlar edir.

Klassik Şərq ədəbiyyatının böyük cazibəsi Salman Mümtazı daim özünə çəkir və o, Şərq, o cümlədən də, Azərbaycan klassiklərinin əsərlərini, əlyazmalarını min bir əziyyətlə əldə edib onlara izah və şərhlər yazaraq üzərində elmi araşdırmalar aparmağa başlayır.

1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra Salman Mümtaz ailəsi ilə birlikdə Aşqabaddan Bakıya köçür. Bakıda şəxsi dükan açıb işlətməklə yanaşı, yaradıcılığını da davam etdirir, elmi fəaliyyətində isə Bakı mühiti həlledici rol oynayır. O, müxtəlif illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Azərbaycan Dövlət Muzeyində, "Azərnəşr"də, SSRİ EA AF Dil və Ədəbiyyat İnstitutunda... ayrı-ayrı vəzifələrdə çalışır, Azərbaycan Yazıçılar Cəmiyyətinə üzv qəbul olunur.

Salman Mümtaz böyük məbləğdə yardım göstərdiyi 1919-cu ildə təsis edilən "Yaşıl qələm" cəmiyyətinin fəal üzvlərindən biri olur, 1920-ci ildə isə özü "Azərbaycan ağız ədəbiyyatının toplanılması komissiyası"nı yaradır.

1923-cü ildə "Kommunist" qəzeti redaksiyasından şair və yazıçılarımızın əsərlərinin tərtib edilib çap olunması işi ilə bağlı əməkdaşlıq təklifi alan Salman Mümtaz bu dəvəti fərəh hissi ilə qəbul edərək böyük bir enerji ilə fəaliyyətə başlayır, "Unudulmuş yarpaqlar" və "Dilmanc" başlıqları altında silsilə məqalələr yazıb dərc etdirir.

 

Salman Mümtaz Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyatşünaslığı üçün çox böyük işlər görmüşdür. O, "tarixi-ədəbiyyatımız"la bağlı bir sıra araşdırmalar aparmış, kəndləri, şəhərləri gəzib klassiklərimizin həyat və yaradıcılığı haqqında məlumatlar öyrənmiş, nadir əlyazmaları toplayaraq onların üzərində tekstoloji işlər aparmaqla nəşr etdirmişdir. Dövri mətbuatla əməkdaşlıq edən Salman Mümtaz məqalələrini "Füqəra füyuzatı", "Azərbaycan", "Qurtuluş", "Kommunist", "Maarif və mədəniyyət", "Şərq qadını", "İnqilab və mədəniyyət", "Azərbaycanı öyrənmə yolu", "Ədəbiyyat qəzeti" və başqa bu kimi mətbu orqanlarında dərc etdirmişdir.

Salman Mümtazın elmi axtarışları gərgin zəhmətin nəticəsində gerçəkləşmişdir. Təkcə Həbibinin şəxsiyyətini araşdırmaq üçün o, bir neçə ölkənin kitabxanasında axtarışlar aparmışdır. Həbibi, Molla Qasım Şirvani, Mirzə Şəfi Vazeh haqqında, onların həyat və yaradıcılığı ilə bağlı ilk məlumatı Azərbaycan oxucusuna məhz Salman Mümtaz vermişdir. Alim 1926-cı ildə Azərbaycanın böyük filosof-şairi İmadəddin Nəsiminin "Divan"ını müqəddimə ilə çap etdirmiş, həmçinin "könüllər fatehi" adlandırdığı Məhəmməd Füzulinin "Divan"ının qədim bir əlyazmasını tapıb ortaya çıxarmışdır. Salman Mümtaz Şah İsmayıl Xətainin də "Divan"ının nadir bir əlyazmasını əldə etmiş, ilk dəfə olaraq "Dəhnamə" poemasının qədim və natamam nüsxəsini taparaq onu hissə-hissə çap etdirmişdir. Xətainin "Nəsihətnamə" əsərinin də ilk tədqiqatçısı və naşiri məhz Salman Mümtaz olmuşdur. Daha sonra o, "Nəsihətnamə"nin Britaniya Muzeyində mühafizə edilən nadir bir əlyazmasını da tapıb ortaya çıxarmış, 1930-cu ildə isə Bəkir Çobanzadə ilə birlikdə Xətai "Divan"ının Britaniya və Ərdəbil nüsxələri əsasında müqayisəli mətnini hazırlamışdır...

"Rəşid bəy və Səadət xanım" əsərini və onun müəllifi olan İsmayıl bəy Qutqaşınlı barəsində ilk məlumatı da Salman Mümtaz əldə etmişdir. Alim "Yüz il bundan əvvəl Azərbaycan nasiri" məqaləsində "Bu kiçik hekayənin tapılıb meydana çıxmasının özünəməxsus çox böyük, həm də qayət maraqlı bir hekayəsi vardır ki, əgər tamamilə yazılsa, nəticədə əslindən çox böyük bir əsər zahirə çıxar", - deyib təsadüfən haqqında eşitdiyi hekayəni necə əldə etməsinin qısa tarixçəsini nəql etmiş, İsmayıl bəy Qutqaşınlını "Avropa üsul və təsirində ilk hekayə yazan ədibimiz", sözügedən əsəri isə "bizim ilk və birinci olaraq Avropa təsirində yazılan hekayəmiz" kimi səciyyələndirmişdir. Mümtaz uzunmüddətli axtarışların nəticəsində əldə etdiyi "Rəşid bəy və Səadət xanım" əsərinin fransız dilindən tərcüməsinə və nəşrinə də müvəffəq olmuşdur...

Salman Mümtaz Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Nişat Şirvani, Məhəmməd Hüseyn xan Müştaq, Qövsi Təbrizi, Nitqi Şirvani, Qasım bəy Zakir, Seyid İmadəddin Nəsimi, Mirzə Şəfi Vazeh, Baba bəy Şakir, Mehdi bəy Şəqaqi, Molla Vəli Vidadi və başqa şairlərlə də bağlı kitablar hazırlayıb nəşr etdirmişdir. "Ağa Məsih Şirvani" kitabının (daha sonra digərlərinin də) üzərində "Azərbaycan ədəbiyyatı" sözlərinin yazılmasını da burada bir ilk kimi qeyd etmək lazımdır.

 

"Azərbaycan xəvas ədəbiyyatının tarixi nə qədər qədim isə, Azərbaycan el ədəbiyyatının tarixi də ondan daha əski və daha qədimdir... Xəvas şairləri ilə el şairlərinin əsərləri bütün varlığı ilə meydana çıxmadan Azərbaycan tarixi-ədəbiyyatı doğru, yəni yalan-yanlışsız yazıla bilməyəcəkdir. Çünki əskidən qalma bir əsər böyük bir tarixi-ədəbiyyatın altını üst və üstünü alt edə bilər. Şəhərlər olmadan kəndlər, kəndlər olmadan obalar, alaçıqlar var idi. Xəvas ədəbiyyatından da qədim el ədəbiyyatı, islamiyyətdən də əvvəl bir türk ədəbiyyatı mövcud idi", deyən Salman Mümtaz folklora, şifahi xalq ədəbiyyatına xüsusi önəm vermiş, onun toplanılması, nəşri və tədqiqi istiqamətində böyük işlər görmüşdür. Təsadüfi deyildir ki, Mümtaz Azərbaycanda bayatıların ilk toplayıcısı, naşiri və tədqiqatçısı olmuşdur. 1927-ci ildə onun bayatı ustadı, haqq aşiqi Sarı Aşığa həsr etdiyi "Aşıq Abdulla" kitabı nəşr olunmuş, 1936-cı ildə isə kitab üzərində müəyyən təkmilləşdirmələr aparılmaqla "Sarı Aşıq" adı ilə yenidən çap edilmişdir. Salman Mümtazın ikicildlik "El şairləri" (1927-1928) kitabında isə çoxlu sayda aşıq və el şairlərinin şeirləri toplanılmışdır. Ümumiyyətlə, Mümtaz bir çox el sənətkarları haqqında dəyərli məlumatlar verməklə, əsərlərindən nümunələr çap etdirməklə onların həyat və yaradıcılığının öyrənilməsi yolunda ilk cığır açmışdır. Məsələn, haqq aşiqi Qurbani ilə bağlı ilk qiymətli fikirlərin müəllifi Salman Mümtaz olmuş, alim onu Şah İsmayıl Xətainin müasiri və şəxsən tanıdığı ustad sənətkar kimi səciyyələndirmişdir.

 

Folklorun toplanılması və araşdırılmasına böyük maraq göstərən Salman Mümtaz ana kitabımız olan "Kitabi-Dədə Qorqud"un Drezden və Vatikan nüsxələrindən əlavə, üçüncü və daha qədim əlyazmasını əldə etmiş, "Koroğlu" eposu ilə bağlı bir çox materiallar toplamışdır. O, Azərbaycanı qarış-qarış gəzərək, çoxlu sayda atalar sözlərimizi toplayıb nəşrə hazırlamış, lakin həmin ərəfədə həbs olunduğundan "Azərnəşr"ə təqdim etdiyi bu materialı çap etdirə bilməmişdır.

Salman Mümtaz bütün ziyalıları ana dilimizin qorunması, inkişafı və daha da zənginləşməsi üçün fəaliyyətə səsləyir, ədəbi dilimizin saflığının təmin edilməsi üçün onun yad ünsürlərdən təmizlənməsi, yerli-yersiz işlədilən başqa dillərdən gəlmə sözlərin öz doğma dilimizdəki qarşılığı ilə tapılıb əvəzlənməsi istiqamətində elliklə çalışmağa dəvət edirdi. "Ana dilimiz olduqca varlı və zəngindir", deyən Salman Mümtaz problemin həllini "Yalnız çalışmaq və itmiş-batmış sözlərimizi aramaq və tapmaq gərək"liyində görürdü. Mümtaz özü 944 ərəb-fars sözünün türkcə qarşılığından ibarət olan "Dilmanc" və on üç illik zəhməti sayəsində araya-ərsəyə gələn altıcildlik "Beş min söz" adlı lüğətləri ilə bu istiqamətdə göstərmiş olduğu əməli fəaliyyəti ortaya qoydu.

Qeyd etdiyimiz kimi, Salman Mümtaz klassik Şərq ədəbiyyatına xüsusi maraq göstərmiş, Şərq dillərini bildiyindən bu zəngin bədii söz xəzinəsinin bir çox nümunələrini oxuyub öyrənmək imkanına malik olmuşdur. Bu istiqamətdə də elmi axtarışlar aparan alim Firdovsinin "Şahnamə"sinin, Sədinin "Bustan" və "Gülüstan" əsərlərinin, Hafiz Şirazinin şeirlərinin, Məhtimqulunun "Divan"ının əlyazmalarını əldə etmiş, "Rudəki və Molla Pənah Vaqif", "Türkmən şairləri", "Əmir Əlişir Nəvai", "Ədəbiyyatımızda Nəvai təsiri", "Molla Qasım və Yunis İmrə", "Dünya şairi Firdovsi" və başqa bu kimi mövzularda məqalələr yazmışdır.

Salman Mümtaz 1926-cı ildə Bakıda keçirilən Türkoloji qurultayda çıxış etmiş və yenicə çap olunan "Nəsimi" kitabını qurultaya hədiyyə etmişdir. 1934-cü ildə isə Firdovsinin anadan olmasının 1000 illiyi ilə bağlı yubiley tədbirlərində aktiv şəkildə fəaliyyət göstərmişdir.

Salman Mümtazın elmi fəaliyyəti və axtarışları qeyd olunan sahələrlə məhdudlaşmır. Belə ki, o, "Qurani-Kərim", "Tövrat" və "İncil"in əlyazmalarını, həmçinin "Tarixi-aləmarayi-Abbasi", "Tarixi-Ali Osman" və "Qarabağnamə"nin əlyazmalarını, "Tarixi-Nadir" kitabını da əldə edə bilmişdir.

Salman Mümtaz yüksək mənəvi keyfiyyətlərə malik, xeyirxah bir insan olmuşdur. O, "Molla Nəsrəddin" jurnalının başqa ölkələrdə yayılmasını öz vəsaiti hesabına təmin etmiş, azərbaycanlı gənclərin təhsil almaları üçün onlara dəstək olmuş, klassik Şərq, o cümlədən də, Azərbaycan ədəbiyyatına aid materialların, əlyazmaların, folklor nümunələrinin və s. əldə olunmasını öz şəxsi maddiyyəti hesabına gerçəkləşdirmiş və bu yolda, demək olar ki, bütün var-dövlətini xərcləmişdir.

Təbii ki, bu qədər işlərə imza atan, qəhrəman türk qaziləri Ənvər və Nuru paşaların şəninə onun türkçülük, turançılıq, islam və azadlıq ruhunu qabarıq şəkildə əks etdirən şeirlər yazan, bütün varlığı ilə millətinə, vətəninə bağlı olan Salman Mümtaz 1937-ci ilin qanlı repressiyasından kənarda qala bilməzdi və qalmadı da. 1937-ci il oktyabrın 9-da Salman Mümtaz "əksinqilabi millətçi təşkilatın fəal üzvü" kimi həbs olundu, "Kitabxaneyi-Mümtaziyyə" adlandırdığı zəngin arxiv-kitabxanası isə məhv edildi.

Gecə saatlarında Salman Mümtazı evindən aparmağa gələn "NKVD" cəlladları onun min bir əziyyətlə başa gətirdiyi, bütün ömrünü həsr etdiyi, canından da əziz saydığı "Kitabxaneyi-Mümtaziyyə"də olan materiallarının hamısını elə onun özünə daşıtdırıb maşına yığdırırlar. Bu səhnəni göz önündə canlandırmaq, hadisənin Salman Mümtaza təsirini düşünmək belə insana ağır gəlir. Aparılan arxiv-kitabxananın bir hissəsi "NKVD"nin həyətində yandırılır, bir hissəsi ermənilərin əlinə keçir, bir hissəsi isə itib-batır. Materialların bir hissəsinin başqaları tərəfindən mənimsənilməsi də inkarolunmazdır. Xalq şairi Hüseyn Arif "Alim tanıyıram, qoca Qafqazın // Çeşmə tək durulub dibindən çıxır. // Alim var, sağ əli Salman Mümtazın, // Sol əli Hümmətin cibindən çıxır" misralarını məhz bu məqama nəzərən qələmə almışdır. Bəzi mənbələrdə aparılan bu nadir əlyazmaların, təzkirə, cüng və bəyazların, folklor və yazılı ədəbiyyat materiallarının, elmi araşdırmaların, unikal kitabların... sayı 238, bəzi mənbələrdə isə 270 ədəd kimi göstərilir. Lakin təbii ki, bu, heç də dəqiq rəqəmi əks etdirmir və onların sayı daha çox idi.

Salman Mümtaz bütün əzab-əziyyətlərə, dəhşətli işgəncələrə (o zaman işgəncələrin verilməsində və dindirilmə prosesində mənfur haylar xüsusi fəallıq göstərirdilər) dözür və ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Nəhayət, 1938-ci il yanvarın 9-da Salman Mümtaza beş il müddətində siyasi hüquqdan məhrum edilmək və bütün əmlakı müsadirə olunmaqla on il həbs cəzası verilir. Lakin siyasi dustaq kimi məruz qaldığı ağır işgəncələrə və mənəvi sarsıntılara tab gətirməyən Salman Mümtaz 1941-ci il dekabrın 21-də cəza çəkdiyi Sol-İletsk həbsxanasında dünyasını dəyişir. Başqa bir mənbəyə görə isə Salman Mümtaz Sol-İletsk həbsxanasından Oryola sürgün olunur. Böyük Vətən müharibəsi zamanı alman qoşunları Oryola yaxınlaşdıqda Stalinin razılığı və Beriyanın imzası ilə Oryoldakı bütün siyasi dustaqların (orada Salman Mümtazla yanaşı başqa tanınmış şəxslər də olur) güllələnməsi qərara alınır. Əvvəlcə meşədə dustaqlar üçün elə onların özlərinə böyük bir məzar qazdırırlar, daha sonra hamısını güllələyib elə həmin məzardaca dəfn edirlər. Mənbədə bu hadisənin başverğmə tarixi isə 6 sentyabr 1941-ci il kimi qeyd olunur.

 

Salman Mümtazın hələ görüləcək işləri çox idi. Bütün bunlar hamısı yarıda qaldı. Azərbaycan xalqı Salman Mümtazın timsalında bütün həyatını vətəninə, millətinə vicdanla xidmət edən, yorulmadan, tükənməz yaradıcılıq enerjisi ilə fəaliyyət göstərərək onun milli-mənəvi sərvətlərinin keşiyində dayanan böyük bir ziyalısını itirdi.

1956-cı il noyabrın 17-də Salman Mümtaza SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra haqqında çıxarılan ittihamnamə ləğv olunmaqla bəraət verildi. Ölümündən on beş  il sonra...

Həyatını xalqın, millətin yolunda şam kimi əridərək şərəfli bir ömür yolu keçmiş Salman Mümtaz misilsiz xidmətlərə imza atmış əvəzolunmaz folklorşünas və ədəbiyyatşünas-alim, elm fədaisi, XX əsr milli mətnşünaslığımızın banisi kimi Azərbaycanın elm tarixinə öz adını əbədilik yazdı. O ad ki, Azərbaycan filoloji elminin bu günündən dünəninə nəzər saldıqda ona işıq tutub yolunu aydınladan böyük alim-ziyalıların adları sırasında yer almışdır!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!